Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Dünya çoxqütblü nizama doğru...

Dünya çoxqütblü nizama doğru...

04.09.2026 [11:41]

Azərbaycanın ŞƏT-də mühüm rolu

Hazırda dünya yeni transformasiya mərhələsindən keçir. İkinci Dünya müharibəsindən sonra yaranmış beynəlxalq təşkilatların, o cümlədən də BMT-nin nüfuzunun zəifləməsi fonunda çoxqütblü dünya nizamının formalaşdırılmasının zəruriliyi daha aydın görünür. Keçmiş ittifaqın süqutundan sonra beynəlxalq birlik təkqütblü dünya nizamının meydana çıxartdığı ciddi çağırışlarla üz-üzə qaldı və bunun fəsadlarını hələ də yaşamaqdadır. Qlobal miqyasda ədaləti, beynəlxalq prinsipləri yalnız qüvvələri balanslaşdırmaqla təmin etmək mümkündür. Dünyanın dəyişən nizamı, mövcud reallıqlar və çağırışlar yeni yanaşmalar tələb edir.

Yeni güc mərkəzi - ŞƏT-də böyük coğrafiya və güclü iqtisadi potensial birləşir

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yaranmasını yeni dünya nizamında meydana çıxan çağırışlara ən uyğun cavablardan biri kimi dəyərləndirmək mümkündür.  Həm ərazisinə, həm də əhalisinə görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatı 15 iyun 2001-ci il tarixində  Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. ŞƏT böyük coğrafiya və güclü iqtisadiyyat deməkdir. Bu il yaradılmasının 25-ci ildönümünü qeyd edən ŞƏT-ın sıralarında 10 tamhüquqlu, 2 müşahidəçi və 15 dialoq tərəfdaşı ölkəsi var. Təşkilatın əhatə etdiyi coğrafiya təxminən 36 milyon kvadratkilometr, üzv ölkələrin ümumi əhalisi isə 3,4 milyard nəfərdən çoxdur. Dünya Bankının 2025-ci il məlumatlarına əsasən, ŞƏT-in 10 üzv ölkəsinin ümumi nominal ÜDM-i təxminən 27,4 trilyon dollar təşkil edir ki, bu da dünya ÜDM-in təxminən 23,1 faizinə bərabərdir.

Təşkilatın üzvləri arasında Çin, Hindistan və Rusiya kimi qlobal iqtisadi və siyasi güclərlə yanaşı, İran və Pakistan kimi geostrateji əhəmiyyətli dövlətlər, həmçinin Mərkəzi Asiyanın Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan kimi ölkələri yer alır. Belarusun da üzvlüyü ilə ŞƏT-in Avrasiya miqyasında əhatə dairəsi daha da genişlənib.

ŞƏT bir tərəfdən dünyanın ən böyük əhali və istehlak bazarlarını, digər tərəfdən zəngin enerji və xammal resurslarına malik ölkələri, eyni zamanda, Avrasiyanın əsas quru nəqliyyat marşrutlarını bir platformada birləşdirir. Bu xüsusiyyət təşkilatın iqtisadi və geosiyasi əhəmiyyətini daha da artırır.

ŞƏT coğrafiyasında həm böyük enerji istehsalçıları, həm də dünyanın əsas enerji istehlakçıları yerləşir. Rusiya, İran və Qazaxıstan mühüm neft və qaz ehtiyatlarına malikdir. Çin və Hindistan isə qlobal enerji tələbatının əsas mərkəzləri sırasındadır.

Eyni zamanda, ŞƏT məkanı Şərqdən Qərbə, Şimaldan Cənuba uzanan əsas quru nəqliyyat istiqamətlərinin böyük hissəsini əhatə edir. Çin və Mərkəzi Asiyanın istehsal və ticarət mərkəzləri, Rusiya, İran və Hindistan istiqamətləri, Xəzər hövzəsi və Qərb bazarları arasında əlaqələrin genişlənməsi yeni logistika imkanlarını ön plana çıxarır.

Bir sıra hallarda obrazlı şəkildə belə deyirlər ki, ŞƏT, əslində, dünyanın yarısı deməkdir. Lakin qurumun önəmini yalnız coğrafiya ilə məhdudlaşdırmaq doğru olmazdı. Bu gün təşkilat real olaraq dünyada təkqütblülüyü sındıran yeni bir güc mərkəzidir. Ötən 25 ildə təşkilat daxilində ciddi institusional formalaşma prosesi gedib, hüquqi çərçivələr  yaradılıb və ən əsası da üzv dövlətlər arasında siyasi və iqtisadi əlaqələr genişlənib ki, bu da böyük bir coğrafiyada qarşılıqlı inam, etimad mühitinin bərqərar olması anlamına gəlir. Qeyd edək ki, təşkilatın bəyan olunan əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.

ŞƏT-in 2035-ci ilədək İnkişaf Strategiyası təşkilatın gələcək istiqamətlərini də müəyyənləşdirir. Sənəddə təhlükəsizliklə yanaşı, ticarət, iqtisadiyyat və investisiya əməkdaşlığının genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, elm və texnologiya, səhiyyə, ətraf mühit və təhsil sahələrində əlaqələrin inkişafı prioritet kimi göstərilir.

Azərbaycana göstərilən böyük etimad

Qürurverici haldır ki, bu gün müstəqil Azərbaycan geniş ŞƏT ailəsində yer alır. Xatırladaq ki, 2015-ci ilin 9-10 iyul tarixlərində Rusiyanın Ufa şəhərində keçirilmiş ŞƏT-in Zirvə toplantısı zamanı qəbul edilmiş qərara əsasən Azərbaycana ŞƏT-də dialoq üzrə tərəfdaş statusu verilib. Prezident İlham Əliyev 17 may 2016-cı il tarixində “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında” Memorandumu təsdiqləyib. Həmin vaxtdan etibarən dövlətimizin başçısı ŞƏT-in Zirvə görüşlərində xüsusi dəvət əsasında iştirak edir. Həmçinin Prezident İlham Əliyev qurumun dost Qırğızıstanın paytaxtı Bişkekdə baş tutan son Zirvə görüşündə iştirak və çıxış edib.

Azərbaycanın ŞƏT-lə sıx əməkdaşlığa cəlb olunması bir sıra mühüm amillərlə şərtlənir. Bu, ilk növbədə ölkəmizin qısa müstəqillik tarixində yüksək beynəlxalq nüfuz qazanması ilə bağlıdır. Prezident İlham Əliyev respublikamızın xarici siyasət kursunu çoxvektorluluq prinsipi əsasında müəyyənləşdirib. Bu çərçivədə həyata keçirilən siyasət öz bəhrəsini verir. Bu gün Azərbaycan Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə yüksək səviyyəli münasibətlərə malikdir. Ölkəmiz müxtəlif beynəlxalq platformalarda, o cümlədən də Qoşulmama Hərəkatında yüksək fəallıq göstərməklə İslam dünyasında böyük nüfuz qazanıb. Avropa İttifaqının üzvü olamayan Azərbaycan bu məkanda 10 dövlətlə strateji tərəfdaşlıq sənədi imzalayıb. Ağ Evdə administrasiya dəyişikliyindən sonra ölkəmizlə dünyanın bir nömrəli güc mərkəzi sayılan Amerika Birləşmiş Ştatları (ABŞ) arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəlib. Artıq Azərbaycanla ABŞ strateji əməkdaşlığı hədəfləyən sənəd imzalayıblar. Eləcə də respublikamızın ŞƏT-də təmsil olunan ayrı-ayrı Asiya dövlətləri ilə yüksəksəviyyəli ikitərəfli münasibətləri formalaşıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanla Mərkəzi Asiya vahid siyasi və iqtisadi məkan kimi çıxış edirlər. Eyni zamanda, Asiya nəhəngi Çnlə münasibətlərimiz son illərdə imzalanan sənədlərə uyğun olaraq strateji tərəfdaşlıq çərçivəsində inkişaf edir və hər iki tərəf də bundan məmnundur.

Dünyanın müxtəlif məkanlarında, o cümlədən də ŞƏT coğrafiyasında Azərbaycana belə yüksəksəviyyəli etimad göstərilməsi ilk növbədə ölkəmizin siyasəti və Prezident İlham Əliyevin hər zaman beynəlxalq həmrəylik təşəbbüslərindən çıxış etməsi ilə bağlıdır. Qalib Azərbaycanın müharibə başa çatdıqdan sonra sülh təşəbbüsündən çıxış etməsi bütün dünya üçün bir nümunədir. Hazırda dünya Yaxın Şərqdə, Şərqi Avropada uzanan müharibələrin yaratdığı ağır fəsadlardan ciddi şəkildə təsirlənir. Azərbaycan öz nümunəsində təsdiqlədi ki, müharibə səhifəsini bağlamaq və imkanları əməkdaşlığa, sabitliyə yönəltmək lazımdır. Yalnız bu halda inkişafa və rifaha nail olmaq mümkündür.

Siyasi dialoqun genişləndirilməsi

Azərbaycan sıralarında yer aldığı əksər beynəlxalq təşkilatlarda yüksək fəallıq nümayiş etdirməklə onların funksionallığının artmasına güclü impuls verir. Bu cəhətdən ŞƏT-də istisna deyil. Prezident İlham Əliyev Bişkekdə baş tutan yubiley Zirvə tədbiri çərçivəsində də öz ənənəsinə sadiq qalmaqla yüksək diplomatiya sərgilədi. Dövlətimizin başçısının tədbir çərçivəsində çoxsaylı görüşlər keçirməsi xüsusi diqqət çəkir. Çox doğru olaraq ekspert dairələrində bu görüşlər Azərbaycanın və onun Liderinin dünya miqyasında artan nüfuzunun göstəricisi kimi dəyərləndirilir. Məsələn, Vladimir Putinlə təmas Azərbaycan-Rusiya münasibətlərinin, Rəcəb Tayyib Ərdoğanla görüş Türk dünyası və Azərbaycan-Türkiyə müttəfiqliyinin, Məsud Pezeşkianla görüş İranla əlaqələrin, Kasım-Jomart Tokayevlə görüş Mərkəzi Asiya istiqamətinin əhəmiyyətini təsdiqləyir. Hindistanın Baş naziri Narendra Modi ilə təmas isə Azərbaycanın Cənubi Asiyanın böyük iqtisadi və siyasi gücləri ilə əlaqələrinin geniş perspektivlərə malik olduğuna bir işarədir. Hindistanla münasibətlərimiz hələlik arzuedilən səviyyədə deyil, ançaq ölkəmiz o mövqedən çıxış edir ki, dialoqu inkişaf etdirmək lazımdır. Nikol Paşinyanla görüş isə xüsusi məna daşıyır. Bir vaxtlar Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli görüşü çətin baş tuturdu və mütləq qaydada vasitəçilərin köməyinə ehtiyac yaranırdı. Məhz qalib Azərbaycanın sülhə sadiqliyi sayəsində tənzimləmə prosesində böyük yol keçilib və artıq liderlər vasitəçilər olmadan ikitərəfli təmaslar qururlar. Bu, Cənubi Qafqazda real sülhün daha bir mühüm göstəricisidir ki, bunun da müəllifi məhz Azərbaycan Prezidentidir.

Azərbaycanın dövlət başçısının görüşdəki çıxışında ifadə etdiyi fikirlər və verdiyi mesajlar həm ŞƏT coğrafiyası, həm də bütün dünya üçün əhəmiyyətlidir. Azərbaycan Prezidenti çıxışında Cənubi Qafqazda da mühüm dəyişikliklərin baş verdiyini bildirib. Onun sözlərinə görə, uzun illər münaqişə zonası olan region hazırda sülh və əməkdaşlıq məkanına çevrilir. Azərbaycan artıq Ermənistana neft məhsulları tədarük edir və üçüncü ölkələrin yüklərinin tranzitini həyata keçirir. Ölkəmizin Cənubi Qafqazda yaratdığı reallıqlar dünya üçün bir nümunədir.

Dövlətimizin başçısı, həmçinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrasını təmin edən mexanizmlərin hazırlanmasının təşkilatın nüfuzunu daha da artıracağını qeyd edib. Azərbaycan BMT-nin təxminən 30 il ərzində yerinə yetirilməyən qətnamələrinin icrasını özü təkbaşına təmin etdi. Bundan nəticə çıxarılmalı və dünyada nizamsızlıq mühiti yaradan ikili standartlara son qoyulmalıdır. Elə bir mexanizm formalaşdırılmalıdır ki, dünya ayrı-ayrı güc mərkəzlərinin selektiv yanaşmaları ilə deyil, BMT tərəfindən müəyyənləşdirlən ümumi prinsiplər əsasında ədalətlə idarə olunsun.

Azərbaycanın yaratdığı enerji və nəqliyyat infrastrukturunun böyük önəmi

Azərbaycan ŞƏT məkanında və ondan kənarda yer alan dövlətlər üçün son dərəcə əlverişli coğrafiyada yerləşir. Ölkəmiz Şərqlə Qərb arasında təbii körpü qismində çıxış edir. Lakin  Azərbaycanın ŞƏT məkanı üçün önəmi yalnız coğrafiya ilə bağlı deyil. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında yer alan dövlətlər üçün geniş nəqliyyat-logistika imkanları təqdim etmək iqtidarında olan dövlətdir. Bu gün artan geosiyasi gərginliklər səbəbindən beynəlxalq nəqliyyat marşrutları heç də təhlükəsiz deyil. Son olaraq Hörmüz boğazı ilə bağlı izlənilən proseslər, qlobal iqtisadiyyat üçün mühüm əhəmiyyət daşıyan dar keçidin siyasi təzyiq alətinə çevrilməsi bütövlükdə dünyanı ciddi sınaq qarşısında qoyub. Müşahidə edilən bu kimi kataklizmlər daşıma şirkətlərini alternativ nəqliyyat-logistika marşrutları axtarmaq məcburiyyətində qoyub. Daha təhlükəsiz və iqtisadi baxımdan səmərəli marşrutların önəmi heç vaxt olmadığı qədər artıb.

Belə, heç də adi olmayan bir şəraitdə nəzərlər həm də Azərbaycana dikilib. Bu, bir tərəfdən respublikamızın Avrasiyada son dərəcə əlverişli coğrafi mövqedə yerləşməsi, uzunmüddətli daxili sabitliyə malik olması, cəmiyyətdə tolerantlıq mühitinin hökm sürməsi, digər tərəfdən isə geniş nəqliyyat-logistika imkanları təqdim etməsi ilə bağlıdır. Prezident İlham Əliyev son 22 ildə ölkəmizin əlverişli coğrafi mövqeyini nəzərə almaqla strateji baxış nümayiş etdirərək qeyd olunan sahənin inkişafına həssas yanaşma sərgiləyib. Onun qətiyyətli siyasi iradəsi ilə ölkə boyunca böyük həcmlərdə investisiya qoyuluşu hesabına çoxsaylı nəqliyyat-logistika layihələri uğurla icra olunub və respublika ərazisindən keçən bütün marşrutlar üzrə tranzit daşımalarının optimal vaxt rejimində səmərəli şəkildə həyata keçirilməsinə geniş imkanlar yaradılıb.

Azərbaycanın ŞƏT üçün digər bir mühüm önəmi ölkəmizin zəngin eneri resurslarına və şaxələndirilmiş  nəqli marşrutlarına malik olmasıdır. Təchizat yollarına yaranan təhdidlər son vaxtlarda Yaxın Şərqdə və Şərqi Avropada uzanan müharibələrin ən ağır fəsadları sırasında yer alır. Xüsusilə də ABŞ-İran müharibəsindən əvvəlki mərhələdə qlobal enerji təchizatının təxminən 20 faizini təmin edən Hörmüz boğazı ətrafında yaranan qeyri-müəyyənlik bütün dünyanı ciddi sınaq qrşısında qoyub.

Ayrı-ayrı təchizat yollarının təhdid altında qaldığı bir vaxtda Azərbaycan nefti üç marşrutla dünya bazarlarına çıxarılır. Ölkəmizin əsas neft ixrac marşrutu Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməridir. Zamanında Azərbaycanın starteji yanaşmalar sərgiləməklə inşasına nail olduğu nəql marşrutları hazırda yalnız ölkəmizə xidmət etmir, eyni zamanda bundan Xəzərin digər sahillərində yerləşən dövlətlər də faydalanırlar. 1768 kilometr uzunluğunda olan BTC 2006-cı ilin iyun ayında istismara veriləndən cari ilin iyun ayının sonunadək bu boru kəməri vasitəsilə tranzit daşımaları da daxil olmaqla ümumilikdə təqribən 631 milyon ton (4,7 milyard bareldən çox) xam neft nəql edilib və Ceyhanda 6276 tankerə yüklənərək dünya bazarlarına göndərilib. Mərkəzi Asiya dövlətlərinin həmçinin Azərbaycanın moderatorluğu ilə inşa olunan Cənub Qaz Dəhlizindən istifadə etmək imkanları da tam realdır və hazırda bununla bağlı müzakirələr aparılır.

Yaşıl enerji əməkdaşlığı Azərbaycanla ŞƏT-də təmsil olunan Çin, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər ölkələr arasında münasibətlərin növbəti bir perspektivli istiqamətini təşkil edəcək. COP29 çərçivəsində Azərbaycan, Özbəkistan və Qazaxıstan bərpaolunan enerjinin nəqli ilə bağlı mühüm sənəd imzalayıblar. Eyni zamanda, ölkəmiz bu sahədə Çinlə geniş əhatə dairəsinə malik olan əlaqələr qurub və bu sahədə əməkdaşlığın böyük perspektivi var.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 3 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30