Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Orta Dəhlizdə ortaq maraqlar

Orta Dəhlizdə ortaq maraqlar

04.08.2022 [10:05]

Mübariz ABDULLAYEV

Son vaxtlarda qlobal miqyasda müşahidə edilən geosiyasi gərginliklər, ələlxüsus da sonu görünməyən Rusiya-Ukrayna müharibəsi bütün dünya üzrə qarşıya yeni çağırışlar çıxardıb. Bu çağırışlar böyük coğrafiyanı əhatə edən Avrasiya regionunda nəqliyyat-logistika sahəsi üçün isə xüsusi aktuallıq daşıyır ki, bu da təsadüfi deyildir. Mövcud gərginliklər fonunda yükləri hansı ölkələrin üzərindən aşırmalı? Hansı marşrutlar daha təhlükəsizdir? Bu kimi suallar və əlbəttə ki, iqtisadi səmərəlilik, sərf olunan vaxt, qiymətlər kimi məsələlər hazırda daşıma şirkətlərinin və yük sahiblərinin, necə deyərlər, əsas qayğılarına çevrilib.

Orta Dəhliz üçün yeni fürsətlər

İndiki gərginliklər fonunda Avrasiya məkanından keçən bir sıra marşrutlar üçün ciddi təhdidlər yaranıb. Hazırda müharibə səbəbindən Qara dənizin Ukrayna sahillərindəki limanlarda təhlükəli vəziyyət hökm sürür və əslində, onların fəaliyyəti dayanıb. Müharibənin digər tərəfi olan Rusiyadan keçən marşrutlara təhlükəsizlik nöqteyi-nəzərindən və bir sıra başqa səbəblərdən diqqət azalıb. Belə heç də adi olmayan bir şəraitdə Orta Dəhlizin cəlbediciliyi artıb və bu marşrut üçün yeni fürsətlər yaranıb. Sözügedən dəhliz Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi kimi də tanınır. Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan,  Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə genişlənib və iştirakçıların  sayı Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına genişlənib. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat  marşrutdur.

Orta Dəhlizin bir sıra önəmli üstünlüklərini sadalamaq mümkündür. İlk növbədə, onu vurğulamaq yerinə düşər ki, bütün marşrut boyunca vahid tarif, “bir pəncərə” prinsipi tətbiq olunur. Bu kimi amillər, həmçinin dəhlizin keçdiyi ölkələrdə təhlükəsizliyin təmin olunması Avropada və Asiyada ölkələrin və daşıma şirkətlərinin diqqətini Orta Dəhlizə yönəldir. 2022-ci ilin sonunadək bu dəhliz vasitəsilə yük daşımalarının həcminin 6 dəfəyədək artacağı gözlənilir.

Ölkələrin birgə səyləri

Deyə bilərik ki,  əlverişli coğrafi mövqe Orta Dəhliz üzərində yerləşən dövlətləri Avropa ilə Asiyanı birləşdirən əsas tranzit ölkələri kimi gündəmə gətirib. Orta Dəhlizin əsas üstünlüyü ondan ibarətdir ki, bütün iştirakçı dövlətlər bu marşrutun funksionallığının artırılmasına güclü siyasi iradə nümayiş etdirirlər. Dəhliz boyunca yerləşən ölkələr arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq getdikcə genişlənir ki, bu da daşımalar, yüklərin cəlb edilməsi, logistika ilə bağlı məsələlərin uzlaşdırılmasına geniş imkanlar yaradır. Orta Dəhlizin funksionallığının artmasında yeni platformada birləşən Azərbaycan, Türkiyə və Qazaxıstan mühüm rol oynayırlar. Dəhlizə daha çox həcmlərdə yüklərin cəlb olunması, həmçinin aşırma infrastrukturunun genişləndirilməsi ilə bağlı Gürcüstanın, Mərkəzi Asiya dövlətlərinin hökumətləri ilə intensiv müzakirələr aparılır və koordinasiyalı fəaliyyət təmin olunur.

Oxşar müzakirələr son vaxtlarda Azərbaycan-Türkiyə-Özbəkistan formatında da intensivləşib. Elə bu günlərdə Daşkənd şəhərində Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşü keçirilib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüşdə Azərbaycan Respublikasından xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iştirak ediblər. Nazirlər gündəlikdə duran mövzular üzrə çıxış ediblər. Görüşdə əsas müzakirə mövzularından biri Orta Dəhlizlə bağlı olub. Xüsusilə Azərbaycan, Türkiyə və Özbəkistanın yüksək tranzit potensialından daha yaxşı istifadə etmək məqsədilə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanlarına diqqət çəkilib. Bu xüsusda Orta Dəhlizin və bu dəhlizin bir hissəsi kimi Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti vurğulanıb. Mütəxəssislər Orta Dəhlizin Avropa və Asiya regionu üçün önəmini yüksək dəyərləndirirlər. Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi Şimal dəhlizi ilə yükdaşımaları məhdudlaşdırıb, odur ki, Orta Dəhliz məsafə və müddət baxımından böyük alternativ sayılır. Fikirlərinə davam edən nazir vurğulayıb: “Anadolunun Qərbindən başlayaraq Şərqə uzanan bu yol ticarətin fərqli qitələrə, hətta dünyaya yayılmasına imkan verir. Çindən Avropaya gedən yük qatarı Orta Dəhlizi və Türkiyəni seçərsə, 12 gün ərzində 10 min kilometr  deyil, 7 min kilometr məsafə qət edəcək. Bu da Asiya və Avropa arasında qlobal ticarətdə dəhlizin nə qədər sərfəli və təhlükəsiz olduğunu nümayiş etdirir. Eyni qatar Cənub dəhlizi üzrə göndərilsə, Süveyş kanalı üzərindən gəmi ilə 20 min kilometr yol qət edir. Orta Dəhliz öz imkanları ilə, şübhəsiz ki, region ölkələrinin koordinasiyalı əməkdaşlığı ilə dünya ticarətinin ən mühüm halqalarından biri olacaq. Biz Orta Dəhlizi daha da gücləndirəcəyik”.

Azərbaycanın artan rolu

Qlobal miqyasda Orta Dəhlizə marağın artmasında, heç şübhəsiz ki, Azərbaycan müstəsna rola malikdir.  Respublikamız Transxəzər marşrutu üzrə ən önəmli halqalardan birini təşkil edir.  Uzunmüddətli siyasi sabitlik, mükəmməl qanunvericilik bazası, təhlükəsizliyə verilən zəmanətlər, optimal qiymətlər, keçid prosedurlarının sadəliyi, məsafənin qısalığı, relyefin əsasən düzən olması və s. amillər transmilli şirkətlərin ölkəmizə marağını artıran səbəblər sırasında yer alır.

Burada ən əsas amillərdən biri isə müasir infrastrukturla bağlıdır. Respublikamızın ərazisindən bir-birinə inteqrasiya edilmiş Şərq-Qərb və Şimal-Cənub kimi iki mühüm dəhliz keçir. Son illərdə həm bütün respublika üzrə, həm də bəhs olunan dəhlizlər boyunca avtomobil yollarının yenidən qurulması istiqamətində çoxsaylı layihələr reallaşdırılıb. Hər iki dəhliz üzrə yollar ən müasir standartlar səviyyəsinə çatdırılıb. Hazırda respublikamızdan Rusiya, Gürcüstan, İran sərhədinə, necə deyərlər, şüşə kimi hamar yollar uzanır. Eyni zamanda, bu yollar üzərində yüksəksəviyyəli logistika xidmətləri təşkil olunub. Bütün bu kimi amillərin nəticəsidir ki, son vaxtlarda Azərbaycan üzərindən daşımaların həcmi əhəmiyyətli dərəcədə artıb. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki nitqində ölkəmiz üzərindən tranzit daşımalarının artmasından məmnunluğunu ifadə edərək vurğulayıb: “Nəqliyyat sahəsində də artım var. Tranzit yüklərin həcmi təxminən 30 faiz artıb. Mən hələ 5 ayın nəticələrini deyirəm, 30 faiz artım çox böyük artımdır. Bəzi istiqamətlər üzrə, xüsusilə Şimal-Qərb nəqliyyat dəhlizi üzrə artım 300 faizdir. Bizim coğrafi yerləşməyimiz və yaradılmış infrastruktur, əlbəttə, imkan verir ki, biz çox önəmli tranzit ölkəsinə çevrilək. Onsuz da Azərbaycan üzərindən tranzit yüklərin daşınması hər il artır, amma bu il biz daha kəskin artım görürük. Əlbəttə, burada Zəngəzur dəhlizinin imkanları da nəzərə alınmalıdır. Ona görə biz Zəngəzur dəhlizinin yaradılmasına daha sürətlə çalışırıq”.

Orta Dəhlizin digər marşrutlara inteqrasiyası

Qeyd etdiyimiz kimi, respublikamızın ərazisindən Şərq-Qərb və Şimal-Cənub kimi beynəlxalq səviyyəli marşrutlar keçir. Bu, Orta Dəhlizdə Azərbaycanın önəmini artıran amillərdən biridir. Orta Dəhliz marşrutu ilə respublikamıza çatan yüklər buradan həm Şimal-Cənub, həm də Şərq-Qərb dəhlizlərinə inteqrasiya edilmiş yollarla daşına bilər.

Bundan başqa, Azərbaycanın 44 günlük Vətən müharibəsində işğaldan azad etdiyi Şərqi Zəngəzur regionunda dəhlizin inkişaf etdirilməsi perspektivi var. Bu marşrut Naxçıvandan Türkiyəyə və oradan daha geniş coğrafiyaya uzanacaq. Yeni nəqliyyat bağlantısı Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinə, eləcə də Orta Dəhlizə inteqrasiya ediləcək. Beləliklə,  Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycanın Orta Dəhliz vasitəsilə gələn yükləri  aşırmaq imkanları daha da genişlənəcək. Eyni zamanda,  bütün region dövlətləri yeni fürsətlər qazanacaqlar.

Paylaş:
Baxılıb: 120 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

18 Avqust 10:30

Siyasət

Bu da sübut!

18 Avqust 10:29

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Sümük köçü

17 Avqust 10:47

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31