Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Xalqı birləşdirən əsas amil mənəviyyatdır

Xalqı birləşdirən əsas amil mənəviyyatdır

13.06.2010 [08:51]

ümummilli lider Heydər Əliyev: Biz azərbaycanlılar öz tariximizlə, milli-mənəvi dəyərlərimizlə fəxr edirik, öz doğma ana dilimizlə fəxr edirik. Bunlar hamısı bizim milli mənəviyyatımız, milli-mənəvi dəyərlərimizdir. Bunlara görə də biz İslam dininə, İslam mədəniyyətinə mənsub olmağımızla da fəxr edirik
“Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalq yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir”. Bu sözlər Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyevə məxsusdur. Dahi rəhbərin memarı olduğu müasir Azərbaycan dövləti bu gün ümumbəşəri dəyərlərə malik demokratik ölkə olaraq dünya dövlətləri arasında öz yerini möhkəmləndirməkdədir.
Azərbaycanın prioritet istiqamətləri sosial siyasətin ön plana çəkilməsi ilə, insanların hüquq və azadlıqlarının qorunması, həmçinin, maddi və mənəvi tələbatlarının ödənilməsi və digər mühüm məsələlərdən ibarətdir. Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsi olaraq bu istiqamətdə mühüm və əhəmiyyətli layihələr icra olunmaqdadır. “Bu gün müstəqil ölkə kimi qısa tariximiz onu göstərir ki, uğurla inkişaf edirik. Azərbaycanda bütün sahələrdə görünən inkişaf onun bariz nümunəsidir. Siyasi islahatlar, demokratikləşmə prosesinin uğurla getməsi, hüquqi dövlət, ordu quruculuğu, iqtisadi islahatlar - hər bir ölkə üçün vacib olan bütün bu istiqamətlərdə biz ancaq və ancaq müsbət irəliləyişi görürük. Bu, bizim gücümüzü daha da artırır. Bugünkü Azərbaycan Azərbaycan xalqının zəhmətinin, istedadının nəticəsidir. Bu ölkəni biz qurmuşuq, Azərbaycan xalqı qurubdur” - söyləyən Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticəsi olaraq ölkəmiz daha da inkişaf edir, tərəfdaşlarının sayı artır.
Milli mədəniyyətimiz dünyaya açıq bir xalqın mədəniyyətidir
Azərbaycan beynəlxalq aləmdə zəngin mədəniyyət sahibi olan bir dövlət kimi tanınmaqdadır. Xalqımızın mədəniyyəti hər zaman dünyaya açıq bir xalqın mədəniyyəti olub. Müasir Azərbaycan dövlətinin müstəqil mədəniyyət siyasətinin işlənib hazırlanması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, hələ ötən əsrin 70-ci illərindən başlayaraq Sovetlər Birliyinin hüdudları daxilində milli mədəniyyətin inkişafı uğrunda mübarizə aparan Heydər Əliyevin azərbaycançılıq ideyası bu gün 50 milyondan artıq azərbaycanlını birləşdirir. Zəmanəmizin böyük filosofu və mütəfəkkirinin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyən etdi, milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratdı.
“Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir” - söyləyən Ulu öndər Heydər Əliyev mədəniyyəti xalqın ən böyük sərvəti hesab edirdi. Və bu səbəbdən də, Ulu öndər mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün münbit şərait yaradıb.
Azərbaycan xalqının tarixinin elə bir səhifəsi yoxdur ki, oradakı inkişaf, tərəqqi Heydər Əliyevin adı ilə bağlı olmasın. Hətta adlarını yaratdıqları sənət inciləri ilə milli mədəniyyətimizin şanlı səhifələrinə həkk edən böyük şəxsiyyətlər belə tarixin heç bir dönəmində Ulu öndər Heydər Əliyevin dövründə olduğu qədər yüksək dəyər almayıb. Məhz Onun sayəsində dahi qələm ustalarımız, sənətkarlarımız, bir sözlə tarixi irs xəzinəmiz xalqımızın hafizə və ürəklərində zəngin mənəviyyat dünyasına çevrilib. Heydər Əliyev təkcə müasir Azərbaycan dövlətinin banisi deyil, həm də “Fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamını dillər əzbəri etməklə bu xalqın ruhunun yaradıcısıdır.
Azərbaycana rəhbərlik etdiyi dövrlərdə Ulu öndər Heydər Əliyev ölkə həyatının bütün sahələrində quruculuğun və islahatların banisi kimi tarixə düşüb. İqtisadiyyatın yenidən qurulması, kənd təsərrüfatının dirçəlişi, peşəkar ordunun yaranması, səhiyyə, elm, təhsil, mədəniyyət, incəsənət sahələrinin tərəqqisi, hüquqi dövlət quruculuğu Onun adı ilə bağlıdır.
1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra respublikamızın həyatında geniş vüsət alan ictimai-siyasi proseslər və iqtisadi islahatlar müsbətə doğru dəyişməyə başlayıb. Qısa müddətdə digər sahələr ilə yanaşı mədəniyyətin yüksəlişi və milli-mənəvi dəyərlərin dirçəlişi istiqamətində mühüm addımlar atılıb.
Heydər Əliyevin xidmətlərinin nəticəsi olaraq Azərbaycan mədəniyyəti sözün həqiqi mənasında böyük bir yüksəliş dövrü keçib. Bu gün Azərbaycan ədəbiyyatı, musiqisi, rəngkarlığı, xalq sənətkarlığı, kino və teatr sənəti bütövlükdə mədəniyyəti dünya şöhrəti qazanıb. Bu gün Ulu öndər Heydər Əliyevin inkişaf və yüksəliş yolu dövlət başçısı İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. ölkə rəhbərinin bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsinin də hərtərəfli inkişafı üçün göstərdiyi diqqət və qayğı bir daha təsdiq edir ki, Heydər Əliyevin milli-mədəni intibah siyasəti bu gün də yaşayır, ümummilli təkamülə təminat yaradır.
Azərbaycan xalqı daim ən yüksək mənəvi dəyərlərin daşıyıcısı olub
Tarixin bütün dövrlərində Azərbaycan dini dəyərlərə və müxtəlif dinlərin mənsublarına münasibətinə görə, sözün əsl mənasında, tolerantlıq nümunəsi olub. Müxtəlif zaman kəsiklərində işğallara məruz qalmasına, müxtəlif xalqlar tərəfindən assimilyasiya cəhdlərinə baxmayaraq, Azərbaycan xalqı daim ən yüksək dini, mənəvi dəyərlərin daşıyıcısı olub və birgə yaşadığı xalqların mənəvi-mədəni dəyərlərinin yüksək səviyyədə formalaşması və inkişafına mühüm töhfələr verib.
“Heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacağıq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq! Biz dini ilk növbədə mədəniyyətin, tarixi irsin, milli mentalitetimizin bir fenomeni və ayrılmaz bir hissəsi kimi qəbul edirik” - deyən dahi öndər Heydər Əliyev şəxsiyyəti üçün xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılan milli-mənəvi dəyərlərinə bağlılığı böyük önəm daşıyıb.
“Bütün dinlər həmişə insanları sağlam mənəviyyata, düz yola dəvət ediblər. Dinin əsas məqsədi o olub ki, insanlar ədalətli, xeyirxah, sədaqətli, səmimi olsun, cinayət etməsin, cəmiyyətə fayda versin. Ona görə də, bizim dinə münasibətimiz, sadəcə, onun əsasları ilə bağlıdır. Azərbaycanda bundan sonra da din, vicdan azadlığı təmin olunacaq və hər bir insan öz istədiyi kimi, sərbəst, rahat yaşayacaqdır. Azərbaycanda müxtəlif dinlərin bu cür birliyinin olması müstəsna dərəcədə nümunəvi xarakter daşıyır. Bu, əslində Azərbaycanın reallığını, eyni zamanda, Azərbaycan xalqının dini dözümlüyünü göstərir”, söyləyən Ulu öndərin yürütdüyü uğurlu siyasət nəticəsində ölkəmizdə dini tolerantılığın təməli qoyulub.
ölkəmiz müstəqillik əldə etdikdən sonra İslam ənənələrinə əsaslanan müqəddəs bayramların qeyd olunmasının bərpa edilməsi, hər bir vətəndaşa etiqad azadlığından yararlanmağa maksimum şəraitin yaradılması, eləcə də, müxtəlif millətlərin və dinlərin nümayəndələrinə yüksək diqqət və qayğının göstərilməsi ölkəmizdəki mövcud humanitar dəyərlərin, eyni zamanda, münasibət və meyillərin inkişafına yüksək stimul verib. Bu da, şübhəsiz, Azərbaycanı yüksək səviyyəli dəyərlərin daşıyıcısı olan müxtəlif xalqlar və dinlərin nümayəndələrinin birgə yaşadığı ideal və arzuedilən məmləkətə çevirib.
ölkəmizin paytaxtı Bakı şəhərinin İslam mədəniyyətinin paytaxtı seçilməsi, son illər ard-arda reallaşan və İslam dini dəyərlərinin inkişaf etdirilməsi və dini həmrəyliyin daha da möhkəmləndirilməsi baxımından mühüm önəm kəsb edən tədbirlərə ev sahibliyi etməsi sadaladıqlarımızın sübutudur.
Ulu öndərin dediyi kimi milli və dini adət-ənənələrimizin məqsədi yalnız insanları düzlüyə, paklığa dəvət etməkdən, insanları bu əhval-ruhiyyədə tərbiyə etməkdən ibarətdir. Xalqımızın milli-mənəvi dəyərləri, dinimizin adət-ənənələri və dəyərləri bizim milli sərvətimizdir. ölkəmizdə hər bir insanın sərbəst olaraq öz dini adət-ənənələrinə xidmət və onlardan istifadə etməsinə bütün imkanlar yaradılıb. Hətta İslam dininin inkişafı üçün dövlət tərəfindən lazımi tədbirlər görülür, mənəviyyatı daha da zənginləşdirmək üçün məscidlər əsaslı təmir olunur və yeniləri tikilir. Və  Azərbaycanla digər müsəlman ölkələri arasındakı mədəni əlaqələr sürətlə inkişaf etdirilir.
Elm və təhsilin inkişafı prioritet istiqamətlərdəndir
Gündəlik həyat və fəaliyyətimizin hər addımında dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörən əməllərinin xoş nəticələri ilə rastlaşırıq. Azərbaycan tarixinin Heydər Əliyev dövrü taleyüklü məqamları, dövlətçilik uğrunda gərgin mübarizə ilə öz çəkisinə görə bütöv bir mərhələ, epoxadır. Belə ki, Ulu öndərin növbəti dəfə hakimiyyətə gəlişindən sonra ölkəmiz bütün sosial-iqtisadi istiqamətlərdə sürətlə inkişaf etməyə başladı. Qısa müddətdən sonra ölkədə siyasi-iqtisadi stabilliyi təmin edən Ulu öndər ölkəyə rəhbərlik etdiyi əvvəlki dövrlərdə olduğu kimi, müstəqil Azərbaycanda da elmin, təhsilin hamisinə çevrildi. Dövlət rəhbəri və siyasətçi kimi bütün müsbət xüsusiyyətləri özündə cəmləşdirən Heydər Əliyev elm-təhsil sahəsinə xüsusi diqqət göstərirdi.
Milli intibahın təminatında başlıca vasitə sayılan elm və təhsil cəmiyyətdə bir çox problemlərin həllində mühüm rol oynayır. Dünyəvi təhsilə inteqrasiya yolunu seçən Azərbaycan Respublikasında müstəqilliyin bərpasından sonra bu strateji sahəyə milli təhlükəsizliyin mühüm amillərindən biri kimi xüsusi diqqətin yetirilməsi bu nəticəyə gəlməyə əsas verir ki, ölkədə elm və təhsil problemləri ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil edir. ümummilli lider Heydər Əliyevin Azərbaycanda elm və təhsillə bağlı siyasəti real şəkildə özünün müsbət təzahürünü göstərməkdədir. Belə ki, Ulu öndər bu sahələrə xüsusi həssaslıqla yanaşaraq, daim qayğı göstərib. ümummilli lider öz çıxışlarında da dəfələrlə təhsilin mürəkkəb və olduqca vacib bir sahə olduğunu vurğulayaraq qeyd edib ki, “təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”.
Tarixə nəzər saldıqda görərik ki, Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində də bu məsələni daim diqqət mərkəzində saxlayıb. Həmin illər  təhsil sistemində ciddi islahatlar həyata keçirilib. 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul edilən qərarlar nəticəsində Azərbaycanda orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilərək 765-dən 2117-yə çatdırılıb. Bu da yüzlərlə ucqar yaşayış məskənlərində orta ümumtəhsil məktəblərinin açılışı, minlərlə azyaşlının təhsilə cəlb edilməsinə şərait yaradıb.
ümummilli lider Heydər Əliyevin sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə ölkədə 5 yeni ali təhsil müəssisəsi açılıb və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artıb. Eləcə də, dahi rəhbər keçmiş İttifaqın ən nüfuzlu təhsil müəssisələrində azərbaycanlıların oxumasına çalışıb və bu istiqamətdə əsaslı dönüş yaradıb. Məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilib ki, bu da respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə imkan yaradıb.
Ulu öndər Heydər Əliyev müstəqillik illərində də elm və təhsilin inkişafını diqqətdən kənarda qoymayıb, o cümlədən, elm-təhsil problemlərinə kompleks şəkildə yanaşıb. ölkə başçısı bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirib, mühüm tarixi fərman və sərəncamlar imzalayıb.
Heydər Əliyevin təhsil siyasəti konsepsiyasına əsasən ali məktəblərimizin əksəriyyətində təhsil alan gənclərin elmi-tədqiqat işlərinə cəlb olunması üçün, demək olar ki, lazımi şərait yaradılıb. Son dövrlər hər il tələbələrin müxtəlif fənlər üzrə respublika olimpiadaları, konfranslar, aspirantların və gənc tədqiqatçıların respublika simpoziumları, müsabiqələr keçirilir ki, bu da elmə, elmi tədqiqatlara olan marağı daha da artırır. Eyni zamanda, 1998-ci ildən bu günə qədər elmi-tədqiqat müəssisələrinin və ali məktəblərin 1500-dən artıq əməkdaşı müxtəlif ölkələrdə - ABŞ, Böyük Britaniya, Polşa, Rusiya, Türkiyə, Almaniya, Yunanıstan və başqa ölkələrdə yaradıcı ezamiyyətlərdə olub, Azərbaycan elmini yüksək səviyyədə təmsil ediblər.
Bütün sahələrdə olduğu kimi, Azərbay
can elminin də inkişafı istiqamətində ümummilli lider Heydər Əliyevin siyasəti bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Turanə QADİRQIZI
Paylaş:
Baxılıb: 984 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31