/ / İstanbulda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üçüncü zirvə toplantısı keçirilib
İstanbulda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üçüncü zirvə toplantısı keçirilib
09.06.2010 [14:16]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, dünən İstanbulda, “çırağan” sarayında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üçüncü zirvə toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zirvə toplantısında iştirak edib.
Türkiyə Prezidenti Abdullah Gül və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev zirvə toplantısında iştirak edən dövlət və hökumət başçılarını qarşılayıblar.
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üçüncü toplantısını quruma sədrlik edən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev açıb. O, deyib ki, ötən dövrdə Asiyada etimad məsələləri daha çox aktuallıq kəsb etməyə başlayıb. Ətrafında 22 dövləti birləşdirən və böyük bir arealı əhatə edən təşkilatın ötən dövrdə fəaliyyəti uğurlu olub.
Nursultan Nazarbayev ölkəsinin və sədrlik etdiyi təşkilatın dünyada və bölgədə nüvə silahı olmayan məkanın yaradılmasına əhəmiyyət verdiyini deyərək bildirib ki, dünyada sülh və təhlükəsizliyin bərqərar olması vacibdir. “Bu günün Asiyası dünyanın iqtisadi mərkəzinə çevrilir”, - deyən Qazaxıstan Prezidenti onun təklifi ilə irəli sürülən “Asiya 20-liyi” ideyasının reallaşması ilə bu məsələnin daha çox aktuallıq kəsb edəcəyinə əminliyini bildirib. Nursultan Nazarbayev Qırğızıstan və Əfqanıstanda siyasi sabitliyin bərpasının vacibliyini qeyd edərək ölkəsinin ATƏT-ə sədrliyi dövründə bu məqsədlərə nail olunmasına çalışacağını diqqətə çatdırıb.
Türkiyə Prezidenti Abdullah Gül Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üçüncü toplantısında iştirak edən dövlət və hökumət başçılarını salamlayıb. O, deyib ki, Türkiyə sədrlik edəcəyi iki il ərzində təşkilatın daha mühüm uğurlar əldə etməsinə çalışacaq.
“Türkiyə dünyada etimad və təhlükəziliyin əldə olunmasına çalışır”, - deyən Abdullah Gül bildirib ki, bu niyyətə nail olmaq üçün ölkələr arasında dialoqun genişləndirilməsi, bu məsələdə sosial sferanın daha yaxından çıxış etməsi vacibdir. Türkiyə təşkilata sədrliyi dövründə Asiyada etibarlı dialoqun əldə edilməsinə nail olmağa, təşkilatın əhatə etdiyi coğrafiyada demokratiya, rifah üçün əlindən gələni etməyə hazırdır. Dünya maliyyə böhranının nəticələrinin aradan qaldırılması üçün qlobal yaxınlaşmağa ehtiyac olduğunu deyən Abdullah Gül qeyd edib ki, bu sırada dünyada savaş ehtimallarının aradan qaldırılması da günümüzün vacib məsələsidir.
Zirvə toplantısında digər ölkələrin dövlət və hökumət başçıları çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısında çıxış edib: “Əziz qardaşım Prezident Abdullah Gül! Hörmətli dövlət başçıları! Hörmətli nümayəndə heyətlərinin rəhbərləri! Xanımlar və cənablar!
Əvvəlcə mən Prezident Gülə səmimi qonaqpərvərliyə və bu zirvə görüşünün əla təşkil edildiyinə görə minnətdarlığımı bildirmək istəyirəm. Mən, eyni zamanda, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin mühüm beynəlxalq foruma çevrilməsi istiqamətində göstərdiyi səylərə görə Qazaxıstan Prezidenti cənab Nursultan Nazarbayevə təşəkkürümü bildirirəm. Əminəm ki, bu təşkilatın gələcəyi çox perspektivli və parlaq olacaqdır. Fürsətdən istifadə edərək, Aralıq dənizində günahsız mülki şəxslərin qətli ilə nəticələnən, humanitar yük gəmisinə edilən hücumla əlaqədar Azərbaycan xalqının türk qardaşlarımızla həmrəy olduğunu bildirmək istəyirəm. Biz bu hücumu qəti surətdə pisləyirik və Türkiyə ilə çiyin-çiyinə dayanırıq. Fürsətdən istifadə edərək mən, eyni zamanda, Azərbaycan xalqı adından türk qardaşlarımıza və qurban vermiş ailələrə dərin hüznlə başsağlığı verirəm. Azərbaycan regional əməkdaşlıq işində öz rolunu oynayır. Biz tam əminik ki, regional əməkdaşlıq, regionda proqnozlaşdırma və birgə fəaliyyət mövcud riskləri azaldacaq və xalqlarımız üçün proqnozlaşdırılan gələcəyi qurmaqda yardım edəcəkdir. Asiyada təhlükəsizlik tədbirləri dünyadakı qlobal təhlükəsizlik tədbirlərinin bir hissəsidir. Təhlükəsizlik tədbirlərinə kompleks yanaşma olmadan biz uğur əldə edə bilməyəcəyik. Terrorçuluğa qarşı mübarizə dünyada bütün terrorçu təşkilatlara qarşı olmalıdır. Yaxşı, yaxud pis terrorçu olmur. Buna görə terrorçuluğa qarşı səylərin birləşdirilməsi uğurun əsas ilkin şərtidir. Eyni zamanda, regional əməkdaşlıq və iqtisadi artım regionumuzda təhlükəsizlik tədbirlərinə böyük töhfə verəcəkdir. Bu səbəbdən, Azərbaycan regional əməkdaşlıq məsələlərində mühüm rol oynamağa çalışır. ölkəmizdə başlanılmış və uğurla həyata keçirilmiş müxtəlif layihələr olduqca geniş regional əməkdaşlıq üçün artıq möhkəm əsas yaradır. Mən xüsusən də enerji təhlükəsizliyinə aid olan layihələri qeyd etmək istəyirəm. Həmin layihələr ilk olaraq boru kəməri layihələri kimi başlandı, hazırda isə, bütün iştirakçılara fayda gətirən çox mühüm regional əməkdaşlıq nümunəsinə çevrilibdir. Azərbaycan, həmçinin tarixi İpək Yolunun bərpasına töhfə verir və iştirak etdiyimiz dəmir yolu layihəsi Asiya ilə Avropanı birləşdirəcək və regionumuzda yaşayan xalqlara rifah gətirəcək olduqca geniş nəqliyyat qovşağını yaratmağa imkan verəcəkdir. Başqa sözlə desək, təhlükəsizlik səylərimizin birləşdirilməsini tələb edir, iqtisadi əməkdaşlıq və artım uğura aparan yol ola bilər. Qeyd etmək istədiyim mühüm məsələlərdən biri də münaqişələrin həllinə olan münasibətdir. Azərbaycan Ermənistanın davamlı təcavüzünün qurbanıdır. Demək olar ki, iki onillik ərzində torpaqlarımız, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri Ermənistanın işğalı altındadır. Həmin işğal nəticəsində bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ərazimizin iyirmi faizi Ermənistanın işğalı altındadır. Bu vəziyyət hələ də davam edir. Biz etnik təmizləmə siyasətinə məruz qalmışıq. Hazırda işğal olunmuş ərazilərdə heç bir yerli sakin yoxdur. Orada etnik təmizləmə aparılmışdır. Həmin yerlərdə bütün tikililər, o cümlədən binalar, evlər, məktəblər, ulu babalarımızın məzarları, məscidlərimiz və bütün tarixi irsimiz dağıdılıbdır. Biz beynəlxalq təşkilatların qərar və qətnamələrinin Ermənistan tərəfindən icrasını tələb edirik. BMT-nin Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Lakin bu qətnamələr hələ də yerinə yetirilməyibdir. BMT-nin Baş Məclisinin qətnamələri, ATƏT-in qərarları, İslam Konfransı Təşkilatının qətnamələri, Avropa Şurası və Avropa Parlamentinin, eləcə də digər beynəlxalq təşkilatların qərarları yerinə yetirilməyib. Əgər beynəlxalq hüququn normaları işləmirsə, onda beynəlxalq ictimaiyyət üçün hansı durumdan söhbət gedə bilər? Əgər biz hamı tərəfindən qəbul olunmuş qətnamələri icra etmiriksə və bu vəziyyət davam edərsə, onda beynəlxalq münasibətlərin gələcəkdə necə təşkil olunacağı böyük sual doğurur. öz əhəmiyyəti və ölçüsündən asılı olmayaraq, hər bir ölkə beynəlxalq hüquq normalarına əməl etməlidir. Beynəlxalq hüquq normaları bütün ölkələr tərəfindən əməl olunması üçün yaranıb. Biz beynəlxalq təşkilatların üzvüyük və onların qəbul etdiyi qərarlara hörmətlə yanaşmalıyıq. Əgər həmin qərarlar qəbul olunursa və icra edilmirsə, onda beynəlxalq təsisatlara olan etimad da azalacaqdır. Biz öz ərazi bütövlüyümüzü dinc yolla bərpa etməyə çalışırıq. Azərbaycanın ərazi bütövlüyü bütün dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Ermənistan-Azərbaycan münaqişəsinin həlli Azərbaycanın ərazi bütövlüyünün bərpasına və ölkəmizdə erməni azlığına yüksək özünüidarəetmə və muxtariyyət statusunun verilməsinə əsaslanmalıdır. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan regionumuzda təhlükəsizlik tədbirlərinə verdiyi töhfəni gələcəkdə davam etdirəcəkdir. Biz öz səylərimizlə və hüdudlarımızdan kənarda qoyulan sərmayələrimizlə regionun iqtisadi inkişafına töhfəmizi davam etdirəcəyik. Daşıma və enerji infrastrukturuna aid layihələr xalqları və dövlətləri birləşdirəcəkdir. İstehlakçılar, hasilatçılar və tranzit ölkələrin maraqları arasında müvafiq tarazlıq olmalıdır. Yalnız bu halda bütün layihələr hamımızın rifahına xidmət edəcəkdir. Sonda mən bir daha ev sahibi Türkiyəyə səmimi qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istəyirəm və sammitin işinə uğurlar arzulayıram. Diqqətinizə görə minnətdaram”.
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə Asiyada sülhün, təhlükəsizliyin qorunması üçün əməkdaşlığı nəzərdə tutan, bununla da, dünyada qlobal sülhün və etimadın əldə olunmasını hədəfləyən çoxtərəfli təşkilatdır. Təşkilatın yaradılmasına dair təklifi Qazaxıstan Prezidenti Nursultan Nazarbayev BMT-nin 47-ci sessiyasında irəli sürüb. Bundan əvvəlki zirvə görüşləri 2002-ci və 2006-cı illərdə Qazaxıstanın Almatı şəhərində keçirilib. Azərbaycanın da təmsil olunduğu təşkilatın 22 üzvü var. Dövlət və hökumət başçılarının zirvə görüşü Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin ən ali orqanıdır. Dörd ildən bir keçirilən zirvə toplantılarında qurumun fəaliyyətinə yekun vurulur, gələcək planlar və qarşıda duran vəzifələr müəyyənləşdirilir, mövcud beynəlxalq münasibətlərə dair fikir mübadiləsi aparılır. Budəfəki zirvə görüşündə quruma sədrlik Türkiyəyə keçib, habelə Vyetnam və İraq quruma daimi üzv qəbul ediliblər. Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçıları rəsmi foto çəkdiriblər. Sonda zirvə görüşünün yekun bəyannaməsi qəbul olunub.
* * *
Dünən İstanbulda, “çırağan” sarayında Türkiyə Prezidenti Abdullah Gülün adından zirvə görüşündə iştirak edən nümayəndə heyətlərinin rəhbərlərinin şərəfinə rəsmi nahar verilib. Azərbaycan Prezidenti İlham Əliyev naharda iştirak edib.
* * *
Dünən İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiyanın Baş naziri Vladimir Putinin görüşü olub.
Rusiyanın Baş naziri Vladimir Putin Azərbaycan dövlətinin başçısına müraciətlə deyib: “İlham Heydər oğlu, Sizi görməyimə, konfransın işi çərçivəsində Sizinlə danışıqlar aparmağa, cari işlərimiz, ölkələrimizin iqtisadi, humanitar münasibətləri barədə söhbət etmək imkanına görə çox şadam. Bilirəm, yəqin ki, bütövlükdə regiondakı vəziyyətlə bağlı məsələlərə də toxunacaqsınız. Biz həm ikitərəfli dövlətlərarası əlaqələrimizin inkişafında, həm də regionda vəziyyətin normallaşdırılması istiqamətində əlavə addımlar atmaq üçün hər bir imkandan istifadə etməyə çalışırıq. Buna görə bir daha demək istəyirəm ki, Sizi görməyə çox şadam”.
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya hökumətinin başçısına müraciətlə deyib: “Sağ olun, Vladimir Vladimiroviç. Əminəm ki, görüşümüz həmişəki kimi çox konstruktiv və dostluq ruhunda keçəcəkdir. Bundan əvvəlki səmimi görüşümüzü xatırlayıram. Bu görüşlər həmişə münasibətlərimizin daha da inkişafına xidmət etmişdir. Bugünkü ikitərəfli görüşün gündəliyi çox genişdir. Təbii ki, burada iqtisadi əlaqələr, qarşılıqlı siyasi fəaliyyət, humanitar əməkdaşlıq, regional problemlər, münaqişənin nizamlanması məsələləri vardır. Biz ikitərəfli münasibətlərin bütün istiqamətləri üzrə çox konstruktiv, səmərəli iş aparırıq. İqtisadi əlaqələrə gəldikdə, bizdə əmtəə dövriyyəsinin artması müşahidə olunur. Bu, çox müsbət amildir. İkitərəfli münasibətlərin bütün başqa istiqamətlərində də tərəqqi görürük. Buna görə də mən əminəm ki, bu görüş də bizim dostluq, mehriban qonşuluq münasibətlərimizin daha fəal inkişafına xidmət edəcəkdir”.
Vladimir Putin: Sağ olun.
* * *
Dünən İstanbulda, “çırağan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın görüşü olub. Görüşdə Azərbaycan ilə İran arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Dövlət başçıları siyasi, iqtisadi və energetika sahələrində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar. Görüşdə Azərbaycan ilə İran arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.
* * *
Dünən İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin görüşü olub. Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidentinə müraciətlə deyib: “Gələcəkdə fəal, konstruktiv iş görüləcəyinə ümid edirəm. ölkələrimiz arasında gözəl tarixi münasibətlər vardır. Bizim şəxsi münasibətlərimiz bundan sonra da mühüm rol oynayacaqdır. Bizim üçün Ukrayna ən yaxın dost və tərəfdaşdır. Mən əminəm ki, ən yaxın gələcəkdə biz əməkdaşlığımızın yaxşı nəticələrini görəcəyik”.
Ukrayna Prezidenti Viktor Yanukoviç Azərbaycan dövlətinin başçısına müraciətlə deyib: “Sizi görməyimə şadam. Hesab edirəm ki, Ukrayna ilə Azərbaycan arasında ənənəvi münasibətlər, Sizinlə şəxsi dostluq münasibətlərimiz ölkələrimizin münasibətlərinə yeni şərait yaradacaq, deyərdim ki, bu münasibətlərə dinamika verəcəkdir. Mən buraya Sizi böyük məmnuniyyətlə növbəti dəfə görmək, ikitərəfli ticari-iqtisadi əlaqələrimizi müzakirə etmək üçün gəlmişəm. Əlbəttə, 2009-cu ildə əmtəə dövriyyəsinin azalması bizim ölkələrin real potensialına uyğun deyildir. İndi bizim vəzifəmiz əmtəə dövriyyəsinin əvvəlki səviyyəsini bərpa etməkdir. Hazırda o, təxminən 1 milyard dollar səviyyəsindədir. Fikrimcə, biz ən yaxın vaxtlarda əmtəə dövriyyəsini ən azı iki dəfə artıra bilərik. Hörmətli cənab Prezident, mən çox şadam ki, ölkənizin iqtisadiyyatı kifayət qədər davamlıdır və bu, son illərdə Sizdə yaranmış sabitliyin sayəsində mümkün olmuşdur. Mən razılıq hissi ilə qeyd etmişəm ki, hətta gərgin 2009-cu ildə də Sizdə ümumi daxili məhsulun artımı 9 faizdən çox olmuşdur. Bu, çox böyük nailiyyətdir. Faktiki olaraq, Siz qısa bir dövr ərzində adambaşına ümumi daxili məhsulun həcmini iki dəfə, hətta iki dəfədən çox artırmısınız. Əlbəttə, güman edirəm ki, Azərbaycan xalqı bunu hiss edir. Əminəm ki, bu, daxili siyasətdə bir sıra məsələlərin həllinə şərait yaradır, cəmiyyəti və insanları birləşdirir. Bu, çox yaxşı haldır. Son illərdə Ukraynada bu hal çatışmırdı. Biz Sizə yaxşı mənada həsəd aparırıq. Lakin zənnimcə, indi Ukraynada yeni dövr başlanmışdır və əlbəttə, bu dövr bizim ticari-iqtisadi münasibətlərimizdə, ölkələrimizin, xalqlarımızın münasibətlərində özünü müsbət cəhətdən göstərəcəkdir. Bu gün mən Sizi görməyə, əla təşkil edilmiş bu tədbirdə Sizi salamlamağa şadam. ümid edirəm ki, ən yaxın vaxtlarda Sizi bir daha görəcəyəm, əlbəttə, bu dəfə artıq Ukraynada”.
Prezident İlham Əliyev xoş sözlərə görə təşəkkür edərək deyib: “ölkəmiz haqqında xoş sözlərinizə görə sağ olun, Viktor Fyodoroviç. Siz tamamilə haqlısınız. Böhranlı 2009-cu ildə biz yüksək nəticələr nümayiş etdirdik. Sevindirici haldır ki, biz buna o vaxta qədər yaradılmış baza əsasında nail olduq. Bizim iqtisadiyyatımız 20-25 faiz artmışdır. Bizim iqtisadiyyat sabitdir və hətta bu il kredit agentlikləri Azərbaycanın kredit reytinqini artırmışlar. Bu onu göstərir ki, biz iqtisadiyyatı şaxələndirməyə və davamlı artıma nail olmuşuq. Siz tamamilə haqlısınız ki, burada əsas amil sabitlik - həm siyasi sahədə, həm iqtisadiyyatda sabitlik və vəziyyətin proqnozlaşdırıla bilməsi, eləcə də investisiya imkanlarıdır. Ona görə də əlbəttə, çox istəyirik ki, ikitərəfli iqtisadi potensial tam bərpa olunsun. Biz buna çox ümid bəsləyirik. Ukrayna bizim üçün yaxın dost və tərəfdaşdır, strateji tərəfdaşdır. Əvvəlki onilliklərdə biz uzun illər boyu birgə yaşamışıq. Müstəqil dövlətlər kimi də biz həmişə bir-birimizə kömək etmişik. Sizinlə bizi şəxsi dostluq münasibətləri bağlayır. Bu dostluq artıq neçə illərdir ki, davam edir. Əminəm ki, Sizin rəhbərliyiniz altında dost Ukrayna xalqı böyük uğurlar qazanacaqdır. Əminəm ki, Siz Ukrayna hökumətinə başçılıq edərkən olduğu kimi, həm sənayenin, həm də iqtisadiyyatın inkişafına nail olacaqsınız. Bunun üçün hər cür imkan, ən başlıcası isə siyasi əzmkarlıq vardır. Mən Sizi yenidən görməyimə çox şadam. Əminəm ki, yaxın illərdə bu cür görüşlər həm Ukraynada, həm də Azərbaycanda çox olacaqdır və biz bu cür möhkəm baza əsasında, xalqlarımızın bir-birinə qarşılıqlı rəğbəti və meyli sayəsində dostluğa, qarşılıqlı maraqlara, xalqlarımıza fayda gətirən amillərə əsaslanan münasibətlər quracağıq. Sizi bir daha şəxsən öz adımdan yüksək Prezident vəzifəsinə seçilməyiniz, Ukrayna xalqının Sizə göstərdiyi etimad münasibətilə təbrik etmək istəyirəm. Bu, Sizə münasibətin və Sizə bəslənilən ümidin əsas göstəricisidir. Əminəm ki, bütün bu ümidlər doğrulacaqdır”.
Viktor YANUKOVİç: Sağ olun.
* * *
Dünən İstanbulun “çırağan” sarayında dövlət və hökumət başçıları birgə şam ediblər. Azərbaycan Prezidenti İlham Əliyev şam yeməyində iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58

