Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Tarixdən gələn bağlılıq

Tarixdən gələn bağlılıq

18.08.2022 [09:59]

Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə

Mübariz FEYİZLİ

Bu il müstəqil Azərbaycanla müstəqil Qazaxıstan arasında diplomatik münasibətlər qurulmasının 30 ili tamam olur. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 30 avqust 1992-ci ildə yaradılıb.

9 yanvar 1993-cü ildə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı, 1 mart 2004-cü ildə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfirlikləri fəaliyyətə başlayıb. Azərbaycan Respublikasının Qazaxıstanın Aktau şəhərində Baş konsulluğu 2008-ci ildən fəaliyyət göstərir. Ötən üç onillik ərzində ölkələrimiz arasında xoş mərama əsaslanan qarşılıqlı münasibətlər uğurla inkişaf edərək yüksək səviyyəyə çatıb. Xəzəryanı bölgənin iki mühüm dövlətinin yaxınlaşmasına əngəl ola biləcək heç bir amil görünmür, əksinə Azərbaycanla Qazaxıstanın dostluğunu, qardaşlığını şərtləndirən çoxsaylı amilləri sadalamaq mümkündür.

Oxşar talelər

Azərbaycanla Qazaxıstanın münasibətlərinin daim yüksələn xətlə inkişafının ən önəmli şərtlərindən biri kimi iki ölkə xalqlarının tarixdən gələn bağlılığını göstərə bilərik. Azərbaycan və qazax xalqları eyni köklərdən rişə, güc, qüvvət alan eyni bir ağacın iki budağıdırlar. Bundan başqa, xalqlarımız uzun bir zaman kəsiyində oxşar talelər yaşayıblar. Belə ki, həm çar Rusiyası, həm də sovet dönəmində vahid mərkəzdən idarə ediliblər. Stalin rejimi zamanı minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunub. Qeyri-rəsmi məlumatlara görə, hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər.

Azərbaycan və Qazaxıstanı birləşdirən digər bir mühüm amil isə, heç şübhəsiz ki, mavi sulu Xəzərdir. Ta qədimdən indiyədək Xəzər Azərbaycanla Qazaxıstan arasında gediş-gəlişin təmin olunmasında, ticarətin möhkəmlənməsində mühüm rol oynayıb. Tacirlər Xəzərdən keçməklə öz mallarını Asiyadan Avropaya və əks istiqamətə daşıyıblar. Bu gün də Xəzər hər iki ölkədən keçən və son vaxtlarda önəmi əhəmiyyətli dərəcədə artan Orta Dəhlizin mühüm seqmentlərindən birini təşkil edir. Xəzərin iqtisadi, siyasi və ekoloji önəmini nəzərə alan hər iki dövlət ekoloji problemlərinin həllinə birgə səy göstərir və müvafiq konvensiyaların hazırlanmasında, razılaşdırılmasında və onların funksionallığının təmin olunmasında koordinasiyalı fəaliyyət göstərirlər. Bu kimi tarixi bağlılıqlar,  ənənələrin, mədəniyyətlərin, dillərin oxşarlığı, din, etiqad eyniliyi və əlbəttə ki, coğrafi yaxınlıq kimi amillər iki ölkənin yaxınlaşmasında müstəsna rol oynayır. Deyə bilərik ki, Azərbaycan və Qazaxıstanın dostluğu, qardaşlığı iki ölkə xalqının və cəmiyyətinin güclü istəyi və sosial sifarişidir.

Siyasi dialoqun yüksək səviyyəsi

Eyni zamanda, ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin dərinləşməsinə dövlətlər səviyyəsində güclü siyasi iradə ortaya qoyurlar. Biz yuxarıda müstəqillik illərində iki ölkə arasında diplomatik münasibətlərin tarixinə nəzər saldıq. Azərbaycanla Qazaxıstan arasında siyasi dialoq həmişə yüksək səviyyəsi ilə fərqlənib və bu gün də belədir. Hər iki ölkənin yüksək səviyyəli rəsmiləri müntəzəm olaraq qarşılıqlı səfərlər edərək əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələr aparırlar. Prezident İlham Əliyevin Qazaxıstana ilk rəsmi səfəri 2004-cü ildə baş tutub. Ölkələrimiz arasında hökumətlərarası birgə komissiya fəaliyyət göstərir. Milli Məclisdə Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. Qrup parlamentlərarası münasibətlərin genişləndirilməsində mühüm rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müxtəlif auditoriyalardakı çıxışlarında qarşılıqlı münasibətlərin dərinləşməsindən məmnunluq ifadə edərək əməkdaşlığın perspektivləri ilə bağlı fikirlərini diqqətə çatdırıblar. “Əminəm ki, münasibətlərimizin inkişaf perspektivləri çox müsbət olacaq. Biz bundan sonra da beynəlxalq arenada bir-birimizi dəstəkləyəcək, ikitərəfli formatda müştərək layihələri həyata keçirəcəyik”,- deyə dövlətimizin başçısı vurğulayıb. Kasım-Jomart Tokayev isə bildirib ki, “dövlətlərimiz arasında münasibətlərə gəldikdə isə həqiqətən də çox böyük yol qət edilib. Əslində elə sıfırdan başladıq və indi, demək olar, bütün sahələrdə qarşılıqlı münasibətlərin çox yüksək səviyyəsinə nail olmuşuq”.

Bütövlükdə, indiyədək Azərbaycanla Qazaxıstan arasında 120-dən çox sənəd imzalanıb. İki ölkə arasında yaxın dostluq münasibətləri 1 mart 2004-cü ildə Astanada imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 24 may 2005-ci ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə möhkəmləndirilib. Qarşılıqlı etimada əsaslanmaqla imzalanan sənədlər sırasında “Azərbaycan Dəmir Yolları” QSC ilə Qazaxıstan Dəmir Yolları Milli Şirkəti arasında logistika və dəmir yolu nəqliyyat maşınqayırması sahəsində strateji əməkdaşlıq haqqında Saziş”i, “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında ikiqat vergitutma sahəsində Sazişə əlavə və dəyişikliklərin edilməsi haqqında Protokol”u, “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”i və digər sənədləri sadalamaq mümkündür. Cari ilin iyun ayında keçirilən Azərbaycan-Qazax?stan biznes-forumu çərçivəsində iki ölkə arasında yeni sənədlər imzalanıb. “Gəncə İş Adamları” İctimai Birliyinin sədri Zəfər Məmmədov və “QazTrade” SC-nin baş direktoru Azamat Askarulı Əməkdaşlıq Memorandumu imzalayıblar. Həmçinin metal məhsullarının, günəbaxan yağının, duzun, düyünün, lak və boya məhsullarının tədarükü haqqında da sənədin imzalanması baş tutub.

Eyni zamanda, Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkarimov cari ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfərinin əməkdaşlığın inkişafına təkan verəcəyini qeyd edib. Bildirib ki, səfər zamanı iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı ilə bağlı bir sıra sənədlər imzalanacaq.

Onu da qeyd edək ki, Qazaxıstan xalqı hər iki Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək nümayiş etdirib. Böyük qazax mütəfəkkiri Oljas Süleymenov 1990-cı ildə SSRİ Ali Sovetinin sessiyasında rus-erməni şovinizminə qarşı çıxış edərək Azərbaycanın haqq səsini dünyaya çatdırıb. Birinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olan qazax şəhidi Yerbol Barımbekovun xatirəsi daim anılır.

Vətən müharibəsi dövründə isə Qazaxıstan dövləti, bütün qazax xalqı haqq-ədalətin yanında olub, ölkəmizin haqlı mübarizəsini dəstəkləyib. Təsadüfi deyil ki, Qazaxıstanın ölkəmizdəki səfirliyi Qarabağda yaradılacaq kitabxanalara kitab dəstəyi verməyə hazır olduğunu qeyd edib.

Azərbaycan-Türkiyə-Qazaxıstan üçtərəfli formatı

Azərbaycan və Qazaxıstan qarşılıqlı siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq müxtəlif platformalarda, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avratlantik Tərəfdaşlıq Şurası kimi beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirlər.

Eyni zamanda, Azərbaycan, Türkiyə və Qazaxıstanın iştirakı ilə üçtərəfli platform formalaşıb. Bir qədər bundan əvvəl ölkəmizin təşəbbüsü ilə Bakıda Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Türkiyə Respublikasının xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin ilk üçtərəfli görüşü keçirilib. Görüşdə yaranan yeni geosiyasi reallıqlar və müasir çağırışlar kontekstində aktual müzakirələr aparılıb və yekun olaraq Bakı Bəyannaməsi imzalanıb. Bakıda baş tutan tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bildirdiyi kimi, bu 3 ölkə arasında qardaşlıq münasibətləri mövcuddur. Ölkələrimiz bu qardaşlıq münasibətlərinə əsaslanmaqla əməkdaşlığı dərinləşdirməyə böyük səy göstərirlər. Hər üç ölkə həm siyasi, həm də iqtisadi baxımdan regionun çox önəmli aktorları qismində çıxış edirlər. Azərbaycan, Qazaxıstan və Türkiyə arasında sıx ikitərəfli əməkdaşlıq mövcuddur, habelə bu dövlətlər regional əməkdaşlıq kontekstində, o cümlədən Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər regional təşkilatlarda qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirirlər. Hazırda Türkiyə 761.4, Qazaxıstan 181.7, Azərbaycan isə 48 milyard dollar nominal ÜDM-ə malikdirlər.

İqtisadi sahədə əməkdaşlığın prioritet istiqaməti - nəqliyyat sektoru

Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq çoxvektorludur. Bura enerji, sənaye və kənd təsərrüfatı kimi istiqamətlərdə əməkdaşlıq əlaqələri daxildir. Bu gün Azərbaycana Qazaxıstandan buğda, təbii barium sulfatı (barıt), bir sıra neft məhsulları idxal olunur. Öz növbəsində ölkəmiz Qazaxıstana ağ şəkər və kimyəvi cəhətdən təmiz olan digər saxaroza, meyvə, meyvə şirələri, mebellər ixracını həyata keçirir.

Nəqliyyat və logistika iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın mühüm istiqamətini təşkil edir.  Azərbaycan və Qazaxıstan Çindən Avropaya qədər uzanan beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşirlər. Hər iki ölkənin marağı bu tranzit xəttinin imkanlarından maksimal dərəcədə faydalanmaqdır. 2017-ci ilin 30 oktyabr tarixində istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Yeni Bakı Beynəlxalq Dəniz Limanı, Qazaxıstanın qərb və şərq sərhədlərini birləşdirən dəmir yolu xətləri və Kurık dəniz limanı ölkələrimizin tranzit potensialının daha da artırılmasına xidmət edir. Artıq biz Çin-Avropa istiqamətində region üzərindən yükdaşımalarının artdığını görürük. Proqnozlara görə, 2022-ci ilin sonunadək Azərbaycanın və Qazaxıstanın fəal şəkildə dəstək verdikləri Trans-Xəzər marşrutu ilə yükdaşımaların həcmi 6 dəfəyədək artacaq.

Paylaş:
Baxılıb: 160 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Qızıl bahalaşıb

30 Sentyabr 12:44

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xarici siyasət

Maraqlı

Prezident bu gün

Prezident bu gün

30 Sentyabr 10:27

Ədəbiyyat

MEDİA

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30