Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Sumqayıt texnoparkı Azərbaycanın artan qüdrətinin göstəricisidir

Sumqayıt texnoparkı Azərbaycanın artan qüdrətinin göstəricisidir

23.12.2009 [09:24]

Dövlətimizin başçısı İlham Əliyev texnoparkın açılış mərasimində iştirak edib
Dünən Sumqayıt texnoparkının (STP) birinci mərhələsində inşa olunmuş obyektlərin açılış mərasimi keçirilib. Prezident İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısına məlumat verilib ki, Sumqayıt Texnoparkının ərazisi 45 hektardır. Parkdakı zavod korpuslarının ərazisi isə 140 min kvadratmetrdir. Burada böyük həcmdə abadlıq və yaşıllaşdırma işləri görülüb.
Postsovet məkanında bənzəri olmayan bu texnoparkın istismara verilməsi ölkəmizdə elektroenergetikanın inkişafına, onun mövcud potensialının daha da möhkəmləndirilməsinə, enerji müəssisələrinin yenidən qurulmasına və müasirləşdirilməsinə geniş imkanlar açacaq. Bu möhtəşəm iqtisadi kompleksin işə düşməsi ilə respublikamızın energetika qurğuları yerli texniki avadanlıq və məhsullarla təchiz olunacaq. Bölgələrdəki təbii ehtiyatlardan istifadə etməklə ucuz və keyfiyyətli məhsul istehsalı qaydaya salınacaq. Daşıma xərclərinin və müddətinin azalması hesabına nəzərdə tutulan layihələr daha qısa müddətdə reallaşacaq və məhsulların maya dəyəri aşağı düşəcək. Bütün bunlar kompleks tam işə düşdükdən sonra rəqabətədavamlı məhsulların ixracına geniş imkanlar açacaq.
Sumqayıt texnoparkında elektroenergetika sənayesi üçün məhsullar hazırlayacaq zavodlar, sexlər və istehsal xətləri yaradılacaq. Texnoparkın birinci mərhələsi çərçivəsində müəssisələrin tikinti-quraşdırma işlərində 2300 nəfərdən çox işçi çalışıb. Müəssisə tam işə düşdükdən sonra burada 3 min nəfər, o cümlədən yüksək ixtisaslı mühəndislər daimi işlə təmin ediləcək.
Prezident İlham Əliyev əvvəlcə “Azərenerji” ASC-nin “Sumqayıt-3” 110/35/6 kilovoltluq qapalı tipli yarımstansiyasının açılışında iştirak edib.
“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev məlumat verib ki, “Sumqayıt-3” qapalı tipli yarımstansiyası Cənubi Qafqazda istifadəyə verilən ilk belə obyektdir. Yarımstansiya az yer tutduğundan şəhər tipli yarımstansiyaların tikintisində istifadə oluna bilər. Yarımstansiya yüksək səviyyədə avtomatlaşdırılıb və daxili mikro nəzarət sisteminə malikdir. Təmirə ehtiyacı olmayan bu qurğunun birbaşa mərkəzi dispetçer məntəqəsindən idarə edilməsi mümkündür. Yarımstansiyanın gücü 200 meqavoltamperdir. Yarımstansiya respublika enerji sisteminə qoşulub və buradan Sumqayıtın əsas sənaye obyektlərinə enerji ötürüləcək. Dövlətimizin başçısı yarımstansiyanı işə salıb.
Sonra dövlətimizin başçısı texnoparkdakı plastik borular zavodunda istehsal prosesi ilə tanış olub. Prezident İlham Əliyevə məlumat verilib ki, bu zavodda 800 millimetrə qədər diametrli plastik borular istehsal olunacaq. On altı atmosfer təzyiqə davam gətirəcək belə boruların MDB məkanında ilk dəfə istehsalına başlanır və bunlardan kabellərin çəkilməsində, kiçik su elektrik stansiyalarının tikintisində, həmçinin qaz, su və kanalizasiya sistemlərinin quraşdırılmasında istifadə ediləcək. Bu müəssisənin illik istehsal gücü 20 min tondur. Gələn il istehsal korpusunun 2 dəfə genişləndirilməsi və məhsulun çeşidinin də 2 dəfə artırılması nəzərdə tutulur.
Prezident İlham Əliyev sonra mis və alüminium elektrotexniki çubuqların istehsalı zavoduna gəlib. Zavodun sahəsi 3 min kvadrametrdir. Burada ən müasir avadanlıq quraşdırılıb və sınaq-sazlama işləri başa çatdırılıb.
Zavodda elektroenergetika sənayesində kəskin ehtiyac duyulan mis və alüminium çubuqlar istehsal olunur. Müəssisənin illik istehsal gücü 30 min tondur.
Dövlətimizin başçısına məlumat verilib ki, hazır mis və alüminium külçələr istehsal prosesinə verilir və yüksək keyfiyyətli bu xammaldan ən müasir standartlara cavab verən mis və alüminium çubuqlar hazırlanır.
Prezident İlham Əliyev daha sonra 110 kilovolta qədər gərginlik kabelləri istehsal edəcək zavodda istehsal prosesini izləyib. Dövlətimizin başçısına məlumat verilib ki, həmin zavod MDB məkanında ən qabaqcıl texnologiyalara əsaslanan yeganə müəssisədir. Burada ən son elmi-texniki yeniliklərə uyğun avadanlıq quraşdırılıb.
Müəssisədə müxtəlif en kəsikli 1, 6, 10, 35 və 110 kilovolt gərginlik kabelləri, 800 kvadratmillimetr en kəsiyində alüminium və mis məftillər, dənizdə istifadəsi nəzərdə tutulan qurğuşun örtüklü nəzarət kabelləri istehsal ediləcək.
Bu zavodda ildə 30 min ton alüminium və bir o qədər mis kabel istehsalı mümkündür. Bildirilib ki, istehsal edilən kabellər alüminium, polad və qurğuşun zirehlidir. Bundan başqa, burada beynəlxalq bazara ixrac edilmək üçün məhsullar da hazırlanacaq. 132 və 154 kilovolt gərginliyə davamlı həmin kabellərin ixracı ilə bağlı artıq müəssisəyə xarici ölkələrdən sifarişlər daxil olub.
Sonra Prezident İlham Əliyev 500 kilovolta qədər gərginlik kabelləri istehsal edəcək zavodun təməlinin qoyulmasında iştirak edib. Dövlətimizin başçısına məlumat verilib ki, bu zavodun MDB məkanında analoqu olmayacaq. Hazırda dünyada cəmi 7 belə müəssisə fəaliyyət göstərir. Prezident İlham Əliyev zavodun təməlini qoyub.
Prezident İlham Əliyev energetiklər və inşaatçılarla görüşərək onları təbrik edib. Dövlətimizin başçısı deyib: “Bu gün çox gözəl bir gündür. Sumqayıt texnoparkında yeni zavodun təməl daşını qoyduq. Bu zavod özlüyündə bir nadir sənaye müəssisəsidir. Əminəm ki, tezliklə tikiləcək, istifadəyə veriləcək və beləliklə, Azərbaycanda yeni, müasir istehsal sahəsi yaradılacaqdır. Bu yeni, müasir istehsal sahəsi bizə imkan verəcək ki, Azərbaycan öz iqtisadi və sənaye potensialını daha da böyük həcmdə realizə etsin, ölkəmizdə aparılan islahatlar, tikinti-quraşdırma işləri daha da sürətlə getsin. Bu gün Sumqayıt texnoparkı ilə tanış olarkən bir daha gördüm ki, bizim çox böyük imkanlarımız, böyük potensialımız vardır. Qısa müddət ərzində yaradılan bu sənaye şəhərciyi Azərbaycanın artan iqtisadi qüdrətini, Azərbaycanda aparılan islahatların düzgün istiqamətdə olmasını göstərir. çünki əgər belə olmasaydı, əgər Azərbaycanda gözəl biznes mühiti yaranmasaydı bunların heç biri reallaşa bilməzdi. Bu gün bu texnopark, deyə bilərəm ki, dünyanın ən yüksək standartlarına cavab verir. Burada istehsal olunan məhsullar Azərbaycanın tələbatını tam şəkildə ödəyəcək və eyni zamanda, ixrac üçün də çox keyfiyyətli məhsullar hazırlanaraq dünya bazarına çıxarılacaqdır. Mən çox şadam ki, Azərbaycanda bu sahə uğurla inkişaf edir. çox şadam ki, bu texnopark məhz Sumqayıt şəhərində yaradılıbdır. çünki Sumqayıtın çox böyük və zəngin tarixi, gözəl ənənələri vardır. Sumqayıt vaxtilə sənaye şəhəri kimi yaradılmışdır və biz bu gün Sumqayıtı yeni, müasir sənaye mərkəzinə çeviririk. çünki burada yaradılan və yaradılacaq müəssisələr Azərbaycanın gələcəkdə də, uzun illər bundan sonra da sənaye gücünü artıracaq və beləliklə, ölkəmizin hərtərəfli inkişafı üçün yaxşı imkanlar açacaqdır. Azərbaycanda investisiya mühiti çox müsbətdir. Əgər belə olmasaydı, nəhəng zavodlar yaradılmazdı. Eyni zamanda, ölkədə gedən iqtisadi inkişaf tələb edir ki, yeni müəssisələr yaradılsın, yeni məhsullar buraxılsın və onlar bizim tələbatımızı ödəsin. Bütün dünyada iqtisadi böhranın demək olar ki, böyük problemlər yaratdığı bir dövrdə Azərbaycan iqtisadiyyatı hətta 2009-cu ildə də artır. İlin yekunlarına görə bizim 9 faizdən çox iqtisadi artımımız gözlənilir. Sənaye istehsalı da təxminən bu səviyyədədir. Gələcəkdə bu böyük sənaye şəhərciyində istehsal olunacaq məhsullar Azərbaycanın potensialını yüksək dərəcədə artıracaq və qeyri-neft sektorunun inkişafı üçün çox gözəl örnək olacaqdır. Mən bu gözəl hadisə münasibətilə Sumqayıtda, Sumqayıt texnoparkında yaradılmış müəssisələrin işə düşməsi və yaradılmasının davam etdirilməsi, bu gün nəhəng zavodun təməl daşının qoyulması münasibətilə bir daha sizi təbrik edirəm. Sizi qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edirəm, sizə uğurlar və cansağlığı arzulayıram”.
Energetiklər və inşaatçılar dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Paylaş:
Baxılıb: 1170 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31