Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Problemlərin böyük hissəsi aradan qaldırılıb

Problemlərin böyük hissəsi aradan qaldırılıb

28.07.2022 [09:59]

İlham Əliyev: Hər bir kəndin problemi həll olunarsa, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq

Nicat PAŞA

Hazırda ölkə iqtisadiyyatının neft-qaz sektorundan asılılığını minimuma endirmək, tədricən azaltmaq, qeyri-neft sektorunun inkişafına nail olmaq dövlətimizin qarşısında dayanan mühüm məqsədlərdən biridir. Bu məqsədlə Prezident İlham Əliyevin rəhbərliyi ilə neft-qaz sektorundan əldə edilmiş gəlirlərdən səmərəli istifadə edərək ölkə iqtisadiyyatının digər sahələrini inkişaf etdirmək, dayanıqlı və güclü iqtisadiyyata nail olmaq üçün əhəmiyyətli tədbirlər görülür, əsaslı və köklü islahatlar həyata keçirilir.

Respublikamızın regionlarında sosial-iqtisadi durumun daha da yaxşılaşdırılması, şəhər və rayonlarımızın inkişafının təmin edilməsi dövlət başçımızın müxtəlif vaxtlarda imzaladığı Azərbaycan Respublikası regionlarının müvafiq dövrlər üzrə sosial-iqtisadi inkişafını müəyyən edən Dövlət proqramlarına əsasən həyata keçirilir. Məhz Dövlət proqramları əsasında həyata keçirilmiş genişmiqyaslı tədbirlərin nəticəsi olaraq respublikanın bütün şəhər və rayonları müasirləşir, abadlıq-quruculuq işləri həyata keçirilir, böyük infrastruktur layihələri icra edilir, yeni iş yerləri yaradılır, nəticə etibar ilə vətəndaşların sosial rifahının yüksəldilməsində tərəqqiyə nail olunur.

Regionların inkişafı diqqət mərkəzindədir

Dövlətimizin başçısı regionların inkişafı məsələsinə hər zaman xüsusi diqqət göstərir, bu istiqamətdə həyata keçirilən tədbirlərin gedişatı ilə birbaşa maraqlanır, tapşırıq və tövsiyələrini verir.

İyulun 25-də Prezident İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən regionların inkişafı məsələsinə xüsusi diqqət çəkib, görülən işlərlə bağlı xalqa məlumat verib. Ölkə başçısı son illər ərzində regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində bütün rayonlarda aparılan geniş abadlıq-quruculuq işlərindən, icra edilən böyük infrastruktur layihələrindən söz açıb. Prezident görülən işlər nəticəsində uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsinin aradan qalxdığını da diqqətə çatdırıb:  “Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olundu, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edildi. Əlbəttə ki, rayonların sosial-iqtisadi inkişafına bunun çox böyük töhfəsi olmuşdur. Çünki in?rastruktur olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Biz elə infrastruktur layihələri icra etdik ki, heç sovet vaxtında bunlar icra edilmirdi. Xüsusilə Lerik rayonu sovet vaxtında qazlaşdırılmamışdı. Mənim göstərişimlə Lerikə qaz çəkildi. Üç rayon dağlıq rayon olduğu üçün əlbəttə ki, qazlaşdırma ilə bağlı problemlər digər rayonlarla müqayisədə daha ciddidir. Ancaq biz imkan daxilində bütün bu işləri görməklə insanların rifah halını yaxşılaşdırmışıq”.

Nəyə gücünüz çatırsa...

Yeni təyin edilmiş icra başçılarına daim insanlarla təmasda olmağı tövsiyə edən dövlətimizin başçısı bildirdi ki, əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq: “Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz - Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın”.

Sosial ədalət prinsipinə riayət edilməlidir

Ölkə başçısı qəbul zamanı yeni təyin edilmiş rayon rəhbərlərinə tapşırıq və tövsiyələrini səsləndirərkən qeyd etdi ki, sosial ədalət prinsipinə əməl edilməlidir: “Sosial ədalət, bütövlükdə ədalət prinsipləri cəmiyyətin əsas prinsiplərindən biridir və sağlam cəmiyyətdə ədalət hökm sürür. Biz isə sağlam cəmiyyət qururuq və demək olar ki, bu işdə müvəffəqiyyətlər qazanmışıq. Bu gün Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir, Azərbaycan cəmiyyəti ölkədə gedən prosesləri dəstəkləyir, bizim xarici, daxili siyasətimizi dəstəkləyir. Çünki bizim siyasətimiz Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilib. Bizim siyasətimiz ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir. Bizim siyasətimiz nəticəsində Azərbaycan hərbi və ondan sonra siyasi yollarla Ermənistanın işğalçılıq siyasətinə son qoydu, əzəli torpaqlarımızı azad etdi, tarixi ədaləti bərpa etdi, milli qüruru bərpa etdi”.

Təşəbbüs göstərməlisiniz...

Yeni təyin edilmiş icra başçılarının rayonların inkişafı ilə bağlı təşəbbüs göstərmələrinin əhəmiyyətindən danışan Prezident bəzi hallarda yerli icra orqanlarının dövlət tərəfindən layihələrin icrasını gözlədiklərini, yaxud sahibkarlar qarşısında müəyyən qanunsuz, əsassız tələblər irəli sürüldüyünü vurğuladı: “Bəzi hallarda yerli icra orqanları bir qədər tənbəllik edirlər, ya gözləyirlər ki, dövlət tərəfindən hansısa layihələr icra ediləcək, ya da ki, sahibkar gəlib onların qapısını döyəcək. Belə olan halda, bəzi hallarda sahibkarlar qarşısında müəyyən qanunsuz, əsassız tələblər irəli sürülür. Siz özünüz sahibkarları rayonlarınıza cəlb etməlisiniz, həm yerli sahibkarları, həm də xarici sahibkarları”.

Turizmin inkişafı əsas vəzifələrdən biridir

Göygöl, Lerik və Masallı rayonlarının turizm imkanlarından danışan Prezident İlham Əliyev bu rayonların turizm mərkəzinə çevrilməsinin əsas vəzifələrdən biri olduğunu qeyd etdi: “Xüsusilə nəzərə alsaq ki, Göygöl, Masallı və Lerik rayonlarının turizm potensialı çox zəngindir və bu rayonların füsunkar təbiəti bizim böyük sərvətimizdir - meşələr, dağlar, bulaqlar, çaylar, şəlalələr. Yəni, bu rayonları, sözün əsl mənasında, turizm mərkəzinə çevirmək hesab edirəm ki, əsas vəzifələrdən biridir”.

Dövlətimizin başçısı bu istiqamətdə görülən işlər barədə də danışıb: “Son illərdə bir çox işlər görülüb. Mən dəfələrlə Göygöl, Lerik və Masallı rayonlarında olarkən, o cümlədən bu məsələ ilə də maraqlanırdım və öz tövsiyələrimi verirdim. Bilirəm ki, bu rayonlarda müasir istirahət zonaları, otel kompleksləri inşa edilib və əlbəttə ki, bu proses daha geniş vüsət almalıdır. Bir neçə il bundan əvvəl, hətta Vətən müharibəsinə qədər biz Göygöl gölünü də ictimaiyyət üçün açdıq. Mən əvvəlki illərdə, müharibədən əvvəlki illərdə də maraqlanırdım ki, nə üçün Göygöl gölümüzə, bizim təbii sərvətimizə insanların yaxınlaşması, yaxud da ki, gəlişi mümkün deyil. Bunu onunla əsaslandırırdılar ki, təmas xəttinə yaxın olan ərazidir. Ondan sonra araşdırmağa başladıq və gördük ki, Göygöl gölü turizm obyekti kimi və bu gölün ekoloji vəziyyəti, ekosistemi qorunmaq şərtilə açıla bilər və bunu da etdik. İndi minlərlə insan hər gün, xüsusilə yaz-yay mövsümlərində Göygöl gölünə gəlir, bu gözəl mənzərəni seyr edir, xüsusilə Vətən müharibəsindən sonra ki, artıq biz düşməni torpaqlarımızdan qovduq. Əlbəttə ki, bu gözəl yerin turizm üçün çox böyük əhəmiyyəti var. Eyni zamanda, nəzərə alsaq ki, bu gün Göygöl rayonundan Kəlbəcər rayonuna yol açılır, tunel çəkilir, bu rayonun Kəlbəcər-Laçın zonasının inkişafı ilə bağlı xüsusi rolu vardır.

Digər rayonlarda da turizm potensialı çox zəngindir. Vaxtilə Lənkəran-Lerik yolu bərbad vəziyyətdə olduğu üçün Lerik rayonuna demək olar ki, turizm axını yox idi. Mənim göstərişimlə yol əsaslı şəkildə təmir olundu, yenidən quruldu. Lerik rayonuna da turizm axını başlamışdır. Bu rayonun da çox böyük tarixi, çox böyük sərvətləri var. Masallı rayonunun da həmçinin. Masallı rayonunun dağlıq hissəsi, düzən hissələri var. Bir daha demək istəyirəm ki, bu rayonların turizm potensialı çox zəngindir”.

İmkanlar var

Hər üç rayonda kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar olduğunu bəyan edən Prezident qeyd etdi ki, burada da müasir tələblərə uyğun kənd təsərrüfatı yaradılmalı, müasir aqrotexniki tədbirlərin görülməsi, tətbiq edilməsi şərtilə heyvandarlıq, bitkiçilik rayonların xüsusiyyətlərinə görə inkişaf etdirilməlidir. Bununla bağlı olan çox ciddi məsələ torpaqlardan səmərəli istifadə edilməsidir: “Əfsuslar olsun ki, əvvəlki illərdə bəzi dövlət məmurları və bəzi sahibkarlar tərəfindən böyük torpaq sahələri hasarlanmışdır, qanunsuz zəbt edilmişdir. Kənd təsərrüfatı üçün nəzərdə tutulan torpaqlarda ya evlər tikilmişdir, ya da ki, sadəcə olaraq, o sahələr hasarlanıb kiminsə mülkiyyətinə çevrilmişdir. Biz bu məsələni bu yaxınlarda ciddi araşdırmağa başladıq və gördük ki, burada çox böyük pozuntular var. Vəzifəli şəxslər yerli icra orqanlarının nümayəndələrinə göstəriş verirdilər ki, o torpağı mənə ver, bu torpağı mənə ver. Beləliklə də torpaq fondu azalırdı və torpaqların qanunsuz zəbt edilməsi prosesi əfsuslar olsun ki, geniş vüsət almışdır. Bu, təkcə regionlara aid olan məsələ deyil, Bakı şəhərində, Abşeron yarımadasında da belə hallar var. Yəqin siz də bilirsiniz, bu yaxınlarda ictimaiyyətin bir qrup nümayəndəsi mənə müraciət etmişdir ki, böyük tarixə malik olan Buzovna qayaları bəzi insanlar tərəfindən zəbt edilmişdir. Mən Bakı Şəhər İcra Hakimiyyətinin başçısına dərhal göstəriş verdim ki, bu məsələ araşdırılsın, mənə məruzə edilsin və mənə məruzə edildi. Çox böyük pozuntular aşkarlandı, çox böyük pozuntular. Bu qanunsuz əməllərə kimlər əl atıb? Dövlət məmurları və bəzi dırnaqarası sahibkarlar! Onların da siyahısı var. Bu, tarixə qarşı, bizim təbiətimizə qarşı cinayətdir. Bu qayalar Bakının rəmzidir, bu qayalar əsrlər boyu sahilimizin gözəlliyini əks etdirirdi. Bu qayalara insanlar yaxınlaşırdı, orada filmlər çəkilirdi. Kimsə bunu zəbt edir, onları sındırır, özləri üçün villa tikir”.

Qeyd olunan məqamlar respublikamızın bütün şəhər və rayonlarında görülən işlərin, həyata keçirilən geniş infrastruktur layihələrin real nəticələrini özündə əks etdirir. Qazanılan nailiyyətlər onu deməyə əsas verir ki, regionların hərtərəfli inkişafı bundan sonra da davam edəcək.

Paylaş:
Baxılıb: 118 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

08 Avqust 11:08

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

İqtisadiyyat

İqtisadiyyat

Xəbər lenti

Müsahibə

Xəbər lenti

8 avqust 1991-ci il...

06 Avqust 10:12

Prezident bu gün

Prezident bu gün

06 Avqust 10:08

Siyasət

Səfirliyimizə hücum...

06 Avqust 10:05  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31