Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Kanadada yaşayan mühacir: “Gəncə hadisəsini mənim əlimlə Əli Kərimli törədib”

Kanadada yaşayan mühacir: “Gəncə hadisəsini mənim əlimlə Əli Kərimli törədib”

28.10.2021 [23:28]

“Hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməyə hazıram”

“Heydər Əliyev məni səfalətdən qurtardı, nankorluq etsəm də, Cənab Prezident İlham Əliyevin mərhəmətinə sığınıram”

Elbəyi Həsənli Sürixdən “Yeni Azərbaycan”a yazır...

1969-cu ildə Bərdədə doğulan Sahib Teymurovu çoxdan tanıyıram. Köhnə söhbətdir. Onda hələ Heydər Əliyev sağ idi. Sahib Teymurovun “Nizami” kinoteatrının arxasında şəxsi ticarət köşkü vardı. Uşaq evində böyümüş, kimsəsiz kasıb bir gəncin şəhərin mərkəzində belə bir satış obyektinə sahib olması təsadüfi deyildi. Sahib Teymurov 1999-cu ildə mərhum Prezident Heydər Əliyevin qəbulunda olub. Heydər Əliyevin göstərişi ilə ona dolanışıq üçün belə bir imkan yaradılıb. Üstəlik, ona torpaq sahəsi və 3 otaqlı mənzil verilib. Ancaq işlər o qədər də yaxşı getmirdi. Ciddi gəlir gətirən bu obyekt çoxlarının gözünə girirdi. O yeri ələ keçirmək eşqinə düşənlər çox idi. Təhlükə getdikcə güclənirdi. Elə bu səbəbdən də o, günlərin birində “Yeni Müsavat” qəzetinə üz tutdu. Əlindən çıxmaqda olan obyektinin xilası üçün müsahibə vermək istədiyini bildirdi. Dedi ki, möhtərəm Prezidentimizin mənə bağışladığı obyekt əlimdən alınsa, sosial durumum daha da ağırlaşacaq. Sahib Teymurov bildirdi ki, mən 2 yaşımdan kimsəsiz uşaqların saxlanıldığı Şəki şəhər Uşaq Evində böyümüşəm. 7 yaşımdan orta təhsilimi yetim uşaqların yaşadığı Şəki şəhər İnternat Məktəbində başa vurmuşam. Mən bu obyektin hesabına özüm kimi kimsəsiz böyüyən gənclərə maddi dəstək verirəm. Kimsəsiz gənclərə maddi dəstəyin dayandırılması onlar üçün fəlakət olacaq. Cənab Teymurov bildirdi ki, etiraz əlaməti olaraq Prezident Aparatının qarşısında çadır qurub aclıq aksiyasına başlayacaq. Ancaq uzun çəkən söhbətimizdən sonra onu bu fikrindən daşındıra bildim. Ondan götürdüyüm müsahibə öz nəticəsini verdi. Yuxarılar o obyektə göz dikən iribuynuzlu məmurları geri çəkilməyə vadar etdilər. Sahib Teymurov öz biznesini davam etdirmək şansı qazandı. O, Heydər Əliyevi böyük bir məhəbbətlə sevir. Düşünün ki, öz obyektində Heydər Əliyevin büstünü qoymuşdu. Ancaq Heydər Əliyev dünyasını dəyişəndən sonra iqtidarda ona olan isti münasibət getdikcə soyumağa başladı.

2004-cü ilin yanvarında mən Azərbaycanı tərk edib İsveçrəyə gəldim. Ancaq onunla əlaqələrimiz kəsilmədi. Arada telefonla danışardıq.

2007-ci ildə o, “Uşaq Evlərinə Qayğı” Qeyri-Hökumət Təşkilatını təsis etdi. Təşkilatın Ədliyyə Nazirliyində Dövlət qeydiyyatına alınmasına nail oldu. İctimai fəaliyyəti ilə əlaqədar Sahib Teymurov 2007-ci ilin avqustunda şərlənərək həbs olundu. Az sonra dostlarının köməyi ilə bəraət aldı. Hiss edirdim ki, onun Azərbaycanı tərk etməsi zaman məsələsidir. Günlərin birində mənə yenidən zəng gəldi. Məlum oldu ki, Sahib bəy 2017-ci ildən 3 uşağı və xanımı ilə birlikdə Kanadada yaşayırlar.

Bu günlərdə yenə zəng vurdu. Oradan-burdan danışdıq, sonda mətləbə keçdi. Dedi ki, ürəyimdə məni narahat edən dərdlərim barədə sizə məlumat vermək istəyirəm. 2018-ci il iyulun 10-da baş verən Gəncə hadisələrinə görə özümü qismən günahkar bilirəm. Bilirsən ki, o hadisələr zamanı ölənlər, yaralananlar oldu. Onlarla adam günahsız yerə zindana atıldı. Öncə Eynulla Fətullayevlə danışmaq istədim. Sənin “Əli Kərimlini əmmamələməlimi, əmmamələməməlimi?” yazını oxuyandan sonra qərarımı verdim. Düşündüm ki, sən məni də, Əli Kərimlini də yaxşı tanıyırsan. Ona görə də məni daha yaxşı başa düşərsən” İstəyirəm ki, verəcəyim bəyanatı hüquq-mühafizə orqanlarına çatması üçün ictimailəşdirəsiniz. Mən Gəncə hadisələri ilə əlaqədar istintaqla səmimi əməkdaşlıq etməyə hazıram. Bir şərtim var. Mənim haqqımda irəli sürülmüş Cinayət Məcəlləsinin 214.2  (Terrorçuluq), 220.1 (Kütləvi iğtişaş), 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) kimi ittihamlara xitam verilsin. Məni bu ağır cinayət işinə bulaşdıran, beynimi zəhərləyən insanlar olub. Onların başında isə AXCP sədri Əli Kərimli gəlir. Ümidvaram ki, bu məsələdə mənə yardımçı olacaqsınız.

Daha sonra dostum başına gələnləri belə anlatdı: “Kanadaya gəldikdən 2 ay sonra siyasi oturum aldım. Bir-iki aylıq istirahətdən sonra sosial şəbəkələrdə fəal şəkildə siyasi mübarizəyə başladım. “Facebook” üzərindən AXCP-yə dəstəyimi ifadə etmişəm. AXCP-nin təşkil etdiyi mitinqlərdə iştirakçıların sıxlığını təmin etmək üçün onlara maddi dəstək vermişəm. Əli Kərimlinin birinci müavini Nürəddin Məmmədli, Bəhruz Həsənli və Bəxtiyar İmanov  vasitəsi ilə AXCP sədri ilə sıx əlaqə yaratmışam. Dəfələrlə (050) 220-99-92 mobil telefon vasitəsi ilə Əli bəylə danışmışam. Ciddi məsələlər zamanı messencerə üstünlük verirdik. Qeyd edim ki, mən Əli Kərimlinin yaşadığı binanın 8-ci mərtəbəsində yaşayırdım. Qonşu kimi onunla tez-tez üz-üzə gəlmişəm. Yəni elə əvvəldən biz bir-birimizi yaxından tanıyırdıq. 2017-ci ildən başlayaraq AXCP-yə hərtərəfli dəstək verirdim. Bundan xəbər tutan hüquq-mühafizə orqanları mənim Bərdədə yaşayan ögey qardaşım Tahir Teymurovu külli miqdarda narkotiklə şərləyib həbs etdilər. Bu barədə kütləvi informasiya vasitələri məlumat yaymışdı. Hüquq müdafiəçiləri də bu işi diqqətdə saxlayırdı. 60 gün ərzində qardaşımın ev dustaqlığına  buraxılmasına nail olmaq üçün mübarizə aparmışam. Əli Kərimli də mənim qardaşımın azad olunması üçün Bakıdakı Amerika səfirliyinin bəzi nümayəndələri ilə əlaqədə olub. Qardaşım Tahir Teymurovun həbsdən azad olunması üçün Əli Kərimli sosial şəbəkədə xüsusi bəyanat yayıb”.

-Gəncə hadisələri ilə bağlı nə demək istəyirdiz? Bir qədər detallara vara bilərsinizmi?

-Oradan başlayım ki, heç bir qohumumla telefonla danışa bilmirəm. Səsimi eşidən kimi telefonu qapadırlar. Çünki AXCP-yə dəstək verdiyimə görə onların demək olar ki, hamısı ciddi təzyiqlərlə üzləşib və əsassız yerə həbslərə məruz qalıblar.

Gəncə hadisələri barədə bildirmək istəyirəm ki, iyulun 3-də Yunis Səfərov tərəfindən Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd cəhdi oldu. Onun mühafizəçisi Qasım Aşbazov da ağır yaralandı. Sonra Elmar Vəliyev müalicə üçün İsrailə getdi.

O vaxt Əli Kərimli messencer vasitəsilə mənə dedi ki, Gəncədə mitinq təşkil etmək lazımdır. Mən onunla razılaşıb bu işi öz üzərimə götürdüm. Əvvəlcə mitinqin saat 15:00-da olacağını elan etdim. Əli Kərimli mənə dedi ki, mitinqi saat 20:00-a təyin etmək gərəkir. Çünki Yunis Səfərov olayı təxminən o saatda olmuşdu. Gəncə mitinqinin təşkili üçün Əli Kərimli ilə bir neçə dəfə danışmalı oldum. Sosial şəbəkə üzərindən xalqı ayağa qalxmağa, kütləvi şəkildə mitinqə qoşulmağa təhrik edirdim. Mitinqin izdihamlı baş tutması üçün Əli Kərimlinin tapşırığı ilə AXCP fəalları sosial şəbəkələrdə mənə hər cür dəstək verirdilər. Mitinqin vaxtına bir gün qalmış Gəncə əhalisinə və digər rayon sakinlərinə video müraciətlə çağırış edib dedim ki, əgər Gəncə mitinqindən sonra iqtidar ölkəyə nəzarəti əldən verərsə, Əli Kərimli dərhal hakimiyyəti ələ almalı və xalqı meydanlara toplaşması üçün çağırış etməlidir. Mənim 9 iyulda paylaşdığım video-müraciətim Əli Kərimlinin ürəyincə olmadı. Əli Kərimli tələb edirdi ki, mən o müraciəti silim. Başqa bir videomüraciət hazırlayım. Orada onun adını yox, Müsavat Partiyasının adını çəkim. Mən isə bunun artıq mümkün olmadığını ona bildirdim. Xalqa son müraciətim iyulun 9-da olub. Bu müraciətdən 2 gün qabaq isə mənim Bərdə rayonunda yaşayan bacım oğlu Arzu Mehdiyevi də narkotik maddə ilə həbs etdilər. Ramil Usubov daxili işlər naziri olanda şəxsən mənim bacım oğlu Fuad Məmmədovu polis orqanlarına işə götürmüşdü. Gəncə hadisələrinə görə bacım oğlunu da polis orqanlarından qovdular.

Gəncə hadisələri zamanı ağır cinayətlər törədildi. Belə ki, Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini Səməd Abbasov etirazçılar tərəfindən amansızlıqla öldürüldü. Bu cinayətə görə 40 nəfər 5 ildən 10 ilə qədər həbs cəzası aldı.

Mən Əli Kərimli ilə əlaqələrimi davam etdirməli oldum. Ona deyirdim ki, qohumlarım həbs olundu və işdən qovuldu. Ancaq Əli Kərimli bu işə əvvəlki qədər maraq göstərmədi.

Bəhruz Həsənliyə söylədim ki, sən mənə demişdin ki, Əli Kərimli Gəncədə keçiriləcək mitinqdən 3-4 saat əvvəl xalqa müraciət edəcək. Ancaq belə bir müraciət olmadı. Demişdiniz ki, mitinqin kütləviliyini təşkil etmək üçün ciddi iş aparacaqsınız. Ancaq belə bir iş də aparılmadı.

Getdikcə Əli Kərimli və onun ətrafı ilə münasibətlərim soyumağa başladı. O, daha mənim zənglərimə cavab vermək istəmirdi. Gəncə hadisələrindən sonra AXCP fəalları Gəncə hadisələri haqqında hər hansı bir müzakirədən yayınırdı. Hiss edirdim ki, onlar məni meydanda tək qoyublar. Bir gün Kanada miqrasiya xidmətindən mənə rəsmi olaraq bildirildi ki, həbs olunmağınız üçün Azərbaycanın DİN və DTX hərəkətə keçib. Haqqınızda beynəlxalq axtarış verilib. Bu məsələni də Əli Kərimli ilə müzakirə etdim. Bu işlə maraqlanmadı, dedi ki, mənim bacım oğlunun həbsdən azad olunması üçün Bakıdakı Amerika səfirliyi ilə danışıqlar aparır.

Sonra gördüm ki, cəbhəçilər sosial şəbəkələrdə mənim haqqımda böhtan və alçaldıcı xarakterli məlumatlar yaymağa başlayıblar. Mənə “satqın”, “ agent” deyirlər. Heydər Əliyevlə görüşümdən, mərhum prezidentin mənə verdiyi ev və ticarət obyektindən yazırlar. AXCP-nin təşkil etdiyi bu trol hücumu mənə pis təsir etdi. Əli Kərimliyə mesajla bildirdim ki, bu məsələləri ictimailəşdirsəm sizin üçün də yaxşı olmayacaq. Əli Kərimli, Gəncə mitinqi ilə bağlı mən birbaşa sizin təkidiniz və tələbinizlə xalqa çağırış etmişəm. Heç bir siyasi partiyanın üzvü olmasam da mən sizə inandım, sizin partiyanın təşkil etdiyi mitinqlərə maddi dəstək verdim. Gördüm ki, Əli Kərimli məni başından etməyə çalışır. Dedi ki, mən Milli Şuranın yığıncağına tələsirəm. Sosial şəbəkələrdə AXCP fəallarına düşünmədən dəstək verib dəfələrlə mənə yaxşılıq edən adamlarla düşmən olmuşdum. Elə bil ki, onlar məni ovsunlamışdı. Nə etdiyimin fərqində deyildim. Həyatım boyu demokratik fikirli bir vətəndaş olmuşam və insanların fikir azadlığını cəmiyyətin ali norması saymışam. Bəzən insan bilməyərəkdən ağla gəlməyən səhvlərə yol verir. Məsələn, dəyərli dostumuz Rauf Arifoğlu barədə sosial şəbəkələrdə səhvən yazdığım aşağılayıcı statuslara görə son dərəcə üzgünəm. Səmimi qəlbdən hörmətli Rauf Arifoğludan və Eynulla Fətullayevdən üzr istəyirəm. Xüsusi olaraq deməliyəm ki, Rauf Arifoğlu mənə həmişə yaxşılıq edib. “Yeni Müsavat” qəzeti neçə dəfə məni fəlakətdən qurtarıb. Ümid edirəm ki, Rauf bəy məni bağışlayar.

-Etiraf edirsizmi ki, Gəncə hadislərinin təşkilatçısı siz olmusuz?

-Hüquq-mühafizə orqanları bilməlidir ki, Gəncə hadisələrinə görə mən Sahib Teymurov yox, Əli Kərimli məsuliyyət daşıyır. Çünki bu işin başında o dayanmışdı. Mən öz səfehliyim ucbatından Əli Kərimlinin təsiri altına düşərək xalqı küçə və meydanlara axışmağa çağırmışam. İnsan ölümü ilə nəticələnən bu hadisələr mənə rahatlıq vermir. Vicdan əzabı çəkirəm. Təbii ki, özümü günahkar sayıram. Ancaq mən bu işdə təlimatı yerinə yetirən birisi olmuşam. Göstərişlər isə Əli Kərimlidən gəlib. Mənim kor-koranə şəkildə Əli Kərimliyə inanmağım mənə də, ailə üzvlərimə də, bütün qohum-əqrəbama da çox baha başa gəldi.

Ona da inanıram ki, Cənab Prezident İlham Əliyev mənim bu səmimi etirafımı qəbul edəcək. Onun mərhum atası məni səfalətdən xilas etmişdi. Ulu Öndəri həmişə rəhmət hissi ilə anıram. İnanıram ki, möhtərəm Prezidentimiz İlham Əliyev də məni ağılsızlığım ucbatından törətdiyim məsuliyyətsiz əməllərə görə əfv edəcək. Mən görünməmiş nankorluq etsəm də İlham Əliyevin mərhəmətinə sığınıram. Bu mərhəmət nəticəsində mən də, ən önəmlisi isə ailə üzvlərim - xanımım və 3 övladım çox sevdikləri Azərbaycana yenidən qovuşa bilər. İnanıram ki, Cənab Prezident İlham Əliyev uzaq Kanadada yaşayan 5 azərbaycanlının vətən həsrətinə son qoya bilər...

Paylaş
Baxılıb: 128 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31