Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan ordusu istənilən vəzifəni icra etməyə qadirdir

Azərbaycan ordusu istənilən vəzifəni icra etməyə qadirdir

25.06.2009 [10:04]

Prezident İlham Əliyev: Müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıbdır və hər an hazır olmalıyıq ki, öz doğma torpağımızı düşməndən silahlı yolla azad edək
Dünən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 91-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimi keçirilib.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bölmələrin, hissələrin və silah sistemlərinin taktiki döyüş tətbiqini əhatə edən təlimin əsas mərhələsini izləyib.
Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Ali Baş Komandana raport verib.
Prezident İlham Əliyev əvvəlcə nümayiş etdirilən hərbi texnika nümunələri ilə tanış olub.
Ali Baş Komandana məlumat verilib ki, burada nümayiş olunan hərbi texnika yüksək standartlara cavab verir və güclü döyüş qabiliyyətinə malikdir. 300 millimetrlik reaktiv yaylım atəşi sistemi uzaq məsafədəki hədəfləri məhv etmək, düşmənin iri bölmələrinin silah və döyüş texnikasına tələfat vermək üçün ən etibarlı və müasir döyüş maşınlarındandır. 203 millimetrlik “Pion” özüyeriyən artilleriya qurğusu isə bu növdə ən güclü sistemə malikdir. 152 millimetrlik 2S3 “Akasiya”, 122 millimetrlik 2S1 “Qvozdika” özüyeriyen artilleriya qurğuları düşmənin artilleriyasını, minaatanlarını, texnikasını, cəmləşmə rayonlarında yerləşən canlı qüvvəsini və idarəetmə məntəqələrini məhv etmək, səhra və uzunmüddətli müdafiə qurğularını dağıtmaq qabiliyyətinə malikdir. Əsas döyüş tankı olan T 72 M-1 ən yüksək tələblərə cavab verir, qoşunların manevr imkanlarını və atəş gücünü əhəmiyyətli dərəcədə artırmağa imkan yaradır. ZTR 80 A markalı zirehli döyüş maşını motoatıcı bölmələrin daşınması, onlara döyüş meydanında atəş dəstəyinin verilməsi və bilavasitə döyüşün maşından aparılmasını təmin edir. STOR M-3 - SOFA və ABİR M-462 maşınları ərazilərdə antiterror və təxribat-kəşfiyyat qruplarına qarşı xüsusi əməliyyatlarda istifadə olunur. Uzaq məsafəli kəşfiyyat-müşahidə sistemi böyük ərazilərdə gecə və gündüz avtomatik və əl rejimində müşahidənin aparılması və dəqiq coğrafi koordinatların müəyyən edilməsi üçün təyin olunub.
Bundan əlavə, rabitə qurğuları, radiolokasiya müşahidə sistemləri, yanğınsöndürmə texnikası da yüksək taktiki-texniki xüsusiyyətlərə malikdir.
Sonra müdafiə naziri Səfər Əbiyev hərbi təlimlərin operativ-taktiki vəziyyəti barədə Ali Baş Komandana məruzə edib.
Prezident, Ali Baş Komandan İlham Əliyev bölmələrin, hissələrin və silah sistemlərinin döyüş tətbiqi üzrə təlimləri izləyib.
Artilleriya bölmələrinin şəxsi heyəti təlim sahəsindəki hədəflərə sərrast atəş açmaqla peşəkarlıq nümayiş etdirib. Döyüş təyyarə və vertolyotları yüksək pilotajla yanaşı, hədəflərə dəqiq aviasiya zərbələrinin endirilməsində məharət göstəriblər. Tank və piyadanın döyüş maşını heyətləri idarə etdikləri texnikanın manevr və atəş gücündən tam istifadə edərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər. Xüsusi təyinatlı bölmələrin taktiki hava desantı tərkibində paraşütlə atılması və qarşıya qoyulan tapşırığın dəqiq yerinə yetirilməsi onların əsl peşəkarlığını göstərib.
ümumiyyətlə, təlimə cəlb olunan bütün şəxsi heyət yüksək döyüş hazırlığı nümayiş etdirib. Təlimdə qarşıya qoyulan bütün məqsədlərə nail olunub.
Son illərdə ordu quruculuğu ilə bağlı strateji xətt Azərbaycanda prioritet istiqamətlərdən biri olaraq qalır. Orduda islahatların aparılması və hərbi hissələrin maddi-texniki bazasının möhkəmləndirilməsi dövlət başçısının daim diqqət mərkəzindədir. Güclü iqtisadi potensial və güclü ordu Azərbaycanın bölgədə lider ölkə olmasını şərtləndirən əsas amillərdəndir.
Daha sonra Ali Baş Komandan hərbi xidmətdə fərqləndiklərinə və Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 91 illiyi münasibətilə bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim edib.
Prezident, Ali Baş Komandan İlham Əliyev hərbçilər qarşısında çıxış edib: “Əziz hərbçilər, Əziz əsgərlər, gizirlər, zabitlər, generallar! İlk növbədə, mən sizin hamınızı və bütün Azərbaycan xalqını Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Sizə və bütün Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik arzu etmək istəyirəm. Azərbaycan Ordusu güclü ordudur. Azərbaycanda ordu quruculuğu prosesi uğurla və sürətlə davam etdirilir. 1993-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda nizami ordunun yaradılması istiqamətində əməli işlər görülməyə başlanmışdır. Heç kəs üçün sirr deyil ki, əgər müstəqilliyimizin ilk illərində Heydər Əliyev Azərbaycanın rəhbərliyində olsa idi heç vaxt Azərbaycan torpaqları işğal altına düşməzdi. 1993-cü ildən bu günə qədər bizim ordumuz, bütün Silahlı Qüvvələr çox şərəfli və böyük yol keçmişdir. Orduda peşəkarlıq və döyüş qabiliyyəti artır. Mən hərbi hissələrdə tez-tez oluram və özüm müşahidə edirəm ki, bizim hərbi gücümüz gündən-günə artır. Bu gün keçirilən irimiqyaslı hərbi təlimlər bunun gözəl nümunəsidir. Ordumuzun peşəkarlığı artır, eyni zamanda, maddi-texniki bazası da möhkəmlənir. Bu gün Azərbaycan Ordusu çox böyük imkanlara malikdir. Son illər ərzində ordumuzun gücləndirilməsi üçün çox böyük işlər görülübdür. Hərbi xərclərimiz ildən-ilə artır. Son 5 il ərzində Azərbaycanda bütün hərbi xərclər 6,5 milyard dollar səviyyəsində idi. Bu, əlbəttə ki, bizim hərbi gücümüzü böyük dərəcədə artırmışdır. Bu il hərbi büdcəmiz 2 milyard dollardır. Gələcək illərdə bu məbləğ daha da artacaqdır. Görülən bütün bu işlərin nəticələrini biz görürük. Ordumuzun döyüş qabiliyyəti artır. Ordumuz istənilən vəzifəni icra etməyə qadirdir. Bir neçə il bundan əvvəl Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi yaradılmışdır. Artıq nazirliyin nəzdində 19 müəssisə fəaliyyət göstərir, 400 növdən artıq müdafiə təyinatlı məmulat istehsal olunur. Şübhə etmirəm ki, növbəti təlimlərdə Azərbaycanda istehsal olunan məhsullar da nümayiş etdiriləcəkdir. Bugünkü irimiqyaslı təlimlərdə ordu ilə bərabər Sərhəd Qoşunları və Daxili Qoşunlar iştirak etmişdir. Sərhəd Qoşunları və Daxili Qoşunların öz funksiyaları vardır. Ancaq bu iki hərbi qurum istənilən anda istənilən vəzifəni icra etməyə qadirdir. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi üçün lazımi tədbirlərin görülməsində də ordu ilə bərabər bu iki qurumun böyük əməyi ola bilər. Məhz bu məqsədlə son illər ərzində Daxili Qoşunlar və Sərhəd Qoşunlarının maddi-texniki bazasının gücləndirilməsi üçün çox böyük işlər görülübdür. Bu gün bütün hərbi qurumlar birlikdə öz məharətini, öz peşəkarlığını göstərmişlər. Keçən il biz Azərbaycanda Silahlı Qüvvələrin 90 illik yubileyini qeyd edərkən böyük hərbi parad keçirdik. O parad bizim imkanlarımızı açıq-aydın göstərmişdir. Bugünkü təlimlər bizim ordumuzun döyüş potensialını göstərir. Bizim döyüş potensialımız həqiqətən çox yüksək səviyyədədir. Orduda ruh yüksəkliyi lazımi səviyyədədir, peşəkarlıq artır və belə təlimlərin keçirilməsi mütəmadi qaydada aparılmalıdır. Bizim əsgərlərimiz, hərbçilərimiz döyüş əməliyyatının aparılması üçün daim hazır olmalıdırlar. Bizim ərazi bütövlüyümüz pozulubdur. Uzun illərdir ki, torpaqlarımız işğal altındadır. Biz çalışırıq və çalışacağıq ki, məsələni danışıqlar yolu ilə həll edək. Ancaq 15 il ərzində - atəşkəs rejimi bağlanandan sonra aparılan danışıqlar heç bir nəticə vermir. Belə olan halda təbii ki, biz ordumuzun gücünə güvənməliyik. Məhz bu məqsədlə son illər ərzində mütəmadi qaydada ordu potensialının gücləndirilməsi üçün praktiki tədbirlər görülübdür. Bu gün bizim ordumuz bölgədə ən qüdrətli ordudur. Azərbaycanda istənilən vəzifəni icra etməyə qadir olan silahlı birləşmələr fəaliyyət göstərir və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün biz lazım olan halda hərbi gücdən də istifadə edə bilərik. Bu, bizim suveren hüququmuzdur. Beynəlxalq hüquq normaları da bizə bu imkanı verir. Mən şübhə etmirəm ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Bu ədalətsizliyə son qoyulacaqdır. çünki bütün beynəlxalq hüquq normaları bizim tərəfimizdədir. Mötəbər beynəlxalq təşkilatların qərarları, qətnamələri Azərbaycanın mövqeyini əks etdirir. Silahlı qüvvə, hərbi güc bizim tərəfimizdədir. İqtisadi potensial bizim tərəfimizdədir. Azərbaycan iqtisadiyyatı hətta böhranlı aylarda uğurla inkişaf edir. Bizim ümumi dövlət büdcəmiz bu il təxminən 16 milyard dollar səviyyəsindədir. Bütün bunları Azərbaycan öz hesabına qazanmışdır. Biz bəzi başqa ölkələr kimi xarici yardımdan asılı deyilik, xarici ölkələr tərəfindən verilən yardımlarla, ianələrlə özümüzü təmin etmirik. Biz öz gücümüzə arxalanırıq, Azərbaycan xalqının gücünə arxalanırıq və iqtisadi potensialın gücləndirilməsi nəticəsində bu gün güclü ordunun yaradılması mümkün olmuşdur. Əgər bu olmasaydı, bu gün bizim imkanımız olmazdı, pulumuz olmazdı. Bizim həm siyasi sahədə, həm iqtisadi məsələlərin həllində çox düşünülmüş strategiyamız var, taktikamız var. Azərbaycanın hərtərəfli inkişaf etdirilməsi üçün lazımi tədbirlər görülür və ordu quruculuğu prosesi bu işlərdə başlıca rol oynayır. Yenə də deyirəm, biz müharibə şəraitində yaşayırıq, buna görə də biz ilk növbədə, ordu quruculuğu ilə məşğul olmalıyıq və məşğul oluruq. Müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıbdır və hər an hazır olmalıyıq ki, öz doğma torpağımızı düşməndən silahlı yolla azad edək. Biz Silahlı Qüvvələr Günü ərəfəsindəyik. Bu, böyük bayramdır, Azərbaycanda rəsmi bayram kimi qeyd olunur. Bu bayram ərəfəsində Silahlı Qüvvələrin bütün şəxsi heyətinə yeni uğurlar, cansağlığı və xoşbəxtlik arzulayıram”.

Paylaş:
Baxılıb: 1188 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

9 ayda 2,5 milyard manat

24 Oktyabr 11:10  

YAP xəbərləri

Analitik

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Sosial

121 yaşlı metropoliten...

24 Oktyabr 08:32  

Ədəbiyyat

Azadlıq şairi...

24 Oktyabr 08:15

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31