Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Xəzər sahillərindən Avropaya uzanan “yaşıl dəhliz”

Xəzər sahillərindən Avropaya uzanan “yaşıl dəhliz”

18.01.2023 [10:10]

Hazırda enerji amili ölkələrin milli təhlükəsizliyinin vacib komponentlərindən biri qismində çıxış edir. Elektrik enerjisinə olan tələbatı qarşılaya bilməyən ölkələrdə bir qayda olaraq iqtisadi inkişafla bağlı problemlər yaşanır. Əksinə, enerji balansını düzgün qurmağa müvəffəq olan dövlətlər yeni sənaye inqilabının hədəflərinə doğru inamla irəliləyirlər. Ölkələrdə generasiya güclərinin artırılması, eyni zamanda əhalinin həyat səviyyəsinin yüksəlməsi baxımından çox zəruridir. İnternet, sürətli kommunikasiya dövründə həyatımızı elektrik enerjisi olmadan təsəvvür etmək sadəcə mümkün deyil.

Azərbaycanın qürur doğuran mənzərəsi

Müstəqilliyimizin ilk illərində Azərbaycanda elektrik enerjisi ilə təchizat çox acınacaqlı vəziyyətdə idi. Regionları demirik, paytaxt Bakı tez-tez zülmətə qərq olurdu. Respublikanın enerji balansı iqtisadiyyatın və əhalinin tələbatını qarşılaya bilmirdi. Şəbəkənin istehsal və ötürücülük imkanları məhdud idi, fiziki və mənəvi cəhətdən köhnələn avadanlıqlar vaxtaşırı sıradan çıxır, böyük qəzalar baş verirdi.

Ötən 30 ildə, xüsusilə də son 19 ildə respublikanın enerji təchizatı sistemində köklü dəyişikliklər baş verib. Ölkədə yeni generasiya güclərinin yaradılması davamlı prosesə çevrilib. 2004-cü ilə qədər Azərbaycanda 3900 meqavat gücündə cəmi 9 elektrik stansiyası mövcud idi. Son 19 ildə isə respublikamız özünün generasiya güclərini əhəmiyyətli dərəcədə artırmağa nail olub. Bəhs olunan dövrdə respublikanın elektrik enerjisi təchizatı sisteminə təxminən 800 meqavat gücündə “Cənub”, 300 meqavat gücündə “Səngəçal”,  525 meqavat gücündə “Sumqayıt”, 400 meqavat gücündə “Şimal-1 və eyni gücə malik “Şimal-2” elektrik stansiyaları əlavə olunub. Eyni zamanda, “Azərbaycan” İstilik Elektrik Stansiyasında əsaslı yenidənqurma işləri aparılıb. Belə ki, İES-in 330 və 500 kilovotluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.

Paralel şəkildə ölkə üzrə paylayıcı şəbəkədə böyük işlər görülür - elektrik xətləri yenilənir, yarımstansiyalar tikilir, idarəetmənin və xidmətin səviyyəsi yüksəldilir. Hazırda respublikamızı bütün qonşu ölkələrlə yüksəkgərginlikli xətlər birləşdirir. Mühüm məqamlardan biri də ondan ibarətdir ki, respublikamızdakı bütün elektrik stansiyaları sırf daxili resurslar hesabına fəaliyyət göstərir. Bu, Azərbaycanın böyük üstünlüyüdür. 2022-ci ildə ölkə üzrə elektrik enerjisinin istehsalı 2021-ci illə müqayisədə 1 113,2 mln.kVt·st, yəni 4% artaraq 28 988,5 mln. kVt·st olub. Bu, bir il ərzində ölkədə elektrik enerjisi istehsalının 4 faiz artması deməkdir. Beləliklə, bu gün Azərbaycanın enerji təchizatı sistemində məmnunluq doğuran mənzərə müşahidə edilir. Qısa müstəqillik tarixində Azərbaycan elektrik enerjisini idxal edən ölkədən onu ixrac edən ölkəyə çevrilib ki, bu da son dərəcə qürurvericidir.

Ölkənin bərpaolunan enerji gündəliyi

Müstəqil Azərbaycanın özünün enerji müstəqilliyini ənənəvi mənbələrdən alınan elektrik enerjisi hesabına təmin etməsi böyük nailiyyətdir. Hazırda isə qarşıya qoyulan hədəf respublikanın enerji müstəqilliyini daha da möhkəmlətməklə yanaşı, ixrac imkanlarını da genişləndirməkdir.

Yeni mərhələdə enerji istehsalı mənbələrinin şaxələndirilməsi, bərpaolunan mənbələrdən daha çox enerji alınması Azərbaycanın gündəliyinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilib. Burada belə bir sual yaranır: Ənənəvi enerji resursları ilə zəngin olan və özünün enerji müstəqilliyini tam təmin edən Azərbaycan nə üçün yeni mənbələrdən elektrik enerjisi alınmasına belə güclü siyasi iradə ortaya qoyur? Prezident İlham Əliyev  Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışında  ölkəmizin “yaşıl enerji” hədəflərinə aydınlıq gətirib. Dövlət başçımızın ifadə etdiyi fikirlərdən aydın şəkildə görünür ki, burada da Azərbaycan xoş məram nümayiş etdirir. “Biz Azərbaycanda bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin təmin olunması üçün inkişaf etdirmirik. Enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq”.

Ənənəvi enerji mənbələri ilə zəngin olan Azərbaycanda sudan, küləkdən, günəşdən, biokütlədən elektrik enerjisi istehsalı yeni bir istiqamətdir. Bu sahədə əsasən son 20 ildə aktiv fəaliyyətə başlanılıb. Azərbaycan müasir dövlət kimi inkişaf edir. Ənənəvi enerjidən “yaşıl enerji”yə keçid də dünyanın müasir mənzərəsini səciyyələndirir. Azərbaycan bu sahədə də öz yerini dünyanın qabaqcıl ölkələri sırasında görür. Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı Sərəncamla “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” təsdiqləyib. Bu sahədə ilk dövlət qurumu 2009-cu ildə yaradılıb. Sonrakı illərdə dövlət başçısının imzaladığı sənədlər əsasında strukturda bir sıra dəyişikliklər edilib. Qısa müddətdə ölkəmizdə bərpaolunan mənbələrdən enerji istehsalı üzrə çoxsaylı stansiyalar istifadəyə verilib.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın gündəliyinin yeni prioritet istiqaməti müəyyənləşdirilərkən ilk növbədə bu sahədə ölkəmizin zəngin potensialı əsas götürülüb. Respublikamızda həm quruda, həm də dənizdə belə potensial kifayət qədər böyükdür. Ölkənin bu sahədə proqnozlaşdırılan potensialı barədə məlumat verən Prezident İlham Əliyev vurğulayıb. “Potensialımıza gəldikdə, bəzi rəqəmləri diqqətinizə çatdırım. Quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Yəni, 200 qiqavata yaxın potensial var. Əlbəttə ki, bizə kifayət qədər ixrac marşrutları lazımdır. Təbii ki, biz bütün bu layihələri mərhələli şəkildə icra edirik”.

Son illərdə, xüsusilə də postmüharibə mərhələsində ölkəmizdə bərpaolunan mənbələrdən enerji istehsalı intensivləşib. Prezident İlham Əliyev işğaldan azad edilmiş əraziləri “yaşıl enerji” zonası elan edib.  Müharibə başa çatandan sonra sözügedən ərazilərdə bir neçə bərpaolunan enerji stansiyasının istismarına başlanılıb, çayların üzərində yeni enerji infrastrukturunun yaradılması da intensiv şəkildə davam etdirilir.  Artıq ölkəmizdə bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1300,7 MVt-dır ki, bu da ümumi elektrik enerjisi istehsalı gücünün təxminən 17,3%-ni təşkil edir. Qarşıya qoyulan hədəf isə 2030-cu ilədək olan dövrü əhatə edən strateji mərhələdə ölkənin elektrik enerjisinin istehsal gücündə bərpaolunan enerji mənbələrinin payının 30 və yaxud 40 %-ə çatdırılmasıdır.

Çin dünya lideridir

Hazırda “yaşıl enerji”yə sürətli transformasiya dünyanın əsas trendlərindən birinə çevrilib, desək, yanılmarıq. Xüsusilə dəyişən və gərginləşən geosiyasi reallıqlar enerji keçidinin aktuallığını artırıb. Qlobal səviyyədə bu sahədə qarşıya qoyulan hədəflər kifayət qədər böyükdür. Beynəlxalq Enerji Agentliyinin (BEA) proqnozuna görə, növbəti 10 ildə bərpaolunan enerji sektoruna hər il orta hesabla 440 milyard dollar investisiya yönəldiləcək. Proqnozlara görə, alternativ mənbələrdən enerji istehsalı qarşıdakı illərdə 50 faiz artaraq 2025-ci ildə qlobal elektrik istehsalının 33 faizini təşkil edəcək. Ümumilikdə, 2025-ci ildə elektrik enerjisi istehsalının artım gücünün 95 faizinin bərpaolunan enerji mənbələrinin payına düşəcəyi ehtimal edilir. Günəş və külək enerjisinin daha çox artımı gözlənilir.

Araşdırmalarımıza əsasən, hələlik bu sahədə ABŞ, Kanada, Almaniya, Finlandiya, Norveç, Danimarka, İspaniya, Yaponiya kimi ölkələr qabaqcıl mövqe tuturlar. 1997-ci il Kioto razılaşmasının protokoluna əsasən Avropa İttifaqı ölkələrində və ABŞ-da alternativ enerji mənbələrindən istifadə etmək üçün irimiqyaslı stansiyaların tikintisinə başlanılıb. Günəş enerjisindən istifadə etməklə alınan istilik enerjisinin həcmi elektrik enerjisi ekvivalentində kifayət dərəcədə yüksəkdir. Belə ki, bu göstərici ABŞ-da 600 MVt, Fransada 100 MVt, İsraildə 100 MVt, Türkiyədə 50 MVt və b. səviyyəsindədir.

Yaxın illərdə enerji transformasiyasının daha intensiv gedəcəyi gözlənilir. 2004-cü ildə Avropa İttifaqının ümumi enerji istehlakının 8,5 faizi bərpaolunan enerji mənbələrindən əldə edirdisə, 2019-cu ildə bu göstərici 19,7 faizə yüksəlib. Aİ-nin 2030-cu ilədək olan dövrü əhatə edən strategiyasında bərpaolunan mənbələrdən alınan enerjinin payının təxminən 30 faizə çatdırılması hədəflənib. Avropa Komissiyasının hazırladığı xilas planında yeni transformasiyalarla bağlı geniş müddəalar öz əksini tapıb.

Bərpaolunan mənbələrdən elektrik enerjisi istehsalında hələlik dünya liderliyi Çinə məxsusdur. Bu ölkə son 10 ildə bərpaolunan enerji tutumunu 3,34 dəfə artırmağa nail olub. BEA-nın proqnozuna görə, növbəti beş ildə bərpaolunan enerji üzrə artımın 40 faizi Çinin payına düşəcək. Çini fərqləndirən əsas cəhətlərdən biri ondan ibarətdir ki, bu ölkə enerji transformasiyasında yeni texnologiyaların  tətbiqini daim diqqət mərkəzində saxlayır. O cümlədən bu ölkədə günəş enerjisini birbaşa elektrik enerjisinə çevirən günəş stansiyalarının əsas işçi elementinin (fotoelementin) hazırlanması üçün yüksək səmərəliliyə malik texnologiyalar hazırlanaraq uğurla tətbiq edilir. Belə fotoelementlər əsasında yaradılan stansiyaların tutduğu ərazi 1 MVt üçün 2 hektar təşkil edir. Dünyanın inkişaf etmiş ölkələrində fotoelementlərin sahə tutumlarının azaldılması istiqamətində geniş elmi tədqiqat işləri aparılır. Qeyd edək ki, Çin il ərzində 1 kv.metr yer səthinə düşən günəş enerjisinin miqdarına görə dünya üzrə ən yüksək göstəricilərdən birinə malikdir. Bu göstərici ABŞ-da 1500-2000 kVt.s, Rusiyada 800-1600 kVt.s, Fransada 1200-1400 kVt.s, Çində 1800-2000 kVt.s-a bərabərdir. Əlamətdar haldır ki, Azərbaycan da 1500-2000 kVts göstərici ilə bu sıralamada öncül yerlərdən birini bölüşür.

Nəql marşrutlarına yaranan zərurət

Enerji transformasiyasının sürətlənməsi və artan istehsal öz növbəsində yeni nəql marşrutlarının yaranması zərurətini meydana çıxardıb. 2022-ci ilin 17 dekabr tarixində  Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sazişi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar. İmzalanma mərasimində Rumıniya Prezidenti Klaus Yohannis və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iştirak ediblər. “Planımız Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabeli çəkməkdir. Lakin bu, kifayət etməyə bilər. Burada söhbət artıq razılaşdırılmış həcmlər barədə gedir. Lakin planlarımız daha genişdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 115 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Analitik

Xarici siyasət

Analitik

Xəbər lenti

Siyasət

İtirən Fransadır...

07 Fevral 10:31

Gündəm

Gələcəyə doğru...

07 Fevral 10:23  

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28