Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan-İran münasibətlərində yeni səhifə

Azərbaycan-İran münasibətlərində yeni səhifə

11.07.2024 [10:00]

Münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi nəzərdə tutulur

Yeni inkişaf mərhələsini yaşayan Cənubi Qafqaz son illərdə mühüm siyasi-iqtisadi yeniliklərlə daha çox diqqət mərkəzinə düşür. Xüsusilə, post-müharibə dövründə Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlar regional əməkdaşlığın inkişafına böyük töhfələr verir. Dünya ölkələri ilə tərəfdaşlıq münasibətlərinin inkişafına hər zaman diqqət yetirən Azərbaycanın ortaya qoyduğu səylər mühüm nəticələrə yol açır - yaşadığımız coğrafiya sıx əməkdaşlıqlar, təhlükəsiz ticari münasibətlər, siyasi dialoqun inkişaf etdirilməsi kimi vacib çağırışların ünvanı kimi səciyyələndirilir. Çoxvektorlu xarici siyasət kursunda tərəfdaşlığı hər zaman prioritet seçmiş Azərbaycan qonşu ölkələrlə münasibətinə xüsusilə həssas yanaşır - bu baxımdan, ölkəmiz Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə ən yüksək səviyədə siyasi-iqtisadi əlaqələrə malikdir. 

Azərbaycan-İran əlaqələri bundan sonra da genişlənəcək

İran İslam Respublikasının da Azərbaycanla əlaqələrinin inkişafı istiqamətində aparılan siyasət mühüm əhəmiyyət kəsb edir. Cənubi Qafqazın geostrateji əhəmiyyətini göz önünə gətirsək, burada siyasi dialoq mühitinin hər zaman aktuallığını qorumasının əsas şərt olduğunu deyə bilərik - Azərbaycan ilə İran arasında səmimi dialoq mühiti mövcuddur. Bu ilin mayında helikopter qəzası nəticəsində İran Prezidenti İbrahim Rəisinin vəfat etməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edib, eyni zamanda, yaşanan faciə ilə əlaqədar İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə başsağlığı verib. Mayın 21-də isə dövlətimizin başçısı İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub, burada matəm kitabına ürək sözlərini yazıb. Prezident İlham Əliyev qeyd edib ki, bu itki təkcə İran xalqına, dövlətinə üz verməyib, bütün müsəlman aləminə üz verib.

Mərhum Rəisinin vəfatının ardından İranda yeni prezident seçkiləri baş tutdu və Məsud Pezeşkian seçicilərin əksəriyyətinin səsini qazanaraq dövlət başçısı seçildi. Prezident İlham Əliyev bu münasibətlə Məsud Pezeşkianı təbrik etdi. İyulun 9-da isə Prezident İlham Əliyev İranın yeni dövlət başçısı Məsud Pezeşkiana zəng edib. Dövlətimizin başçısı Məsud Pezeşkianı İran İslam Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Məsud Pezeşkian göstərilən diqqətə və təbrikə, həmçinin Prezident seçilməsi münasibətilə dövlətimizin başçısının daha əvvəl göndərdiyi məktuba görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. İran Prezidenti gələcəkdə də ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib.

Söhbət zamanı ortaq dini-mədəni köklər, dostluq və qardaşlığa əsaslanan Azərbaycan-İran əlaqələrinin bundan sonra da genişlənəcəyinə və müxtəlif sahələri əhatə edən əməkdaşlığımızın inkişaf edəcəyinə əminlik ifadə olunub. Dövlət başçıları ölkələrimiz arasında indiyədək əldə edilmiş razılaşmaların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Telefon söhbəti əsnasında Azərbaycan və İran prezidentləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianı ölkəmizə səfərə dəvət edib. Dəvəti məmnunluqla qəbul edən İran Prezidenti dövlətimizin başçısına minnətdarlığını bildirib və öz növbəsində, Azərbaycan Prezidentini İran İslam Respublikasına rəsmi səfərə dəvət edib. Dövlətimizin başçısı bu dəvəti məmnunluqla qəbul edib.

Vurğulayaq ki, yerləşdiyimiz coğrafiyanın əsas ölkələrindən sayılan İran ilə Azərbaycan arasında əlaqələrin səmimi inkişafı bütövlükdə region üçün olduqca əsaslı şərtdir - bu, xüsusilə bəzi anti-region maraqların Cənubi Qafqaza müdaxilə cəhdlərinin qarşısının alınmasında əsaslı rol oynayır. Eyni zamanda, İran ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə inkişafı həm də yeni yaranan iqtisadi-ticari situasiyanı daha da gücləndirir - Tehran ilə Bakı arasındakı dostluq münasibətlərinin dərinləşməsi regional inkişaf tempinə müsbət təsirlərini göstərir. 

Birgə nəqliyyat, daşımaçılıq imkanları...

Mühüm tarixi bağlılığı olan ölkələr müasir dövrdə əlaqələrini həm də yeni çağırışlar əsasında yaradır, inkişaf etdirir. Xüsusilə, iqtisadi platformada iki dövlət arasında əsaslı razılaşmalar mövcuddur, bir sıra yeni layihələr həyata keçirilib. Nəqliyyat sahəsində reallaşdırılan birgə layihələr əməkdaşlığa əsaslı nümunə sayıla bilər - hər iki ölkə Şimal-Cənub Dəhlizi marşurutu üzrə öz səylərini birləşdirməkdə qərarlıdır. Yaxın 10 il ərzində Asiya ilə Avropa arasındakı ticarət dövriyyəsinin həcminin bir neçə dəfə artması gözlənilir ki, burada da məhz Şimal-Cənub dəhlizi üzrə daşımalardan əldə olunacaq gəlirlər diqqəti cəlb edir - iki qitə arasında daşınacaq yüklərin 15 faizi bu dəhliz vasitəsilə həyata keçirilsə, Azərbaycanla İran külli miqdarda gəlir əldə etmək imkanı qazanacaqlar. Hazırda iki dost ölkə Şimal-Cənub Dəhlizinin funksionallığının artırılmasına böyük səy göstərirlər. Azərbaycan öz ərazisi üzrə marşrut istiqamətində böyük infrastruktur layihələri həyata keçirib. Bakı Beynəlxalq Ticarət limanının yükaşırma qabiliyyətinin artırılması ilə yanaşı, Ələt-Astara avtomobil yolu yenidən qurulub. İran Astarası ilə Azərbaycan Astarası arasında yeni dəmir yolu körpüsü tikilərək istifadəyə verilib, Astaraçay üzərində yeni avtomobil körpüsünün tikintisi artıq başa çatıb. Hazırda Azərbaycan Dövlət Dəmir Yolları QSC İranın Astara şəhərində yük terminalının tikintisini davam etdirir. 

Eyni zamanda, Ağbənd istiqamətində yeni avtomobil körpüsü tikilir. Bu körpü tikiləndən sonra o da Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq. Bu körpü təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, bu, beynəlxalq nəqliyyat dəhlizinin bir parçasıdır. Körpü Şimal-Cənub Dəhlizi ilə yanaşı, həm də, Şərq-Qərb Nəqliyyat Dəhlizlərinin bir hissəsi olacaq.  Bütövlükdə, Ağbənd yolu regionları birləşdirən əsas nəqliyyat-tranzit bağlantılarından birinə çevriləcək. Buradan Türkiyəyə və İran vasitəsilə Fars körfəzinə yüklərin daşınması həyata keçiriləcək. Qarşıdan gələn dövrdə dəmir yolunun da çəkilməsi nəzərdə tutulur.

Yeni mərhələdə çoxşaxəli münasibətlər...

Əlaqələrin inkişaf trayektoriyasından bəhs açılarkən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının tikintisinə xüsusi yer ayrılmalıdır - bu il mayın 19-da mərhum İran prezidenti İbrahim Rəisinin də açılışında iştirak etdiyi hidroqovşaqlar ikitərəfli münasibətlərdə yeni bir səhifə açıb. Ölkələrimiz arasında xoş niyyətə əsaslanan münasibətlərin inkişafını təmin edən siyasətin töhfəsi olaraq uzun illərdir fəaliyyət göstərən Araz, Mil-Muğan su anbarları və Araz Su Elektrik Stansiyasından sonra Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihəsinin həyata keçirilməsi göstərir ki, Azərbaycan və İran öz aralarındakı sərhədi davamlı şəkildə səmərəli əməkdaşlıq imkanlarına uğura çevirən ölkələrdir. Vurğulayaq ki, “Xudafərin” və “Qız Qalası” layihələri hər iki ölkənin mənafeyi naminə inşa olunub. Bu hidroqovşaqlar bütövlükdə regionun su ehtiyatları və idarə edilməsi ilə bağlı yeni zəmin yaradacaq. Su tutumu 1,6 milyard kubmetr olan “Xudafərin” və 56,75 milyon kubmetr su tutumuna malik “Qız Qalası” hidroqovşaqları, həmçinin hər bir tərəf üçün ümumi qoyuluş gücü 140 MVt olan “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları paritet əsasda ölkələrimizin maraqlarına xidmət etməklə Azərbaycan-İran təcrübəsində transsərhəd sulardan istifadənin örnəkləri olacaq. Enerji güclərinin də bərabər bölünməsi hər iki ölkəyə əlavə fayda verəcək. Layihə təkcə Azərbaycana mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması, illik 358 milyon kilovat-saat elektrik enerjisi istehsalı, 80 milyon kubmetr qaza qənaət imkanı yaradacaq.

Beləliklə, İran ilə Azərbaycan arasında çoxşaxəli əlaqələrin inkişafı gələcək zaman üçün dinamizm və intensivlik səciyyəsi daşıyacaq. İki ölkə arasında siyasi-iqtisadi münasibətlərin yüksək səviyyədə olması bütövlükdə regionun inkişafına mühüm töhfələr vəd edir. 

P.İSMAYILOV 

Paylaş:
Baxılıb: 220 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Xarici siyasət

Analitik

Xarici siyasət

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31