Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Dövlət Neft Fondunun yeni inzibati binasının təməlqoyma mərasimi keçirilib

Dövlət Neft Fondunun yeni inzibati binasının təməlqoyma mərasimi keçirilib

30.12.2009 [10:12]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 10 illik yubileyi günündə - dünən Bakıda fondun yeni inzibati binasının təməlqoyma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1999-cu il 29 dekabr tarixli Fərmanı ilə yaradılan Dövlət Neft Fondu ötən müddətdə Azərbaycan iqtisadiyyatının inkişafında, əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdə əhəmiyyətli rol oynayıb. On il ərzində beynəlxalq səviyyədə tanınmış təşkilata çevrilmiş Dövlət Neft Fondunun yaradılması ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş uğurlu milli neft strategiyasının ayrılmaz hissəsidir. Dövlət Neft Fondu milli strategiyaya uyğun olaraq ölkənin karbohidrogen yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən gəlirlərin toplanaraq səmərəli idarə edilməsi, həmin vəsaitlərin qabaqcıl sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsi məqsədi ilə yaradılıb.
Mərasim iştirakçıları - Dövlət Neft Fondunun kollektivi və inşaatçılar Prezident İlham Əliyevi hərarətlə qarşılayıblar.
Dövlətimizin başçısı binanın layihəsi və maketi ilə tanış olub. Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Azərbaycan Prezidenti İlham Əliyevə məlumat verib ki, hündürlüyü 117 metr (mayak ilə birgə 140 metr), ümumi sahəsi 13 min kvadratmetr (yeraltı avtodayanacaq ilə birgə 27 min kvadratmetr) olacaq 23 mərtəbəli binada xidməti otaqlarla yanaşı, Heydər Əliyev muzeyinin, 200 nəfərlik konfrans zalının, 150 avtomobil tutumu olan ikimərtəbəli avtodayanacağın tikilməsi nəzərdə tutulur. Yeddi liftin quraşdırılacağı binada səsdən müdafiəni və termal izoləni təmin edəcək ikifasadlı sistemdən istifadə olunacaq.
Layihədə yaşıllıqların salınması və alternativ enerjinin alınması üçün günəş batareyaları, günəş invertorları və s. texnologiyaların tətbiqi ilə “Yaşıl Bina” (Green Building) kateqoriyasının tələblərinə riayət edilməsi də nəzərdə tutulub. Bundan başqa, inteqrasiya olunmuş bina konsepsiyasına əsaslanan intellektual texnologiya infrastrukturun, bütün kommunikasiya və kommunal şəbəkələrin vahid mərkəzdən idarə edilməsinin avtomatlaşdırılmasını təmin edəcək. Layihə A-kateqoriyalı ofis binası standartlarına uyğun olaraq həyata keçiriləcək. Bu kateqoriyaya daxil olan binalar yüksək keyfiyyəti, xarici və daxili dizaynı ilə diqqəti çəkir və beynəlxalq standartlara cavab verir.
Fransanın “İnter Art Etudes” şirkətinin hazırladığı layihənin idarə edilməsi üzrə məsləhətçi ABŞ-ın “AECOM” şirkəti seçilib.
Dövlətimizin başçısı gilizi bünövrəyə buraxıb və beton qarışığı tökən qurğunun düyməsini basıb. Sonra Prezident İlham Əliyev mərasimdə çıxış edərək deyib ki, Azərbaycan Dövlət Neft Fondunun yaranmasından on il keçir: “Bu, doğrudan da böyük hadisə idi. 1999-cu ildə Ulu öndər Heydər Əliyev tərəfindən qəbul edilmiş qərar çox uzaqgörən və müdrik qərar idi. Hamımız yaxşı xatırlayırıq ki, 1999-cu ildə Azərbaycanın neftdən əldə olunan gəlirləri bizim iqtisadi və sosial məsələlərin tam şəkildə həllinə hələ ki, kömək edə bilmirdi. çünki o rəqəmlər çox cüzi rəqəmlər idi. Amma, buna baxmayaraq, məhz 1999-cu ildə bu qərarın qəbul edilməsi onu göstərirdi ki, Azərbaycan dövləti uzunmüddətli strategiyasını çox düzgün qurur, Azərbaycanın gələcək inkişafı, gələcək nəsillərin rahat, firavan yaşaması üçün bütün tədbirləri vaxtında görür”.
On il ərzində Azərbaycan Dövlət Neft Fondunun böyük və uğurlu yol keçdiyini diqqətə çatdıran dövlətimizin başçısı söyləyib ki, ötən müddət ərzində Dövlət Neft Fondu çox böyük işlər görməklə, Azərbaycanın sosial və iqtisadi məsələlərinin həlli üçün öz rolunu oynayıb: “On il ərzində idarəedilmə istiqamətində, əldə olunan gəlirlərin idarə edilməsi ilə əlaqədar böyük işlər görüldü və fondun vəsaiti ildən-ilə artdı. Baxmayaraq ki, 1999-cu ildə gəlirlər, qeyd etdiyim kimi, o qədər böyük rəqəmlərlə ölçülmürdü, bu gün Dövlət Neft Fondunun imkanları daha da genişdir. Bu gün 15 milyard dollar vəsait toplanıb və bu vəsaitdən düzgün istifadə edilir”.
Prezident İlham Əliyev vurğulayıb ki, 2009-cu ildə bütün dünyanı bürümüş maliyyə böhranının Azərbaycana da öz təsirini göstərməsinə baxmayaraq, ölkəmizin ehtiyatları artdı: “Bu gün, ümumiyyətlə, Azərbaycanın valyuta ehtiyatları 20 milyard dollardan çoxdur. Gələcək illərdə bu məbləğ daha da artacaqdır. Bu o deməkdir ki, fondun fəaliyyəti ölkəmiz üçün daha da önəmli olacaqdır. Məbləğlər artdıqca əlbəttə ki, məsuliyyət də artır. Ancaq bu gün fondun əməkdaşları öz işlərini düzgün quraraq, Azərbaycanın milli maraqlarını tam şəkildə təmin edirlər və ölkəmizin iqtisadi potensialının gücləndirilməsində öz fəaliyyətləri ilə iştirak edirlər. Bu illər ərzində Azərbaycan Dövlət Neft Fondunda yığılan vəsaitlər hesabına çoxlu məsələlər həll olundu. Hər il büdcəyə transfer edilir. Biz o vəsaitdən həm sosial məsələlərin həlli, həm də əsas infrastruktur layihələrinin həyata keçirilməsi üçün səmərəli şəkildə istifadə edirik. Onu da qeyd etmək istəyirəm ki, Ulu öndər Heydər Əliyevin qərarı ilə fonddan ayrılan ilk vəsait Azərbaycanda ən ağır şəraitdə yaşayan soydaşlarımızın - qaçqın, köçkün bacı-qardaşlarımızın problemlərinin həllinə yönəldilmişdir. Məhz fondun vəsaiti hesabına bu gün biz qaçqınların və məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması proqramını uğurla icra edirik. Bütün çadır şəhərciklərini ləğv etmişik və onların yerinə müasir binalar, qəsəbələr salmışıq. Yəni bu böyük bir sosial yükü fond öz üzərinə götürmüşdür. Bununla bərabər, ölkəmiz üçün ən vacib olan infrastruktur layihələri də fondun xətti ilə həyata keçirilir - Oğuz-Qəbələ-Bakı su kəmərinin, Samur-Abşeron kanalının, Taxtakörpü su anbarının, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, xaricdə gənclərimizin oxuması üçün ayrılan vəsait. Yəni fondun xətti ilə aparılan işlər Azərbaycan dövlətinin prioritetlərini ifadə edir. Həm sosial məsələlərin həlli, həm ölkəmiz üçün lazım olan bütün infrastruktur layihələrinin həlli və həm də gələcəyimizi təmin edən savada, biliyə qoyulan xərclər. Mən əminəm ki, fondun fəaliyyəti bundan sonrakı illərdə uğurlu olacaqdır. çünki onillik təcrübə bunu deməyə əsas verir. Bir daha demək istəyirəm ki, ən başlıca vəzifə icra edildi. Azərbaycanda böyük vəsaitin idarə edilməsində şəffaflıq təmin edildi. Digər tərəfdən Azərbaycan xalqı bütün bu işlərdə fəal iştirak edir və əldə edilən gəlirlərin xərclənməsində hər bir Azərbaycan vətəndaşı öz rolunu oynayır. çünki biz fonddan ayrılan xərclərdən ancaq Azərbaycanın dövlət büdcəsi təsdiq ediləndən sonra istifadə edə bilərik. Parlamentin, xalqın, dövlətin iştirakı. Bu onu göstərir ki, Azərbaycan Dövlət Neft Fondu ümummilli fonddur və Azərbaycanın bugünkü inkişafı və gələcək nəsillərin yaxşı yaşaması üçün bu fondun çox böyük əhəmiyyəti vardır”.

Paylaş:
Baxılıb: 1073 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31