Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / 86,6 min yox, 114 min kvadratkilometr

86,6 min yox, 114 min kvadratkilometr

28.12.2022 [10:00]

İlham Əliyev: Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar

Bu ərazidə heç vaxt Ermənistan olmayıb. İndiki Ermənistan bizim torpağımızdır

Mübariz FEYİZLİ

Tarix təhrif olunmamalı və olduğu kimi yazılaraq gələcək nəsillərə çatdırılmalıdır. Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdəki nitqində tariximizlə bağlı çox mühüm fikirlər səsləndirib. İndiki Ermənistan dövlətinin qurulduğu ərazilərdə tarixən azərbaycanlılar yaşayıblar və həmin yerlərə qayıtmaq xalqımızın haqqıdır. Bu fikir dövlət başçımızın nitqindən qırmızı xətt kimi keçir. Dövlətimizin başçısı Qərbi azərbaycanlıların böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlarına möhkəm əminliyini ifadə edib.

XX əsrdə torpaq itkilərimiz

Qərbi Azərbaycanın aborigen sakinlərinin tarixən azərbaycanlılar olduğunu təsdiqləyən çoxlu sayda faktlar sadalamaq mümkündür. Yüz illiklər boyunca bu yerlərin daşına, kəsəyinə, dağlarına, düzlərinə xalqımızın ruhu hopub. Burada formalaşan həyat tərzi, ənənələr məhz azərbaycanlılara məxsusdur. Xalqımız əsrlər boyunca bu yerlərdə zəngin maddi mədəni irs yaradıb və həmin nümunələrin bir çoxu bu günümüzədək gəlib çatıb. Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün mədəni, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna bütünlüklə nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Qərbi Azərbaycan İcmasının inzibati binasında tarixi bir xəritə nümayiş etdirilir. XX əsrin əvvəllərinə aid olan bu xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi diyarımızdır, burada təsvir olunan bütün şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir.

Faciələrimizin - tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılmasının əsası XX yüzilliyin əvvəllərində qoyulub. 1918-ci ildə hər daşında əcdadlarımızın izi olan qədim şəhərimiz İrəvan Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ermənilərə, sözün əsl mənasında peşkəş edildi. Prezident İlham Əliyev bəhs olunan nitqində bunu AXC tərəfindən atılan cinayətə bərabər səhv bir addım kimi dəyərləndirib: “1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi - İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır. Bu, bağışlanmaz bir addım idi, bu, xəyanət idi və cinayət idi. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir. Biz heç vaxt tariximizi təhrif etməməliyik”.

Zamanında bir çoxları tarixi şəhərimiz olan İrəvanın Ermənistana verilməsini müxtəlif səbəblərlə izah edir və buna haqq qazandırmağa çalışırdılar. Belələri indi də var. Ancaq heç bir izahat qəbul edilən deyil, çünki ermənilər bu addımla kifayətlənməmişlər. İrəvana sahiblənən ermənilər və onların havadarları bundan ruhlanaraq sonrakı mərhələdə Zəngəzuru respublikamızdan qopartmağa nail oldular. Bununla da Azərbaycanın Naxçıvan və Türkiyə ilə birbaşa bağlantısı qırıldı, Türk dövlətləri arasında coğrafi bağlılıq pozuldu. Bu ssenarilərin davamı olaraq xalqımız XX yüzillikdə daha bir neçə belə faciə yaşadı.

Prezident İlham Əliyev ötən əsrin səksəninci illərində məruz qaldığımız itkilərdən bəhs edərək deyib: “Nəhayət 1980-ci illərin sonlarında sovet hökuməti xalqımıza qarşı növbəti cinayət törətdi. Bu dəfə ulu öndər

Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən həm erməni millətçiləri, həm onların sovet hökumətindəki havadarları dərhal hərəkətə keçdilər. Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti onlara dəstək oldu və həm Qarabağda, həm o vaxtkı Ermənistan Respublikasında xalqımıza qarşı növbəti cinayət başlandı. Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edildi və biz bu tarixi yaxşı bilirik, xatırlayırıq və azərbaycanlıların yaşadıqları o məntəqələrin sayını da yaxşı bilirik - 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdılar. Mən o vaxtkı Ermənistanı nəzərdə tuturam, Ermənistan Respublikasını nəzərdə tuturam, 90-a yaxın kənddə azərbaycanlılar əksəriyyət təşkil edirdilər və bütövlükdə 300-dən çox şəhər və kənddə azərbaycanlılar yaşamışlar. Onların hamısı 3 il ərzində Ermənistandan zorla çıxarıldı, qovuldu, bir çoxları öldürüldü, onlara işgəncələr verildi. Bütün bu cinayətlər sovet hökumətinin gözünün önündə baş vermişdi. Sonuncu kəndimiz Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz qaldı. O da azmış kimi Qarabağda da xalqımıza qarşı cinayət törədildi”.

Ötən əsrin doxsanıncı illərinin əvvəllərində isə ermənilər havadarlarının köməyi ilə Qarabağı və Şərqi Zəngəzuru ilhaq etməyə nail oldular. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulanda Azərbaycanın ərazisi 114 min kvadratkilometrə bərabər idi. Sonrakı illərdə qeyd olunan itkilərimizin nəticəsi olaraq bu rəqəm 86,6 min kvadratkilometrədək kiçilib. Postmüharibə mərhələsində Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi gündəlikdə duran məsələlər sırasında yer alır. Sərhədlər müəyyənləşdirilərkən müvafiq xəritələrə istinad edilməli və zamanında məkrli qüvvələrin səyləri ilə Azərbaycandan qoparılan torpaqlarımız respublikamıza geri qaytarılmalıdır. Biz tarixi sərhədlərimizə çıxmaqla tarixi ədaləti bərpa etmiş olarıq. “Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar”, - deyə Prezident İlham Əliyev qətiyyətlə bildirib.

Qərbi Azərbaycanla bağlı fəaliyyət tarix üzərində qurulmalıdır

Azərbaycan Prezidentinin məlum görüşdəki nitqində verdiyi mesajlar, şübhə yoxdur ki, Ermənistanda növbəti dəfə isterika yaradacaq. Ermənistan rəsmiləri haray-həşir salacaqlar ki, ay aman, Azərbaycan torpaq iddiaları ilə çıxış edir, bizi qoruyun. Ancaq belə ajiotajlara heç bir lüzum yoxdur. Prezident İlham Əliyev Qərbi azərbaycanlıların tarixi qayıdışının sülh yolu ilə baş tutacağını bildirib: “Biz bunu sülh yolu ilə etmək istəyirik. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq”.

Qərbi Azərbaycanla bağlı fəaliyyət ilk növbədə tarix üzərində qurulmalıdır. Belə məlum olur ki, ermənilərin qorxduqları və qaçdıqları da məhz tarixdir. Prezident İlham Əliyev müqayisə aparır: “İndi baxın, görün, Cənubi Qafqazın digər ölkələrinə - Azərbaycanda, Gürcüstanda, bizim şəhərlərimizdə, əksər şəhərlərdə tarixi abidələr, tarixi mərkəzlər var. İstər Bakı olsun, Gəncə olsun, Naxçıvan, Şəki, Qəbələ, digər bütün şəhərlərdə. Bəs, necə ola bilər ki, İrəvanda tarixi mərkəz yoxdur? Qoy, bu sadə suala cavab versinlər. Cavab da gün kimi aydındır. Ona görə ki, bu tarixi mərkəz Azərbaycan xalqının tarixi irsi idi, hansı ki, onlar dağıdıblar. Şəhərsalma adı altında bütün tarixi binalarımız, o cümlədən İrəvan qalası, Sərdar sarayı dağıdılıb. Yəni, bütün bunlar göstərilməlidir. Yəni, siyasi və hüquqi tərəfdən başqa, istənilən məsələdə bunun tarixi mahiyyəti də əhəmiyyət kəsb edir. Ona görə bizim işimiz bu tarix üzərində qurulmalıdır”.

Qərbi azərbaycanlıların doğma yurd yerlərinə qayıdışının hüquqi tərəfinə gəldikdə isə bu barədə geniş fikir mübadiləsi aparmaq lazımdır. Bu məsələyə beynəlxalq hüquqşünasları da cəlb etmək mümkündür. Beynəlxalq miqyasda belə qayıdışlarla bağlı təcrübələr də var və onlar da öyrənilməlidir. Əlbəttə, burada Azərbaycan dövləti öz köməyini göstərəcək.

Beynəlxalq səviyyədə təbliğat işi gücləndirilməlidir. İndiyədək tarixi həqiqətlərlə bağlı dərc olunan kitablarımız yenilənməlidir. Müəyyən dövrlərdə belə kitablar dərc edilsə də, onların bir çoxunda ideoloji qadağalar səbəbindən faktlar geniş işıqlandırılmayıb. Hadisələr fərqli baxış bucaqlarından təqdim olunub. Bütün bu yanlışlara son qoyulmalı və yeni yazılan kitablarda tarixi həqiqətlər öz əksini tapmalıdır. Dərc olunan kitabların xarici dillərə tərcümə edilməsi də unudulmamalıdır.

Bəhs olunan nitqində dövlətimizin başçısı ildə bir dəfə, ya da iki ildən bir Bakıda Qərbi Azərbaycanla bağlı beynəlxalq konfransın keçirilməsi ideyasını gündəmə gətirib.Həmin konfranslara Azərbaycana dost olan ölkələrdən tarixçilər, arxeoloqlar dəvət edilə bilər. Yəni, bir çox addımlar atılmalıdır ki, bu mövzu gündəlikdən çıxmasın, əksinə bu mövzu beynəlxalq gündəliyə daxil edilsin. Bu gün Ermənistan regionda yeganə monodövlətdir. Sual olunur nə üçün məhz Ermənistan monodövlətdir? Cavab aydındır: Ona görə ki, imkan verməyiblər orada başqa xalqlar yaşasınlar. “Bu ərazidə heç vaxt Ermənistan olmayıb. İndiki Ermənistan bizim torpağımızdır. Mən bunu dəfələrlə deyəndə, mənə irad tuturlar, çalışırlar irad tutmağa ki, mənim ərazi iddiam var. Mən bunu tarixi həqiqət kimi deyirəm. Əgər kimsə başqa versiyanı təsdiq edə bilsə, gəlsin təsdiq etsin”, - deyə dövlətimizin başçısı bildirib.

Bütün bu deyilənlər indiki dövrdə Qərbi azərbaycanlıların doğma yurd yerlərinə qayıdışını mümkün və labüd edir. Prezident İlham Əliyev bildirib ki, Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur. “Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq, bəlkə də, tez idi. Ancaq, məncə, bu gün biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Qayıdış Konsepsiyası olmalıdır. Bizim tarixi yaşayış yerlərinin bir çoxu, mütləq əksəriyyəti indi bomboşdur. Biz bunu bilirik. Biz öz keçmişimizi yaxşı bilirik. Qərbi Azərbaycandan olan hər bir insan öz ulu babalarının yaşadıqları yerləri yaxşı bilir. İndi müxtəlif yollarla bu informasiyanı əldə etmək olar. Azərbaycanlıların yaşadıqları yerlərin əksəriyyətində heç kim yaşamır. Ermənistanda bütövlükdə indi depopulyasiya dövrü hökm sürür. İnsanlar oradan gedir. Həm təbii artım yoxdur, eyni zamanda, dözülməz siyasi vəziyyət, repressiyalar, faktiki olaraq diktatura və iqtisadi çətinliklər onları buna vadar edir. Bizim kəndlərimiz dağıdılır. Biz buna dözə bilmərik”.

Paylaş:
Baxılıb: 107 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Siyasət

Analitik

Bayram, yoxsa matəm?

28 Yanvar 10:27

Xəbər lenti

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31