Azərbaycan Prezidentindən dünyaya mesaj
22.10.2022 [11:02]
Region üçün çox önəmli amil - Azərbaycan və Türkiyənin izni ilə …
İlham Əliyev: Bundan sonra bölgədə gedən işlər, əlbəttə ki, Türkiyə və Azərbaycanın fəal iştirakı və izni ilə aparılacaq
Mübariz ABDULLAYEV
Yaşadığımız regionda tarixi proseslərə şahidlik edirik. İndiki reallıqlar fonunda bölgədə yeni siyasi, iqtisadi, hərbi konfiqurasiyanın formalaşması xüsusilə diqqət çəkir. Proseslərin mərkəzində isə 44 günlük müharibəni şanlı Zəfərlə başa vuran Azərbaycan və qardaş Türkiyə dayanır. Prezident İlham Əliyev oktyabrın 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğanla təkbətək görüş başa çatdıqdan sonra mətbuata verdiyi Bəyanatda dünyaya bununla bağlı ciddi mesajlar çatdırıb. “Bundan sonra bölgədə gedən işlər, əlbəttə ki, Türkiyə və Azərbaycanın fəal iştirakı və izni ilə aparılacaq”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Regionda yeni reallıqlar yaradan Azərbaycan
Regionda müharibə səhifəsinin bağlanması, konfiqurasiyanın dəyişməsi, sabitlik və əməkdaşlıq üçün yeni imkanların yaranması Azərbaycanın gücü, siyasi iradəsi və proseslərdə aparıcı qüvvə kimi iştirak etməsi sayəsində baş verib. Təxminən 30 il ərzində region Ermənistanın havadarlarının köməyi ilə apardığı işğalçılıq siyasətinə görə təhdidlərlə üz-üzə qalmışdı. İşğal faktı, beynəlxalq təşkilatların ikili standartlardan yanaşmasının nəticəsi olaraq sülh prosesinin əslində dalana dirənməsi bölgədə sabitliyə və inkişafa əngəllər yaradırdı. BMT-nin erməni hərbi birləşmələrinin işğal altındakı ərazilərdən qeyd-şərtsiz geri çəkilməsinin zəruriliyini özündə ehtiva edən dörd qətnaməsini onilliklər boyunca yerinə yetirməyən Ermənistan keçmiş status-kvonun sonsuzluğa qədər uzanmasını istəyirdi. Hətta beynəlxalq təzyiqlərlə, sanksiyalarla üzləşməyən bu ölkə rəsmiləri “yeni ərazilər uğrunda yeni müharibə” iddiaları səsləndirir və öz avantüralarını reallaşdırmaq məqsədilə keçmiş təmas xətti boyunca vaxtaşırı təxribatlara rəvac verirdilər. İşğalçı dövlət belə təxribatlardan birinə 2020-ci il sentyabrın 20-də əl atdı. Bu dəfə təxribatın miqyası daha böyük idi. İpə-sapa yatmayan təcavüzkarı cəzalandırmaq lazım idi və bunu Azərbaycan 44 günlük müharibədə öz gücünə etdi. Bu müharibə xalqımız üçün Vətən müharibəsi səciyyəsi daşıyırdı. Ordumuz döyüşləri başqa dövlətin ərazisində deyil, məhz öz torpaqlarımızda aparırdı. Bu amil qəhrəman hərbçilərimizə əlavə güc, stimul verirdi. Buna görə də, müharibənin elə ilk günlərindən Silahlı Qüvvələrimiz döyüş meydanlarında üstünlüyü ələ aldılar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bütün döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirən Ordumuz XXI əsrin müharibəsini apararaq ölkənin ərazi bütövlüyünü təmin etdi. Təxminən 300 yaşayış məntəqəsi bilavasitə intensiv döyüşlər nəticəsində işğaldan azad olundu. Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən çox kəndin azad edilməsindən sonra düşmən məğlubiyyətini etiraf etmək və onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Sonrakı mərhələdə isə işğal altındakı digər bölgələrimiz üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq Azərbaycana döyüşsüz təhvil verildi. Beləliklə, Azərbaycan tarixi ədalətin bərpasına və BMT qətnamələrinin icrasına nail oldu. Əldə olunan parlaq Qələbə ölkəmizin gücünü bütün dünyaya nümayiş etdirdi.
Müharibədən çıxan bir ölkənin dərhal işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə başlaması dünyada az-az rast gəlinən bir haldır. Azərbaycan isə bu prosesə müharibə başa çatandan dərhal sonra başlayıb. Ötən iki ildə 11 min kvadratkilometr işğaldan azad olunmuş ərazilər böyük tikinti-quruculuq meydanına çevrilib. Aradan az vaxt ötməsinə baxmayaraq, çoxlu sayda layihənin icrası tamamlanıb. Hazırda ölkəmiz üçün yeganə rəqib zamandır. Bütövlükdə, respublikamız işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışı ləyaqətli şəkildə təmin etməyi hədəfləyib. Bir qədər bundan əvvəl ilk sakinlərin işğaldan azad edilmiş ərazilərə köçürülməsinə start verildi. Zəngilan rayonunun Ağalı kəndində yaradılan “ağıllı kənd” işğaldan azad olunmuş ərazilərdə salınan ilk yaşayış məntəqəsidir.
Əldə olunan Zəfər və postmüharibə mərhələsində işğaldan azad olunan ərazilərdə həyata keçirilən böyükmiqyaslı işlər Azərbaycanın nəyə qadir olduğunu ifadə edir. Bunlar, qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuata verdiyi Bəyanatda ifadə etdiyi sözlərlə desək, hər ölkənin bacara biləcəyi bir iş deyildir. Şahidi olduğu bərpa-quruculuq işlərindən vəcdə gəldiyini gizlətməyən qardaş ölkənin dövlət başçısı məmnunluq hissi ilə vurğulayıb: “Dağıdılmış, yerlə-yeksan edilmiş bu bölgələr hazırda qardaşım İlham Əliyevin liderliyi ilə bənzərinə az rast gəlinən böyük bir inkişaf həmləsi ilə yenidən dirçəlir. Körpüləri, dəmir yolları, avtomobil yolları, magistralları ilə yenidən bir Azərbaycan inşa edilir. İndi biz bunları yaşayırıq, görürük. Eşidərək deyil, görərək bu ifadələri işlədirik. Bu, təbii ki, başda qardaşım İlham Əliyev olmaqla, bütün komandası ilə əl-ələ verərək atdıqları addımlar, gördükləri işlərlə bu qədər qısa müddətdə Azərbaycan, necə deyərlər, burada sıfırdan başlayaraq yenidən ayağa qalxır.
Bu gün Zəngilanda açılışını etdiyimiz Beynəlxalq Hava Limanı Azərbaycanın qəhrəmanlıq dastanından sonra indi də Qarabağın inkişaf dastanının yazılmasının bir göstəricisidir. Belə mühüm bir layihədə türk şirkətlərinin də yer alması bizim üçün də ayrıca bir iftixar mənbəyidir”.
Müştərək yazılan şanlı tarix
Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı tarixin çətin sınaqlarından keçərək möhkəmlənib. Ta qədimdən gələn qırılmaz bağlarla, möhkəm ənənələrlə, dil, din, mənəvi dəyərlər eyniliyi ilə bir-birinə sıx bağlı olan iki ölkə və xalq çətin və şad günlərdə həmişə bir yerdə olurlar. Ötən il imzalanan Şuşa Bəyannaməsi ilə iki dövlət arasında müttəfiqlik münasibətləri keyfiyyətcə yeni, daha yüksək səviyyəyə yüksəlib. Çox doğru olaraq bu sənəd qardaş ölkələr arasında münasibətlərin perspektivləri üçün yol xərtəsi kimi dəyərləndirilir. Möhkəm zəmin üzərində qurulan gələcək əməkdaşlıq beynəlxalq müstəvidə fəaliyyətlərin uzlaşdırılmasını, siyasi, iqtisadi-ticarət, humanitar-mədəni əlaqələrinin möhkəmləndirilməsini, ümumiyyətlə həyatın bütün sahələrini əhatə edəcək. Bəyanatda müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı hərbi yardım məsələləri də öz əksini tapıb. Bu, indiki geosiyasi reallıqlar fonunda müstəsna önəm daşıyır. Azərbaycan və Türkiyə dünyaya bəyan ediblər ki, bundan sonra da hər zaman bir yerdə olacaqlar və bir-birinin təhlükəsizliyinin təmin olunmasında yer alacaqlar.
Azərbaycanla Türkiyənin dostluğunun, qardaşlığının zirvədə olduğu İkinci Qarabağ müharibəsində bir daha təsdiqləndi. Qeyd etdiyimiz kimi, Ermənistan 30 il ərzində işğalçılıq siyasətini məhz havadarlarının dəstəyi ilə reallaşdırıb. İşğalçı dövlətin başının üstünə çətir tutan ölkələr və beynəlxalq təşkilatlar müharibə günlərində də canfəşanlıq göstərərək Azərbaycanı, necə deyərlər, dayandırmağa çalışırdılar. Onlar ədalət tərəzisinin gözünü tamam əymişdilər. Bəyanatlar qəbul edərək, cəfəng iddialar səsləndirərək öz haqq işi uğrunda mübarizə aparan Azərbaycana təzyiqlər göstərməyə çalışırdılar. Belə bir vəziyyətdə qardaş Türkiyə Azərbaycanın yanında olduğunu birmənalı şəkildə dünyaya bəyan etdi. Prezident Rəcəb Tayyib Ərdoğan və Türkiyənin digər yüksəksəviyyəli rəsmiləri Azərbaycanın dövlət başçısına telefon açaraq ölkəmizin, xalqımızın yanında olduqlarını bildirirdilər. Qardaş ölkədən gələn belə güclü mənəvi-siyasi dəstək Azərbaycanın özünəinam hissini artırdı və ölkəmiz haqq mübarizəsini daha qətiyyətlə davam etdirdi. “Bütün bu şanlı tarix bizim müştərək tariximizdir. Çünki İkinci Qarabağ savaşının ilk saatlarından əziz qardaşım, Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə etdi. Bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam edirdi. Bu, bizə əlavə güc verirdi, bu, bəzi qüvvələrin bu məsələyə müdaxiləsinin qabağını alırdı. Türkiyə-Azərbaycan birliyi bir daha zəfər çaldı. Bu gün biz bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyini görürük”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə...
Bu gün ölkəmizin bütün şəhər və kəndlərində Azərbaycan və Türkiyənin bayraqlarının qoşa asıldığının şahidi oluruq. Bu, Azərbaycan cəmiyyətində qardaş ölkəyə olan böyük rəğbətin və inamın ifadəsidir. Prezident İlham Əliyev Türkiyə kimi qüdrətli bir ölkənin Azərbaycanın dostu olmasını böyük xoşbəxtlik kimi səciyyələndirib. Dövlətimizin başçısı dünya ölkələri ilə hər zaman respublikamızın yanında yer alan Türkiyənin müqayisəsini aparıb. Fərq, necə deyərlər, yerlə göy qədərdir. Əgər biz başqa məkanlarda neqativ proseslərə şahidlik ediriksə, qardaş ölkədə tamam fərqli mənzərə hökm sürür. Prezident Rəcəb Tayyib Ərdoğan öz ölkəsini qlobal təlatümlərdən qoruyaraq inamla yeni-yeni uğurlara doğru aparır. Bunu xüsusi nəzərə çatdıran Prezident İlham Əliyev deyib: “Əziz Qardaşımın liderliyi sayəsində Türkiyə son illər böyük uğurlu yol keçib, dünya çapında güc mərkəzinə çevrilib. Türkiyədəki sabitlik, inkişaf göz qabağındadır. Bu gün dünyanın bir çox ölkələrində böhran yaşanır, ölkələr idarəolunmaz vəziyyətə düşür, iqtisadi çətinliklər, sıxıntılar insanların haqlı etirazına səbəb olur. Türkiyə isə inamla irəliləyir, nəhəng layihələr gerçəkləşdirir, bölgədə söz sahibidir, dünyada önəmli güc mərkəzidir. Hər kəs bununla hesablaşmalıdır və hər kəs bilməlidir ki, bu uğurların səbəbkarı mənim qardaşım Rəcəb Tayyib Ərdoğandır. Azərbaycanda Tayyib bəyə çox böyük hörmət, məhəbbət vardır və bunu Azərbaycana gələn hər bir insan görür”.
Türkiyənin gücü və onun Liderinin qətiyyətli siyasəti yalnız bu ölkənin inkişafında təzahür etmir. Hazırda regionda cərəyan edən proseslərdən biri də bütün Türk dünyasının birliyinin güclənməsi ilə bağlıdır. Tam qətiyyətlə deyə bilərik ki, Xəzər-Qara dəniz hövzələri coğrafiyasında tarixi Türk birliyinin yenidən formalaşmasında Azərbaycan və qardaş Türkiyə liderlik keyfiyyətləri nümayiş etdirirlər. Türkdilli ölkələrin yeni səmərəli institusional formatda təsisatlanması regionda bu konfiqurasiyanın önəminin və rolunun artmasına yeni imkanlar açıb. Yaxın perspektivdə Zəngəzur Dəhlizinin açılması ilə Türkdilli ölkələrin tarixi bağlılığına vurulmuş zədələr aradan qalxacaq və onların arasında inteqrasiya daha da güclənəcək. Bu, həm də böyük coğrafiyada Türkdilli ölkələrin gücünün birləşməsi anlamına gəlir. Necə deyərlər, güc birlikdədir.
Ləyaqətli dövlət olan Azərbaycan yaranan tarixi şanslardan, dünyanın aparıcı dövlətlərindən biri olan Türkiyə ilə münasibətlərinin yeni səviyyəyə yüksəlməsindən heç də fürsət kimi istifadə etmək niyyətində deyil. Respublikamız yaratdığı reallıqların, o cümlədən də Azərbaycan-Türkiyə dostluğunun regionda sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə yeni impuls verməsini istəyir. Bununla bağlı mesajlarını bütün dünyaya çatdıran Prezident İlham Əliyev “Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır”, - deyə vurğulayıb.
Xəbər lenti
Hamısına baxHadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05

