Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / İlham Əliyevin iştirakı olmasaydı...

İlham Əliyevin iştirakı olmasaydı...

04.10.2022 [09:56]

Azərbaycan Avropanın enerji xəritəsini yenidən cızdı

Mübariz FEYİZLİ

Enerji təhlükəsizliyi bütün zamanlarda ölkələrin milli təhlükəsizliyinin tərkib hissəsi qismində çıxış edib. İndiki geosiyasi reallıqlar fonunda isə dövlətlər üçün enerji təhlükəsizliyinin önəmi daha da artıb. Sevindirici haldır ki, ədalətli enerji siyasəti həyata keçirən Azərbaycanın ayrı-ayrı ölkələrin, o cümlədən də Avropa İttifaqına (Aİ) üzv dövlətlərin enerji təhlükəsizliyinin təmin olunmasında rolu getdikcə artır. Elə bu günlərdə Bolqarıstanın paytaxtı Sofiyada Prezident İlham Əliyevin iştirakı ilə əlamətdar hadisə yaşandı-Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi keçirildi. Sözügedən interkonnektor həm Bolqarıstan, həm də Şərqi Avropa üçün çox mühüm infrastruktur sayılır. Bu marşrutla Bolqarıstan və digər Avropa ölkələri tarixdə  ilk dəfə olaraq Azərbaycandan təbii qaz alacaqlar. Bolqarıstanın, ayrı-ayrı Avropa ölkələrinin, Aİ-nin yüksəksəviyyəli rəsmilərinin qatıldıqları açılış mərasimində Azərbaycanın qoca qitənin enerji xəritəsini yenidən formalaşdırdığına xüsusi diqqət çəkildi.

Avropa üçün etibarlı qaz təchizatçısı

Artan geosiyasi gərginliklər fonunda enerji təhlükəsizliyi Avropa İttifaqı ölkələri üçün həyati əhəmiyyətli məsələyə çevrilib. Ənənəvi qaz təchizatının pozulması Aİ-yə daxil olan ölkələri alternativ enerji mənbələri axtarmaq məcburiyyətində qoyub. Belə çətin məqamda Azərbaycan qoca qitənin enerji təhlükəsizliyinin təmin olunmasına daha çox töhfə verməyə geniş imkanları olan ölkədir.  İndiyədək Avropaya əsasən neft və neft məhsulları ixrac edən Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqləyib və müqavilə öhdəliklərini heç vaxt pozmayıb. İndi isə respublikamız  Aİ məkanı üçün həm də alternativ mavi yanacaq mənbəyi qismində çıxış edir. Açılış mərasimindəki çıxışında ölkəmizin Avropanın enerji təhlükəsizliyində artan roluna məmnunluq hissi ilə diqqət çəkərək Prezident İlham Əliyev “Uzun illər Azərbaycan beynəlxalq bazarda və ilk növbədə, Avropa bazarında etibarlı neft təchizatçısı olub. İndi isə etibarlı qaz təchizatçısına çevrilir”, - deyə vurğulayıb.

Azərbaycanın enerji strategiyasının ikinci mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlıdır. Müstəqil Azərbaycanın “Əsrin müqaviləsi”ndən sonra transmilli şirkətlərlə imzaladığı ikinci böyük kontrakt “Şahdəniz” qaz yatağı üzrədir. Xatırladaq ki, bu kontrakt 1996-cı il iyulun əvvəlində Xəzər Neft-Qaz Sərgisinin keçirildiyi gündə imzalanıb. Bütövlükdə Azərbaycanın təsdiq edilmiş mavi yanacaq ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrə bərabərdir. Azərbaycan qazını xarici istehlakçılara çatdırmaq üçün 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verilib. “Şahdəniz” yatağının birinci mərhələsi çərçivəsində hasil edilən qazın bu kəmərlə ixracına başlanıb. Bununla da Azərbaycan özünü dünyada həm də mavi yanacaq ölkəsi kimi təsdiqləməyə başlayıb. Lakin “Şahdəniz” və digər yataqların zəngin ehtiyatlarının Avropaya çatdırılması üçün daha böyük həcmli yeni dəhlizin yaradılmasına ehtiyac var idi. Beləliklə, respublikamız özünün böyük qaz həcmlərini ixrac etmək və Avropanın enerji təhlükəsizliyinə yeni töhfələr vermək məqsədilə Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb. Cənub Qaz Dəhlizi ideyası Azərbaycanın iradəsi və liderliyi sayəsində reallığa çevrilməyə başlayıb. 2011-ci ildə Azərbaycan və Avropa Komissiyası arasında Cənub Qaz Dəhlizi layihəsi üzrə Birgə Bəyannamə imzalanıb və bu, həmin layihənin icrasının başlanğıc mərhələsi olub.

Açıq dənizə çıxışı olmayan Azərbaycanı Aralıq və Adriatik dənizləri ilə birləşdirən layihə bir vaxtlar çoxlarına xəyal kimi görünsə də, artıq reallıqdır. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir - Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməri. Cənub Qaz Dəhlizi 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur. Onun bir hissəsi hündür dağlardan, bir hissəsi isə dənizin dibindən keçir. 2020-ci ilin son günü - dekabrın 31-də layihənin yekun hissəsi olan TAP istifadəyə verildi. Həmin dövrdən etibarən bir il yarımdan çoxdur ki, Azərbaycan Türkiyə və Gürcüstandan əlavə, Avropanın üç dövlətinə təbii qaz ixrac edən ölkəyə çevrilib. Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib.

Azərbaycanın ixrac potensialı isə daha böyükdür. Bütövlükdə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artırmağı hədəfləyib. Bundan ötrü siyasi qərarlarla yanaşı, böyük sərmayə qoyuluşu və mövcud infrastrukturun genişləndirilməsi tələb olunur.  Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsi olan TANAP-ın illik ötürmə qabiliyyəti 16, TAP-ın ötürmə qabiliyyəti isə 10 milyard kubmetrdir. Perspektivdə bu həcmlərin müvafiq olaraq 32 və 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub. Respublikamızın gələcəkdə qoca qitəyə daha çox həcmlərdə mavi yanacaq çatdıracağını bildirən dövlətimizin başçısı vurğulayıb:  “Ötən il qaz ixracımız təxminən 19 milyard kubmetr təşkil etmişdir. Onun 8,2 milyard kubmetri Avropaya nəql olunmuşdur. Bu isə əvvəlki illə müqayisədə 40 faiz artım deməkdir. Bu il biz ixracımızı 22 milyard kubmetrə qədər artıracağıq və onun 11,5 milyard kubmetri Avropa istehlakçılarına çatdırılacaqdır”.

Qeyd edək ki, cari ilin iyul ayında Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyenin Bakıya səfəri çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu, ölkəmizin enerji resurslarının daha da inkişaf etdirilməsi istiqamətində atılmış vacib addımdır. Sənəd çox doğru olaraq Azərbaycanla Aİ arasında enerji əməkdaşlığına dair yol xəritəsi hesab olunur.

Əməkdaşlığın yeni istiqaməti

Müasir dövrdə dünya üzrə meydana çıxan əsas çağırışlardan biri enerji keçidinin təmin edilməsi ilə bağlıdır. Yeni geosiyasi reallıqlar fonunda Avropa İttifaqı ölkələrində enerji transformasiyasının sürətləndirilməsinə və bunun üçün bir sıra zəruri tədbirlərin görülməsinə başlanıb. Avropa Komissiyasının hazırladığı və reallaşdırılmaqda olan xilas planında enerji keçidi ilə bağlı mühüm müddəalar yer alıb. Müasir dövlət kimi inkişaf edən Azərbaycan da özünün bərpa olunan enerji potensialından səmərəli şəkildə istifadə etməyi planlaşdırır. O cümlədən perspektivdə Azərbaycanla Avropanın enerji dialoqu yalnız nefti və qazı deyil, həm də enerji bazarının digər seqmentlərini, xüsusilə də elektrik enerjisini, hidrogen və yaşıl hidrogen enerjisini əhatə edəcək. “Əminəm ki, bu yaxınlarda Azərbaycan Avropa üçün etibarlı elektrik enerjisi təchizatçısına çevriləcəkdir. Külək enerjisi sahəsində təkcə Xəzər dənizində təsdiq edilmiş potensialımızın həcmi 157 qeqavatdır. Hazırda biz avropalı tərəfdaşlarımızla bu enerjinin Avropa qitəsinə çatdırılması barədə müzakirələr aparırıq”, - deyə Prezident İlham Əliyev bildirib.

Azərbaycanın 44 günlük Vətən müharibəsində işğaldan azad etdiyi ərazilər də bərpa olunan enerji mənbələri ilə kifayət qədər zəngin bir diyardır. İlkin dəyərləndirmələrə əsasən, bəhs olunan ərazilərdə külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Azərbaycan artıq bu zəngin potensialın reallaşdırılması mərhələsindədir. Müharibə başa çatandan sonra sözügedən ərazilərdə bir neçə bərpa olunan enerji stansiyasının istismarına başlanıb, çayların üzərində yeni enerji infrastrukturunun yaradılması da intensiv şəkildə davam etdirilir. Əlamətdar haldır ki, ayrı-ayrı xarici şirkətlər də respublikamızda bərpa olunan enerji sektoruna böyük həcmlərdə investisiyalar yönəltməyə başlayıblar. İnşa olunacaq stansiyalar Azərbaycana əlavə ixrac imkanları qazandıracaq.

Azərbaycan Prezidentinin şəxsi nümunəsi

İndiyədək Prezident İlham Əliyev müxtəlif tədbirlər çərçivəsində respublikamızın enerji potensialını məharətlə təqdim edib və qarşılıqlı əməkdaşlığa dair yeni təşəbbüslər irəli sürüb. Dövlətimizin başçısı daim öz mövqeyini əsaslandıraraq bildirirdi ki, Cənub Qaz Dəhlizinə qoşulan bütün tərəflər bundan faydalanmalıdırlar.

Yeri gəlmişkən, Bolqarıstanın paytaxtı Sofiyada baş tutan açılış mərasiminə qatılan yüksək səviyyəli rəsmilər Azərbaycanla Avropa İttifaqı arasında getdikcə genişlənən enerji dialoqunda Prezident İlham Əliyevin rolunu yüksək dəyərləndirdilər. Bir sıra layihələrin icrası məhz Azərbaycanın dövlət başçısının müstəsna səyləri sayəsində həyata vəsiqə qazanıb. Açılş mərasimində bildirildiyi kimi, məhz bu kimi səbəblərə görə də Prezident İlham Əliyev Avropada böyük populyarlıq qazanıb. Serbiya Prezidenti Aleksandr Vuçiçin İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmayacağını, Şimali Makedoniyanın Prezidenti Stevo Pendarovskin Avropada ən çox arzuolunan şəxs - Azərbaycan Prezidentinin olduğunu bildirməsi də məhz ölkəmizin dövlət başçısına və bütövlükdə Azərbaycana verilən xüsusi önəmin ifdəsi idi.

Paylaş:
Baxılıb: 629 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31