Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Aİ məkanında 9 strateji tərəfdaşdan biri - Macarıstan

Aİ məkanında 9 strateji tərəfdaşdan biri - Macarıstan

22.08.2023 [10:10]

“Bu gün bütün Avropa İttifaqının rəhbərliyi müntəzəm olaraq Bakıya səfər edir və bir çox hallarda istənilən Avropa İttifaqı ölkəsi lideri Azərbaycan Prezidenti ilə şəkil çəkdirmək üçün çox şey verərdi”

Azərbaycanla bu günlərdə Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyeva ilə birlikdə işgüzar səfərdə olduğu Macarıstan arasında əlaqələr uğurla inkişaf edir. İki dost ölkə münasibətlərini ikitərəfli və çoxtərəfli platformalarda paralel şəkildə genişləndirir. Macarıstan tərkibində “qoca qitə”nin 27 dövlətini birləşdirən Avropa İttifaqının (Aİ) önəmli üzvlərindən biridir. Eyni zamanda, Aİ-də quruma üzv olmayan Azərbaycanla münasibətlərin dərinləşməsinə, xüsusilə də enerji dialoqunun genişləndirilməsinə böyük önəm verilir. Öz növbəsində, ölkəmiz də Avropa İttifaqı ilə müxtəlif istiqamətlərdə əlaqələrini qarşılıqlı maraqlar əsasında dərinləşdirməkdə maraqlıdır. İndiyədək qurumda təmsil olunan 9 dövlət respublikamızla strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıblar ki, onlardan biri də dost Macarıstandır.

Siyasi dialoqun yüksək səviyyəsi

Sirr deyil ki, liderlər arasında formalaşan ünsiyyət, qarşılıqlı təmasların intensivliyi dövlət siyasətinə də təsirsiz ötüşmür. Prezident İlham Əliyev bundan əvvəl Macarıstana cari il yanvar ayının sonlarında səfər etmişdi. Həmin səfər zamanı dövlətimizin başçısı ilə Macarıstan Prezidenti xanım Katalin Novak və Baş nazir Viktor Orban arasında səmimi görüşlər baş tutdu və onlar əməkdaşlığın cari vəziyyəti və perspektivləri ilə bağlı geniş fikir mübadiləsi apardılar. Aradan cəmi yarım il ötəndən sonra dövlətimizin başçısı yenidən Budapeştə səfər edib. Bu, iki ölkə arasında siyasi dialoqun intensivliyinin daim yüksələn xətlə inkişaf etməsinin əyani göstəricisidir.

Dost Macarıstan Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 26-da tanıyıb.  İkitərəfli diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulub. Keçən il diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi qeyd edilib. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. İki ölkə arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir. Milli Məclisdə Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Macarıstan parlamentində də Macarıstan-Azərbaycan dostluq qrupu yaradılıb. Çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı və digər beynəlxalq platformalar çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri uğurla inkişaf etdirilir.

Prezident İlham Əliyevin cari ilin yanvarında Macarıstana reallaşan sayca dördüncü səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verdi. Ötən dəfə olduğu kimi, Prezident İlham Əliyev Budapeştə son səfəri çərçivəsində də bir sıra önəmli görüşlərə və tədbirlərə qatılıb. Dövlətimizin başçısının avqustun 20-də Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə görüşündə ikitərəfli münasibətlərin aktual məsələlərinə diqqət çəkilib. Dövlətimizin başçısı bu ilin yanvarında Macarıstana səfərini və səfər zamanı aparılmış səmərəli və əhatəli müzakirələrin vacibliyini vurğulayıb, əldə edilmiş razılaşmaların uğurla həyata keçirilməsindən məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev Macarıstanın Baş nazirini Azərbaycana səfərə dəvət edib.  Dəvət minnətdarlıqla qəbul olunub.

Görüşdə qida sənayesi sahəsində Macarıstanın Azərbaycana investisiya qoyuluşu, əczaçılıq sənayesi sahələrində əməkdaşlıqla bağlı əldə olunmuş müsbət dinamika qeyd edilib, Macarıstan aviadaşıyıcısı vasitəsilə Bakı-Budapeşt reyslərinin həyata keçirilməsinin önəminə toxunulub, ümumilikdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərində Macarıstan şirkətlərinin fəaliyyətə başlaması müsbət addım kimi qiymətləndirilib və bu istiqamətdə daha böyük imkanların olduğu vurğulanıb. Elm-təhsil sahəsində əməkdaşlıq qeyd edilib, xüsusilə Macarıstanda azərbaycanlı tələbələrə ali təhsil üzrə təqaüdlərin verilməsi təqdir olunub, gələcəkdə peşə təhsili sahəsində də əməkdaşlıq məsələləri xüsusi vurğulanıb.

İmzalanan sənədlər

İndiyədək iki ölkə arasında imzalanan 50-dən çox sənəd müqavilə-hüquq bazasının möhkəmlənməsində mühüm rol oynayıb. Prezident İlham Əliyevin cari ilin əvvəlində Budapeştə reallaşdırdığı uğurlu səfəri çərçivəsində daha bir sıra mühüm sənədlər imzalanıb. Bunlar aşağıdakılardır:

-“Azərbaycan Respublikasının Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu”,

-“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumu”,

-“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”,

-“Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə Macarıstanın Əcnəbilərə Nəzarət üzrə Milli Baş Direktorluğu arasında miqrasiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”,

-“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında dinc məqsədlərlə kosmik tədqiqat və kosmik fəaliyyətlərdə əməkdaşlıq haqqında Anlaşma Memorandumu”,

-“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol”.

Həmin sənədlər arasında ən əhəmiyyətlisi Azərbaycanın dövlət başçısı və Macarıstanın Baş naziri tərəfindən imzalanan Azərbaycan ilə Macarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamədir. Bəyannamədə tərəflər ikitərəfli əməkdaşlığın bütün sahələri, həmçinin beynəlxalq və regional məsələlər üzrə strateji dialoqu davam etdirməyə hazırlıqları ifadə olunub. Sənəddə, eyni zamanda, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyi qeyd olunaraq, TDT-nin Macarıstandakı Nümayəndəlik Ofisinin fəaliyyəti xüsusi vurğulanıb.

Enerji dialoqu 

İndiki mərhələdə respublikamızla Aİ arasında getdikcə genişlənən tərəfdaşlıq münasibətlərində enerji dialoqunun prioritetliyi önə keçib ki, bu da təsadüfi deyil. Hazırda artan geosiyasi gərginliklər fonunda ənənəvi təchizat zəncirinin qırılması səbəbindən “qoca qitə”nin enerji təhlükəsizliyinə ciddi təhdidlər yaranıb. Avropa İttifaqı üzv dövlətlərin qaz təchizatındakı kəsirləri yeni mənbələr hesabına aradan qaldırmağa çalışır. Azərbaycan “qoca qitə”nin ehtiyacını qarşılamağa geniş imkanları olan ölkədir. Müstəqil Azərbaycanın “Əsrin müqaviləsi”ndən sonra transmilli şirkətlərlə imzaladığı ikinci böyük kontrakt “Şahdəniz” qaz yatağı üzrədir. Qeyd edək ki, “Şahdəniz “ Azərbaycanın yeganə qaz yatağı deyil. Xəzərin respublikamıza aid sektorunda yerləşən digər yataqlar da ehtiyatlarla zəngindir. Bütövlükdə Azərbaycanın təsdiq edilmiş mavi yanacaq ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrə bərabərdir.

Müasir nəql marşrutuna malik olması Azərbaycanın digər bir mühüm üstünlüyüdür. Prezident İlham Əliyevin strateji baxışları bu məsələdə də, necə deyərlər, zamanı qabaqlayıb. Hazırda respublikamız Avropa üçün yalnız yeni enerji mənbəyi deyil. Azərbaycanın üstünlüyü həm də ondadır ki, ölkəmiz dövlətimizin başçısının qətiyyətli siyasi iradəsi sayəsində Xəzər sahillərindən Avropanın mərkəzi hissəsinədək uzanan müasir nəql marşrutunun - Cənub Qaz Dəhlizinin yaradılmasına nail olub. Açıq dənizə çıxışı olmayan Azərbaycanı Aralıq və Adriatik dənizləri ilə birləşdirən layihə bir vaxtlar çoxlarına xəyal kimi görünsə də, artıq reallıqdır. 2020-ci ilin son günü - dekabrın 31-də layihənin yekun hissəsi olan TAP istifadəyə verilib. Hazırda respublikamız Avropadakı istehlakçılara qaz ixracını bu kəmər vasitəsilə həyata keçirir.

Ötən il iyulun 18-də ölkəmizlə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin imzaladıqları sənədlə ölkəmizlə Aİ arasında enerji dialoqunun keyfiyyətcə yeni səviyyəyə yüksələcəyi fikrini qətiyyətlə ifadə edə bilərik. Həmin sənədi bütövlükdə enerji dialoqunun müxtəlif aspektlərini əhatə edən strateji yol xəritəsi kimi də dəyərləndirmək mümkündür.

Bəhs olunan memoranduma əsasən, Azərbaycan 2027-ci ilə qədər Avropa İttifaqı bazarına qaz təchizatını iki dəfə artırmağı planlaşdırır. Xatırladaq ki, Cənub Qaz Dəhlizinin istismara verilməsindən sonrakı ilk ildə ölkəmiz “qoca qitə”yə 8 milyard kubmetr qazı çatdırdı. 2023-cü il üçün hədəf Avropaya 12 milyard kubmetr həcmində mavi yanacaq tədarük etməkdir. Həmin həcm bu il üçün planlaşdırılan 24,5 milyard kubmetr səviyyəsində ümumi qaz ixracımızın təxminən yarısını təşkil edəcək.  

Ölkəmizin ixrac coğrafiyasının genişlənməsi də məmnunluq doğurur. Bu, o anlama gəlir ki, “qoca qitə”də ölkəmizin etibarlı tərəfdaş olduğuna böyük inam var. Xüsusilə də Balkan ölkələri Azərbaycanla enerji dialoqunu genişləndirməyə çalışırlar. Azərbaycan təbii qazını Avropaya nəql edən və Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik boru kəməri bu regiondan - Yunanıstan və Albaniyadan keçir. Qeyd etmək yerinə düşər ki, 2022-ci ilin oktyabr ayında Yunanıstan-Bolqarıstan interkonnektoru istifadəyə verilib və Azərbaycan qazı Balkan regionuna daxil olub, eyni zamanda, bu regionda daxili interkonnektorlar vasitəsilə Azərbaycanın təbii qaz ixracı bazarı daha da genişlənib.

Hazırda Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Cari ildən başlayaraq bu siyahıya Rumıniya da əlavə olunub. Əgər bütün lazımi interkonnektorlar olarsa, 2023-cü ilin sonundan etibarən respublikamız daha bir neçə ölkəyə də qaz təchizatına start verə bilər.

Yaxın perspektivdə Avropada Azərbaycandan qaz tədarük edəcək ölkələrdən biri də Macarıstan ola bilər. Artıq Azərbaycan qazının, eləcə də Türkiyənin dəniz limanlarına çatdırılan mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü ilə bağlı kommersiya danışıqlarına başlanılıb. Azərbaycan qazının Avropaya tədarükünün genişləndirilməsi boru kəməri infrastrukturuna böyük investisiyalar tələb edəcək və Macarıstan belə layihələrin həyata keçirilməsində Avropa İttifaqının maliyyə yardımına ümid edir.

Azərbaycanla Macarıstan arasında enerji dialoqu yalnız qazın tədarükünü əhatə etmir. Bu ölkənin respublikamızdan ixrac edilən mavi yanacağın digər dövlətlərə tranzitini həyata keçirmək imkanları da var. Yeri gəlmişkən, Prezident İlham Əliyevin avqustun 20-də Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə görüşündə iki ölkə arasında enerji dialoqunun cari vəziyyəti və perspektivləri də   ətraflı müzakirə olunub. Görüş əsnasında Azərbaycan ilə Macarıstan arasında enerji, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub, Azərbaycan qazının Macarıstan bazarına çatdırılmasının əhəmiyyəti vurğulanıb.“Yaşıl enerji” əməkdaşlığı

Azərbaycanla Macarıstan arasında təməli qoyulan enerji dialoqunda yeni bir istiqamətin də böyük perspektivi var. İki dost ölkə ənənəvi enerji təchizatı sahəsində olduğu kimi, bərpa olunan mənbələrdən alınan enerjinin tədarükündə də sıx əməkdaşlıq etmək niyyətindədir. Azərbaycanın bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalı imkanları kifayət qədər genişdir. Hazırda respublikamız Avropaya yeni enerji körpüsünü salmağa başlayır. Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, “yaşıl enerji” təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın bərpa olunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Bütövlükdə, Azərbaycan 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı hədəfləyib. 2022-ci ilin dekabrında Buxarestdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya liderlərinin iştirakı ilə Qara dənizin dibi ilə elektrik enerjisinin tədarükü haqqında dördtərəfli saziş imzalandı. Azərbaycanda bərpa olunan mənbələrdən alınacaq elektrik enerjisi bu marşrutla Avropaya, o cümlədən də Macarıstana çatdırılacaq. Bu, çox böyük sərmayə tələb edən layihədir. Burada “yaşıl enerji”nin istehsalı, ötürülməsi, bazarlara çatdırılması, eyni zamanda, Qara dənizin dibi ilə kabelin çəkilməsi maliyyə mənbələrinin tapılmasını çox ciddi koordinasiyalı fəaliyyət  tələb edir. Dövlətimizin başçısı ilə Macarıstanın Baş naziri arasında baş tutan görüşdə də söhbət zamanı, həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji” sahəsində strateji tərəfdaşlığa dair Sazişin imzalanmasının və Qara dənizin dibi ilə elektrik xəttinin çəkilməsi layihəsinin həyata keçirilməsi istiqamətində səylərin davam etdirilməsinin önəmi xüsusi qeyd olunub.

Azərbaycanla Macarıstanın iqtisadi sahədə əməkdaşlığında enerji məsələləri daha çox aktuallıq daşısa da, digər istiqamətlərdə də belə imkanlar kifayət qədər genişdir. İki dost ölkə nəqliyyat sahəsində koordinasiyalı fəaliyyət həyata keçirir. Belə ki, dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlanıb. Bəhs olunan görüşdə Orta Dəhlizin əhəmiyyəti və yükdaşımaların artmasına diqqət çəkilib. Görüşdə həmçinin ölkələrimizin Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd edilib.

Azərbaycana artan maraq

Uğurlu əməkdaşlığın məntiqi nəticəsidir ki, Macarıstan cəmiyyətində Azərbaycana maraq getdikcə artır. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin dost ölkəyə işgüzar səfəri yerli KİV-də geniş işıqlandırılıb.  KİV-də yayımlanan xəbərlərdə dövlətimizin başçısının səfər çərçivəsində Macarıstanın Baş naziri Viktor Orban ilə görüşünə geniş yer verilib. “Oriqo”, “Pesti Stacok”, “Baon”, “24.hu”, “kuruc.info”, “Mahyar Hirlap” və digər xəbər portallarında yayımlanan məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə görüşündən bəhs olunub. Məqalələrdə iki liderin görüşündə Macarıstanın və Avropanın enerji təhlükəsizliyi, bölgədəki vəziyyət, iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi məsələlərinin müzakirə edildiyi vurğulanıb.

“Portfolio.hu” xəbər saytında dərc olunan məqalədə də Azərbaycan Prezidenti ilə Macarıstanın Baş naziri arasında görüşdə müzakirə olunan məsələlərdən bəhs olunub. Yazıda, həmçinin Macarıstan hökumətinin hər il 200 azərbaycanlı tələbəyə bu ölkədə təhsil almaq üçün təqaüd verdiyi qeyd olunub.

“Haon” portalında yayımlanan “Macarıstan ilə Azərbaycan arasında enerji əməkdaşlığı yeni mərhələyə qədəm qoyub” sərlövhəli məqalədə isə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun Prezident İlham Əliyev və Baş nazir Viktor Orbanın görüşü ilə bağlı fikirləri təqdim olunub. Xəbərdə iki ölkə arasında strateji əməkdaşlığın uzun müddət mövcud olduğu vurğulanıb, iqtisadi-ticari əlaqələrin son vaxtlar sürətlə inkişaf edərək yeni mərhələyə qədəm qoyduğu bildirilib. Yazıda Macarıstanın regionda ən böyük təbii qaz anbarına malik olduğu və iki ölkə arasında qazın nəqlinə dair əməkdaşlığın qurulduğu vurğulanıb. Qeyd olunub ki, bu, qarşıdakı dövrdə qazın Macarıstana təhlükəsiz şəkildə nəql olunmasına böyük töhfə verəcək.

Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilən Azərbaycan ilə Macarıstan arasında bu sahədə əməkdaşlığın qurulmasına 2010-cu illərin əvvəllərində başlanmasının xatırlandığı məqalədə P.Siyartonun bu barədə fikirləri diqqətə çatdırılıb: “Biz 2010-2011-ci illərdə Azərbaycanla gələcək enerji əməkdaşlığı ümidi ilə əlaqələr qurmağa başlayanda Avropada - Avropa İttifaqında nəinki gülüşlə qarşılandıq, hətta bu əlaqəyə görə bizi tənqid edirdilər. Bu gün bütün Avropa İttifaqının rəhbərliyi müntəzəm olaraq Bakıya səfər edir və bir çox hallarda istənilən Avropa İttifaqı ölkəsi lideri Azərbaycan Prezidenti ilə şəkil çəkdirmək üçün çox şey verərdi”.

Məqalədə nazirin işğaldan azad olunmuş ərazilərin bərpası prosesində Macarıstan şirkətlərinin iştirakının ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verəcəyi barədə fikri də qeyd olunub. O, Soltanlı kəndinin Macarıstan şirkətləri tərəfindən yenidən qurulacağını və bu işlərə gələn il başlanılacağını qeyd edib.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 521 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31