Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan - Çin münasibətləri: Orta Dəhlizdə ortaq maraqlar

Azərbaycan - Çin münasibətləri: Orta Dəhlizdə ortaq maraqlar

17.07.2024 [09:50]

Azərbaycanla Çin arasında diplomatik əlaqələrin qurulmasından ötən 32 il ərzində ikitərəfli əlaqələr qarşılıqlı etimad əsasında uğurla inkişaf edib. Bu gün Azərbaycan Çinlə demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Hər iki ölkə perspektivdə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq əlaqələrini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək əzmi nümayiş etdirir. Bunun təqsiqi olaraq qeyd edək ki, bir qədər bundan əvvəl Astanada “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bu mühüm sənədə istinad etməklə deyə bilərik ki, Azərbaycan-Çin münasibətlərində keyfiyyətcə yeni bir səhifə açılıb.

Bu gün Azərbaycan-Çin münasibətləri çoxşaxəli səciyyə daşıyır. Bu sırada Azərbaycanla-Çin arasında iqtisadi sektorun mühüm bir qolu olan nəqliyyat seqmenti üzrə əlaqələrin genişlənməsi və müxtəlif məsələlərlə bağlı intensiv müzakirələrin aparılması xüsusilə diqqət çəkir.  Qeyd edək ki, iyulun 15-də “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov “Çin Dəmir Yolları” Dövlət Korporasiyasının baş direktorunun müavini Sun Suyudenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə aktual məsələlər ətrafində geniş müzakirələr aparılıb.

Genişlənən iqtisadi əlaqələr

Yüksək templərlə genişlənən Azərbaycan-Çin iqtisadi əlaqələri iki ölkə arasında bərqərəar olan yüksəksəviyyəli siyasi diqloqa əsaslanır. Prezident İlham Əliyev ötən il Çinin “China Media Group” media korporasiyasına verdiyi müsahibədə iki ölkə arasındakı münasibətlərin əla səviyyədə olduğunu vurğulayıb. Dövlətimizin başçısı, eyni zamanda, bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda ölkələrimizin bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış etməsinə toxunub. “Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək görərik ki, bizim mövqelərimiz suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq, iqtisadi əməkdaşlıq məsələlərində mövqelərimiz üst-üstə düşür. Biz qarşılıqlı ticarətin həcminin artmasını görürük və böyük potensial xüsusilə göz qabağındadır. Ölkələrimizi gələcəkdə daha da birləşdirəcək meydana gələn yeni nəqliyyat marşrutlarını görürük. Bunun özü də regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaq”, - deyə Azərbaycan Prezidenti bəyan edib.

Çin Xalq Respublikasının Sədri Si Cinpin də ölkəmizlə əlaqələrə böyük önəm verdiyini dəfələrlə ifadə edib. O, dövlətimizin başçısına ünvanladığı məktubunda Azərbaycan və Çinin dost, tərəfdaş ölkələr olduğunu diqqətə çatdırıb. 

Göründüyü kimi, Azərbaycan və Çin liderləri ölkələrimizin yaxınlaşmasına güclü siyasi iradə göstərirlər. Eyni zamanda, yeni qəbul olunan Bəyannamədə tərəflər iqtisadi sahədə əməkdaşlığın perspektivləri ilə bağlı niyyətlərini ortaya qoyublar. Sənəddə qeyd olunduğu kimi, Azərbaycan və Çin güclü iqtisadi tamamlayıcılıq, sənayeləşmə və investisiya sahəsində əməkdaşlığı artırmaq üçün böyük potensiala malikdirlər. Bildirlir ki,t ərəflər iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin davamlı və dinamik inkişafını yüksək qiymətləndirir və ticarət, sərmayə və mühəndislik layihələri sahəsində qarşılıqlı fəaliyyəti daha da gücləndirmək üçün Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası mexanizminin rolunu artırmağa davam etməyə, o cümlədən Azərbaycan-Çin ticarət-iqtisadi əməkdaşlığının yüksək səviyyədə inkişafına nail olmaq məqsədilə nəqliyyat və kommunikasiyalar, yaşıl enerji, emal və istehsal, infrastruktur, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı və s. sahələrdə layihələrin həyata keçirilməsinin təşviqinə diqqət yetirməyə hazırdırlar.

Ölkələrimiz arasında iqtisadi əlaqələr son illərdə məhz qarşılıqlı istək və liderlərin güclü siyasi iradəsi əsasında genişlənib. Çin dünyanın ən böyük iqtisadiyyatlarından birinə malikdir. Çin Milli Statistika Bürosunun (UIB) məlumatına görə, son illərdə bu ölədə Ümumi Daxili Məhsul (ÜDM) 120 trilyon yuandan (təxminən 18 trilyon dollar) çox olub. Qeyd edək ki, 1976-cı ildəki son azalmadan sonra Çin iqtisadiyyatı 2020-ci il istisna olmaqla, 46 il ərzində yüksək artım templərini qoruyub saxlayıb. Yeni növ koronavirus pandemiyası səbəbindən inkişaf tempində müəyyən azalmalar müşahidə edilsə də, Çində əsas kapitala investisiyalar, o cümlədən infrastruktur, daşınmaz əmlak, maşın və avadanlıq xərcləri 2022-ci ildə əvvəlki ilə nisbətən 5,1 faiz, emal sənayesinə investisiyalar 9,1 faiz artıb. Bu ölkə böyük idxal və ixrac həcmlərinə malikdir. Çinin ixrac coğrafiyası bütün dünyanı əhatə edir, desək, yanılmarıq və burada həm də inkişaf etmiş ölkələr yer alırlar. Geosiyasi gərginliklərin, qlobal pandemiyanın, sərt qapanmaların yaratdığı çətinliklərə baxmayaraq, ölkə perspektiv üçün də yüksək hədəflər müəyyənləşdirib. Ölkə rəsmiləri Çinin iqtisadi inkişafa və islahatlara sadiqliyini, dünyaya daha da açıq olmasına dair sarsılmaz əzmini bəyan edirlər. Bu isə o anlama gəlir ki, arzuolunmaz mənfi xarici amillərin gözlənilən təsirlərinə baxmayaraq, Çin yenə də iqtisadi imkanlarını artırmağa çalışır və buna nail olur. 

Azərbaycan iqtisadiyyatı həcmcə kiçik olsa da, ölkəmizlə Çinin inkişaf fəlsəfəsində oxşarlıq var. Azərbaycan da qlobal risklərə yüksək davamlılıq nümayiş etdirən, inkişafını daxili resurslarına istinad etməklə quran ölkədir. 

İndiyədək Azərbaycanla Çin arasında iqtisadi əlaqələrin genişlənməsinə möhkəm hüquqi əsaslar yaradan çoxlu sayda sənədlər imzalanıb. Onların reallaşmasının gedişi Azərbaycanla Çin arasında ticari-iqtisadi əməkdaşlığın genişlənməsinin sürətlənməsi timsalında daha qabarıq görünür. Əgər 2018-ci ildə Azərbaycanla Çinin xarici ticarət dövriyyəsi 1,3 milyard dollar idisə, 2023-cü ildə 3,1 milyard dolları ötüb. Bu da müvafiq surətdə 2018-ci illə müqayisədə 1,8 milyard dollar və ya 2,4 dəfə, 2022-ci ilin müvafiq göstəricisindən isə 1 milyard dollar və ya 44 faiz çoxdur. Bu cür yüksək dinamika nəticəsində Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib. Əgər 2018-ci ildə Çin Azərbaycanın 6-cı ticarət tərəfdaşı idisə, indi 4-cü iri ticarət tərəfdaşıdır. Bu rəqəmlərin müqayisəsi göstərir ki, son illərdə ticari-iqtisadi sahədə artan xətlə davam edən əməkdaşlıqların əsası qoyulub. Bu, digər sahə və istiqamətlərdə də əlaqələrin genişlənməsinin möhkəm bazası kimi çıxış edir.

Keçən ilin sonlarına olan məlumata görə, Çinin 1995-ci ildən indiyədək Azərbaycana yatırdığı birbaşa investisiyanın həcmi 920 milyon dollara çatıb (Azərbaycanın Çinə sərmayə qoyuluşu isə bundan təqribən 2 dəfə çoxdur). Azərbaycanda Çin investisiyalı 275 şirkət qeydiyyatdan keçib. Bundan başqa, Azərbaycanın işğaldan azad edilən ərazilərində başlanan infrastruktur layihələrində iştirak üçün Çin şirkətləri müraciət edib. “Huawei” şirkəti isə artıq bu regionda “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasına qoşulub. 

Nəqliyyat layihələrində birgə iştirakçılıq

Qeyd etdiyimiz kimi, nəqliyyat sektorunda əməkdaşlıq Azərbaycan-Çin əlaqələrinin çox mühüm qollarından birini təşkil edir. Hər iki tərəf mövcud reallıqları, artan geosiyasi gərginlikləri nəzərə almaqla Orta Dəhlizin inkişafına xüsusi diqqət yetirir. Çində Azərbaycan üzərindən keçən dəhlizlərin önəmi yüksək dəyərləndirilir. Bu ölkə 10 il bundan əvvəl Avrasiyada infrastrukturun yaradılmasına və qarşılıqlı əlaqələrin qurulmasına yönələn “Bir kəmər, bir yol” layihəsini elan edib. Strategiya iki əsas inkişaf istiqamətini nəzərdə tutur: “İpək Yolu İqtisadi Kəməri” və “Dəniz İpək Yolu”. Burada söhbət malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir. Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Prezident İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” imzalanıb. 2019-cu il yanvarın 22-də isə Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda sessiya keçirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sessiyada iştirak ediblər. Hazırda respublikamız yaratdığı müasir infrastrukturla “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində, o cümlədən də Orta Dəhliz üzərində logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır. Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi önəmli infrastruktur layihələri “Bir kəmər, bir yol” təşəbbüsü və ümumilikdə, regional əməkdaşlıq üçün böyük əhəmiyyət daşıyır. BTQ dəmir yolu xətti sayəsində Çindən Avropaya yüklərin daşınma müddəti xeyli azalıb. Bu, o deməkdir ki, Çindən daşınan yüklər 2 həftə müddətində Azərbaycandan keçərək Avropaya çatır. Azərbaycan və Çin fürsətləri və imkanları dəyərləndirməklə gələcəkdə Orta Dəhliz üzrə əməkdaşlığı yeni səviyyəyə yüksəlmək əzmindədirlər. Astanada imzalanan Bəyannamədə bununla bağlı konkret müddəalar öz əksini tapıb. Bəyannamədə oxuyuruq: “Çin tərəfi Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (“Orta Dəhliz”) tikintisində və istismarında fəal iştirak etməyə, Çin-Avropa və əksinə istiqamətdə cənub dəhlizinin yük qatarları üçün fasiləsiz işini və sürətləndirilmiş inkişafını birgə təşviq etmək məqsədilə Azərbaycanla və marşrut boyu yerləşən digər ölkələrlə daha sıx işləməyə, regional praktiki əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli şərtlər yaratmağa, istehsal-təchizat zəncirlərinin təhlükəsizliyini və sabitliyini birgə təmin etməyə hazır olduğunu bildirir”.

ADY-də keçirilən görüşdə son aylarda Orta Dəhliz üzrə yükdaşımaların artırılması məqsədilə hər iki ölkənin dəmir yolları, həmçinin liman və logistika şirkətləri arasında keçirilən intensiv görüşlərin əhəmiyyəti vurğulanıb.

Qeyd olunub ki, iyulun 3-də Astana şəhərində keçirilmiş Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində Azərbaycan və Çin arasında imzalanmış “Birgə Bəyannamə” ilə beynəlxalq nəqliyyat dəhlizlərinin fasiləsiz fəaliyyətinin təmin edilməsi və tranzit daşımalar üçün əlverişli şəraitin yaradılması baxımından əməkdaşlıq daha da gücləndiriləcək.

Çin tərəfi Qazaxıstan, Azərbaycan və Gürcüstan dəmir yolları arasında Orta Dəhlizin inkişafı üzrə yaradılmış “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulmaq niyyətini bildirib.

Eyni zamanda Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılması, o cümlədən daha çox konteyner qatarının cəlb olunması üçün Azərbaycan üzrə dəmiryol nəqliyyatı ilə tranzit daşımalara subsidiyaların ayrılması, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından daha geniş istifadə olunması müzakirə olunub.

Görüşdə, həmçinin Orta Dəhlizlə keçən yüklərin çatdırılma müddətinin səmərəliliyinin və operativliyinin artırılması üçün blok qatarların tərkibində olan yüklər haqqında qısa deklarasiyanın təqdim edilməsi və gömrük nəzarəti zamanı yük sənədlərinin formalaşdırılma vaxtının sürətləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

M.ABDULLAYEV

Paylaş:
Baxılıb: 557 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31