Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Regional 6+ platforması - ŞƏT

Regional 6+ platforması - ŞƏT

03.07.2024 [10:39]

Mübariz FEYİZLİ

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti zirvə toplantısı iyulun 3-4-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək. Tədbirə təşkilata üzv, müşahidəçisi və dialoq üzrə tərəfdaş ölkələrin liderləri, habelə BMT-nin Baş katibi Antonio Quterreş, digər beynəlxalq və regional təşkilatların rəhbərləri qatılacaqlar. Tədbirdə regional və qlobal gündəliyə aid bir sıra aktual məsələlər ətrafında müzakirələrin aparılacağı gözlənilir.

Dünya ərazisinin 15 faizini əhatə edən qurum

Hazırda Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin əhalisinin ümumi sayı 3 milyarddan çoxdur. Qurumun əhatə etdiyi coğrafiya isə Avrasiya qitəsinin təxminən 3,2 hissəsini təşkil edir. ŞƏT dövlətləri Yer kürəsinin 15 faiz ərazisini tutur, dünya ÜDM-nin dörddəbirini və dünya ticarətinin 15 faizdən çoxunu təşkil edir.

Getdikcə genişlənən Şanxay Əməkdaşlıq Təşkilatı tarixi çox da uzağa getməyən regional qurumdur. Belə bir qurumun tarix səhnəsinə çıxması zərurəti keçmiş SSRİ süqut etdikdən sonra aktuallaşdı. Regionun 5 dövləti - Rusiya, Çin, Qazaxıstan, Tacikistan və Qırğızıstan qarşılıqlı etimad mühitinin formalaşdırılması ilə bağlı niyyətlərini ifadə etdilər. Beləliklə, sözügedən ölkələrin dövlət başçılarının 1996-cı ildə Çinin Şanxay şəhərində keçirilən görüşündə “Şanxay beşliyi” adı verilən qurumun əsası qoyuldu. Görüşdə dövlət başçılarının sammitlərinin müntəzəm keçirilməsi və etimad tədbirlərinin gücləndirilməsini özündə ehtiva edən saziş imzalandı. 2001-ci ilin iyununda “Şanxay beşliyi”nin sıraları genişləndi. Belə ki, yenə də Çinin Şanxay şəhərində dövlət başçıları səviyyəsində keçirilən sammitdə bu dəfə beşliyə Özbəkistan da daxil olmaqla Şanxay Əməkdaşlıq Təşkilatının yaradılması haqqında deklarasiya imzalandı. Sonrakı mərhələdə isə ŞƏT-in sıraları digər dövlətlərin üzvlüyə qəbul olunmaları hesabına daha da genişlənib.

Yeni regional təşkilat çərçivəsində növbə ilə üzv dövlətlərdən birində təşkil edilməklə dövlət başçılarının illik rəsmi görüşü və hökumət başçılarının müntəzəm görüşləri keçirilir. Bununla yanaşı, əməkdaşlığın genişləndirilməsi üçün davamlı olaraq yeni mexanizmlərin yaradılması nəzərdə tutulub. ŞƏT-in indiyədək keçirilən sammitlərində dövlət başçıları beynəlxalq və regional təhlükəsizliyin aktual məsələlərini müzakirə ediblər. Vurğulanıb ki, terrorizm, separatizm, ekstremizm, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, transsərhəd mütəşəkkil cinayətkarlıq və kiber təhdidlər hələ də ŞƏT regionunda təhlükəsizlik və sabitliyə mənfi təsir göstərən amillərdir. Yüksək səviyyəli tədbirlərdə üzv dövlətlərin ali rəhbərləri bəhs olunan çağırış və təhdidlərə qarşı mübarizədə sıx əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildiriblər.

Həssas coğrafiyada həmrəylik çağırışları

ŞƏT-də təmsil olunan dövlətlərin ərazisinin əhatə etdiyi coğrafiya bir çox cəhətdən dünyanın həssas nöqtəsi sayılır. Ortada ayrı-ayrı ölkələrin dəqiqləşdirilməmiş saydıqları mübahisəli sərhədlər və yaxud ərazilər var. Regionda ənənəvi olaraq qaçaqmalçılıq, narkotrafik geniş yayılıb, zaman-zaman milli-dini zəmində münaqişələr baş verir, terrorçuluğa meyilli qüvvələr fəaliyyət sferalarını genişləndirmək, hətta siyasi hakimiyyətə gəlmək üçün münbit zəmin formalaşdırılmasına səy göstərirlər. ŞƏT davamlı olaraq bütün bu kimi arzuolunmaz problemlərin ən azından daha da böyüməsinə imkan verməmək və leqal müstəviyə keçməsinin qarşısını almaq məqsədilə davamlı olaraq həssas coğrafiyada həmrəylik çağırışları irəli sürür.

ŞƏT-in məqsədləri sırasında iştirakçı dövlətlər arasında mehriban qonşuluq və dostluq, qarşılıqlı etimadın güclənməsi, müxtəlif  sahələrdə effektiv əməkdaşlığın təşviqi, regionda sülhün, sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsi kimi məsələlər yer alır.  Bəhs olunan deklarasiyada bəyan edilir ki,  Mərkəzi Asiyada sülh, sabitlik və təhlükəsizliyin təmin olunması ilə yanaşı,  siyasi, iqtisadi-ticarət, elmi-texniki, mədəniyyət, təhsil, energetika, nəqliyyat, ekologiya və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi də ŞƏT-in əsas missiyalarını təşkil edir.  Qurum üzv dövlətlərə və bütünlükdə regiona böyük təhlükə törədə biləcəyi narahatlığı nəzərə alaraq separatçılıq və ekstremizmlə mübarizə üzrə Konvensiya da qəbul edilib.

Müxtəlif istiqamətlərdə genişlənən əməkdaşlıq

İndiyədək təşkilatın tədbirlərində gündəlikdə əsasən regionda ekstremizmə, terrorçuluğa, qaçaqmalçılığa qarşı mübarizə kimi məsələlər dayanıb. Bütövlükdə, ŞƏT çərçivəsində rəqəmsal, turizm və enerji forumları da daxil olmaqla 100-dən çox irimiqyaslı tədbir təşkil olunub. İqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün şərait yaradılması, bu məqsədlə imkanların təqdim olunması və fəaliyyətlərin uzlaşdırılması da ŞƏT-in əsas prioritetləri sırasında yer alır. Üzv dövlətlər ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində qarşılıqlı ticarəti və investisiya qoyuluşunu genişləndirirlər.  İndiyədək ŞƏT çərçivəsində üzv dövlətlərin iqtisadi potensialından istifadə edilməsini, qlobal iqtisadiyyata sıx inteqrasiyanı hədəfləyən sənədlər qəbul olunub. Eyni zamanda, ŞƏT-ə üzv dövlətlərin səlahiyyətli nümayəndələri region ölkələri arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafına təkan verəcək beynəlxalq avtomobil daşımaları üçün əlverişli şəraitin yaradılması haqqında hökumətlərarası saziş imzalayıblar.

Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin müdafiə nazirlərinin ötən il Daşkənddə bir araya gəlmələrindən sonra isə təmsilçilər arasında hərbi sahədə əməkdaşlıq perspektivləri də istisna olunmur. Verilən məlumatlara görə, hətta Hindistanın, Pakistanın və Belarusun da müdafiə nazirləri Daşkəndə təşrif gətiriblər. Ehtimal edildiyi kimi, müdafiə nazirlərinin görüşünün gündəliyi əsasən regional təhlükəsizlik, eləcə də Rusiya-Ukrayna müharibəsi və Əfqanıstandakı vəziyyətlə bağlı olub.

Güc strukturlarının rəhbərlərinin görüşünün detalları barədə geniş məlumat verilməsə də, müəyyən təxminlər ortadadır. Rusiya-Ukrayna müharibəsi qlobal səviyyədə güc mərkəzləri arasında ziddiyyətləri dərinləşdirib. ŞƏT-in aparıcı üzvləri olan Rusiya və Çin çoxqütblü dünya nizamının tərəfdarıdırlar. Böyük nüvə arsenalına malik bu iki dövlət öz prinsiplərini ŞƏT-in tribunasından tez-tez səsləndirirlər.

Cari il mayın 21-də ŞƏT Xarici İşlər Nazirləri Şurasının Qazaxıstanda toplantısı baş tutub. Qazaxıstan Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleunun sədrliyi ilə keçirilən iclasda Avrasiya və Yaxın Şərq regionunda baş verən son hadisələr müzakirə olunub və məsləhətləşmələr aparılıb. Eyni zamanda, Prezident Kasım-Jomart Tokayev toplantı iştirakçılarını qəbul edib. Qazaxıstan Prezidenti təşkilat çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə tədbirlərindən də bəhs edib. Bu xüsusda fikirlərini ifadə edən Prezident Kasım-Jomart Tokayev vurğulayıb: “Biz iqlim dəyişikliyi məsələsinə xüsusi diqqət yetirməliyik. Təcili qabaqlayıcı tədbirlər görülməsə, bu problem planetimizi qlobal təbii fəlakətlərin dramatik dövrünə sürükləyə bilər. Ekstremal hava şəraiti dünyanın əsas problemlərindən birinə çevrilir. Bu baxımdan təbii fəlakətlərlə mübarizədə ŞƏT-in yanaşmalarını yeniləmək lazımdır. Bu ilin yazında Qazaxıstan iqlim dəyişikliyinin mənfi nəticələrini tam hiss etdi. Fürsətdən istifadə edərək, Qazaxıstanda misli görünməmiş irimiqyaslı daşqınlar zamanı göstərilən həmrəyliyə və köməyə görə dost ölkələrə səmimi-qəlbdən təşəkkürümü bildirmək istəyirəm”.

Qeyd edək ki, BMT-nin ən böyük tədbirlərindən sayılan COP29 konfransına cari ilin noyabrında Azərbaycan ev sahibliyi edəcək. Konfrans üçün kifayət qədər geniş əhatə daiərinə malik olan gündəlik müəyyənləşdirilib. Bu gündəlik qlobal iqlim dəyişiklikləri ilə bağlı yaranan çağırışlara tam adekvatdır. Hazırda Azərbaycan COP29-a ciddi hazırlıq mərhələsindədir. O cümlədən respublikamız iqlim konfransına hazırlıq çərçivəsində ŞƏT-də təmsil olunan ayrı-ayrı ölkələrlə fəal əməkdaşlıq edir. Şübhə yoxdur ki, ŞƏT-ə üzv dövlətlər də tədbirdə konkret təkliflərlə çıxış edəcəklər.

Dialoq üzrə ən fəal tərəfdaşlardan biri

Bir sıra ölkələrlə yanaşı, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusu daşıyır. Prezident İlham Əliyev 17 may 2016-cı il tarixində “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında” 2016-cı il martın 14-də Pekin şəhərində imzalanmış Memorandumu təsdiqləyib.

Azərbaycan məsuliyyətli dövlət olaraq ŞƏT-in tədbirlərində fəal şəkildə iştirak edir və müxtəlif istiqamətlərdə əməkdaşlıq əlaqələrinin genişlənməsinə öz töhfələrini verir. Prezident İlham Əliyev 2022-ci ilin sentyabr ayında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə baş tutan sammitində fəxri qonaq qismində iştirak edib. Özbəkistan Prezidentinin dövlətimizin başçısına sammitdə fəxri qonaq qismində iştirak etmək üçün dəvət göndərməsi ölkələrimiz arasındakı dostluq münasibətlərinin getdikcə daha da möhkəmlənməsini ifadə edir. Dövlətimizin başçısının sammit çərçivəsində Türkiyə Prezidenti, Pakistanın Baş naziri, Çin Xalq Respublikasının Sədri və digər yüksəksəviyyəli rəsmilərlə görüşləri baş tutdu. Bu görüşlər Azərbaycanın beynəlxalq səviyyədə artan nüfuzunun əyani təsdiqidir. Eyni zamanda, ölkəmiz ŞƏT platformasından öz həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə bəhrələnir.

Ölkəmizin ŞƏT-in fəaliyyətində yaxından iştirak etməsi qurumda yüksək dəyərləndirilir. Bunu Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Minin Azərbaycanın Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktubda ifadə olunan fikirlərdən də görmək mümkündür. “Azərbaycan Respublikası Şanxay Əməkdaşlıq Təşkilatı ailəsinin ayrılmaz parçasıdır və təşkilatın dialoq üzrə ən fəal tərəfdaşlarındandır. Əminəm ki, birgə səylərimizlə qarşılıqlı münasibətlərimizin məzmununu gələcəkdə daha da zənginləşdirəcəyik”, - deyə ŞƏT-in Baş katibi vurğulayıb.

Əlamətdar haldır ki, ölkəmizdə 2024-cü il fevralın 7-də baş tutan növbədənkənar Prezident seçkilərini izləyənlər arasında Şanxay Əməkdaşlıq Təşkilatının müşahidəçilər missiyası da olub. Həmin missiyaya  ŞƏT-in Baş katibi Can Min başçılıq edib.

Paylaş:
Baxılıb: 227 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

“Triumf yolu”..

13 İyul 11:00

MEDİA

Uğurlu yoldayıq...

13 İyul 10:55

Xarici siyasət

İqtisadiyyat

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Gündəm

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31