Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycanın bugünkü inkişafının möhkəm təməli Ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmışdır

Azərbaycanın bugünkü inkişafının möhkəm təməli Ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmışdır

07.05.2010 [10:21]

Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi “Uğur modeli” strategiyasının reallaşdırılması sayəsində Azərbaycanda stabillik, dinamizm, əməkdaşlıq, təhlükəsizlik, demokratiyanın inkişafı təmin olunmuşdur
Azərbaycanın inkişaf etmiş ölkəyə çevrilməsi üçün kompleks islahatların müəllifi olan ümummilli lider Heydər Əliyevin fəaliyyətinin bütün mərhələlərini nəzərdən keçirdikdə, dahi şəxsiyyətin xalqımızın xoşbəxtliyi və xoş rifahının təmin olunması istiqamətində nə qədər gərgin və əzmkarlıqla çalışmasının şahidi oluruq. Azərbaycanın indiki iqtisadi sıçrayışına, sosial tərəqqisinə və ictimai-siyasi sabitliyin davamlılığına ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə müəyyən edilmiş kompleks islahatlar strategiyası, düşünülmüş uzunmüddətli siyasi kurs əsas yaradıb. Azərbaycan ötən əsrin 70-ci illərinə kimi əsasən, aqrar ölkə statusu daşıyırdı və istehsal olunan milli məhsulun böyük bir hissəsi aqrar bölmənin payına düşürdü. Ulu öndər Heydər Əliyevin birinci hakimiyyəti dövrünə nəzər saldıqda respublikamızda ictimai-sosial, iqtisadi-siyasi, mədəni-humanitar bölmələrdə köklü dəyişikliklərin və əvvəlki illərə nisbətən müqayisəolunmaz dərəcədə inkişaf tempinin, genişmiqyaslı quruculuq işlərinin davamlı xarakter almasını müşahidə etmək mümkündür. Həmin dövrdə ölkənin iqtisadi həyatında tamamilə, yeni bir mərhələnin inkişafına yol açıldı, daha çox kənd təsərrüfatı ölkəsi olan Azərbaycan neft-kimya, maşınqayırma, metallurgiya, mədənçıxarma və digər sahələrin, ümumilikdə sənayenin sıçrayışına impuls verilmiş oldu. 1969-cu ildə sənaye obyektlərinin sayı 735-ə bərabər idisə, 1982-ci ildə bu rəqəm 1048-ə çatdırıldı. Azərbaycanda Ulu öndər Heydər Əliyev birinci hakimiyyəti dövründə-cəmi 13 ildə, Onun hakimiyyətindən əvvəlki dövrdə, yəni, 40-50 ildə istifadəyə verilən müəssisələrin yarısı qədər sənaye müəssisəsi yaratmağa nail oldu. İş ondadır ki, 1969-1982-ci illərdə yaradılan sənaye kompleksi həm istehsal gücünə, həm miqyasına, həm də kapital dövriyyəsinə görə, ən nəhəng müəssisələr sayıla bilər. Eyni zamanda, bu illərdə istifadəyə verilmiş sənaye obyektləri respublikamızın “onurğa sütunu” hesab edilir.
ümummilli lider Heydər Əliyevin fəaliyyətinin ikinci mərhələsinin başlanğıcı Azərbaycanın çox ağır siyasi-iqtisadi böhran dövrünə təsadüf edirdi. Əslində, xalqın bu acınacaqlı durumda olduğu, dövlətin müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldığı dövrdə Ulu öndər Tanrının Azərbaycana xilas üçün bəxş etdiyi yeganə nicat yolu idi. Dahi şəxsiyyət bu vəziyyətdə siyasi sabitliyi təmin etmək, iqtisadi siyasətinin prioritetlərini müəyyənləşdirmək, kompleks islahatlar proqramının həyata keçirilməsinə baza yaradan konsepsiya hazırlamaq kimi çətin missiyanın öhdəsindən ustalıqla gəldi. ölkədəki istehsal imkanlarının real iqtisadi inkişafın təmin olunmasına yönəldilməməsi, inflyasiyanın günbəgün artması və AXC-Müsavat hakimiyyəti dövründə makroiqtisadi sabitliyin qorunmasına yönəlik addımların atılmaması nəticəsində əhalinin real pul gəlirlərinin qiymət artımı nəticəsində dəyərsizləşməsi hökumət qarşısında ciddi tələblər qoyurdu. Həmin dövrdə inflyasiya 200 faizə çatmışdı və hiperinflyasiya pul kütləsinin tamamilə dəyərsiz vasitəyə çevrilməsinə səbəb olmuşdu. 1992-1993-cü illərdə iqtisadiyyatda tənəzzül o həddə çatmışdı ki, pul kütləsi bazardakı qiymətlərin artımı fonunda dəyər funksiyasına malik deyildi. üDM-in 30-35 faizin büdcə gəlirlərinin formalaşmasına yönəldən AXC-Müsavat hakimiyyəti 30 milyon dollar həcmində büdcə paketi ilə nəinki iqtisadi layihələri maliyyələşdirmək, heç aylıq maaşları ödəmək iqtidarında deyildi. Orta pensiya məbləği təxminən 5 dollara, orta maaş həddi 20 dollara bərabər idi. Həmin dövrlərdə ölkəyə investisiya qoyuluşlarından söhbət gedə bilməzdi. Azərbaycanın bir neçə beynəlxalq maliyyə təşkilatı və xarici kredit qurumları ilə əməkdaşlığa dair saziş imzalamasına baxmayaraq, respublikamıza sərmayə və yaxud kredit verən yox idi. ölkədə investisiya siyasəti demək olar ki, həyata keçirilməmişdi. Azad rəqabət mühitinin yaradılmaması əcnəbi iş adamlarının respublikamıza sərmayə qoyması üçün böyük risk tələb edirdi. Ulu öndər Heydər Əliyev belə bir çətin şəraitdə kompleks sosial islahatların həyata keçirilməsinə start verdi. İqtisadiyyatda liberallaşmanın təmin olunması üçün ilk addımlar atıldı, xüsusi mülkiyyətə əsaslanan bazar iqtisadiyyatının tələbləri reallaşdırıldı və ölkəyə investisiya qoymaq istəyən əcnəbilərin hökumətə təklifləri artmağa başladı. Beləliklə, siyasi və iqtisadi sabitlik bərqərar oldu, Azərbaycanın dinamik inkişafı üçün münbit zəmin formalaşdı. Bu gün artıq əminliklə deyə bilərik ki, bazar prinsipləri əsasında milli iqtisadiyyatın formalaşması prosesi özünün yekun mərhələsinə daxil olub və real məzmun daşıyan iqtisadi münasibətlər sisteminin təşəkkülü başa çatmaq üzrədir. Makroiqtisadi inkişafın dayanıqlılıq keyfiyyəti kəsb etməsi fonunda sistem dəyişikliyinin doğurduğu problemlər kompleksinin effektiv həlli üsullarının tətbiqi və əldə olunan böyük uğurlar sözün həqiqi mənasında inkişafın “Azərbaycan möcüzəsinin” gerçək məzmun daşıdığını üzə çıxarıb. Ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılan və hal-hazırda da böyük müvəffəqiyyətlə tətbiq edilən iqtisadi inkişaf strategiyası konkret zaman və şəraitin diqtə etdiyi çərçivədən çıxaraq qısa müddət ərzində həlli mümkün olmayan problemləri belə aradan qaldırmağa imkan verib.
Sözügedən strategiyanın baza prinsiplərinə istinadla formalaşdırılan və tamamilə haqlı olaraq Heydər Əliyevin “Uğur modeli” adlandırılan konseptual yanaşmanın səmərəli tətbiqi makroiqtisadi inkişafın sürətlənməsinə, geniş, təkrar istehsal prosesinin normal gedişinin təmininə, iqtisadiyyatın sferaları arasında dialektik bağlılığın təşəkkülünə son dərəcə əlverişli zəmin yaradıb. Xüsusi elmi maraq doğuran və dünya təcrübəsində analoqu olmayan yanaşma tərzinin sözün həqiqi mənasında fərqli keyfiyyəti onun sistemli səciyyə daşımasındadır. Bu, o deməkdir ki, Ulu öndər Heydər Əliyevin iqtisadi inkişaf strategiyası yalnız iqtisadi proseslərlə məhdudlaşmır. Həqiqətən də, bu gün məcmu iqtisadi proseslərin təşkili, tənzimlənməsi və əldə edilməsi gözlənilən nəticələrin effektivlik dərəcəsi təkcə iqtisadi xarakter daşıyan amillərdən asılı deyildir, yaxud, təkcə onunla şərtlənmir. İctimai həyatın bütün sferaları qeyd edilən prosesin ayrılmaz atributu kimi çıxış edirlər. Başqa sözlə, sistemli yanaşma mövqeyindən iqtisadi inkişafın amillər kompleksi arasında “ayrı-seçkilik” aparmaq, hansınınsa prioritet, hansınınsa ikinci dərəcəli əhəmiyyət daşıdığını birmənalı şəkildə qiymətləndirmək mümkün deyildir. Yəni, əksər amillər - siyasi, sosial, iqtisadi, mədəni və s. arasında balans mövcuddur və bu hal sistem dəyişikliyi şəraitində xüsusi formada təzahür edir.
Sistem dəyişikliyinin doğurduğu problemlər kompleksinin həllində birtərəfli yanaşmanın yararsızlığı Heydər Əliyev iqtisadi inkişaf strategiyasının əsas konseptual prinsipləri sırasında kifayət qədər önəmli yer tuturdu. Belə ki, 1990-cı illərin əvvəllərində geniş yayılmış və düzgünlüyünə şübhə edilməyən “bazar eyforiyası” məhz, Ulu öndərin aparılan islahatlara sistemlilik keyfiyyəti qazandırdıqdan sonra elmi dövriyyədən çıxarılmışdı. “Şok” terapiyasının yalnız şok yaratma effektindən başqa bir şeyə yaramaması bütün çılpaqlığı ilə üzə çıxmışdı. Ulu öndər sistem dəyişikliyinin ictimai həyatın bütün spektrini əhatə etməsi zərurətini ön plana çıxarmaqla ümummilli inkişafın “birtərəflilik” yanaşmadan xilas etməyə nail olmuşdu.
Bu gün ən nüfuzlu beynəlxalq təşkilatlar keçid mərhələsində milli iqtisadiyyatın formalaşdırılması ilə bağlı Heydər Əliyevin həyata keçirdiyi “Uğur modeli”ni birmənalı şəkildə yüksək qiymətləndirərək belə hesab edirlər ki, həmin strategiyanın reallaşdırılması sayəsində Azərbaycanın stabillik, dinamizm, əməkdaşlıq, təhlükəsizlik, demokratiyanın inkişafı təmin olunmuşdu.
Milli iqtisadiyyat hər hansı bir təsərrüfat və inkişaf səviyyəsi ilə bağlı bir anlayış deyil. Bu gün iqtisadiyyatın milli modeli dedikdə, daha çox bazar iqtisadiyyatının milli modelini başa düşmək lazımdır. İqtisadiyyatın milli modelinin formalaşmasına sivilizasiya amilləri adlandırılan xüsusiyyətlər də, mühüm təsir göstərir. Adətən, bu amillər qrupuna uzun illər boyu formalaşmış, nəsildən-nəsilə keçmiş adət və ənənələr, mədəni, dini amillər, habelə, həyat tərzi aid edilir. Fikrimizcə, Heydər Əliyevin inkişaf strategiyasında bu cəhətlərin nəzərə alınması milli mənafelərimizə cavab verməklə, inzibati-amirlik sistemindən miras qalmış inkişafın birtərəfli xarakterini aradan qaldırmağa və milli inkişaf modelini qurmağa imkan yaratmışdı.
ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu iqtisadi inkişaf strategiyası Azərbaycanın iqtisadi və siyasi nüfuzunun artmasına, dünya dövlətləri, xarici təşkilatlar, iri investisiya qurumları ilə əlaqələrinin möhkəmlənməsinə impuls vermiş oldu.
Respublikamızın müstəqilliyinin əsaslarının möhkəmlənməsində strateji əhəmiyyət daşıyan və regionda söz sahibinə çevrilməsinə səbəb olan “Əsrin müqaviləsi”nin imzalanması da məhz Heydər Əliyevin siyasi qətiyyətinin nəticəsi idi. Ulu öndərin əzmkarlığı və uzaqgörənliyi sayəsində həyata keçirilən neft-qaz layihələri Azərbaycanın iqtisadi təhlükəsizliyinin təmin olunmasını möhkəmləndirməklə yanaşı, regionun siyasi-iqtisadi mənzərəsinin dəyişməsinə təkan vermiş oldu. ümumiyyətlə, Heydər Əliyevin neft strategiyasının başlıca hədəfləri respublikamızın iqtisadi inkişafını sürətləndirmək, regionda geostrateji mövqeyini möhkəmləndirmək fəlsəfəsini əhatə etməkdən başqa, bütün ölkələrlə azad, bərabər prinsiplərə əsaslanan əməkdaşlığın dərinləşdirilməsinə və regionda sülh və təhlükəsizlik dəhlizinin yaradılmasına xidmət edirdi.
“Əsrin müqaviləsi”nin imzalanması da məhz Heydər Əliyevin qətiyyəti sayəsində gerçəyə çevrildi. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin reallaşması Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə yol açmaqla bərabər, yeni enerji dəhlizləri üçün açar rolunu oynadı. Heydər Əliyevin şah əsəri olan BTC Azərbaycana xarici sərmayələrin axınına və investorların ölkəmizə inamının tamamilə möhkəmlənməsinə baza yaratdı. ümummilli liderin müəllifi olduğu makroiqtisadi siyasətin başlıca hədəfləri respublikamızda maliyyə sabitliyinin möhkəmlənməsinə, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernizasiyasının təmin olunmasına stimul verməklə iqtisadiyyatda əsaslı dəyişikliyə səbəb oldu. Yüzlərlə müəssisənin yenidən qurulması, iş yerlərinin açılması, pensiya və münavinətlərin, maaşların davamlı şəkildə artırılması, sahibkarlığın inkişafı, Azərbaycanın dünya dövlətləri sırasında inkişaf tempinə görə fərqlənməsi, dünya ölkələrinin enerji resursları ilə təminatında həlledici mövqeyə sahib olması Heydər Əliyevin qətiyyətinin, əvəzolunmaz idarəçilik qabiliyyətinin və zəngin təcrübəsinin məntiqi nəticələridir.
2003-cü ildən sonra Heydər Əliyevin iqtisadi inkişaf strategiyası yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdu. Danılmaz həqiqətdir ki, son illərdə ərzində makroiqtisadi inkişafda muşahidə edilən sıçrayışın proqram təminatı məhz Heydər Əliyevin “Uğur modeli”nin bazasında formalaşdırılıb. İqtisadi proseslərin məqsədyönlü istiqamətdə tənzimlənməsində düşünülmüş dövlət müdaxiləsinin həyata keçirilməsi, konkretlilik, təmin edilməsi ölkəmizdə davamlı sabitləşməni və sosial ədaləti gözləmək məqsədilə həyata keçirilən Heydər Əliyev strategiyasının fundamental prinsiplərindəndir. Bu baxımdan gələcək üçün respublikamızda işlənib hazırlanan iqtisadi təhlükəsizlik konsepsiyası makro, mikro, meqa, hətta fərd səviyyəsini əhatə etməklə ölkə miqyasında dövlət, cəmiyyət, ayrı-ayrı şəxslərin iqtisadi maraqlarına təhlükə yarada bilən daxili və xarici, obyektiv-subyektiv amilləri özundə ehtiva edir. İqtisadi təhlükəsizliyin təmin edilməsi ümumi halda, milli iqtisadiyyatın müstəqil sabitliyini və daima onun yeniləşməyə olan qabiliyyətini müəyyən edən amil və şərtlərin məcmusunu əhatə etməklə yanaşı, eyni zamanda, konkret olaraq ölkə əhalisinin normal həyat şəraitini, iqtisadiyyatın dinamik inkişafı üçün tələb olunan zəruri resurslarla təmin edilməsi və milli iqtisadiyyatın maraqlarının səmərəli reallaşdırılması qabiliyyətini də nəzərdə tutur. ümumən, sistemin transformasiyası şəraitində milli iqtisadiyyatın formalaşdırılması və inkişafı cəmiyyətin bütün iqtisadi, siyasi, hüquqi, sosial, mənəvi münasibətlər və dəyərlər sistemini əhatə etməklə sistemli, ardıcıl, məntiqi, cari və perspektiv problemlərin həllinin prioritetliyi gözlənilməklə təkamül yolu ilə mərhələ-mərhələ həyata keçirilir. Bu prinsipial müddəaları əsas tutaraq ümummilli liderimiz Heydər Əliyev iqtisadiyyatın sabitləşdirilməsini, sistemin transformasiyası ilə bağlı zəruri islahatların aparılmasını, daxili və xarici iqtisadi münasibətlərin liberallaşdırılmasını, iqtisadi demokratiyanın qərarlaşmasını, qlobal iqtisadi məkana inteqrasiya olunmasını təxirəsalınmaz vəzifələr kimi qarşıya qoymaqla milli inkişaf modelinin konturlarını müəyyənləşdirmişdi.
ümummilli lider siyasi varisinin nə qədər xarizmatik şəxs olduğunu, Onun siyasi peşəkarlığını yaxşı anlayırdı. 2003-cü ildə prezident seçkiləri zamanı namizədliyini İlham Əliyevin xeyrinə geri götürən Ulu öndər həmin vaxt qeyd edirdi: “Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər Sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var. Son vaxtlar səhhətimdə yaranan bəzi problemlər mənə imkan vermir ki, bütün bu başladığım, nəticələrini aydın gördüyüm işləri tamamlayım. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Ulu öndərin siyasi varisi bu ümidləri qısa müddətdə doğrultdu. çünki, həmin siyasət ənənəyə söykənir və bu missiya inkişaf edir. ümumiyyətlə, Heydər Əliyevin müəyyən etdiyi bütün iqtisadi və sosial hədəflər bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca məqsədləridir və bu strategiya bütünlüklə zəngin və qüdrətli Azərbaycanın davamlı inkişafına xidmət edir. Məhz, bu gün də davam edən bu strategiya təxminən 40 il əvvəl təməli qoyulmuş inkişaf və tərəqqi konsepsiyasına söykənir və müasir mərhələdə yeni keyfiyyət və kəmiyyət çalarları ilə zənginləşməkdədir.

Paylaş:
Baxılıb: 1063 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31