Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Belarusa rəsmi səfər edib

Azərbaycan Prezidenti İlham Əliyev Belarusa rəsmi səfər edib

20.11.2018 [09:05]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Belarus Respublikasına rəsmi səfərə gedib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyevi Belarusun Baş nazirinin müavini Mixail Rusıy və digər rəsmi şəxslər qarşılayıblar.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasına rəsmi səfəri çərçivəsində noyabrın 19-da Minsk şəhərindəki “Qələbə” meydanında 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin şərəfinə ucaldılmış abidəni ziyarət edib.
Meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.
Azərbaycanın və Belarusun dövlət himnləri səslənib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlətimizin başçısının qarşısından keçib.
* * *
Belarus Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da Minskdə Azərbaycan Ticarət Evi ilə tanış olub.
Yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı Azərbaycan Ticarət Evinin fəaliyyətinə uğurlar arzulayıb.
Sonda xatirə şəkilləri çəkdirilib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 19-da Minskdə rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.
Azərbaycanın və Belarusun dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Azərbaycan Prezidenti İlham Əliyev Belarus əsgərlərini salamlayıb.
Belarusun dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Belarus Prezidenti Aleksandr Lukaşenkoya təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Prezidentlər birgə foto çəkdiriblər.
Sonra Prezident İlham Əliyev Belarus Respublikası müstəqilliyini bərpa etdikdən sonra Prezident Aleksandr Lukaşenkonun rəhbərliyi dövründə paytaxt Minskdə, həmçinin digər şəhərlərdə əsaslı şəkildə bərpa olunan tarixi memarlıq abidələrinin, o cümlədən kilsə, qəsr və digər abidələrin fotolarına baxıb.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşü olub.
Dövlət başçıları görüşdə çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevi salamlayan Belarus Prezidenti Aleksandr Lukaşenko deyib: “Əziz İlham Heydər oğlu, Belarus Sizi gözləyirdi. Rəsmi səfər barədə məlumat çox idi. Bildiyiniz kimi, bunun üçün müxtəlif səbəblər vardı. Bəzən feyk xəbərlər də olurdu. Hərçənd, bu da bir nəticədir. Hətta həqiqətə uyğun olmayan müəyyən mənfi informasiya da bəzən müsbət nəticə verir. Buna görə də Sizin səfərinizə səmimi maraq vardı. Biz bunu çoxdan gözləyirdik. Azərbaycan haqqında çox danışırdılar. Dediyim kimi, bunun səbəbləri çox idi. Səbəblər əsasən xoşniyyətli idi. Belaruslar Azərbaycanı bizə çox dost olan, bizim yaxşı münasibət bəslədiyimiz qardaş respublika kimi qəbul edirlər. Bu, həm Prezidentlər arasında, həm hökumətlərarası komissiyada, həm də ticari-iqtisadi sahədə münasibətlərə aiddir. Bunu demək kifayətdir ki, təkcə son bir ildə Belarus ilə Azərbaycan arasında ticarətin həcmi təqribən 3,5 dəfə artıb.
Bir daha təsdiqləmək və Sizi əmin etmək istəyirəm ki, bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq. Biz bir dövlətdə yaşamışıq. Sizinlə çox yaxın insanlarıq. Kiminsə bunu istəyib-istəməməsindən asılı olmayaraq, bizim köklərimiz sovet dövrünə və bəlkə daha uzağa gedib çıxır - 10-15 nəsil bundan əvvəlki həmvətənlərimiz Sizin həmvətənlərinizlə yaxşı münasibətdə olublar. Siz tarixçi kimi bunu yaxşı bilirsiniz. Buna görə də Sizi Belarus torpağında salamlayırıq. Bizə tez-tez gəlin. Hava bugünkü kimi olmayanda gəlin. Hərçənd, bunun da bir ləzzəti var - xüsusən Bakının quru küləyindən sonra. Düşünürəm ki, qışqabağı Minskdə olmaq və ona tamaşa etmək Sizin üçün faydalı olacaq. Onun öz gözəlliyi var. Ən azı onu görmək lazımdır. Buna görə şadam ki, Siz bizə təşrif gətirmisiniz. Danışmağa mövzu var. Bizim bütün sahələrdə - həm ticari-iqtisadi, həm diplomatik, həm siyasi münasibətlərimiz yaxşıdır, hərbi sahədə yaxşı münasibətlərimiz var. Lakin mövcud münasibətləri daha da genişləndirmək mümkündür, buna çalışmaq lazımdır. Buna görə əminəm ki, Sizin Belarusa bugünkü səfəriniz perspektivdə bizim münasibətlərimizin möhkəmlənməsi yolunda yeni addım olacaq”.
Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Sağ olun, əziz Aleksandr Qriqoryeviç. İlk növbədə, dəvət üçün Sizə təşəkkür edirəm. Yenidən qardaş Belarus torpağında olmağıma çox şadam. Bildiyiniz kimi, bu, Sizin ölkənizə mənim ilk səfərim deyil. Mən Belarusda tez-tez oluram, Siz də Azərbaycana tez-tez rəsmi səfərlər edirsiniz. Bu, bizim yaxşı münasibətlərimizin, məhz ölkələrimiz arasında çox yaxın dostluq əlaqələrinin göstəricisidir. Bu əlaqələrin çox mühüm tarixi aspekti var. Xalqlarımız onilliklər boyu bir-biri ilə fəal ünsiyyətdə olub, əməkdaşlıq ediblər, müstəqillik dövründə isə bu əməkdaşlıq, əlbəttə ki, tamamilə yeni səviyyəyə çatıb.
Bu gün Azərbaycanda Belarus haqqında danışanda, ikitərəfli münasibətlərimizlə bağlı müəyyən hadisələri yada salanda bizim cəmiyyətdə həmişə çox müsbət hisslər yaranır. Vacib olan odur ki, bizim dostluq əlaqələrimiz ölkələrimizin cəmiyyətləri tərəfindən də çox müsbət qəbul edilir. Bilirəm ki, Belarusda da Azərbaycana çox xoş münasibət bəsləyirlər, Azərbaycanda isə Belarusu həqiqətən qardaş ölkə və nəinki keçmiş SSRİ məkanında, həm də dünyada Azərbaycanın ən yaxın tərəfdaşlarından biri hesab edirlər. Bunun səbəbləri çoxdur, o cümlədən Sizinlə şəxsi münasibətlərimiz. İnsanlar bütün bunları - bizim məsələləri necə həll etməyimizi, qarşıya qoyulmuş hədəfə doğru necə getməyimizi görür və qiymətləndirirlər. Son illər bizim münasibətlərimizin fəallaşması, Sizinlə razılaşdırdığımız məsələlərin həlli dövrüdür. Münasibətlərimiz məhz onunla fərqlənir ki, biz razılığa gəldiyimiz bütün məsələləri yerinə yetiririk. Biz bütün beynəlxalq qurumlarda bir-birimizi dəstəkləyirik, əməkdaşlıq edirik, Sizin qeyd etdiyiniz kimi, ticari-iqtisadi əlaqələrimiz möhkəmlənir. Sənaye kooperasiyası çox fəal inkişaf edir. Hərbi-texniki, mədəniyyət, təhsil sahələrində əməkdaşlığın da yaxşı tarixi var. Yəni, biz bütün istiqamətlərdə müsbət, yaxşı əhval-ruhiyyə, konkret nəticələr görürük və əlbəttə, əminəm ki, mənim budəfəki səfərim həm görülmüş işləri müzakirə və təhlil etmək, onlara müəyyən yekun vurmaq, həm də gələcək əməkdaşlıq, yaxınlaşma yollarını müəyyən etmək üçün bir imkandır. Əminəm ki, bu gün biz bu istiqamətdə mühüm qərarlar qəbul edəcəyik.
Fürsətdən istifadə edib Sizi özünüz üçün münasib vaxtda Azərbaycana növbəti rəsmi səfərə dəvət etmək istərdim. Qonaqpərvərliyə və dəvətə görə bir daha sağ olun”.
Təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Dövlət başçıları görüşdə çıxış ediblər.
Belarus Prezidenti Aleksandr Lukaşenko deyib: “Hörmətli İlham Heydər oğlu.
Hörmətli dostlar.
Sizi Belarusun paytaxtında salamlamağa ürəkdən şadam. Bu il ölkələrimiz arasında diplomatik münasibətlər yaradılmasının 25 illiyi qeyd edildi. Biz bu əlamətdar tarixə yaxşı nəticələrlə gəlmişik. Əsrin dörddəbiri ərzində ikitərəfli dialoq strateji xarakter alıb. Dövlətlərarası etimadın yüksək səviyyədə olması təsadüfi deyil. Bunun əsasını Belarus və Azərbaycan xalqlarının qədim dostluq ənənələri təşkil edir. Bu, hətta ən mürəkkəb məsələləri də konstruktiv şəraitdə müzakirə etməyə imkan verir. Vurğulamalıyam ki, Belarus ticari-iqtisadi sahədə sistemli və uzunmüddətli əməkdaşlıq əzmindədir. Azərbaycan ilə əmtəə dövriyyəsinin müsbət dinamikasına baxmayaraq, onun həcmi optimal səviyyədən uzaqdır. Bu gün biz Prezidentlə bu barədə xeyli söhbət etdik. Biz əmtəə dövriyyəsinin artırılması üçün potensialın olduğunu görürük. İqtisadiyyatın inkişafına Prezidentlə bizim baxışlarımızın oxşar olması sayəsində geniş istehsal kooperasiyası üçün təməl yaradılıb. Belarusda maşınqayırmanın flaqmanları olan Minsk traktor zavodu, Minsk avtomobil zavodu, habelə Gəncə avtomobil zavodu bu işin layiqli nümunəsini nümayiş etdiriblər. Gəncədə artıq 10 mindən çox traktor və 3500 vahid avtotexnika yığılıb.
Bu gün biz əməkdaşlığın prinsipcə yeni mərhələsinə - üçüncü ölkələrin bazarlarının birgə mənimsənilməsinə başlamağa hazırıq. Vaxtilə biz bu barədə yalnız arzu edirdik. Minsk və Gəncə zavodlarının iştirakı ilə Türkiyə üçün traktorların buraxılışı layihəsi yüksək hazırlıq səviyyəsindədir. Gələcək məhz bu cür təşəbbüslərindir, onlara istiqamətlənmək lazımdır. Azərbaycana elektrobuslar, liftlər, taxılyığan kombaynlar və digər kənd təsərrüfatı texnikası göndərilməsi və onların orada yığılması kimi istiqamətlər üzrə perspektivlər var. Biz vaxtilə öz kombaynlarımızın istehsalı barədə qərar qəbul etməyə məcbur olduq və yanılmadıq. Biz bu texnikanın sizdə birgə istehsalını yaratmağa və hətta Azərbaycandan daha çox üçüncü ölkələr üçün işləməyə hazırıq. Ona görə ki, sizin qonşularınızın bu texnikaya ehtiyacı Azərbaycanın özünün ehtiyacından xeyli çoxdur. Odur ki, biz MAZ və MTZ prinsipləri üzrə bu texnikanın Azərbaycanda birgə istehsalı ilə məşğul olmağa hazırıq.
Bundan əlavə, aqrar sahədə əlaqələri genişləndirmək, ərzaq məhsullarının qarşılıqlı satışını artırmaq lazımdır. Azərbaycan istehlakçısının bizim süd, ət, balıq məhsullarımıza, qənnadı məmulatlarımıza tələbatı var. Beynəlxalq ticarət ikitərəfli ticarətdir. Buna görə də Belarus bazarında sizin malların artırılmasına maraq var. Bu gün Prezident baş çəkdiyi Ticarət Evi haqqında danışdı. Gələcəkdə bu şəbəkəni inkişaf etdirərək vilayət mərkəzlərinə keçmək nəzərdə tutulur. Tanrının izni ilə, bu mağazalar və bu ticarət evləri sizin məhsullarla dolu olacaq. Həmin məhsulları təkcə belaruslar almır. Ukrayna hadisələri ilə əlaqədar bütün axınlar Belarusdan keçir, Azərbaycan məhsullarına çox böyük tələbat var. Xüsusən ona görə ki, azərbaycanlılar ticarəti bacaran ən yaxşı adamlardır, mən bunu həmişə etiraf etmişəm. Bunu necə etməyi biz sizdən öyrənməliyik. Bununla əlaqədar keçən il Minskdə Ticarət Evi açılmasını alqışlayıram. Biz bu layihəyə maksimum dəstək veririk, əmtəə dövriyyəsinin tarazlaşdırılmış artımı istiqamətləri üzrə təklifləri bundan sonra da dəstəkləmək niyyətindəyik.
Siz lap yaxın vaxtlarda Türkiyədə neft emalı kompleksi inşa etmisiniz. Azərbaycanlı sərmayədarların Belarusa gəlişinə şad olarıq və strateji sahələrdə ciddi qarşılıqlı fəaliyyətə hazırıq. İndi Azərbaycan Dövlət Neft Şirkətinin “Qrodno-Azot” şirkətinin modernləşdirilməsinə sərmayə qoyması imkanları müzakirə edilir. Biz bu cür səyləri alqışlayırıq.
Nəqliyyat-logistika sahəsində xeyli ehtiyatlar var. Məsələn, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması və “İpək Yolu İqtisadi Kəməri” təşəbbüsü çərçivəsində dəmir yollarının çəkilişi. Biz həmin layihələrə bu və ya digər şəkildə qoşulmuşuq. Fikrimcə, əczaçılıq üzrə birgə müəssisələrin yaradılması, habelə informasiya-kommunikasiya texnologiyaları, elm və mədəniyyət sahələrində səylərin əlaqələndirilməsi perspektivli olacaq. Biz Azərbaycan üçün, özü də sizə lazım olacaq bütün ixtisaslar üzrə lazımi qədər kadrlar hazırlanmasını davam etdirmək əzmindəyik. O cümlədən sizin xilasedicilərin Belarus Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetində təhsil alması yolu ilə.
Hüquq-mühafizə strukturlarının, sosial-müdafiə qurumlarının, aqrokompleksin, xüsusi rabitə və informasiyalaşdırma sahələrinin əməkdaşları arasında ənənəvi sıx və fəal ikitərəfli əlaqələr dəstəklənir. İmzalanmaq üçün hazırlanmış sazişlər bizim əməkdaşlığımızı daha da səmərəli edəcək. Belarus ikinci Avropa Oyunlarının müdiriyyəti ilə əməkdaşlıq edən azərbaycanlı məsləhətçilərə, Azərbaycan Gənclər və İdman Nazirliyinə təşəkkür edir. Gələn il keçiriləcək Oyunların təşkili məsələsində göstərdiyiniz fəal köməyə və dəstəyə görə sizə təşəkkür edirəm və təbii ki, sizin hamınızı həmin Oyunlarda gözləyirik.
Bir daha vurğulayıram, Azərbaycan bizim üçün etibarlı strateji tərəfdaş olub və olaraq qalır. Biz sizinlə dostluğumuzu yüksək qiymətləndiririk və Avropanın mərkəzində Azərbaycanın mənafelərinin irəliləməsinə səmimi və açıq şəkildə kömək etməyə hazırıq. Bizdə əməkdaşlıq üçün qapalı mövzular yoxdur. Biz heç vaxt hansısa üçüncü, beşinci ölkələrə qarşı əməkdaşlıq etməmişik. Biz xalqlarımızın rifahı üçün nə lazımdırsa edirik. Hər hansı gizli, qapalı mövzular yoxdur və heç vaxt olmayacaq. Biz bütün dünya üçün səmimi və açığıq, bizim qarşılıqlı münasibətlərimiz də elədir.
Hörmətli İlham Heydər oğlu, Sizi və nümayəndə heyətinizin üzvlərini Belarus torpağında bir daha salamlayıram. Bilin ki, siz bizim üçün həmişə arzu edilən qonaqlarsınız. Təşəkkür edirəm”.
Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Hörmətli Aleksandr Qriqoryeviç, ilk növbədə, dəvətə görə Sizə bir daha təşəkkür etmək istərdim. Belarusa səfər bizə həmişə xüsusi sevinc bəxş edir. İlk növbədə, Sizi və bütün Belarus xalqını ölkənizin sosial-iqtisadi inkişafında qazandığınız nailiyyətlər münasibətilə təbrik etmək istərdim. Mən Belarusa müntəzəm səfər edən bir şəxs kimi ölkənizin necə dinamik və səmərəli inkişaf etdiyini görürəm. Bizim münasibətlərimiz ölkələrimiz arasındakı səmimiyyəti və əməkdaşlığı yaxşı nümayiş etdirir. Biz bütün məsələlərlə bağlı qarşılıqlı fəaliyyət göstəririk və qəbul edilən qərarlar hökmən həyata keçirilir. Bu gün Siz ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərini qeyd etdiniz. Mən də öz növbəmdə qeyd etmək istərdim ki, biz bütün istiqamətlər üzrə fəal irəliləyiş olduğunu və yaxşı nəticələr qazanıldığını görürük. Bizim hər görüşümüz münasibətlərimizə təkan verir və konkret layihələrin həyata keçirilməsinə doğru aparır. Biz görülmüş işlərə yekun vururuq, gələcək qarşılıqlı fəaliyyətin və əməkdaşlığın yollarını müəyyənləşdiririk və qəbul etdiyimiz qərarları səmərəli şəkildə həyata keçiririk.
Beynəlxalq münasibətlər sahəsində əməkdaşlıq da həmişə çox səmərəli və proqnozlaşdırıla biləndir. Biz həmişə bir-birimizi dəstəkləyirik və düşünürəm ki, beynəlxalq məsələlərdə qarşılıqlı dəstək bizim münasibətlərin səmimiliyini yaxşı nümayiş etdirir. Biz şadıq ki, ölkələrimiz arasında əmtəə dövriyyəsi artır. Həm keçən il, həm də bu il əmtəə dövriyyəsini xeyli artırmağımıza baxmayaraq, onun artım dinamikası davam edir. Siz qeyd etdiyiniz kimi, sənaye kooperasiyası sahəsində müstəsna müsbət nəticələr əldə edilib. Lakin biz əməkdaşlığı davam etdirmək, qazanılmış səviyyə ilə kifayətlənməmək fikrindəyik. Ona görə ki, sənaye sahəsində əməkdaşlıq potensialını bundan sonra da artırmaq üçün hələ çox iş görmək olar.
Fikrimcə, bizim gələcək əməkdaşlığımızın əsas istiqamətlərindən biri nəqliyyat sahəsi ilə bağlı olacaq. Siz çıxışınızda Şimal-Cənub nəqliyyat dəhlizini qeyd etdiniz. Azərbaycan öz ərazisində bu dəhlizin fəaliyyəti ilə əlaqədar bütün işləri başa çatdırıb. İndi biz bu gün xeyli yük daşımağa qabil olan nəqliyyat infrastrukturumuzun daha da modernləşdirilməsi məsələləri ilə məşğuluq. Azərbaycan həm də Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. Düşünürəm ki, bu iki mühüm nəqliyyat marşrutu üzrə ölkələrin fəaliyyətinin əlaqələndirilməsi əməkdaşlıq üçün tamamilə yeni şərait yaradacaq, on minlərlə yeni iş yerinin açılmasına gətirib çıxaracaq, ölkələrimiz arasında yük axınını xeyli artıracaq. Təsadüfi deyil ki, hökumətlərarası komissiyanın dünənki iclasında mühüm mövzulardan biri nəqliyyat sahəsi ilə bağlı məsələlər olub.
Əlbəttə, biz Belarusun ikinci Avropa Oyunlarını keçirməyə necə fəal hazırlaşdığını diqqətlə izləyirik. Bu, təbiidir, birincisi ona görə ki, biz dostlarıq. İkincisi, birinci Oyunlar Bakıda keçirilib. Biz inanırıq ki, yaradılmış idman infrastrukturu, qonaqların qalmaları üçün gözəl şərait, habelə Belarusun beynəlxalq tədbirlərin təşkili sahəsində nümayiş etdirdiyi yüksək səviyyə Oyunların da çox yüksək səviyyədə keçirilməsinə imkan verəcək.
Siz qeyd etdiyiniz kimi, biz kənd təsərrüfatı, təhsil və elm sahələrində əməkdaşlığa da böyük diqqət yetiririk. Daha doğrusu, bizim çox yaxşı nəticələr əldə etdiyimiz sahələri sadalamaqdansa, fəal əməkdaşlıq etmədiyimiz sahələri sadalamaq daha asan olar. Bizim münasibətlərimizin başlıca əsası qarşılıqlı dəstək, qarşılıqlı hörmət və qarşılıqlı etimadın yüksək səviyyəsidir. Düşünürəm ki, biz bu əsasda birgə səylərimizlə ölkələrimiz, xalqlarımız üçün yaxşı imkanlar yaradacaq, münasibətlərimizi daha da inkişaf etdirəcəyik. Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır. Əminəm ki, mənim bugünkü səfərim münasibətlərimizə yeni təkan verəcək.
Qonaqpərvərliyə görə Sizə bir daha təşəkkür edirəm və əminəm ki, yaxşı nəticələr ölkələrimiz arasında daha sıx qarşılıqlı fəaliyyətə gətirib çıxaracaq. Sağ olun”.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.
Sənədlərin imzalanmasından sonra ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş birgə poçt markasının buraxılışı mərasimi olub. Azərbaycanın və Belarusun dövlət başçıları markaları xüsusi ştamplarla möhürləyiblər.
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko üzərində marka olan zərfi imzalayıblar.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata birgə bəyanatla çıxış ediblər.
Əvvəlcə Belarusun dövlət başçısı bəyanatla çıxış edib: “Hörmətli dostlar.
Bu gün mənim dostum, həmkarım Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevlə məhsuldar danışıqlar apardıq. Biz ölkələrimiz arasında tərəfdaşlığın strateji xarakterini, ikitərəfli münasibətlərdə problemlərin qətiyyən olmadığını, yalnız xoş məramı və bizim birgə əməkdaşlıq səylərimizi təsdiq etdik. Bu il mühüm tarixlə - Belarusla Azərbaycanın diplomatik münasibətlər qurmasının 25 illiyi ilə əlamətdardır. Əsrin dörddəbiri ərzində ölkələrimiz dövlətlərarası qarşılıqlı fəaliyyətin qurulmasında xeyli irəliləyiblər. Buna müntəzəm dialoq, o cümlədən yüksək səviyyədə dialoq kömək edib.
Mən Prezident həmkarımla görüşlərin etimada əsaslanan, səmimi ab-havasını çox yüksək qiymətləndirirəm. Biz beynəlxalq gündəliyin istisnasız olaraq bütün məsələlərini açıq və məhsuldar müzakirə edirik. Bugünkü danışıqların gedişində əsas diqqət uğurlu ticari-iqtisadi və investisiya əməkdaşlığına yönəldilib. Əldə olunan razılaşmalar bu əməkdaşlığın artırılmasına əlavə impuls verməyə kömək edəcək.
Cari ildə biz qarşılıqlı ticarətin artımını müşahidə edirik. Bir vaxtlar təşəbbüskarları prezidentlər olan layihələr gücünü artırır. Məsələn, Gəncə avtomobil zavodunda 11 il ərzində artıq 10 mindən çox “Belarus” traktoru və onların bazasında xüsusi texnika yığılıb. Müəssisə, həmçinin 3500-dən çox MAZ avtomobili və qoşqular buraxıb. Bu gün məmnuniyyətlə öyrəndim ki, sizin aldığınız Amerika və alman taxılyığan kombaynları ilə yanaşı, Azərbaycana Belarusun ilk “Qomselmaş”ı da gəlib. Bizim üçün bu, qarşılıqlı səmərəli əməkdaşlığın əla nümunəsidir. Yeri gəlmişkən, lokallaşma artıq demək olar ki, yarıya çatıb. Bu, Azərbaycan sənayesinin böyük imkanlarından və onun yüksək kadr potensialından aydın xəbər verir. Amma məhsul nə qədər keyfiyyətli olsa da, onu səmərəli satmaq, həm də yaxşı olar ki, ixrac etmək lazımdır. Buna görə də Minsk traktor zavodu və Gəncə avtomobil zavodu hazırda Türkiyədə traktorların yığılması ilə bağlı bizim ümumi layihə üzərində işləyir. Biz bu mühüm perspektivli istiqaməti inkişaf etdirəcəyik və bu, Azərbaycan Prezidentinin mövqeyi sayəsində mümkün olub.
Belarus Azərbaycan investisiyalarına və yüksək səviyyəli məhsullarına maraq göstərir. Bu gün sizin məhsullar ötən il Minskdə açılan Azərbaycan Ticarət Evində geniş təqdim edilir. Onların Belarus alıcılarında populyarlıq qazanmasına görə Azərbaycan Prezidenti bu şəbəkənin vilayət mərkəzlərinə genişləndirilməsi haqqında qərar qəbul edib.
Nəqliyyat-logistika sahəsində də birlikdə çox iş görmək olar. Biz Azərbaycanın infrastruktur layihələrində - yeni dəmir yollarının, dəniz limanlarının, logistika mərkəzlərinin tikintisində iştirak etməyə hazırıq. Səhiyyədə, təhsildə, informasiya-kommunikasiya texnologiyalarında, idmanda, turizmdə əməkdaşlıq ehtiyatları mövcuddur. Bu gün əldə olunan razılaşmaların gerçəkləşdirilməsi lap tezliklə niyyətlərimizi konkret işlərə çevirməyə imkan verəcək. Məsələn, artıq Azərbaycanda Belarus dərmanlarının buraxılışı üzrə birgə müəssisənin yaradılması sahəsində işlər aparılır. Tam əminəm ki, digər irimiqyaslı maraqlı layihələrin gerçəkləşməsi də çox uzaqda deyil.
Əziz dostlar, sizə məlumdur ki, 2019-cu ildə Belarus Bakıdan sonra ikinci Avropa Oyunlarını qəbul edir. Prezidentlə mən 2015-ci ildə belə miqyaslı tədbiri əla keçirməyin öhdəsindən gələn Azərbaycanın təcrübəsini ətraflı müzakirə etdik. Üstəlik deməliyəm ki, sizdən sonra bütün ölkələr belə oyunları qəbul etməyə qorxurlar. Çünki həmin səviyyə ilə rəqabət aparmaq, mən bunu səmimi deyirəm, qətiyyən mümkün deyil. Biz də bu səviyyəni aşağı salmamaq üçün ciddi fikirləşməliyik. Həm də fikirləşməliyik ki, bunu nəyin hesabına edə bilərik. Amma birmənalı olaraq sizə minnətdarıq ki, mütəxəssisləriniz, nazirləriniz bizə ciddi məsləhətlər verərək, bizi faktiki surətdə ikinci Avropa Oyunlarına hazırlayırlar. Həm də mən, ilk növbədə, bu beynəlxalq idman tədbirinə hazırlıqda köməyinə görə öz həmkarıma təşəkkür edirəm. Növbəti dəfə sizin hamınızı, məhz bu Avropa Oyunlarını izləməyi arzulayan Azərbaycan vətəndaşlarını Belarusa gəlməyə dəvət edirəm.
Bizim ölkələrimiz arasında həll edilməmiş məsələlər və müzakirə üçün qapalı mövzular yoxdur. Belarus və Azərbaycan həmişə etibarlı və strateji tərəfdaş olaraq qalacaqlar. Əminəm ki, ənənəvi səmərəli əməkdaşlıq, qarşılıqlı dəstək bundan sonra da Belarus-Azərbaycan münasibətlərini fərqləndirən cəhət olacaq. Təşəkkür edirəm”.
Sonra Azərbaycan dövlətinin başçısı bəyanatla çıxış edib: “Hörmətli Aleksandr Qriqoryeviç.
Əziz dostlar.
Mən yenidən dost Belarus torpağında olmağımdan şadam. Dəvətə görə dostum Aleksandr Qriqoryeviç Lukaşenkoya minnətdaram. Deməliyəm ki, mənim Belarusa indiki səfərim sizin ölkənizə beşinci rəsmi səfərimdir. Aleksandr Qriqoryeviç Azərbaycana dörd rəsmi səfər edib və mən bu gün Belarus Prezidentini yenidən Azərbaycana rəsmi səfərə dəvət etmişəm. Qarşılıqlı səfərlərin sayının özü və onların intensivliyi ölkələrimiz arasında münasibətlərimizin yüksək səviyyəsindən xəbər verir. Aleksandr Qriqoryeviç qeyd etdi ki, bizim ölkələrimiz strateji tərəfdaşlardır və biz bunu əməkdaşlığımızın hər bir sahəsində nümayiş etdiririk.
Siyasi münasibətlərin yüksək səviyyəsi, ölkələrimiz arasında qarşılıqlı hörmət, etimad, prezidentlər arasında şəxsi dostluq - bütün bunlar üzərində Belarus-Azərbaycan dostluğunun möhtəşəm binasının tikildiyi təməldir.
Biz beynəlxalq təşkilatlarda aktiv qarşılıqlı fəaliyyət göstəririk, bütün məsələlərdə bir-birimizi dəstəkləyirik. Mən deyərdim ki, bu dəstək avtomatik xarakter daşıyır - hətta müzakirəsiz, məsləhətsiz, razılaşmasız. Əgər hər hansı beynəlxalq təşkilatda Belarusla, yaxud hər hansı rəhbər orqanlara namizədliyi irəli sürülən bu ölkədən namizədlə əlaqədar məsələ qaldırılırsa, Azərbaycan qeyd-şərtsiz dəstək göstərir. Eyni münasibəti biz Belarus tərəfdən də görürük. Bu, bizim münasibətlərimizin yüksək səviyyəsinin göstəricisidir. Biz, həmçinin ya Azərbaycanın, ya da Belarusun iştirak etmədiyi, amma başqa ölkənin iştirak etdiyi təşkilatlarda da bir-birimizi dəstəkləyirik və bu da təbiidir. Bu, bizim beynəlxalq siyasət, beynəlxalq münasibətlər, regional problemlər və beynəlxalq təhlükəsizliklə əlaqədar məsələləri müzakirə etdiyimiz kimi təbiidir. Bütün bunlar dostlar arasında təbiidir.
Bu gün bizim münasibətlərimizin səviyyəsi məhz elədir ki, istənilən məsələləri açıq müzakirə etməyə imkan verir. Aleksandr Qriqoryeviçin qeyd etdiyi kimi, bizdə heç bir qapalı mövzu və əməkdaşlığımızın heç bir sahəsində qətiyyən məhdudiyyət yoxdur. Biz bu gün gələcəkdə münasibətlərimizin xarakterini müəyyənləşdirəcək xeyli sənəd imzaladıq. Mən onların arasında, ilk növbədə, əlbəttə, prezidentlərin Birgə Bəyanatını qeyd edərdim. Bu, əməkdaşlığımızın əsas istiqamətlərini ehtiva edən, ölkələrimizin siyasi iradəsini ifadə edən mühüm siyasi sənəddir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar məsələlər üzrə Belarusun mövqeyinə görə həm öz adımdan, həm də Azərbaycan xalqı adından xüsusi minnətdarlığımı bildirmək istərdim. Birgə Bəyanatda vurğular dəqiq qoyulub və deyilir ki, bu münaqişə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir. Biz Belarusa həm bizim, həm də bütün region üçün son dərəcə mühüm olan məsələdə belə obyektiv mövqeyinə görə minnətdarıq.
Aleksandr Qriqoryeviçin dediyi kimi, ticari-iqtisadi sahədə yaxşı perspektivlər və nəticələr var. Əlbəttə, əmtəə dövriyyəsinin artımı bizi sevindirir. Bu gün biz vəziyyəti təhlil etdik. Dünən hökumət üzvləri çox uğurlu iş apardılar - hökumətlərarası komissiyanın iclası çox yaxşı nəticələr verdi. Bizə bildirdilər ki, on milyonlarla dollarlıq müqavilələr bağlanıb. Bu, gələcək üçün yaxşı göstəricidir. Biz görülən işləri təhlil edirik, məsələlərin həlli yollarını müəyyənləşdiririk və bu məsələləri həll edirik. Mən Aleksandr Qriqoryeviçlə Gəncə avtomobil zavodunun bazasında “Belarus” traktorlarının yığılması üçün istehsal sahəsi yaratmaq barədə razılaşanda da eyni hadisə baş verdi. Budur, Aleksandr Qriqoryeviçin qeyd etdiyi kimi, artıq 10 mindən çox traktor yığılıb və lokallaşma səviyyəsi ildən-ilə artır. Bu, Azərbaycanda yeni iş yerləri yaradır. Artıq yeni sənaye sahəsi yaradıb. Bu, bizim sənaye potensialımızın artımına səbəb olub. Bu, belaruslu istehsalçılara öz təcrübələrini bizimlə bölüşmək, öz məhsullarını üzə çıxarmaq imkanı yaradıb və indi o məhsullar artıq üçüncü ölkələrin bazarlarına çıxır.
Biz bu gün kombaynların istehsalı üçün oxşar yanaşma barədə razılaşdıq. Artıq qeyd edildiyi kimi, Belarus avtomobilləri Azərbaycanda istehsal olunur. Belə ki, çox yüksək səmərəlilik dərəcəsi ilə tammiqyaslı sənaye kooperasiyası gedir.
Mən bu gün səhər Azərbaycan Ticarət Evinə baş çəkdim. Deməzdim, təəccübləndim, amma sevindim ki, belə gözəl yerdə, şəhərin mərkəzində Azərbaycanın yaraşıqlı guşəsi yaradılıb və orada bizim nailiyyətlərimiz Belarus vətəndaşlarına nümayiş etdiriləcək. Həmçinin mənə dedilər ki, bizim məhsullarımız artıq Belarus bazarına çıxıb və onlara yaxşı tələbat var. Biz bu baxımdan belaruslulardan geri qalmışıq. Artıq Bakıda yüksək keyfiyyətli və bizim vətəndaşlar arasında çox məşhur olan Belarus məhsullarını satan yeddi ticarət müəssisəsi mövcuddur. Biz məhsullarımızı Belarus bazarına çıxarmaq niyyətindəyik. Düşünürəm ki, bu, həm bizim ikitərəfli ticari-iqtisadi əlaqələrimizi möhkəmləndirəcək, həm də bir-birimizin imkanlarını daha çox nümayiş etdirəcək.
Biz şadıq ki, Belarus Bakıdan estafeti qəbul edib və ikinci Avropa Oyunları Minskdə keçiriləcək. Əminəm ki, Oyunlar ən yüksək səviyyədə olacaq. Artıq çox gözəl idman infrastrukturu yaradılıb. Qonaqların qalması üçün də yaxşı şərait var. Düşünürəm ki, təşkilatçılıq da ən yüksək səviyyədə olacaq. Çünki Belarusda keçirilən bütün irimiqyaslı beynəlxalq tədbirlər ən yüksək standartlara cavab verir.
Bizim əməkdaşlığımızın istiqamətlərindən biri də hərbi-texniki sahədir. Biz bu əməkdaşlıqdan çox razıyıq, məhsulların keyfiyyəti və səmərəliliyi çox yüksəkdir. Buna görə də təsadüfi deyil ki, ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın artıq yaxşı tarixi, kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyli var. Təsadüfi deyil ki, bu gün imzalanan sənədlər arasında memorandum da var. Bu sənəd ən qısa müddətdə Belarusdan hərbi texnikanın növbəti partiyasının alınması üçün müqaviləyə çevriləcək.
Bu gün bizim müzakirə etdiyimiz digər istiqamətlər - sosial, kənd təsərrüfatı, miqrasiya, fövqəladə hallar sahələri üzrə də yaxşı dinamika mövcuddur. Münasibətlərimiz tam dəyərli, olduqca mehriban və səmimidir. Əminəm ki, mənim səfərim onlara yeni təkan verəcək. Qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm”.
* * *
Sonra Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verilib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasına rəsmi səfəri noyabrın 19-da başa çatıb.

Paylaş:
Baxılıb: 956 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31