Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Zirvələrdən Zirvələrə!

Zirvələrdən Zirvələrə!

05.07.2024 [10:20]

Böyük Türk ailəsi Şuşada toplaşır...

Mübariz ABDULLAYEV

İşğaldan azad olunan Şuşa postmüharibə dövründə həm ermənilərin saxtalaşdırdığı, tar-mar etdiyi tarixini və tarixi simasını, həm də gözəl ənənənələrini bərpa edir. İşğaldan əvvəl Şuşa həmişə qonaq-qaralı olardı. Uca dağlar qoynunda qərar tutan və ilahi gözəlliyi ilə ətrafa hakim kəsilən bu əsrarəngiz diyar insanları qarşısıalınmaz qüvvətək özünə çəkirdi. Eyni zamanda, burada tez-tez mədəniyyət tədbirləri, musiqi festivalları, poeziya günləri, elat bayramları keçirilərdi. Mənfur erməni işğalı otuz il ərzində Şuşanın həmin o çal-çağırlı, qonaq-qaralı günlərinə son qoydu. Tarixi Zəfərimizdən sonra isə bu əziz diyarımızın yeni növrağı başlayıb. Tədricən Şuşanın əvvəlki ruhu, siması və qaynar həyatı geri qayıdır. İyulun 5-6-da isə tarixi şəhərimizdə Türk Dövlətləri Təşkilatının (TDT) sıralarında təmsil olunan dövlətlərin liderlərinin və digər qonaqların iştirakı ilə qurumun qeyri-formal Zirvə görüşü keçiriləcək.

Bu dəfə qonaqlar ailə üzvləridirlər

İşğaldan azad olunan Şuşaya postmüharibə dönəmində ölkəmizin ayrı-ayrı bölgələrindən və xaricdən çoxsaylı qonaqlar gəlib. Onların bir qismi şəhərə turist kimi gəiblər və bu yerləri  gəzib dolaşıblar. Digər bir qism qonaqlar isə burada keçirilən müxtəlif mədəniyyət, diplomatiya, işgüzar tədbirlərə qatılıblar. TDT-nın iki gün davam edəcək qeyri-formal Zirvə görüşü isə tamam fərqli bir formatdır. İndi Şuşa ona doğmadan doğma olan Böyük Türk ailəsini qəbul edir ki, bunun da xüsusi bir özəlliyi var. Yada salaq ki, Prezident İlham Əliyev müxtəlif auditoriyalar qarşısında etdiyi çıxışlarında Türk birliyini vahid ailə kimi səciyyələndirib və bildirib ki, bizim başqa ailəmiz yoxdur.

Artıq XXI əsrin Türk əsri olacağı barədə verilən proqnozlar özünü doğruldur. Son illərdə dünyadakı təxminən 200 milyon Türk soylu insanı sevindirən  əlamətdar hadisələr baş verir. Biz qərinələrə şahidlik etmiş Türk soyundan gələn xoşbəxt nəsilik ki, bir vaxtlar xəyal kimi hər birimizin qəlbində, düşüncəsində özünə yer edən Türk dövlətlərinin birliyi ideyasının reallığa çevrilməsinə şahidlik edirik. Əlamətdar haldır ki, bütün türkdilli və türkdilli olmayan ayrı-ayrı ölkələr - Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Macarıstan dövlətləri böyük Türk birliyinin vahid platformada birləşməsinə qətiyyətli siyasi iradə ortaya qoyurlar. Artıq bu siyahıya Şimali Kipr Türk Cümhuriyyəti də qoşulub. Həqiqətən də, Türk dövlətlərinin gələcəyi, inkişafı məhz birlikdə mümkündür.

Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi toplantısının keçirilməsi barədə qərar 2023-cü il noyabrın 3-də Astanada qurumun “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə verilib. Həmin tədbirdə qəbul edilmiş Bəyannaməyə bununla bağlı ayrıca müddəa salınıb. 

Heç şübhəsiz ki, Astanada TDT-da təmsil olunan dövlətlərin liderlərinin Şuşa seçimi ilk növbədə təşkilat daxilində Azərbaycana və onun Liderinə bəslənilən böyük hörmət və inamın ifadəsidir. Xatırladaq ki, Türk Dövlətləri Təşkilatının əsası məhz Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2009-cu ildə Naxçıvanda qoyulub. Sonradan dövlətimizin başçısı TDT-nın funksionallığının daha da genişlənməsi ilə bağlı bir sıra təşəbbüslər irəli sürüb və bu təşəbbüslər dost dövlətlər tərəfindən məmnuniyyətlə qəbul olunub.

Niyə məhz Şuşa?

Əlbəttə, Astanada qeyri-formal Zirvə görüşünün keçirilməsi ilə bağlı digər bir məkan da müəyyənləşdirilə bilərdi. Ancaq seçim məhz Şuşa ilə bağlı oldu ki, bunu da şərtləndirən bir sıra amillər sadalamaq mümkündür.

Şuşanın tarixi bir şəhər olması amilini xüsusi qeyd edə bilərik. Xatırlayaq ki, ulu öndər Heydər Əliyev Şuşanın sadəcə bir yaşayış məskəni olmadığını bildirirdi. Burada Azərbaycanın  tarixinin bütöv bir epoxası yaranıb. Biz azərbaycanlı olaraq fəxr edirik ki, Şuşanı və burada yaranan tarixi həm də böyük Türk ailəsi özününkü kimi qəbul edir. Şuşa bizim hamımız üçün bir rəmzdir, Türk dünyasını birləşdirən dəyərdən biridir.

İkinci Qarabağ müharibəsi zamanı isə Şuşa Azərbaycanın və bütün Türk dünyasının qəhrəmanlıq simvoluna çevrildi. Ermənilər Şuşanı havadarlarının dəstəyi və xəyanətin nəticəsində işğal etməyə nail olmuşdular. Ancaq şəhər məhz Ordumuzun şücaəti sayəsində yad əllərdən geri alındı.  İgid əsgər və zabitlərimiz Şuşanı sıldırım qayaları aşaraq, meşələrdə cığırlardan keçərək azad etdilər. Bunlar bütün Türk dünyasının qəhrəmanlıq dastanıdır. Şuşanın azad edilməsi çox doğru olaraq Türk şəhadətinin və igidliyinin yeni bir səhifəsi kimi qəbul olunur. Əlamətdar haldır ki, Şuşa müasir dövrdə Türk dünyasının kollektiv təhlükəsizliyinin əsası qoyulan şəhər kimi tarixə düşüb. Xatırladaq ki, 2021-ci il 15 iyun tarixində Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsi imzalanıb. Bununla da iki qardaş ölkə müttəfiqlik münasibətlərini ən yüksək səviyyədə rəsmiləşdiriblər. Şuşa Bəyannaməsi ölkələrimizin təhlükəsizliyinə və sülhə möhkəm hüquqi əsaslar yaradır. Bu təcrübə genişləndirilməli və böyük Türk coğrafiyası siyasi, iqtisadi inteqrasiyadan hərbi müttəfiqliyə doğru irəliləməlidir. 

Əlbəttə ki, bəhs olunan qərarın verilməsinə həm də Şuşanın bir mədəniyyət beşiyi olması öz təsirini göstərib. Bəli, Şuşa bir musiqi beşiyidir, burada zaman-zaman bütün Türk dünyasına başucalığı gətirən nəhəng mədəniyyət korifeyləri yetişib. Bu məqamda qeyd etmək yerinə düşər ki, TDT da Şuşanın mədəni həyatının dirçəldilməsinə böyük maraq göstərir. Təsadüfi deyildir ki,  Şuşa 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Ötən il mayın 12-də Şuşa şəhərində Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı - 2023” ilinin rəsmi açılış mərasimi baş tutdu. 

Qeyd edək ki, “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin əsası 2010-cu ildə türkdilli ölkə başçılarının İstanbul şəhərində keçirilən 10-cu sammitində qoyulub. Qərara əsasən, Türk dünyasından hər il bir şəhər “mədəniyyət paytaxtı” elan edilir. Bu günə qədər Astana (2012, Qazaxıstan), Əskişəhər (2013, Türkiyə), Kazan (2014, Tatarıstan - RF), Mərv (2015, Türkmənistan), Şəki (2016, Azərbaycan), Türküstan (2017, Qazaxıstan), Kastamonu (2018, Türkiyə), Oş (2019, Qırğızıstan), Xivə (2020, Özbəkistan) və Bursa (2022, Türkiyə) şəhərləri “Türk dünyasının mədəniyyət paytaxtı” olublar. Şuşa Türk dünyasından bu missiyanı yerinə yetirən 11-ci şəhərdir.

Aktual gündəlik 

Ənənəyə görə, qeyri-formal görüşlər hər cür rəsmiyyətdən uzaq daha səmimi aurada keçir. Belə görüşlərdə iştirakçıların hər biri öz mövqeyini ifadə etməkdə tam sərbəstdir. Bu isə qeyri-formal tədbirlərin rəngarəngliyini artırır. 

Qeyri-formal Şuşa Zirvə görüşü üçün aktual gündəlik müəyyənləşdirilib. Tədbirin əsas mövzularından biri  nəqliyyat və kommunikasiyalarla bağlıdır. Deyə bilərik ki, bu məsələ bütün Türk dünyası üçün çox mühüm çağırışlar sırasında yer alır. Hazırkı gərgin geosiyasi reallıqlar fonunda daşımalar üçün optimal nəqliyyat bağlantılarına necə böyük ehtiyac yarandığı hər kəsə bəllidir. Ölkələr və şirkətlər təhlükəsiz marşrutlar axtarırlar və belə marşrutların sayı çox deyil, seçim imkanları məhduddur. Bu kimi reallıqlar fonunda Türk coğrafiyası diqqət mərkəzinə gəlir. Bu gün qlobal miqyasda böyük maraq göstərilən və funksionallığı getdikcə artan Orta Dəhliz Mərkəzi Asiyadakı Türk dövlətlərindən, Azərbaycandan və Türkiyədən keçir.  Azərbaycanın siyasi iradəsi ilə gündəmə gələn Zəngəzur dəhlizi tarixi Türk coğrafiyasını birləşdirməklə yanaşı, həm də Orta Dəhlizin çox səmərəli yeni bir uzantısı olacaq. “...Bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. Mən hesab etdim ki, indiki zəmanədə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var. Biz bu mövzu ilə bağlı, gələcək addımlarımızla bağlı geniş fikir mübadiləsi aparmalıyıq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Şuşa qeyri-formal Zirvə görüşünün gündəliyinin ikinci əsas məsələsi iqlim çağırışlarını əhatə edir. Bu da müasir dünya üçün həyati əhəmiyyətli məsələdir. Qlobal istiləşmənin, güclü sənaye inkişafının nəticəsində sürətlənən iqlim dəyişmələrinin fəsadları bu gün istisnasız olaraq dünyanın bütün regionlarını təhdid altında saxlayır. Ayrı-ayrı türkdilli dövlətlər də bu problemdən kənarda deyillər. Belə olan halda səylərin birləşdirilməsi, həmrəyliyə nail olunması zərurət kimi çıxış edir. TDT-nın fəal üzvü olan Azərbaycan iqlim çağırışlarına həssas yanaşma sərgiləyir. Ölkəmizdə 2023-cü il “Yaşıl dünya naminə həmrəylik İli” elan olunub. İqlim çağırışları Şuşa qeyri-formal Zirvə görüşünün gündəliyinə salınıb. Noyabr ayında isə ölkəmiz COP29 iqlim konfransına ev sahibliyi edəcək.

Paylaş:
Baxılıb: 201 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Xarici siyasət

Analitik

Xarici siyasət

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31