Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Sülh prosesində yeni mərhələ?

Sülh prosesində yeni mərhələ?

16.02.2023 [10:19]

Cənubi Qafqazdakı vəziyyət Bakı vaxtı ilə tənzimlənir

Ermənistan üzərində Şimal küləyi...

44 günlük müharibədən sonra gözlənilirdi ki, nəhayət, Ermənistan acınacaqlı məğlubiyyətdən nəticə çıxaracaq və sülhyaratma prosesində fəallıq göstərəcək, konstruktiv mövqe ortaya qoyacaq. Əslində, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması Ermənistanın özü üçün də çox zəruridir. Bu ölkə 30 ildir ki, işğalçılıq siyasətinin girovluğunda qalıb və hər hansı bir iqtisadi perspektivi, investisiya cəlbediciliyi olmayan ölkəyə çevrilib. Sülh şəraiti bu ölkə üçün də regional əməkdaşlıq orbitinə çıxmaq üçün bir fürsət ola bilər. Ancaq proseslərin gedişi ona dəlalət edir ki, Ermənistan rəhbərliyi və cəmiyyəti reallığı hələ də düzgün dəyərləndirmir və əl atdığı manipulyasiyalarla sülh prosesinə əngəllər yaradır. Aydın şəkildə görünür ki, məğlub ölkə regionda maraqları olan güc mərkəzlərinin, xüsusilə də böyük bacısı sandığı Fransanın, qonşuluqdakı İranın mollakratiya rejiminin, xaricdəki erməni lobbisinin idarə olunan alətinə çevrilib. Məhz qeyd olunan güclərin diktəsi ilə Ermənistan  regional güc mərkəzi olan Rusiyanın iştirakı ilə formalaşan ənənəvi platformadan imtinaya cəhd edir. Və bu cəhdləri də sülhyaratma prosesinə vurulan zərbə kimi dəyərləndirilir. Bu isə əlbəttə ki, nə qalib Azərbaycanı, nə də vasitəçi qismində çıxış edən Rusiyanı qane etmir.

İntensivləşən Azərbaycan-Rusiya siyasi dialoqu: Cənubi Qafqazda cari vəziyyətin müzakirəsi önə çəkilir

Son günlərdə Azərbaycan-Rusiya siyasi dialoqunda Cənubi Qafqaz regionunda, o cümlədən də Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesində cari vəziyyətin müzakirəsi önə çəkilir. Prezident İlham Əliyevin fevralın 14-də Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışığı olub. Söhbət zamanı bir sıra digər məsələlərlə yanaşı, Cənubi Qafqaz regionunda cari vəziyyət barədə də ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan-Ermənistan sərhəddində sabitliyin və təhlükəsizliyin təmin olunması məqsədilə ardıcıl tədbirlərin görülməsinin əhəmiyyəti qeyd edilib. Bu kontekstdə Rusiya, Azərbaycan və Ermənistan arasında yüksək səviyyədə əldə olunmuş müvafiq razılaşmaların qeyd-şərtsiz yerinə yetirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan Prezidenti fevralın 14-də, həmçinin Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib. Bu görüşdə də əsas müzakirə predmetlərindən biri sülhyaratma prosesi ilə bağlı olub. Görüşdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesi barədə fikir mübadiləsi aparılıb. İqor Xovayev regiona səfəri və Rusiyanın Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesinə dəstək vermək üçün atdığı addımlar barədə məlumat verib. Xatırladaq ki, İqor Xovayev Azərbaycana səfərə gəlməzdən əvvəl Ermənistanda da olmuşdu və burada da eyni mövzuda müzakirələr aparmışdı.

Azərbaycan-Rusiya siyasi dialoqu çərçivəsində Azərbaycanla Ermənistan arasında tənzimləmə prosesi ilə bağlı müzakirələr, həmçinin Milli Məclisin sədri Sahibə Qafarovanın Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində aparılan danışıqlarda müzakirə mövzusu olub. Qeyd edək ki, Moskvada Azərbaycan Respublikası Milli Məclisi ilə Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Milli Məclisin sədri ilə görüşlərdə Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko və Rusiya Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycan, Rusiya və Ermənistan tərəfindən üçtərəfli razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Azərbaycan-Rusiya siyasi dialoqunda Cənubi Qafqazda cari vəziyyətin müzakirəsinin önə çəkilməsi, imzalanan üçtərəfli Bəyanatın, digər sənədlərin yerinə yetirilməsinin zəruriliyinin birmənalı şəkildə vurğulanması belə bir reallığı ortaya qoyur ki, şimal qonşumuz Ermənistanın sülhyaratma prosesi ilə bağlı davranışlarından narazıdır. Rusiya Ermənistanın manipulyasiya cəhdlərinə rəğmən,

sülhyaratma prosesində ənənəvi üçtərəfli formatı qorumaq və özünün vasitəçilik missiyasını bundan sonra da fəal şəkildə davam etdirmək istəyindədir. Rusiyadan Ermənistanın ünvanına gələn sərt bəyanatlara istinadən deyə bilərik ki, sülhyaratma prosesində yeni bir mərhələ başlayır.

Rusiyanı Ermənistandan narazı salan 1-ci səbəb: Ermənistanın oriyentasiyasını dəyişməsi

Rusiyanı Ermənistandan narazı salan çoxsaylı səbəblər var. Burada birinçi səbəb kimi, Ermənistanın Rusiyanın təsir dairəsindən çıxmaq cəhdlərini qeyd edə bilərik. Hazırda məlum səbəblərdən Rusiya ətrafında geosiyasi vəziyyət dəyişib. Ermənistan isə bunu Qərbə yaxınlaşmaq üçün bir fürsət kimi dəyərləndirir. Ermənistan indiyədək bir dövlət kimi mövcudluğuna görə məhz Rusiyaya borcludur. Bu ölkənin iqtisadiyyatı, enerji təhlükəsizliyi böyük dərəcədə Rusiyadan asılıdır. Şimal qonşumuz Birinci və İkinci Qarabağ müharibələrində Ermənistanın silah-sursat təchizatında mühüm rol oynayıb. Rusiyadan Ermənistana silahlar bir çox hallarda pulsuz və yaxud çox aşağı qiymətlərlə göndərilirdi.  Digər tərəfdən, postmüharibə mərhələsində Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesində vasitəçilik missiyasını həyata keçirən ölkələrdən biri Rusiyadır. Xatırladaq ki, məlum üçtərəfli Bəyanat məhz bu ölkənin təşəbbüsü və səyləri sayəsində imzalanıb. Ötən iki ildə Rusiyanın dövlət başçısının və digər yüksəksəviyyəli rəsmilərinin iştirakı ilə Moskvada və Soçidə bir neçə dəfə üçtərəfli formatda görüşlər keçirilib.

Belə görünür ki, xain xislətli Ermənistana etibar etmək olmaz.  N.Paşinyan üçün kimin çətiri altında gizlənməyin fərqi yoxdur. Ermənistan ötən ilin yayından başlayaraq anti-Rusiya təbliğatını gücləndirib. Şimal qonşumuzdan qopmağa çalışan bu ölkədə Qərbə yönəlik addımlar atılır. Ötən ilin noyabrında İrəvanda keçirilən KTMT-nin sammitində Nikol Paşinyan yekun sənədi imzalamaqdan imtina edib. Bundan başqa, bu ilin yanvarında Ermənistanda KTMT təlimləri keçirilməli idi. N. Paşinyan iddialar sərgiləyərək buna icazə vermədi. Ermənistan rəsmiləri istəyirlər ki, Azərbaycana qarşı revanşist iddialarını KTMT vasitəsilə həyata keçirsinlər. Ancaq unudurlar ki, KTMT-də təmsil olunan ölkələrdə Azərbaycanın hörməti və nüfuzu quruma üzv dövlət olan Ermənistanınkından qat-qat yüksəkdir. Bu  və digər səbəblərə görədir ki, qurum Ermənistanın istəyinə bir qayda olaraq “yox” deyir. KTMT-dən əli üzülən Ermənistan böyük bacısı Fransanın yer aldığı Qərbə üz tutub. Artıq Avropa İttifaqı Ermənistana  iki illik missiya göndərməyə qərar verib. Həmin missiyanın tərkibində həmçinin Fransa jandarmeriyasının 70 nəfərdən ibarət heyəti də yer alır. Bütün bunlarla yanaşı, Ermənistanın lideri N.Paşinyan Rusiya sülhməramlı kontingentinin müvəqqəti xidmət apardığı Azərbaycan ərazilərinə BMT qüvvələrinin cəlb edilməsi iddiasını irəli sürüb. Bütün bunlar Rusiyanın vasitəçilik səylərinə kölgə salır. Açıq-aydın görünür ki, Rusiyaya arxa çevirən Ermənistan Qərbin maraqlarının təmin olunmasında alət qismində çıxış edir. Nədir Qərbin maraqları? Heç kəsə sirr deyil ki, bu maraqlar Rusiyanın regiondan sıxışdırılaraq çıxarılması məqsədi daşıyır. Biz Ukrayna ssenarisinin müəyyən mənada Ermənistanda təkrarlandığının şahidi oluruq. Təbii ki, bu ssenaridə yer alan Ermənistan Rusiya tərəfindən cəzalandırılmalıdır və şimal qonşumuz da bunu edir.

2-ci səbəb: 102-ci bazanın bağlanmasına cəhdlər

Ermənistanda çalınan rusofobiya xorunda ucadan eşidilən səslərdən biri də 102-ci Rusiya hərbi bazasına yönəlik etirazlarla bağlıdır. Son günlərdə bəhs olunan hərbi bazanın qarşısında çoxsaylı etiraz aksiyaları keçirilir. Aksiyalara polis müdaxiləsi olsa da, etirazların hakimiyyət dairələrindən qaynaqlandığı ortadadır. Əks halda bu ölkədə Rusiya hərbçilərinə dirsək göstərməyə heç kim cəsarət etməzdi.

102-ci Rusiya hərbi bazası 1995 -ci ildə yaradılıb və bu günə qədər fəaliyyət göstərir. Baza Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibindəki Cənub Hərbi Dairəsinə tabedir. Təxminən 5 min nəfərə yaxın şəxsi heyətə malikdir. Ermənistanın İrəvan və Gümrü şəhərlərində dislokasiya olunur. Baza, ümumilikdə, 13 döyüş və 17 təchizat- təminat bölməsindən ibarətdir. Hərbi bazaya bitişik olan “8-ci şəhərcik” adlanan yaşayış məntəqəsində 4000 nəfərə yaxın hərbçi ailəsinin üzvləri yaşayır. Xatırladaq ki, keçmiş SSRİ-nin süqutundan sonra Azərbaycan və Gürcüstan təkidli səylərlə öz ərazilərindəki Rusiya bazalarının  çıxarılmasına nail oldular. Ermənistan isə fərqli mövqe tutdu. Bu ölkə Rusiyaya məxsus hərbi bazanın öz ərazisində  2044-cü ilə kimi qalmasına icazə verdi. Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bazaya görə İrəvana heç bir kompensasiya ödənişi həyata keçirmir. Zaman-zaman hərbi bazanın kontingenti ilə yerli sakinlər arasında insidentlər yaşanır.  2015-ci ilin yanvarında 102-ci bazanın əsgəri Valeri Permyakovun 6 nəfərlik Avetisyanlar ailəsinin kökünü yer üzündən kəsməsi barədə skandal bütün dünya mediasında geniş işıqlandırıldı. Permyakov azadlıqdan məhrum edilsə də, Rusiya onu Ermənistandan geri aldı, hazırda onun həbsdə qalması isə şübhə altındadır. Rusiya hərbi bazası 450 min avro cərimə olundu, lakin vəsaitin kimə və necə ödənildiyi məlum deyil.

Rus hərbiçilər yerli əhalinin gözünün odunun alınmasına hesablanan belə təxribatları mütəmadi olaraq həyata keçiriblər. Ancaq Ermənistan hakimiyyəti indiyədək bu kimi halları sanki görməzdən gəlir və məsələnin böyüməsinə sadəcə, imkan vermirdi. Hakimiyyətin müxtəlif silahlarla təchiz olunan bazanın Ermənistanda xidmət aparmasında xüsusi məqsədi var idi. Bu bazadakı silahlardan və hərbiçilərdən Azərbaycana qarşı mütəmadi qaydada istifadə olunurdu. Azərbaycan Vətən müharibəsində öz gücünü qarşı tərəfə nümayiş etdirdi və qalib gələrək ərazi bütövlüyünü təmin etdi. Artıq Ermənistanda hesab edirlər ki, belə bir bazanın saxlanılmasına da ciddi ehtiyac qalmayıb. Rusiyanın Ermənistanın bu istəyini yerinə yetirəcəyi və hərbi bazanın fəaliyyətini dayandıracağı isə mümkünsüz görünür.

Ermənistan bir ölkə kimi varlığını itirmək təhlükəsi ilə üz-üzə

Hər kəsə bəlli idi ki, Rusiya Ermənistanın Qərbə yönəlik siyasətə başlamasını həzm etməyəcək. Gözləntilər özünü doğruldur. Bu günlərdə şimal qonşumuzun müxtəlif dairələrindən Ermənistanın avantüralarına qarşı etiraz jestləri edilir. Hazırda Ermənistanın başı üzərində Şimal küləyi əsir desək, əsl həqiqəti ifadə etmiş olarıq. Sezilən odur ki, Rusiyada Ermənistanın rusofobiya siyasətini layiq olduğu şəkildə cəzalandırılmasına ideoloji zəmin hazırlanır. İndiyədək Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Avropa İttifaqının mülki missiyasının Ermənistanda zühr etməsinə bir neçə dəfə kəskin etirazını bildirib. Onun qənaətinə görə regiona missiyanın göndərilməsi mütləq qaydada Azərbaycanla razılaşdırılmalı idi. Uzunmüddətli missiyanın regiona gəlməsi ilə bağlı ölkəmizdən belə bir razılıq alınmayıb. Ermənistana qarşı sərt açıqlamalarına ara verməyən Rusiya XİN-in rəsmisi yerli KİV-ə verdiyi müsahibədə isə Ermənistanın zamanında Azərbaycan ərazilərini işğal etdiyini açıq mətnlə ifadə edərək deyib: “Hətta əvvəlki Ermənistan hakimiyyəti Rusiyanın təklif etdiyi diplomatik həllin çoxsaylı variantlarını o qədər də müsbət qəbul etməyib, Ermənistanın heç vaxt iddia etmədiyi əraziləri saxlamaq istəyib”. Ekspertlər çox haqlı olaraq Lavrovun bu sözlərini Ermənistana vurulan tərs sillə kimi dəyərləndirirlər.

Sərt mesajlar...

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova da Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sərhəddə Avropa İttifaqının missiyasının göndərilmə səbəbləri barədə özünütəmizə çıxartma bəyanatını tənqid edib. Bu barədə o, keçirdiyi  brifinqdə danışıb. “Bu cür bəyanatlar Aİ nümayəndələrinin regiona cəlb edilməsinə haqq qazandırmaq cəhdidirsə, bunu heç də uğurlu hesab etmək olmaz”, - deyə Zaxarova həftəlik brifinqdə bildirib. Rusiya XİN-in təmsilçisi  rus sülhməramlılarının Qarabağda sülhü təmin etdiklərini qeyd edib: “Hərbi sərhədçilərimiz Ermənistan ərazisində, o cümlədən, Ermənistan-Azərbaycan sərhədində fəaliyyət göstərir. Biz Bakının bununla bağlı narahatlığı haqqında heç vaxt eşitmədik. Eyni zamanda, Azərbaycanın Aİ-nin Ermənistanda müşahidə missiyasını yerləşdirmək qərarına tənqidi münasibətindən də xəbərimiz var”.

Ermənistanın ünvanına ən sərt mesajlar isə Rusiya Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodindən gəlib. O, bu günlərdə Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə Ermənistanın regiona Avropa strukturlarının missiyasını cəlb etməsinə ölkəsinin kəskin münasibətini ifadə edərək deyib: “Azərbaycan, Ermənistan və Rusiya Federasiyasının dövlət başçıları səviyyəsində qəbul olunmuş qərar var. Biz bunu rəhbər tutacağıq və öz tərəfimizdən bu sazişlərin həyata keçirilməsi üçün hər şeyi edəcəyik. Avropa institutları istiqamətində bəyanatlar verənlər isə sadəcə olaraq, ölkəni itirə bilərlər. Avropa Parlamentini və AŞ PA-nı işə cəlb etmək istəyən bizlər 10 dəfə düşünməli və bunun Ukrayna, Yuqoslaviya və digər ölkələrin timsalında necə bitdiyini  düşünməliyik. Sülh istəyən, problemin həllini istəyən hər kəs bu kvazi-parlamentlərdən - istər AŞ PA-dan, istərsə də Avropa Parlamentindən - uzaq durmalıdır, aydın başa düşməlidir ki, onların iştirakı vəziyyəti daha da gərginləşdirəcək. Əgər bunu edirlərsə, onda nəticələrinə görə məsuliyyət daşımalıdırlar”.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 495 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31