Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Bakıda daha bir ilkə imza atılır

Bakıda daha bir ilkə imza atılır

30.06.2022 [09:57]

Qoşulmama Hərəkatının fəaliyyətində yeni mərhələnin başlanğıcı

Parlament Şəbəkəsi Hərəkata və üzv dövlətlərə nə vəd edir?

Nurlan QƏLƏNDƏRLİ

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Tahanı qəbulu zamanı bir sıra mühüm məqamlara toxundu. Bunlardan biri də Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis edilməsi məsələsi oldu.

Ekspertlərin qənaətinə əsasən, bu, təşkilat daxilində ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı, o cümlədən yeni təşəbbüslərin irəli sürülməsi və reallaşdırılması baxımından əhəmiyyətlidir.

Artıq praktik addımlar atılır. Bu gün ölkəmizdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının işə başlaması bu baxımdan xüsusi qeyd edilməlidir. Konfrans “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunub. Tədbirdə dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçilərinin iştirakı nəzərdə tutulub. Məlumata əsasən, konfransda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydaları, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq ediləcək, “Bakı Bəyannaməsi” qəbul olunacaq, qurumun sədri və sədr müavinləri seçiləcək.

Xatırlatmaq yerinə düşər ki, ötən ilin noyabr ayının 28-də Qoşulmama Hərəkatının sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü əsasında İspaniyanın paytaxtı Madrid şəhərində təşkilatın Parlamentlər Şəbəkəsinin təsis iclası keçirilib. 50-yə yaxın ölkədən 200-ə qədər nümayəndənin iştirak etdiyi iclasda qeyd edilib ki, bu addım Hərəkatın fundamental prinsiplərinin təşviqinə, üzv dövlətlər tərəfindən qəbul edilmiş qərarlara parlament dəstəyinin təmin olunmasına, habelə Qoşulmama Hərəkatı sıralarında yer alan ölkələr üçün ümumi maraq kəsb edən məsələlərin həllinə parlamentlərin töhfə verməsinə imkan yaradacaq. İclasın yekununda qəbul edilən Madrid Bəyannaməsində Parlament Şəbəkəsinin fəaliyyət istiqamətləri və funksiyaları vurğulanıb, Azərbaycanın təşkilata səmərəli sədrliyi təqdir olunub.

Əlbəttə, Parlament Şəbəkəsinin formalaşdırılması siyasi məzmuna malik olmaqla dövlətlərarası işbirliyinin güclənməsinə, təmasların sıxlaşdırılmasına töhfədir.

Xüsusilə nəzərə almaq lazımdır ki, Qoşulmama Hərəkatı ciddi siyasi potensiala malikdir. BMT-dən sonra ikinci ən böyük təşkilat olan Qoşulmama Hərəkatı sıralarında 120 ölkəni birləşdirir. Təşkilatın 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var. Dünya dövlətlərinin üçdəikisini əhatə edən bir təsisatın toplantılarında müzakirə edilən məsələlər, şübhəsiz ki, BMT Baş Assambleyasının gündəliyinin formalaşmasına da böyük təsir göstərir.

Təşkilatın fəaliyyəti “Bandunq prinsipləri” əsasında tənzimlənir. Həmin prinsiplər ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq kimi məsələləri ehtiva, ikitərəfli və çoxtərəfli əlaqələri isə təşviq edir. “Bandunq prinsipləri” təşkilat sıralarında olan dövlətlərin xarici siyasət prioritetlərinə uyğundur və əlaqələrin formalaşdırılması və inkişafı, əməkdaşlığın dərinləşdirilməsi üçün siyasi-hüquqi baza rolunda çıxış edir. 

Qoşulmama Hərəkatında fəal təmsil olunmaqla ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirmək Azərbaycanın xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir. Milli maraqlara əsaslanan uğurlu strateji kurs həyata keçirən Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür və 2019-cu ildən təşkilata sədrlik edir. Qeyd edək ki, Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə quruma 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edilib. Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş 18-ci Zirvə Görüşündə quruma sədrlik Azərbaycana keçib. Prosedura görə, Azərbaycanın sədrlik müddəti 2022-ci ildə bitməli idi, lakin hərəkata üzv dövlətlərin yekdil istəyi ilə bu müddət 2023-cü ilə qədər uzadıldı. Daha dəqiq desək, Qoşulmama Hərəkatına üzv dövlətlər ölkəmizə Hərəkata əlavə bir il də sədrlik etmək barədə müraciət ünvanlayıblar və bu müaciət respublikamız tərəfindən müsbət dəyərləndirilib. Prezident İlham Əliyev 2021-ci il iyulun 13-də Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin onlayn formatda keçirilən aralıq konfransında videoformatda təqdim olunan çıxışında respublikamızın Qoşulmama Hərəkatında sədrlik fəaliyyətinə yüksək qiymət verildiyini ifadə edərək vurğulayıb: “Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur. Bu səbəbdən 10 il əvvəl Azərbaycan Qoşulmama Hərəkatı ailəsinin üzvü oldu. Qısa müddət ərzində ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazandı”.

Qoşulmama Hərəkatı münasibətləri inkişaf etdirmək baxımından vacib platforma olmaqla yanaşı, prinsipial və sistemli beynəlxalq dəstəyin təmin edilməsi xüsusunda da önəmlidir. Sadəcə, iki fakta diqqət yetirək:

- 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsi prosesi zamanı Azərbaycanı dəstəkləyən ölkələr sırasında Qoşulmama Hərəkatında təmsil olunan dövlətlər xüsusi yer tuturdu. Əlbəttə, bu, Azərbaycanın yüksək beynəlxalq nüfuzunun göstəricisi, Prezident İlham Əliyevin dərin strateji diplomatiya siyasətinin nəticəsi idi. Qoşulmama Hərəkatının sıralarında birləşən dövlətlərin və digər ölkələrin dəstəyi, başqa sözlə, beynəlxalq ictimaiyyətin etimadı isə özünü doğrultdu. Azərbaycan BMT TŞ-dəki fəaliyyəti ilə humanizm dəyərlərinə, sülh, sabitlik və təhlükəsizliyə, taleyüklü məsələlərdə beynəlxalq həmrəyliyə və əməkdaşlığa böyük önəm verdiyini nümayiş etdirdi;

-  44 günlük Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasında baş tutmuş müzakirələr zamanı Qoşulmama Hərəkatının üzv dövlətləri Azərbaycana qarşı qərəzli və qeyri-obyektiv qətnamənin qəbuluna mane oldular. Bu ölkələr təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdirdilər. Bunun nəticəsində Təhlükəsizlik Şurasının bir sıra daimi üzvləri bəyanat layihəsini geri götürməyə məcbur oldular.

Azərbaycanın həm təşkilat daxilində, həm də Hərəkata sədr kimi fəaliyyətinin çox mühüm istiqamətlərindən, eləcə də faydalı nəticələrindən biri Qoşulmama Hərəkatı ilə digər beynəlxalq təşkilatlar arasında əməkdaşlıq əlaqələrinin qurulması və inkişafıdır. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatının vahid səsini ucaldaraq, Hərəkatın maraqlarını bütün mümkün beynəlxalq platformalarda müdafiə etmişdir. “Bakı Zirvə görüşündəki çıxışımda vurğulamışdım ki, Qoşulmama Hərəkatının digər təsisatlarla dialoqunun inkişaf etdirilməsi və əməkdaşlığın coğrafiyasının genişləndirilməsi Azərbaycanın sədrliyinin prioritetləri sırasında olacaq. Məmnunluqla qeyd edirəm ki, Azərbaycan sədrliyi dövründə digər beynəlxalq təsisatlarla körpülərin yaradılmasına müvəffəq olub”, - deyə dövlətimizin başçısı vurğulayıb. Qeyd edək ki, Qoşulmama Hərəkatının Təmas Qrupu formatında 2020-ci ilin may ayında keçirilən Zirvə görüşündə 120 ölkə, həmçinin tərkibində 55 dövləti birləşdirən Afrika İttifaqı təmsil olunub. Bundan başqa, sıralarında 27 dövlətin yer aldığı Avropa İttifaqı ilk dəfə olaraq Qoşulmama Hərəkatının tədbirinə qatılıb.

Beləliklə, Azərbaycanın sədrliyi dövründə və yüksək fəallığı fonunda Qoşulmama Hərəkatında daha bir ilkə, yeniliyə və uğura imza atılır. Bu, Parlament Şəbəkəsinin fəaliyyətinin təmin, İş Qaydalarının isə müəyyən olunması, eləcə də “Bakı Bəyannaməsi”nin qəbul edilməsi ilə baş tutur. Bəzi “ekspert”lərin bədbin proqnozlarının əksinə olaraq, Qoşulmama Hərəkatının fəaliyyət dairəsi genişlənir, idarəetmə mexanizmi təkmilləşir və təşkilatın işində yeni mərhələ başlanır. Bir sözlə, Azərbaycanın başkəndi, regionun isə diplomatiya paytaxtı olan Bakıda Qoşulmama Hərəkatının tarixində yeni və daha önəmli səhifə açılır.

Paylaş:
Baxılıb: 259 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Sümük köçü

17 Avqust 10:47

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

17 Avqust 10:15

Xəbər lenti

Neft ucuzlaşıb

16 Avqust 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31