Güc birlikdədir!
13.05.2023 [10:00]
Azərbaycan və Türkiyənin hərbi müttəfiqliyi - Müqavilədən Bəyannaməyə...
Tarixin çətin sınaqlarında möhkəmlənən Azərbaycan - Türkiyə münasibətlərini dostluğun, qardaşlığın zirvə nöqtəsi kimi dəyərləndirə bilərik. Dünyada bir-birinə Azərbaycan və Türkiyə qədər yaxın olan hansısa digər dövlətlərin adını çəkmək mümkün deyil. İki qardaş ölkə tarixdən gələn və dil, din, mənəviyyat eyniliyinə söykənən ənənələrinə böyük önəm verirlər və bu yaxınlığı daim qoruyub saxlamağa, daha da möhkəmlətməyə çalışırlar.
Azərbaycanla Türkiyənin müxtəlif istiqamətləri əhatə edən münasibətlərində hərbi sahədə əməkdaşlıq xüsusi yer tutur. İki ölkənin hərbi sahədə əməkdaşlığı müxtəlif sənədlərlə təsbit olunub. Qardaş dövlətlərin bu istiqamətdəki əməkdaşlığını özündə ehtiva edən sənədlərdən biri isə 2002-ci il mayın 14-də imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təmənnasız hərbi yardım haqqında Müqavilə”dir. Prezident Heydər Əliyev 24 avqust 2002-ci il tarixində həmin sənədin təsdiqlənməsi barədə Sərəncam imzalayıb.
Hərbi əməkdaşlığın genişləndirilməsi üçün hüquqi əsaslar
Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlığın tarixi qürur doğuran faktlarla zəngindir. Bu siyahıda ötən yüzilliyin əvvəllərində Türkiyə hərbçilərinin köməyi ilə Bakının erməni-bolşevik işğalından azad edilməsini xüsusi qeyd edə bilərik. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan olunan vaxtda Bakı yad əllərdə - erməni-bolşevik birləşmələrinin nəzarətində idi. Elə bu səbəbdən də AXC respublikamıza idarəçiliyi Gəncədən həyata keçirmək məcburiyyətində qalmışdı. Çox təhlükəli proseslər izlənilirdi. Şaumyanın rəhbərlik etdiyi Bakı Xalq Komissarları Sovetinin qarşıya qoyduğu əsas məqsədlərdən biri yaxın perspektivdə Bakının milli tərkibini ermənilərin xeyrinə dəyişmək, daha sonra isə Azərbaycandan ayırıb ona muxtariyyət statusu qazandırmaq idi. Digər imperialist güc mərkəzləri də Bakıda özlərinin çirkin niyyətlərini reallaşdırmaqdan ötrü əlverişli məqam gözləyirdilər. Bütün bu kimi amillər doğma şəhərimizin mümkün qədər tez bir zamanda erməni-bolşevik işğalından azad edilməsini həyati zərurətə çevirmişdi.
Bəhs olunan dövrdə Gəncədə də vəziyyət ağır idi. Erməni-bolşevik qruplaşması Bakı kimi Gəncəni də tamamilə öz nəzarəti altına keçirmək istəyirdi. Belə çətin dönəmdə AXC-nin köməyinə Qafqaz İslam Ordusu çatdı. Açıq demək lazımdır ki, bu ordu birləşməsi olmasaydı, AXC Gəncədə öz fəaliyyətini təşkil edə bilməyəcəkdi. Qeyd edək ki, Nuru paşanın komandan təyin olunduğu Qafqaz İslam Ordusu beş minlik əlahiddə Azərbaycan hərbi korpusu, beşinci, doqquzuncu və on beşinci Çanaqqala alaylarının bazasında yaradılmışdı. Gəncənin və digər ərazilərimizin erməni-daşnak birləşmələrindən təmizlənməsindən sonra Qafqaz İslam Ordusu sentyabrın 15-də Bakı uğrunda həlledici döyüşlərə başladı və cəmi bir neçə saat ərzində tarixi şəhərimizi azad etməyə nail oldu.
Tarixdən gələn bu ənənə Prezident Heydər Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təmənnasız hərbi yardım haqqında Müqavilə” ilə daha da möhkəmləndirildi. Əvvəlki illərdə qazanılan təcrübəyə istinad edilməklə imzalanan bu sənəddə iki dost ölkə arasında hərbi əməkdaşlığı daha da möhkəmləndirmək və Azərbaycanın Silahlı Qüvvələrinin yenidən qurulması işinə yardım etmək məqsədi daşıyırdı.
Həmin dövrdə belə bir müqavilənin imzalanması Azərbaycan üçün bir növ zərurət idi. Müstəqilliyinin yaşı az olan respublikamız müharibəyə cəlb olunmuşdu. Ermənistan havadarlarının böyük dəstəyi ilə torpaqlarımızın 20 faizini öz nəzarəti altına almışdı və işğal məhsulu olan keçmiş status-kvonu hər vəchlə sonsuzluğa qədər uzatmağa çalışırdı. Sanksiyalar tətbiq edilmədiyinə görə BMT-nin müvafiq qətnamələrinin icrasından yayınan Ermənistan yeni ərazilər ələ keçirmək niyyətini də açıq-aydın ifadə edirdi. Belə çətin dönəmdə Azərbaycanın Silahlı Qüvvələrinin möhkəmləndirilməsinə, döyüş qabiliyyətinin yüksəldilməsinə və texniki təchizatının gücləndirilməsinə böyük ehtiyac var idi. Bu ehtiyacı qarşılamağa yenə də qardaş Türkiyə gəldi. Bəhs olunan müqavilənin birinci bəndində Türkiyə Respublikası Hökuməti Azərbaycan Respublikası Hökumətinə 3.786.140.000.000 (üç trilyon yeddi yüz səksən altı milyard yüz qırx milyon) Türkiyə lirəsinə bərabər ABŞ dolları məbləğində təmənnasız yardım edəcəyi nəzərdə tutulurdu. İndiyədək icrası yüksək səviyyədə təmin olunan sənədə əsasən qardaş dövlət tərəfindən Silahlı Qüvvələrimizin avadanlıq və xidmət təchizatına əhəmiyyətli dərəcədə kömək göstərilib.
Qardaş ölkələrin hərbi əməkdaşlığının mahiyyəti
İki qardaş ölkə arasında hərbi əməkdaşlığın genişləndirlməsi heç bir halda təcavüzkarlıq mahiyyəti daşımır. Azərbaycan və Türkiyə öz qonşularına, ümumiyyətlə heç bir ölkəyə qarşı ərazi iddiaları sərgiləmir və ilhaq planları qurmur. Ancaq öz təhlükəsizliklərini təmin etmək üçün ordularını möhkəmlətmək də onların haqqıdır. Hazırda dünyada elə bir vəziyyət yaranıb ki, benəlxalq hüquq və prinsiplər bir sıra hallarda işləmir. Buna görə də ölkələr öz suverenliklərini daxili imkanları və müttəfiqlərinin dəstəyi ilə qorumaq məcburiyyətindədirlər. Azərbaycan və Türkiyənin hərbi əməkdaşlığı isə həm bu ölkələrin özləri, həm də bütövlükdə region üçün mühüm aktuallıq daşıyır. Hər iki ölkə regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasında maraqlıdır.
Azərbaycanla Türkiyənin hərbi sahədə əməkdaşlığının məzmunu kifayət qədər genişdir. İlk növbədə onu qeyd edək ki, NATO-nun aparıcı ölkələrindən olan Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə öz dəstəyini göstərir. Hazırda Türkiyə modelinə istinad edilməklə Azərbaycan Ordusunun yeni strukturunun formalaşdırılması, o cümlədən də komando birliklərinin yaradılması prosesi uğurla davam etdirilir.
Ölkəmizin Türkiyə ilə hərbi təhsil sahəsində əməkdaşlığının önəmini xüsusi qeyd edə bilərik. 1996-cı ildə imzalanmış “Hərbi sahədə təhsil, texniki və elmi əməkdaşlıq razılaşması” çərçivəsində Türkiyə ilə Azərbaycan hərbi təhsil sahəsində yaxşı nəticələr qazanıblar. İndiyədək minlərlə azərbaycanlı gənc qardaş ölkənin Silahlı Qüvvələrində təcrübə keçiblər, bir sıra nadir ixtisaslara yiyələniblər və müxtəlif növ müasir silahların sirlərini öyrəniblər. Silahlı Qüvvələrimizin yenidən təşkilinə kömək məqsədilə hər il müəyyən kvotalar daxilində azərbaycanlı hərbi qulluqçular Türkiyədə təhsil almağa göndərilir. Təcrübə mübadiləsi baxımından Azərbaycandan və Türkiyədən olan hərbçilərin birgə təlimlərə cəlb olunmaları da çox əhəmiyyətlidir.
İki ölkə arasında müdafiə sənayesi sahəsində də yüksək səviyyəli əməkdaşlıq qurulub. Müdafiə sənayesi sahəsində əməkdaşlığın hüquqi təməldə həyata keçirilməsini təmin etmək məqsədilə iki ölkə arasında 20 sentyabr 2000-ci il tarixində “Müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” müqavilə imzalanıb. Eyni zamanda, bir sıra atıcı silahların istehsalı, döyüş sursatlarının, mühəndis texniki vasitələrinin, onların ehtiyat hissələrinin idxalı, maskalanma torlarının istehsalı üçün xammalın alınması, 60 və 82 mm çaplı minaatanlar üçün yarımfabrikatların Azərbaycana gətirilməsi üçün müqavilələr imzalanıb.
Türkiyə hərbi texnika istehsalında böyük uğurlara imza atıb. Təkcə son günlərdə Prezident Rəcəb Tayyib Ərdoğan bir neçə müasir döyüş texnikasının təqdimatını etdi. Eyni zamanda, Azərbaycan da özünün müdafiə sənayesini inkişaf etdirir. Qürurverici haldır ki, artıq ordumuzun müxtəlif döyüş susrsatları ilə təminatının xeyli hissəsi məhz daxili istehsal hesabına həyata keçirilir. Qardaş ölkə ilə birgə müdafiə sənayesi müəssisələrinin qurulması perspektivləri böyükdür. Bir qədər bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi və Türkiyənin “Baykar” şirkəti arasında ölkəmizdə pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalına dair niyyət protokolu imzalanıb. Xatırladaq ki, Türkiyədə buraxılan pilotsuz uçuş aparatları Azərbaycan Ordusunun silahlanmasına cəlb olunub. Şanlı Qələbəmizlə başa çatan Vətən müharibəsində düşmənin hədəflərinin məhv edilməsində bu texnikanın böyük rolu oldu. Ümumiyyətlə, qardaş ölkə 44 günlük müharibədə Azərbaycana hərtərəfli dəstək nümayiş etdirdi. Türkiyədən gələn bu dəstək Azərbaycanın özünəinam hissini artırdı. Dünya gördü ki, ölkəmiz tək deyil, Azərbaycana uzanan əlləri güclü orduya malik Türkiyə özünə uzanan əllər kimi qəbul edir və onları kəsməyə qadirdir. Türkiyə pos?müharibə dövründə də regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verir. Xatırladaq ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə əlaqədar sülhün təmin edilməsi mexanizmləri çərçivəsində Türkiyə-Rusiya Birgə Mərkəzi uğurla fəaliyyət göstərir
Şuşa Bəyannaməsi ilə möhkəmlənən müttəfiqlik
Hərbi əməkdaşlıq sahəsində uzun illər ərzində qazanılan təcrübə, eləcə də 2002-ci il mayın 14-də imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təmənnasız hərbi yardım haqqında Müqavilə” iki qardaş ölkəni 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanmasına apardı desək, əsl həqiqəti ifadə etmiş olarıq. Qars Müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvəyə yüksəlib. Sənəddə iki ölkənin bundan sonrakı müttəfiqliyinin və işbirliyinin mühüm istiqamətləri öz əksini tapıb. Şuşa Bəyannaməsində beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətin uzlaşdırılması, siyasi, hərbi iqtisadi-ticarət əlaqələri, həmçinin mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi sahələr əhatə olunub. Meydana çıxan yeni çağırışlar fonunda hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsi, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsi Azərbaycanın və Türkiyənin regional və beynəlxalq müstəvidə rolunun, çəkisinin artmasına müsbət təsir göstərir. Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından da mühüm əhəmiyyət kəsb edir.
Bəhs olunan sənəddə Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsi sayəsində regionda yaranan yeni reallıqlar nəzərə alınıb. Bəyannamədə müharibədən sonrakı mərhələdə Qafqaz regionunda sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi-nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylərin artırılmasının zəruriliyi vurğulanıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxAnalitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06

