Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Dünya azərbaycanlılarının diaspora kimi təşkilatlanması Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır

Dünya azərbaycanlılarının diaspora kimi təşkilatlanması Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır

06.05.2010 [13:06]

Bu gün dünyada gedən proseslər, torpaqlarımızın bir hissəsinin işğal altında olması, ölkəmizə qarşı fəaliyyət göstərən erməni diasporunun mövcudluğu dünya azərbaycanlılarının birliyini zəruri edən başlıca amillərdir. Əslində, bu birlik, həmrəylik zərurəti hər zaman olub. Lakin xalqımızın bir zamanlar çar Rusiyası, daha sonra isə SSRİ adlı imperiyanın əsarəti altında qalması bir çox sahələrdə olduğu kimi, milli ideologiya və diaspora quruculuğu sahəsində də hər hansı addımın atılmasının qarşısını alıb. Daha doğrusu, sözügedən imperiyaların yürütdükləri siyasət ucbatından ortaya çıxan bu və digər amillər dünya azərbaycanlılarını bir hədəf ətrafında birləşdirə biləcək, xalqımızın və dövlətimizin milli maraqlarını müdafiə edəcək ideoloji konsepsiyanın işlənib hazırlanmasına, həmçinin, diasporumuzun formalaşmasına mane olurdu. Bununla belə, son illər xaricdə yaşayan həmvətənlərimiz yeni tarixi şəraitin tələbinə uyğun olaraq milli-mədəni yöndə təşkilatlanmağa başlayıblar. Bu təşkilatlanmanın əsasını isə xalqımızın və dövlətmizin xilaskarı, Ulu öndər Heydər Əliyev qoyub.
Daha doğrusu, bütün dünyadakı azərbaycanlıları bir çətir altında birləşdirəcək ideoloji konsepsiyanın hazırlanması kimi məsuliyyətli, tarixi və şərəfli missiyanı da həyata keçirən məhz müstəqil və müasir Azərbaycan dövlətçiliyinin banisi, ümummilli liderimiz Heydər Əliyev oldu. Bu konsepsiya xaricdəki Azərbaycan diasporunun əməli fəaliyyəti üçün proqram rolunu oynadı. Əslində, Ulu öndər bu işin əsasını 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəldiyi zaman qoymuşdu. çünki dünyada yaşayan azərbaycanlıların bir-biri ilə əlaqə saxlaması Heydər Əliyevin hələ sovet Azərbaycanına rəhbərliyi zamanında diqqət mərkəzində idi. Ulu öndər Heydər Əliyev o dövrdə azərbaycanlı gəncləri sovetlər ittifaqının tanınmış ali məktəblərinə təhsil almağa göndərərkən diaspor işinin təməlini qoyurdu. İllər sonra ümummilli lider Heydər Əliyev həmin dövrü belə xatırlayırdı: “O vaxtlar azərbaycanlıları başqa yolla sovetlər ittifaqına səpələyib dayaq yaratmaq istəyirdim. İndi isə sərhədlər açılıb, azərbaycanlılar hər yerdə yaşaya bilər. Bir şərtlə ki, gərək millətini, dinini, torpağını və ana Vətənini unutmayasan”.
ötən əsrin 90-cı illərin əvvəllərindən etibarən isə Ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri kimi SSRİ dönəmində başladığı işi davam etdirdi. Belə ki, məhz ümummilli lidermizin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” qəbul olunan qərar Azərbaycan diasporu arasında əlaqələrin möhkəmlənməsi yolunda çox mühüm addım oldu. Bu qərarın qəbulundan başlayaraq hər il dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur.
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən ölkə rəhbərliyinə gələn Ulu öndər tezliklə diasporumuza sahib çıxdı. Məhz Onun rəhbərliyi ilə müxtəlif ölkələrə səpələnmiş azərbaycanlıların vahid ideologiya, bir məqsəd ətrafında təşkilatlanması üçün əməli tədbirlər görülməyə və uzunmüddətli perspektivlərə hesablanmış siyasət yürüdülməyə başlandı. Həmin illərdə Ulu öndər Heydər Əliyevin dövlət başçısı kimi rəsmi və işgüzar səfərləri çərçivəsində xaricdə yaşayan azərbaycanlılarla görüşməsi, onların fəaliyyətləri ilə tanış olması, soydaşlarımızı Azərbaycanda investisiya layihələrində iştirak etməyə dəvət etməsi bu istiqamətdə göstərilən diqqətin bariz nümunəsidir. Diaspor nümayəndələri ilə görüşmək, onların Azərbaycana gəlməsini təşviq etmək ənənəsinin əsasını qoyan ilk dövlət başçımız Ulu öndər Heydər Əliyev oldu. Dövlət başçısı seçildikdən üç ay sonra (1994-cü ilin yanvarında) ümummilli lider Heydər Əliyev Almaniyada yaşayan soydaşlarımızın bir qrupunu qəbul etməklə böyük bir ənənənin əsasını qoydu. Əksər ekspertlərin də qeyd etdikləri kimi bu görüşün Avropadakı soydaşlarımızın milli-ictimai fəaliyyətinə təsiri böyük oldu və dövlət-diaspor əlaqələrində yeni mərhələ başladı.
Məhz Heydər Əliyevin produktiv fəaliyyəti, qayğısı və böyük diqqəti sayəsində xaricdə yaşayan soydaşlarımız Azərbaycanın milli maraqları uğrunda daha əzmlə fəaliyyət göstərməyə başladı, doğma vətənləri ilə əlaqələrini möhkəmləndirdi, ölkəmizin dövlət quruculuğu prosesində yaxından iştirak etməyə və burada gördükləri real həqiqətləri bütün dünyaya yaymağa başladı. Ulu öndər Heydər Əliyev dövlət başçısı kimi fəaliyyət göstərdiyi ilk illərdə müstəqil dövlətimizin haqq səsini, həqiqətlərini dünya azərbaycanlıları vasitəsilə yaymağı qarşısına məqsəd qoyan xüsusi qurumun yaradılması sahəsində ilk addım atdı, Prezidentin İcra Aparatında Dünya azərbaycanlıları və beynəlxalq qeyri-hökumət təşkilatları ilə iş bölməsi yaradıldı. Bu instansiya ümummilli liderimiz Heydər Əliyevin bilavasitə rəhbərliyi altında geniş fəaliyyət göstərərək, dünyada yaşayan azərbaycanlılarla əlaqə yaratdı və onların təşkilatlanması, milli birliyin möhkəmlənməsi istiqamətində böyük işlər gördü.
Bu işlərin nəticəsi olaraq xaricdə yaşayan soydaşlarımız arasında milli birlik ideyalarının gücləndirilməsi məqsədilə 2001-ci il noyabrın 9-10-da Bakıda dünya azərbaycanlılarının birinci qurultayı keçirildi. Qurultayda proqram xarakterli nitq söyləyən dünya azərbaycanlılarının lideri Heydər Əliyev haqlı olaraq bu tədbirin təşkil edilməsini müstəqil dövlətçiliyimizin böyük tarixi nailiyyəti hesab etdiyini bildirdi.
Beləliklə, tarixdə ilk dəfə olaraq, dünya azərbaycanlılarının vətənimizin paytaxtı Bakı şəhərində belə bir mötəbər qurultaya toplanması birmənalı olaraq Ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə əlaqələndirilməlidir. Belə ki, 2001-ci il mayın 23-də xüsusi Sərəncam imzalayan ümummilli lider Heydər Əliyev belə bir qurultayın Bakı şəhərində keçirilməsini zəruri hesab etmişdi. Məlumat üçün vurğulamaq yerinə düşər ki, dünya azərbaycanlılarının, xalqımızın həyatında möhtəşəm tarixi hadisə hesab olunan bu qurulatayda 35 xarici dövlətdə yaşayan həmvətənlərimizin birləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil edən 403 nümayəndə və 63 qonaq iştirak etmiş, çıxış edən soydaşlarımız bu mühüm tədbiri ümumxalq bayramı kimi qiymətləndirmişdilər. Qurultayda geniş nitq söyləyən Ulu öndər Heydər Əliyev bütün azərbaycanlılar üçün proqram vəzifələr müəyyənləşdirdi. Azərbaycanın mühüm problemlərinin həll olunmasında xaricdə yaşayan soydaşlarımızın qüvvəsindən səmərəli istifadə olunması məsələsini prioritet kimi ortaya qoydu: “Hamımız - siz də, biz də çox iş görməliyik ki, Azərbaycanın güclü diasporu yaransın. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar iqtisadi cəhətdən daha da möhkəmlənib, yaşadıqları ölkələrin iqtisadi-siyasi həyatında fəal iştirak etsinlər, o ölkələrin həyatına öz təsirlərini göstərə bilsinlər. Beləliklə də, müxtəlif ölkələrdə Azərbaycanın müstəqilliyini, onun xarici siyasətini təbliğ etməklə yanaşı, Azərbaycanın problemlərinin həll olunmasına yardım etsinlər”.
İstər bu qurultayın keçirilməsi, istərsə də Ulu öndərin xarici dövlətlərə səfərləri zamanı həmin ölkələrdə yaşayan azərbaycanlılarla görüşməsi, onların fəaliyyətləri, problemləri ilə maraqlanması soydaşlarımızın fəaliyyətinə stimul verdi. Lakin sadəcə mənəvi dəstəklə kifayətlənməyən ümummilli lider Heydər Əliyevin 5 iyul 2002-ci ildə verdiyi Fərmanla Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Komitə xaricdə yaşayan azərbaycanlılara, onların yaratdıqları qurumlara, kütləvi informasiya vasitələrinə beynəlxalq hüquq normaları çərçivəsində öz tarixi Vətəni ilə əlaqə yaratmaq, ana dilini, milli-mənəvi dəyərləri mənimsəmək, yaşatmaq və inkişaf etdirmək məqsədilə müxtəlifyönlü təşkilati, informasiya, maddi və mənəvi yardım göstərir.
Xarici ölkələrdə Yaşayan Azərbaycanlalarla İş üzrə Dövlət Komitəsinin yaradılması ilə dövlət-diaspor əlaqələrinin daha da möhkəmlənməsi üçün ideya-nəzəri və təşkilati şəraitin hazırlanması işi başa çatdı. Bu tədbirlər yetərincə hazırlıqlı olan milyonlarla soydaşımızı “Vahid Azərbaycan dövləti və Azərbaycançılıq” ideologiyası ətrafında sıx birləşdirdi. Eyni zamanda, “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu diaspor ilə iş istiqamətində fəaliyyətin düzgün qurulması məqsədinə xidmət edir.
Bununla yanaşı, sevindirici hal ondan ibarətdir ki, Ulu öndər Heydər Əliyevin diaspor quruculuğu sahəsində apardığı uzaqgörən siyasət bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Prezident İlham Əliyev 2008-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Diaspor ilə İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam imzalamaqla bir daha dövlətin diaspora siyasətinin gücləndirilməsində maraqlı olduğunu təsdiqləyib.
Yəni, ümummilli liderin diaspor quruculuğu sahəsindəki fəaliyyətini uğurla davam etdirən Prezident İlham Əliyev də öz növbəsində ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında birləşməsinə çalışır. Prezident İlham Əliyev bildirir ki, yalnız güclü diaspora malik xalqlar xarici siyasətdə mühüm uğurlar qazanır, dünya miqyasında mənafelərini hər zaman layiqincə qoruyur, ümummilli problemlərinin həllinə nail olur, öz dilini, mədəniyyətini, incəsənətini, tarixini lazımi səviyyədə təbliğ edir. Dövlət başçısı 2004-cü il iyulun 27-də ölkə diplomatlarının iştirakı ilə Bakıda keçirdiyi müşavirədə diaspor quruculuğu işini xarici siyasət sahəsində prioritet istiqamətlərdən biri elan etdi. 2006-cı ilin dövlət büdcəsindən diaspor quruculuğu sahəsinə 5 milyon manatın ayrılması da bu diqqət və qayğının bariz nümunəsi idi. 2006-cı ilin martında Prezident İlham Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının II qurultayının keçirilməsi ilə xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və diaspor quruculuğu siyasətində yeni mərhələnin təməli qoyuldu. Heydər Əliyevin azərbaycançılıq, türkçülük ideyalarının təbliği ilə bağlı siyasətinin davamı olaraq, türkdilli xalqların birliyinin nümunəsi kimi Bakıda Azərbaycan və türk diaspor rəhbərlərinin birinci Forumu, Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq, Əməkdaşlıq qurultayı və digər tədbirlər keçirildi. Prezident İlham Əliyev dövlətin təkcə öz ərazisində yaşayanlar üçün yox, həm də bütün dünyadakı azərbaycanlılar üçün çalışmasını əsas qayəsinə çevirən liderdir. Dövlət başçısı, eyni zamanda, deyir: “Bizim gücümüz sizin fəaliyyətinizdir. Sizin gücünüz isə Azərbaycan dövlətinin güclü olmasıdır”.
Bir sözlə, Prezident İlham Əliyev ümummilli liderin bütün sahələrdə olduğu kimi, diaspora sahəsindəki arzu və istəklərini reallaşdırdı. Bu gün Azərbaycan diasporasının formalaşması və onun dövlətimizin xaricdəki mənafelərini yüksək səviyyədə müdafiə etməsi bu siyasətin uğurlu davamına daha bir sübutdur. Məhz aparılan bu uğurlu siyasətin nəticəsində dünyada yaşayan bütün azərbaycanlılar Azərbaycan Respublikasını özlərinin vətəni sayır və azərbaycanlı olmaları ilə fəxr edirlər.
Son olaraq onu qeyd etmək yerinə düşər ki, Ulu öndər Heydər Əliyev özünəməxsus uzaqgörənliklə qloballaşan, köklü transformasiya dövrünü yaşayan dünyanın tələblərini öncədən görür və bu səbəbdən xaricdə yaşayan soydaşlarımız arasında möhkəm həmrəyliyi həyati məsələ kimi ortaya qoyurdu. çoxşaxəli siyasi fəaliyyətində daha bir tarixi missiyanı- dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı kimi çətin, ancaq vacib bir missiyanı üzərinə götürən ümummilli lider diasporumuzun formalaşmasının əsasını qoydu.
ümummilli lider Heydər Əliyevin diaspor siyasətinin əsasını milli birlik, həmrəylik, vətəndaşlıq borcu, Azərbaycançılıq kimi prinsiplər təşkil edirdi. Bu gün həmin prinsiplər əsasında öz fəaliyyətini günün tələblərinə uyğun olaraq daha dinamik şəkildə quran, Heydər Əliyev ideyalarından mənəvi qida alan Azərbaycan diasporu ölkəmizin haqq işinin, Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşən islahatların mahiyyətini dünyaya olduğu kimi çatdırmaq üçün gecə-gündüz çalışır.
İsmayıl AÄžAYEV

Paylaş:
Baxılıb: 1005 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31