Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / “Böyük Qayıdış”ın yeni ünvanı: Füzuli

“Böyük Qayıdış”ın yeni ünvanı: Füzuli

08.08.2023 [10:10]

Mübariz ABDULLAYEV

Vətən müharibəsində müzəffər Ordumuzun Zəfəri sayəsində işğaldan azad olunan ərazilərə həyat qayıdır. Qalib Azərbaycanın postmüharibə mərhələsində bəhs olunan ərazilərdə həyata keçirdiyi Böyük Qayıdışın yeni ünvanı bəlli olub. Bu, Füzuli şəhəri olacaq. Avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin və  Füzuli Rayon İcra Hakimiyyətinin  nümayəndələri iştirak ediblər.

Püşkatmada 144 ailə ( 509 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 51-i ikiotaqlı, 76-sı üçotaqlı, 17-si dördotaqlı mənzil ilə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.

Püşkatmanın keçirilməsi məcburi köçkünlərin yerləşdirilməsində obyektivliyi və şəffaflığı təmin etmək məqsədi daşıyır. Məcburi köçkün ailələrin nümayəndələri püşkatma vasitəsilə onlara verilən evlərin dəqiq ünvanını müəyyənləşdirirlər.

Tezliklə daimi yaşayış üçün Füzuli şəhərinə qayıdacaq keçmiş məcburi köçkünlər çox böyük sevinc hissi keçirdiklərini qeyd ediblər. Onlar işğaldan azad olunmuş ərazilərdə yaradılan şəraitə və məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər  

İlin sonunadək Qarabağa və Şərqi Zəngəzura 2 min ailə köçürüləcək

Hazırkı strateji mərhələdə Azərbaycan dövlətinin gündəliyində dayanan əsas məsələlərdən biri, daha dəqiq ifadə etsək, 5 milli prioritetdən biri  44 günlük Vətən müharibəsində işğaldan azad edilən ərazilərə “Böyük Qayıdış”ın təmin olunmasıdır. Güclü Azərbaycan dövləti qaçqın və məcburi köçkün soydaşlarımızın işğaldan azad olunan ərazilərə “Böyük Qayıdış”ını layiqli şəkildə təmin etmək əzmi nümayiş etdirir. Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixində imzaladığı müvafiq Sərəncamla təsdiqlənən  “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Böyük Qayıdış üzrə strateji çərçivə müəyyənləşdirilib. Sənəddə vurğulanır ki, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaq. Əhalinin dayanıqlı məskunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək. İşğaldan azad edilmiş ərazilərin təhlükəsizlik sistemi və infrastrukturla tam şəkildə əhatəsinə nail olunacaq. Qabaqcıl şəhərsalma qaydaları nəzərə alınmaqla bölgədə yaşayış və qeyri-yaşayış kompleksləri inşa ediləcək, müasir infrastruktura malik “ağıllı şəhər və ağıllı kənd” konsepsiyaları həyata keçiriləcək. Kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sistemi qurulacaq. Sosial xidmət infrastrukturu bərpa olunacaq. Nəticədə, ilkin strateji mərhələdə əhalinin təhlükəsiz, ləyaqətli və dayanıqlı əsasda planlaşdırılan məskunlaşmasına nail olunacaq.

Soydaşlarımızın rahat, müasir tələblərə cavab verən mənzillərlə təmin olunması üçün zəruri olan bütün tədbirlər görülür. Artıq 86 ailə - 420 nəfər  məcburi köçkün Zəngilan rayonun Ağalı kəndində  müasir yanaşmalar əsasında inşa olunmuş mənzillərdə yaşayır. Eyni zamanda, Tərtər rayonunun Talış kəndinə, Laçın şəhərinə ağır qaçqınlıq və məcburi köçkünlük taleyi yaşamış soydaşlarımızın köçü baş tutub. Bütövlükdə, “Böyük Qayıdış” çərçivəsində indiyədək 217 ailə, 934 nəfər doğma yurdlarına köçürülüb. Bu ilin sonunadək ümumilikdə 2 minə yaxın məcburi köçkün ailəsinin, yəni 10 minə yaxın məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında öz doğma evlərinə qayıdışı və daimi məskunlaşdırılması nəzərdə tutulub. Laçın şəhərinə 700-dək ailənin, Laçın rayonunun Zabux və Sus kəndlərinə 400 ailənin köçürülməsi planlaşdırılıb. Eyni zamanda, Füzuli şəhərinə 267 ailənin, Zəngilanın Ağalı kəndinə növbəti mərhələdə 100-ə yaxın ailənin qayıdışı və məskunlaşdırılması nəzərdə tutulub.

Güclü dövlət olan Azərbaycan “Böyük Qayıdış” proqramı çərçivəsində işləri daha da sürətləndirmək istəyir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda 30 illik işğal dövründə dağıdılmış yaşayış sahələri, inzibati binalar, yollar, kommunikasiya xətləri bərpa olunur, irimiqyaslı layihələr həyata keçirilir. Ancaq işğal altına alınan torpaqların tamamilə minalaması məcburi köçkünlərin “Böyük Qayıdış” prosesini ləngidir. Qurum rəsmisi vurğulanıb ki, beynəlxalq ictimaiyyət həm doğma yurdlarına qayıdacaq sakinlərin, həm də işğaldan azad olunmuş ərazilərdə peşə fəaliyyətini yerinə yetirən şəxslərin təhlükəsizliyinin təmin edilməsi üçün Ermənistanı mina xəritələrini verməyə məcbur etməlidir.  

Ağır işğal dövrü

Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayınadək sahəni əhatə edir, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Füzulinin 51 kəndi və rayon mərkəzi 1993-cü il avqustun 23-də ermənilər tərəfindən işğal olunub, 55 min nəfərə yaxın sakin doğma torpaqlarını tərk edib. İşğal nəticəsində 1100-dən çox füzulili şəhid olub, 113 nəfər girov götürülüb, 1450 nəfər müxtəlif dərəcəli əlillik qazanıb.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə Füzuli rayonu ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair bir sıra faktlar aşkarlayıb. Geniş meşə massivləri ilə örtülü olan Dövlətyarlı kəndində ağaclar bütünlüklə qırılıb, Qoçəhmədli kənd yolu boyunca ağaclar kütləvi şəkildə məhv edilib, Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük yaşıllıqlar tamamilə qırılıb, 2006-2009-cu illər ərzində rayonun 35 000 hektardan artıq ərazisi ermənilər tərəfindən yandırılıb.

Füzuli azadlığa qovuşdu

 İşğal illərində böyük dağıntılara məruz qalan Füzuli şəhəri  2020-ci il oktyabrın 17-də öz azadlığına qovuşub. Füzuli şəhərinin işğaldan azad edilməsi xəbərini isə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 17-də xalqa müraciətində çatdırıb. Dövlətimizin başçısı müraciətində həmin gün Füzuli şəhəri ilə yanaşı, rayonun Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, Çimən, İşıqlı və Dədəli kəndlərinin də işğalından azad olunduğunu bildirib.

Füzuli şəhərinin işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib. Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğradıb. Azərbaycan Respublikasında “Füzulinin azad olunmasına görə” medalı təsis olunub. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

Şəhərdə 50 min sakin məskunlaşacaq

İşğaldan azad edilmiş digər yaşayış məntqələri kimi, Füzuli şəhərinin bərpası da tarixi ənənələr və müasir tələblər nəzərə alınmaqla hazırlanan plan əsasında həyata keçirilir. Xartırladaq ki, Nazirlər kabineti “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiqləyib. Baş planın icrası yüksək səviyyədə təmin edilir. Şəhərdə hazırda 38 binada tikinti-quraşdırma əməliyyatları aparılır. Cari ilin sentyabrında 30 ildən sonra ilk dəfə Füzuli şəhərində məktəb zəngi səslənəcək. Şəhərdə inşa edilən orta məktəb, demək olar ki, istifadəyə hazırdır. 2040-ı ilədək isə şəhərdə 50 min vətəndaşımızın məskunlaşacağı gözlənilir.

Yeni şəhər işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik olacaq. Növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2.5 dəfə artacaq və Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr təşkil edəcək.

Əsasən yaşıllıqdan ibarət olan Füzuli şəhərinin mərkəzində 5 hektar ərazidə Memorial Kompleksi salınacaq. Orada İşğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər parkı yaradılacaq. Şəhəri əhatə edən yüksəklikdə Bayraq meydanı qurulacaq. Füzuli şəhərində 21 hektarlıq Mərkəzi Park da salınacaq. Ərazidə 5000-dən çox Eldar şamı, həmişəyaşıl sərv, zeytun, Şərq çinarı, ağcaqayın və digər növ ağaclar əkiləcək. 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. Şəhərdə çox mərtəbəli binalar ilə yanaşı, az və ortamərtəbəli çoxmənzilli binalar da inşa ediləcək. Şəhərdə həyətyanı bağ sahələri olan fərdi evlər də tikiləcək.

Azərbaycan dövlətinin gücü və niyyəti

Postmüharibə dövründə işğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Füzulidə də müxtəlif istiqamətlərdə bərpa işləri intensiv şəkildə davam etdirilir. Xatırladaq ki, dövlət başçısı müharibə başa çatandan sonra işğaldan azad edilmiş ərazilərə ilk səfərini 2020-ci il 16 noyabr tarixində məhz Füzuliyə edib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Füzuli rayonuna gəliblər. Bu səfər çərçivəsində Prezident İlham Əliyev Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verib və Füzuli-Şuşa avtomobil yolunun - Zəfər yolunun çəkilişinə start verilib. Bu yol qalib Azərbaycan üçün böyük rəmzi məna daşıyır. Vətən müharibəsi günlərində igid hərbiçilərimiz məhz Zəfər yolunun keçdiyi ərazilərdən Şuşaya yaxınlaşıblar. Şuşanın fəthi ilə isə müharibənin taleyi böyük dərəcədə həll olundu. Qürurverici haldır ki, hərbçilərimizin keçdikləri çığır Prezident İlham Əliyev tərəfindən böyük Qələbəmizin şərəfinə Zəfər yolu adlandırılıb. Zəfər yolunun açılışı Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2021-ci il 7 noyabr tarixində baş tutub.

Postmüharibə dövründə Füzulidə istifadəyə verilən ən böyük infrastruktur obyektlərindən biri də beynəlxalq hava limanıdır. Hava limanı 2021-ci il 26 oktyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə verilib. Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Ən müasir tələblərə cavab verən beynəlxalq hava limanının qısa müddətdə və yüksək keyfiyyətlə inşası Azərbaycan dövlətinin qüdrətini və niyyətini əks etdirir.

Paylaş:
Baxılıb: 749 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31