Azərbaycan dünyada böhrandan ən az əziyyət çəkən ölkələrdən biridir
17.10.2009 [15:18]
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclası keçirilib. Dövlətimizin başçısı iclası giriş nitqi ilə açıb. Prezident İlham Əliyev deyib ki, bu ilin 9 ayında Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib: “Deyə bilərəm ki, bu il ərzində Azərbaycan iqtisadiyyatı çox uğurla inkişaf edib. Bu, çox sevindirici haldır. Xüsusilə ona görə ki, bu il dünyada maliyyə və iqtisadi böhran hökm sürür. Demək olar ki, bütün ölkələrə bu böhranın çox mənfi təsiri olmuşdur və dünya miqyasında ölkələrin mütləq əksəriyyətində iqtisadi tənəzzül müşahidə edilir. Azərbaycan iqtisadiyyatı isə inkişaf edir. Əlbəttə, biz öz iqtisadi siyasətimizi apararkən ancaq daxili resurslarımıza əsaslanırıq və bununla bərabər, heç vaxt heç bir müqayisə aparmamışıq. Biz öz səylərimizi daxili məsələlər ətrafında qoyuruq. Belə olan halda, Azərbaycan iqtisadiyyatı istənilən iqtisadi şəraitdə öz imkanlarını ortaya qoyur. Bu ilin doqquz ayında ümumi daxili məhsul 6,1 faiz artmışdır. Bu, çox böyük nailiyyətdir, böyük uğurdur və onu göstərir ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır, iqtisadiyyatın hansısa bir sektorundan asılı deyildir. Son illər ərzində aparılan köklü islahatlar, iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində atılan praktiki addımlar bugünkü iqtisadi artımı şərtləndirib. Böhranlı ildə iqtisadiyyatın 6,1 faiz səviyyəsində artması çox gözəl göstəricidir. Deyə bilərəm ki, bölgədə yerləşən ölkələrdə iqtisadi tənəzzül 10 faiz, 15 faiz, 18 faiz səviyyəsindədir. Azərbaycanda isə biz bütün imkanları səfərbər edib iqtisadiyyatımızı inkişaf etdiririk. Bununla bərabər, doqquz ayda sənaye istehsalı 5 faiz artıb. Bu da çox gözəl göstəricidir. Bu onu göstərir ki, Azərbaycanda aparılan sənayeləşmə siyasəti öz bəhrəsini verir. Biz çalışırıq ki, sənaye sahəsində də müxtəlif yeni müəssisələr işə düşsün. Xarici və daxili investisiyalar cəlb edilir. Azərbaycanda aparılan çox böyük infrastruktur layihələri, xüsusilə Azərbaycanın bölgələrində aparılan infrastruktur layihələri sənaye istehsalının artırılmasına gözəl şərait yaradır. Söz yox ki, sənaye artımının təməlində, eyni zamanda, dövlət tərəfindən özəl sektora verilən güzəştli kreditlər də mühüm rol oynayır. Bu kreditlər verilir. Kreditlərin məbləği artırılır. Belə olan halda biz yerli sahibkarlar üçün də çox gözəl şərait yaradırıq. Kənd təsərrüfatında artım 3 faiz səviyyəsindədir. Bu da çox yaxşı göstəricidir. O da həqiqətdir ki, ilk dəfə olaraq Azərbaycanda rekord səviyyədə taxıl istehsal edilib - 3 milyon ton səviyyəsində. Bu, tarixi nailiyyətdir və Azərbaycanda kənd təsərrüfatı sahəsində aparılan islahatların bariz nümunəsidir. Həm dövlət tərəfindən verilən dəstək, həm maliyyə yardımı, fermerlərə yanacağın, gübrənin güzəştli şərtlərlə verilməsi, subsidiyaların verilməsi, aqrolizinqin yaradılması, dövlət tərəfindən kənd təsərrüfatı texnikasının alınması və kəndlilərə icarəyə verilməsi - yəni biz buna kompleks tədbirlər nəticəsində nail ola bilmişik. Suvarma, meliorasiya məsələlərinin həyata keçirilməsi, elevatorların, soyuducu kameraların tikilməsi, yəni bu barədə çox danışmaq olar. Əsas odur ki, böhranlı ildə qeyri-neft sektoru inkişafdadır və kənd təsərrüfatı ölkəmiz üçün həm iqtisadi cəhətdən, həm sosial cəhətdən çox böyük əhəmiyyətə malik olan bir sahədir. çox sevindirici haldır ki, Azərbaycanda makroiqtisadi vəziyyət çox sabitdir. Doqquz ayda inflyasiya cəmi 2,1 faiz təşkil etmişdir. Bu da çox gözəl göstəricidir. Bu onu göstərir ki, istehlak qiymətləri sabitdir və belə olan halda böhranın insanların həyatına təsiri minimum səviyyədədir. O da həqiqətdir ki, yenə də müqayisə aparsaq, - baxmayaraq, mən bunun tərəfdarı deyiləm, - əgər dünyada bu böhranlı vəziyyət yaşanmasaydı, biz heç vaxt müqayisə aparmazdıq. Amma müqayisə aparılanda görürük ki, bölgədə yerləşən ölkələrdə həm iqtisadiyyat, həm milli valyutanın məzənnəsi aşağı düşür, milli valyuta dəyərini itirir, eyni zamanda, inflyasiya qalxır. Azərbaycanda isə tam əksinədir - iqtisadiyyat artır, manat sabitdir, inflyasiya isə çox aşağı səviyyədədir. Bununla bərabər, onu da böyük məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, doqquz ayda əhalinin pul gəlirləri təxminən 10 faiz artıbdır. Bu onu göstərir ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşayırlar. Əhalinin 10 faiz artan pul gəlirləri əlbəttə ki, cəmiyyətin bütün təbəqələrində bərabər şəkildə bölünməyib. Bu da təbiidir. çünki biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Amma yenə də çox gözəl göstəricidir. Əhalinin 10 faiz artan pul gəlirləri, 2 faizlik inflyasiya - deməli, real artım templəri 8 faizdir. Böhranlı il üçün bu, hesab edirəm ki, dünya miqyasında nadir bir göstəricidir. Əhalinin banklara qoyduğu əmanət 11 faiz artıb. Bu, nəyi göstərir? İlk növbədə onu göstərir ki, əhalidə artıq pul kütləsi yaranır. Yəni, daha da çox gəlirlər əldə edilir. Digər tərəfdən onu göstərir ki, banklara olan inam və etibar çox yüksək səviyyədədir. Bu da öz növbəsində bank sektorunun inkişafına xidmət göstərir. Mərkəzi Bankın səyləri nəticəsində manatın məzənnəsinin sabit vəziyyətdə saxlanılması bax, bu vəziyyəti şərtləndiribdir. Əgər biz başqa ölkələr kimi milli valyutanı devalvasiyaya uğratsaydıq, o zaman manata inam azalardı, banklara qoyulan əmanət azalardı və beləliklə, həm inam, həm də ki, bankların maliyyə resursları azalardı. Düzgün siyasətimiz nəticəsində, baxmayaraq ki, demək olar, bölgədə yerləşən bütün ölkələrdə milli valyuta devalvasiya edilib, biz manatı sabit saxladıq. Bu, düzgün siyasət idi. Bu siyasət nəticəsində əhalinin banklara qoyduğu əmanətin həcmi 11 faiz artıb və beləliklə, bir çox məsələ öz həllini tapıb. Bütün bu göstəricilər özlüyündə hər şeyi açıq-aydın ortaya qoyur ki, Azərbaycan böhranlı ildə böhrandan ən az əziyyət çəkən ölkələrdən biridir. Bunun başlıca səbəbi bizim siyasətimizdir, aparılan islahatlardır, sosial siyasətdir, infrastruktur layihələridir və müstəqil siyasətdir. Biz nəyi hesab edirik ki, düzdür, ölkə üçün lazımdır, onu da edirik. Biz əlbəttə ki, beynəlxalq maliyyə qurumları ilə də yaxşı əməkdaşlıq edirik və məsləhətləşmələr aparılır, ancaq öz bildiyimizi edirik. çünki biz tam əminik ki, bizim siyasətimiz Azərbaycan xalqının mənafeyinə xidmət göstərir və bunun ən gözəl göstəriciləri də doqquz ayın sosial-iqtisadi yekunlarıdır. Bizim əlbəttə ki, böyük təbii resurslarımız - neft-qaz resurslarımız vardır. Ancaq bilirsiniz ki, bir il ərzində neftin qiyməti 140 dollardan 37 dollara düşmüşdür. Bizim dövlət büdcəmizdə bu il neftin qiyməti 70 dollar səviyyəsində nəzərdə tutulmuşdur. Ancaq indi neftin qiyməti 70 dollara yaxınlaşıb, onun ətrafındadır. Amma buna baxmayaraq, bizim iqtisadiyyatımız inkişaf edir. Məhz ona görə ki, biz neftdən gələn gəlirləri vaxtlı-vaxtında insan kapitalına, infrastruktur layihələrinə yönəltdik. Sahibkarlığın inkişafına, kreditlərin verilməsinə, infrastruktura və texnikanın alınmasına yönəltdik. Ona görə iqtisadiyyatımız neft amilindən asılılığını artıq böyük dərəcədə aşağı endirə bilmişdir. Bu gün bizim valyuta ehtiyatlarımız 19 milyard dollar səviyyəsindədir və bu sahədə də gözəl inkişaf, artım vardır. Bu da bizim üçün çox böyük bir maliyyə qarantıdır. Bütün sosial proqramlar icra edilir. Bu ilin doqquz ayında orta əmək haqqı 15 faiz artıbdır. Bu gün Azərbaycanda orta əmək haqqı 370 dollar səviyyəsindədir. Pensiyalar artır, ünvanlı sosial yardım proqramı uğurla icra edilir və bu gün 150 min ailəyə ünvanlı sosial yardım göstərilir. ümumiyyətlə bu proqram 700 min nəfəri əhatə edir və hər bir ailəyə verilən yardım orta hesabla haradasa, 140 dollar səviyyəsindədir. Bu da ən imkansız insanlara Azərbaycan dövləti tərəfindən praktiki dəstəkdir. Əlbəttə ki, görülən bütün tədbirlər nəticəsində Azərbaycanda yoxsulluğun səviyyəsi daha da aşağı düşməlidir. Azərbaycan reallıqları onu göstərir ki, yoxsulların sayı getdikcə aşağı düşür. Bölgələrdə infrastruktur layihələri uğurla davam etdirilir. 2003-cü ildən bu günə qədər Azərbaycanda 824 min yeni iş yerləri açılmışdır. Bu da bölgələrin inkişafı və yerlərdə iş yerlərinin, yeni müəssisələrin yaradılması üçün də çox vacib amildir. Bu il, gələn il və ondan sonrakı illərdə bölgələrdəki mövcud problemlərin həlli üçün daha da böyük işlər görüləcəkdir. Gələn ilin dövlət büdcəsində bütün bu məsələlər öz əksini tapıbdır. Biz əlbəttə ki, bu il və bundan sonrakı illərdə ordu quruculuğunun inkişafına daha da böyük səylər göstərməliyik və bunu edirik. Bizim hərbi potensialımız gündən-günə güclənir. Azərbaycan Ordusu bu regionda ən güclü ordudur, ən böyük hərbi potensiala malikdir. Biz bundan sonra da bu potensialı daha da artırmalıyıq. çünki dediyim kimi, biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ danışıqları əfsuslar olsun, hələ ki, heç bir nəticə vermir. Bunun da yeganə səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir. Ermənistan tərəfi danışıqlar prosesində indi vaxt uzatmaq taktikasını tətbiq edir. Bu, yenilik deyildir. Danışıqların müxtəlif mərhələlərində biz bunu görmüşük. Müəyyən həlledici məqamlarda onlar daha əvvəl razılaşdırılmış məsələləri bir daha müzakirəyə çıxarmaq istəyirlər. Bu, əvvəllər də olub, əfsuslar ki, biz bunu bu mərhələdə də görürük. Bəzi hallarda həm biz, həm də məsələ ilə məşğul olan vasitəçilər bunu çox böyük təəccüblə qarşılayırıq ki, bir il, ya üç il bundan əvvəl razılaşdırılmış məsələ yenidən, elə bil ki, yeni bir mövzu kimi ortalığa atılır. Bunun yeganə izahı ola bilər. O da qəsdən vaxtı uzatmaq. çünki Ermənistan tərəfi praktiki addımlar atmalıdır. O addımlar da ondan ibarətdir ki, Ermənistan bütün qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından, Dağlıq Qarabağın ətrafında yerləşən torpaqlardan çıxarmalıdır. Bu, artıq uzun illərdir ki, razılaşdırılmış məsələdir. Bu məsələdə heç bir başqa fikir ola bilməz. Yenidən bu məsələyə qayıtmağın və razılaşdırılmış digər məsələlərə yenidən qayıtmağın yeganə izahını biz bunda görürük: həlledici məqamlarda vaxtı süni şəkildə uzatmaq və əslində, danışıqlar prosesinə zərbə vurmaq. Biz isə öz prinsipial mövqeyimizdən geri dönməyəcəyik.
Danışıqlar prosesində əldə edilmiş bütün nailiyyətlər, bir tərəfdən, gələcək proses üçün gözəl, yaxşı bir əsasdır. Digər tərəfdən, münaqişənin ərazi bütövlüyü prinsipləri çərçivəsində və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması məsələsi danışıqlar prosesində və razılaşdırılmış məsələlərdə öz əksini tapıb. Danışıqlar prosesində və müzakirə olunan məsələlərdə Dağlıq Qarabağa nə vaxtsa, lap 100 ildən sonra müstəqilliyin verilməsi ümumiyyətlə müzakirə olunmur və bu, heç vaxt olmayacaqdır. Ona görə biz çalışırıq ki, məsələ beynəlxalq birlik tərəfindən tanınmış norma və prinsiplər əsasında tezliklə həll olunsun. O da ondan ibarətdir ki, Azərbaycanın işğal olunmuş bütün torpaqları işğalçılardan azad edilməlidir. Azərbaycan vətəndaşları, məcburi köçkünlər öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar. Bu da danışıqlar prosesində öz əksini tapan bir məsələdir. Ondan sonra sülhməramlı qüvvələr tərəfindən sülhməramlı missiya həyata keçiriləcəkdir. Biz buna etiraz etmirik. Dağlıq Qarabağa müvəqqəti status verilə bilər. Ancaq bu, müstəqillik demək deyildir və gələcək danışıqlar prosesində iki tərəf - Ermənistan və Azərbaycan Dağlıq Qarabağın gələcək statusu haqqında müzakirələri davam etdirəcəklər. Bax, budur əsas prinsiplər. Onların ətrafında indi danışıqlar aparılır və ümid edirəm ki, Ermənistan tərəfi danışıqlarda konstruktivlik göstərib tezliklə məsələnin həlli üçün lazımi addımları atacaqdır. O da sirr deyil ki, bölgədə yaşanan son hadisələr ola bilsin ki, Ermənistanı bir qədər ruhlandırsın. Ola bilsin onlar indi hesab edirlər ki, onların uzun illər təcrid olunmuş vəziyyətdə yaşamalarına son qoyulur. Mən bu fikirləri bölüşmürəm və bölgədə gedən proseslər, Azərbaycanın bölgədə fəal iştirakı, Azərbaycan tərəfindən irəli sürülmüş bütün təşəbbüslər - siyasi, iqtisadi və başqa təşəbbüslər, Azərbaycanın bölgədə və dünyada artan rolu, əlbəttə, heç vaxt imkan verməyəcək ki, Ermənistan təcrid olunmuş vəziyyətdən çıxsın. Ermənistanın təcrid olunması onun öz rəhbərlərinin fəaliyyəti nəticəsində baş veribdir. Əgər Ermənistan işğal olunmuş torpaqlardan çıxsa, biz bütün kommunikasiyaları açmağa hazırıq və onda bölgədə sülh və əməkdaşlıq yarana bilər, ölkələrin təhlükəsizliyi təmin oluna bilər. Bölgədə Ermənistan-Azərbaycan münaqişəsi həll olunmadan heç bir müsbət irəliləyiş mümkün deyildir. çünki bölgənin əsas problemi Ermənistan-Azərbaycan münaqişəsidir, Azərbaycan torpaqlarının işğal altında qalmasıdır. Bu məsələni kənara qoyub, hansısa başqa məsələni həll etmək məncə, həm siyasi, həm də mənəvi cəhətdən düzgün deyildir. Digər tərəfdən, mən hesab edirəm ki, bu, mümkün deyildir. çünki Azərbaycanın artan imkanları bunu qoymayacaqdır. Biz öz milli maraqlarımız uğrunda axıra qədər mübarizə aparacağıq. Bizim mübarizəmiz ədalət mübarizəsidir, haqq-ədalət bizim tərəfimizdədir. Əlbəttə ki, biz öz milli maraqlarımızı istənilən yollarla müdafiə edəcəyik”.
Sonra iqtisadi inkişaf naziri Şahin Mustafayev, təhsil naziri Misir Mərdanov, nəqliyyat naziri Ziya Məmmədov, sənaye və energetika naziri Natiq Əliyev bu ilin 9 ayında ölkədə həyata keçirilən sosial-iqtisadi tədbirlər barədə məruzə ediblər.
Prezident İlham Əliyev yekun nitqində bildirib ki, ilin sonuna az qalmasına baxmayaraq, iqtisadi inkişaf tempi saxlanılmalıdır. 2003-2008-ci illərdəki iqtisadi inkişafın gələcək üçün gözəl zəmin yaratdığını deyən dövlətimizin başçısı əmin olduğunu bildirib ki, uğurlu iqtisadi göstəricilər 2010-cu ildə də davamlı xarakterini saxlayacaq. Bizim fəaliyyətimiz beynəlxalq təşkilatlar tərəfindən də qiymətləndirilir.
“Belə olmasaydı, Dünya Bankı Azərbaycanı 2008-ci ildə ən islahatçı ölkə kimi tanımazdı”, - deyən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Dünya İqtisadi Forumu ölkəmizi rəqabət qabiliyyətliliyinə görə dünyada 51-ci, MDB-də 1-ci ölkə elan edib.
Prezident İlham Əliyev qeyd edib ki, gələn ilin dövlət büdcəsi balanslaşdırılmış səviyyədə tərtib olunub, neftin 1 barrelinin qiyməti büdcədə 45 dollar müəyyən edilib. Dövlətimizin başçısı Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişinin başa çatdırılması, Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisinin sürətləndirilməsi barədə tapşırıqlarını verib. Bildirib ki, indi Azərbaycan özünü enerji ilə tam təchiz etməklə bərabər artıq digər ölkələrə də elektrik enerjisi ixrac edir. Gələn ilin əvvəlindən isə alternativ enerji mənbələrinin yaradılması diqqətdə saxlanılacaq.
“Gələn il ekoloji tədbirlər də gücləndiriləcək”, - deyən Prezident İlham Əliyev 2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan edilməsi təşəbbüsü ilə çıxış edib.
“Qaz təsərrüfatında müasir standartlar tətbiq olunmalı, qaz anbarlarında yenidənqurma işləri aparılmalıdır”, - deyən dövlətimizin başçısı gələcəkdə Azərbaycan qazının enerji təhlükəsizliyi məsələlərində daha mühüm rol oynayacağını, bölgə ölkələrinin Azərbaycanın enerji resurslarına ehtiyacının olduğunu bildirib. Qeyd edib ki, Türkiyə ilə qaz sahəsində tranzit məsələlərinin hələ də həll edilməməsi Azərbaycan qazının Avropaya tam gücü ilə nəqlinə mane olur. Gələn ildən Azərbaycan qazı Rusiyaya ixrac ediləcək və perspektivdə İrana da qaz ixracı həyata keçirilə bilər.
Dövlətimizin başçısı 9 ayın yekunlarından razı qaldığını və xalqımızın milli maraqlarının təmin olunması üçün işlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini bildirib.
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47

