Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / III beynəlxalq konfrans

III beynəlxalq konfrans

06.12.2025 [09:44]

Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışı sülhün əsas şərtlərindəndir

Dekabrın 5-də Bakıda Qərbi Azərbaycan İcması tərəfindən “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfrans keçirilib. Əvvəlcə Qərbi Azərbaycan İcmasının fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.

Daha sonra Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.

Konfransda indiki Ermənistan ərazisində yaşamış azərbaycanlılara məxsus mədəni irsin vəziyyəti, bu irsin qorunması və dirçəldilməsi, həmçinin qayıdış hüququnun beynəlxalq hüquq və mədəni irsin müdafiəsi kontekstində qiymətləndirilməsi müzakirə edilib.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov  çıxışında bildirib ki, İcma son 200 ildə Ermənistan ərazisindən mərhələlərlə qovulan milyonlarla insanı və onların varislərini birləşdirən ictimai təşkilatdır: “İcmanın fəaliyyətinin əsas xətti həmin insanların, xüsusilə də 1987-ci ildə başlayan Ermənistan-Azərbaycan münaqişəsinin ilk mərhələsində öz doğma yurdlarından amansız şəkildə qovulan 300 min nəfər qaçqının öz evlərinə dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etməkdir”. Onun sözlərinə görə, bu, həm insan hüquqlarına, həm də beynəlxalq hüquqa əsaslanan haqlarının bərpasıdır. Ona görə də biz fəaliyyətimizdə beynəlxalq hüquqa söykənir, qayıdış hüququ ilə bağlı beynəlxalq sənədlərdə təsbit olunmuş prinsiplərin həyata keçirilməsini tələb edirik.

İcma rəhbəri deyib ki, dialoq qurulması istiqamətdə etdiyimiz çoxsaylı müraciətlər BMT-nin ali orqanlarının, Baş Assambleyanın və Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi yayılıb: “Həmin sənədlərdə biz dünya ictimaiyyətini Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri və mahiyyəti barədə məlumatlandıraraq bildirmişik ki, ermənilərin Qərbi Azərbaycanda soydaşlarımıza qarşı törətdikləri fərdi və kollektiv cinayətlərin tarixi 200 il əvvələ gedib çıxsa da, son 100 ildə bu cinayətlər daha da genişlənmiş və bütün hədləri aşıb”. O qeyd edib ki, əvvəl 1905-ci ildə, sonra 1918-1921-ci illərdə, daha sonra 1948-1953-cü illərdə, ən sonda 1987-1991-ci illərdə xalqımıza qarşı saysız-hesabsız cinayətlər törədilib: “Təkcə sonuncu deportasiya zamanı - 1987-1991-ci illərdə Ermənistanda 200 nəfərdən çox dinc azərbaycanlı sakin etnik və dini zəmində ermənilər tərəfindən qətlə yetirilib, 400-dən artıq soydaşımız bədən xəsarəti alıb. 300-ə yaxın yaşayış məntəqəsindən qovulan azərbaycanlılara fərdi təsərrüfatlar və ictimai təsərrüfatlar üzrə on milyardlarla ABŞ dolları həcmində maddi ziyan vurulub. Yeraltı-yerüstü sərvətləri, tarixi-mədəni abidələrə vurulan ziyanı da bura əlavə etsək, bu rəqəm bir neçə dəfə artar. Mənəvi ziyanı isə heç bir məbləğlə əvəz etmək mümkün deyil. Lakin təəssüf ki, Ermənistan tərəfi bütün bu cinayətlərə görə nəinki hüquqi məsuliyyət daşımaq istəmir, üstəlik, ata-baba yurdundan qovulan insanların geriyə qayıdış hüququnu inkar edir”.

Çıxış edən Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım deyib ki, Qərbi azərbaycanlıların geri dönüşü beynəlxalq insan hüquqlarının fundamental prinsiplərindən biridir. BMT-nin İnsan Hüquqları Ümumdünya Bəyannaməsinin 13-cü maddəsi hər bir insanın öz ölkəsinə qayıtmaq hüququnu açıq şəkildə təsbit edir. Lakin bu hüquq yalnız fiziki qayıdışı nəzərdə tutmur. Həqiqi geri dönüş insanın təkcə yurduna deyil, kimliyinə, yaddaşına, mədəniyyətinə və mənəvi irsinə qovuşması deməkdir. Onun sözlərinə görə, ermənilər tərəfindən zorla öz doğma torpaqlarından çıxarılan Qərbi azərbaycanlıların geri dönüşü, sadəcə, coğrafi hərəkət deyil, ədalətin bərpası, kimliyin qorunması və tarixi həqiqətin təsdiqi deməkdir: “Azərbaycan xalqının yüz illər boyu yaratdığı məscidlər, türbələr, qəbiristanlıqlar, məhəllələr, tarixi tikililər və əlyazmalar məhv edilib”.

Qeyd edək ki, konfrans panel müzakirələrlə davam edib. Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə “Qayıdış hüququ və mədəni irs: hüquqi və mənəvi əsaslar” mövzuusnda ilk panel müzakirəsi təşkil olunub. Müzakirələrdə  İbn Haldun Universitetinin Heydər Əliyev adına Avrasiya Araşdırmalar Mərkəzinin direktoru, professor Yaşar Sarı bildirib ki, Qərbi azərbaycanlıların tarixdə bir neçə dəfə öz dədə-baba yurdlarından qovulması faktı məlumdur. Buna görə də onların qayıdış hüququ beynəlxalq hüququn əsas prinsipləri çərçivəsində təmin edilməlidir. Onun sözlərinə görə, mədəni ayrı-seçkiliyin aradan qaldırılması vacibdir və bu istiqamətdə beynəlxalq konvensiyalar mədəni irsin qorunmasına dəstək verməlidir: “Qərbi azərbaycanlılara qarşı baş vermiş ədalətsizliyin aradan qaldırılması məqsədilə mövcud beynəlxalq sənədlər onların qayıdış hüququnun tanınmasını və qorunmasını nəzərdə tutur. Bununla yanaşı, Azərbaycan və Ermənistan arasında imzalanan razılaşmalar da bu prosesə müsbət töhfə verə bilər”.

Fransalı tarixçi Maxime Gauin isə bildirib ki, azərbaycanlılar hələ 1800-cü illərdə İrəvan və ətraf bölgələrdə yurdlarına bağlılıqları ilə seçilirdilər. Bu, onların mədəni və tarixi irsinin qorunmasında mühüm rol oynayıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ərazilərində sosial və mədəni fəaliyyətlər inkişaf etdirilib. Azərbaycan xalqının hüquqları həm yerli, həm də regional səviyyədə qorunub. “XX əsrin əvvəllərində azərbaycanlılar öz mədəniyyətlərini, tarixlərini və ərazilərini qorumaq üçün mübarizələr aparıblar. Bu dövrdə mədəniyyətin qorunması və ictimai təşkilatlanma əhəmiyyətli rol oynayırdı. Bu, tarix boyunca azərbaycanlıların mədəni, tarixi və siyasi mübarizəsində, onların milli kimliyinin qorunmasında həlledici olub”, - deyə fransız tarixçi vurğulayıb.

İlk paneldə Harvard Universitetinin tədqiqat direktoru Mark Nathan Kramer və İspaniyanın Panavropa təşkilatını təmsil edən professor Carlos Uriarte də çıxış edib. Natiqlər beynəlxalq təcrübə fonunda qayıdış hüququnun dövlətlərarası münasibətlərdəki yerini və Ermənistanın üzərinə düşən humanitar öhdəliklər barədə fikirlərini bildiriblər.

“Maddi irs: qayıdışın fiziki təməllərinin qorunması” mövzusunda panel müzakirəsi isə Böyük Britaniyadan olan ekspert Klaus-Peter Ralf Juergensun moderatorluğu ilə keçirilib. Paneldə Pakistan Ali Məhkəməsinin vəkili Muhammad Sohail Sajid, İtaliya-Azərbaycan Assosiasiyasının vitse-prezidenti Carlo Marino, İndoneziya İƏT Gənclər Təşkilatının prezidenti Astrid Nadya Rizqita və amerikalı professor Michael Martin Gunter Ermənistan ərazisində azərbaycanlıların mədəni irsinə qarşı aparılmış dağıdıcı fəaliyyətin hüquqi qiymətləndirilməsi və bərpa imkanları barədə fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində digər panel müzakirələri də təşkil olunub.

Qeyd edək ki, beynəlxalq konfransda 60-dan çox ölkədən 100-dən artıq xarici qonaq və yerli ekspertlər iştirak edib.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 260 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Tramp imzaladı

20 Dekabr 09:32  

Sosial

Həmrəy olmaq!

20 Dekabr 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Dekabr 08:27  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31