Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Toxunulmaz, pozulmaz və ayrılmaz hüquqlar...

Toxunulmaz, pozulmaz və ayrılmaz hüquqlar...

25.01.2024 [10:00]

2024-2031-ci illərdə insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində qarşıda dayanan hədəflər

Bu gün dünyada ölkələrin inkişaf səviyyəsi yalnız iqtisadi-maliyyə göstəriciləri ilə ölçülmür. Eyni zamanda, demokratik mühitin bərqərar olması, insan hüquq və azadlıqlarının qorunması, fikir plüralizminin, söz azadlığının təmin edilməsi, dövlət siyasətində cəmiyyətdən gələn sosial sifarişlərin nəzərə alınması, əlçatanlığın artırılması kimi amillər də  milli dövlətlərin nüfuzunu şərtləndirən çox mühüm amillər qismində çıxış edir. Bu baxımdan, Azərbaycanın təqdim etdiyi model unikaldır. Xüsusilə də son 20 ildə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında qeyd olunan istiqamətlərdə inqilabi sayıla biləcək bir sıra mühüm qərarlar qəbul olunub və islahatlar yolu ilə siyasi dialoq müstəvisində, hüquq sistemində, vətəndaş cəmiyyətinin inkişafında, neqativ halların əhatə dairəsinin daraldılmasında uğurlu nəticələr əldə olunub. Prezident İlham Əliyevin vurğuladığı kimi, demokratik inkişafla bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli maraqlarımızı təmin edir.

İnsan hüquq və azadlıqlarının qorunması

Müstəqil Azərbaycanın dövlət başçısının qətiyyətli siyasi iradəsi ilə aparılan demokratik inkişafla bağlı siyasəti çoxvektorludur. Burada insan hüquq və azadlıqlarının qorunması xüsusi olaraq diqqət mərkəzində saxlanılır. Respublikamızda insan hüquq və azadlıqlarının qorunmasının hüquqi əsasları Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabr ayının 12-də keçirilmiş ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycanın Konstitusiyasında təsbit olunub.  Konstitusiyada müəyyən edilib ki, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, ölkə vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Əsas Qanunun 24-cü maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi təsbit olunub. Vurğulanır ki,  insan ləyaqəti qorunur və ona hörmət edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.

Konstitusiyamızın ən geniş fəslində məhz əsas insan və vətəndaş hüquq və azadlıqları, bu hüquqların və azadlıqların təminatı, habelə ayrı-ayrı hüquq və azadlıqların qanuni məhdudlaşdırılmasının yol verilən hədləri öz əksini tapıb. O cümlədən 24 avqust 2002-ci il və 18 mart 2009-cu ildə keçirilən ümumxalq səsverməsi - referendumlar da qeyd olunan istiqamətlərdə uğurların əldə olunmasına xüsusi töhfələr bəxş edib. Belə ki, bəhs olunan ümumxalq səsvermələri qanunvericilik bazasının zənginləşməsi, insan və vətəndaş hüquq və azadlıqlarının əhatə dairəsinin genişlənməsi, sosial-siyasi təsisatların fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılması istiqamətlərində müstəsna əhəmiyyət kəsb edib. Bununla yanaşı, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi - referendum vasitəsilə Azərbaycan Respublikası Konstitusiyasına edilmiş əlavə və dəyişikliklər ölkəmizdə demokratik inkişaf yolunda keyfiyyətcə yeni bir mərhələ açdı. Bu dəyişikliklər ölkəmizin gələcək inkişafı, dövlətimizin daha da gücləndirilməsi, siyasi sistemin təkmilləşdirilməsi, əhalinin rifah halının daha da yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycanda prezident üsul-idarəsinin daha da təkmilləşdirilməsinə, onun funksionallığının artırılmasına xidmət edən vitse-prezidentlik institutunun yaradılması, həmçinin seçkili vəzifələrə yaşla bağlı məhdudiyyətlərin aradan qaldırılması, ölkəmizdə həyata keçirilən sosial məzmunlu siyasətin, eləcə də bu sahəyə aid islahatların dəstəklənməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunmasına xidmət edən mexanizmlərin təkmilləşdirilməsi, ayrı-ayrı vəzifəli şəxslərin və dövlət orqanlarının vətəndaşlar qarşısında məsuliyyətinin artırılması kimi məsələlər referendum yolu ilə həyata keçirilən Konstitusiya islahatlarının başlıca istiqamətlərini təşkil etdi.

Bütövlükdə, son 20 ildə respublikamızda insan hüquq və azadlıqlarının təmin edilməsi sisteminin səmərəliliyinin daha da artırılması, bu istiqamətdə məqsədyönlü ardıcıl siyasətin aparılması ölkəmizdə hər kəsin hüquq və azadlıqlarının qorunmasını yeni səviyyəyə qaldırıb. Yeni Azərbaycan Partiyasının (YAP) namizədi, partiyanın Sədri İlham Əliyevin seçki platformasında da qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş insan hüquq və azadlıqları əsas meyar kimi rəhbər tutulmaqla, müvafiq milli qanunvericiliyin təkmilləşdirilməsi və hüquqi təminatların genişləndirilməsi prosesi uğurla davam etdirilir. Ötən dövrdə, məhkəmə-hüquq sistemində qabaqcıl beynəlxalq standartlara uyğun islahatlar aparılıb, ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsi, məhkəmələrin kadr potensialının inkişaf etdirilməsi, insanların keyfiyyətli hüquqi yardım almaq imkanlarının artırılması ilə bağlı təsirli tədbirlər görülüb. Eyni zamanda insan hüquq və azadlıqlarının təmin edilməsi üçün məhkəmədənkənar mexanizmlər də gücləndirilib.

Siyasi sistemin təkmilləşdirilməsi

Ökədə siyasi sistemin davamlı olaraq təkmilləşdirilməsi, yeni çoxqütblü siyasi konfiqurasiyanın formalaşdırılması Azərbaycanın demokratik inkişaf yolunda atdığı çox cəsarətli addımlardır. Prezident İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusi vurğulanmalıdır. Tərəddüdsüz qeyd etmək olar ki, demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycanda təkmil siyasi sistem bərqərar olub. Qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, siyasi plüralizmin dəstəklənməsi, çoxpartiyalı sistemin inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan prinsiplər ölkədə davamlı demokratik cəmiyyətin inkişafından xəbər verir. Prezident İlham Əliyevin təşəbbüsü ilə siyasi münasibətlərdə dialoq mühitinin təşviq olunması dövlət başçısının demokratik dəyərlərə sadiqliyinin təzahürüdür. Açıq siyasi dialoq ölkənin siyasi gündəliyini xarakterizə edən əsas amillərdən biridir. Dövlət başçısının tapşırığına uyğun olaraq, Prezident Administrasiyasının nümayəndələri tərəfindən 2020-ci il fevral ayından etibarən üzvlərinin sayından, ölkə ərazisini əhatə vəziyyətindən, siyasi çəkisindən və hər hansı digər amildən asılı olmayaraq ölkədəki bütün siyasi partiya rəhbərləri ilə görüşlərin keçirilməsi ənənəsi formalaşıb. 16 dekabr 2022-ci il tarixində qəbul olunmuş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu siyasi partiyalar müstəvisində hüquqi bazanı möhkəmlətməklə paralel şəkildə, demokratik fəaliyyət meyarlarını müəyyən edib. Belə yanaşma öz növbəsində siyasi partiyalar arasında son nəticədə milli inkişafa güclü impuls verən həmrəyliyi möhkəmləndirir. Ölkənin həyatında baş vermiş mühüm hadisələr ilə bağlı siyasi partiyalar tərəfindən birgə bəyanatların verilməsi və işğaldan azad olunmuş ərazilərə iqtidar-müxalifət partiyalarının birgə səfərlərinin təşkili Azərbaycanda yaşanan həmrəylik mühitinin təcəssümüdür. Birgə bəyanatların verilməsi təcrübəsi milli həmrəyliyə, habelə sağlam əməkdaşlıq ənənələrinin zənginləşməsinə xidmət edir.

Fəal vətəndaş cəmiyyəti quruculuğu

Azərbaycanın güclü dövlət kimi inkişafını, respublikamızın beynəlxalq nüfuzunun artmasını və ölkədə vətəndaş məmnunluğunun təmin olunmasını şərtləndirən bir sıra mühüm amillər sadalamaq mümkündür. Aktiv vətəndaş cəmiyyətinin formalaşması və hüquqi dövlət quruculuğu bu amillər sırasında xüsusi yer tutur. Cəmiyyətin bütünlüklə milli maraqlara fokuslanması və ölkənin qanunlarla, hüquqi baza çərçivəsində idarə olunması respublikamızda ardıcıllıqla aparılan siyasətin iki prioritet istiqamətini təşkil edir. Başqa sözlə desək, respublikamızda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu paralel şəkildə inkişaf etdirilir, bu sahədə dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin tətbiqinə “yaşıl işıq” yandırılır. Prezident İlham Əliyev tərəfindən vətəndaş cəmiyyətinin inkişafına, o cümlədən dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində ictimaiyyətin iştirakına, vətəndaş təşəbbüslərinin dəstəklənməsinə, ictimai nəzarətin tətbiqinə xüsusi önəm verilir. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq vətəndaş cəmiyyəti təsisatları dövlət tərəfindən dəstəklənirlər.

Ölkədə vətəndaş cəmiyyətinin inkişafı üçün yaradılan hüquqi baza getdikcə təkmilləşdirilir. Hazırda bu sahənin fəaliyyəti bir neçə sənədlə, o cümlədən Konstitusiya, Mülki Məcəllə, QHT-lər (ictimai birliklər və fondlar) haqqında Qanun, hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqında Qanun, qrantlar haqqında Qanun, Könüllülük fəaliyyəti haqqında Qanun, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları, eləcə də bu sahəni idarə edən digər normativ hüquqi sənədlərlə tənzimlənir. Eyni zamanda, Konstitusiyaya əsasən, QHT-lərin fəaliyyəti bir sıra beynəlxalq hüquqi sənədlərlə də uzlaşdırılır. Bu beynəlxalq aktlara İnsan Hüquqları haqqında Ümumi Bəyannamə, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İnsan Hüquqları və Əsas Azadlıqlarının Qorunması üzrə Avropa Konvensiyası və s. daxildir. Respublikamızda QHT-lərin səmərəli fəaliyyəti üçün möhkəm qanunvericilik bazasının yaradılması ilə yanaşı, dövlət idarəçiliyinin bütün sahələrində hüququn aliliyinin, şəffaflığın təmin olunması, neqativ halların əhatə dairəsinin kiçildilməsi, eləcə də vətəndaş məmnunluğunun artırılmasını hədəfləyən davamlı tədbirlərin görülməsi də qeyri-hökumət təşkilatlarının fəaliyyəti və bütövlükdə vətəndaş cəmiyyətinin inkişafı, idarəetmədə ictimai iştirakçılıq səviyyəsinin yüksəlməsi üçün optimal mühitin formalaşmasını təmin edir.

Növbəti yeddi il üçün insan hüquq və azadlıqlarının təmin edilməsi prioritetləri

Demokratik inkişaf davamlı bir prosesdir. O cümlədən də zaman ötdükcə insan hüquq və azadlıqlarının qorunması ilə bağlı yeni çağırışlar yaranır. Yeni Azərbaycan Partiyasının namizədi, partiyanın Sədri İlham Əliyevin seçki platformasında  2024-2031-ci illərdə insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində qarşıda dayanan hədəflər göstərilib. Bunlar aşağıdakılardır:

* İnsan hüquq və azadlıqlarının təmin edilməsi və qorunması sahəsində fəaliyyətin davamlı olaraq inkişaf etdirilməsi;

* İnsan hüquqlarının təşviqi, hüquqi maarifləndirmə işinin genişləndirilməsi;

* Dövlət orqanlarının fəaliyyətində insan hüquqlarının təminatının gücləndirilməsi;

* Vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyətinə dövlət dəstəyinin davam etdirilməsi;

* Keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş doğma yurdlarına təhlükəsiz və ləyaqətlə qayıtmaq hüququnun təmin olunması;

* Tolerantlıq və multikulturalizm dəyərlərinin təşviqi;

* Sosial cəhətdən həssas əhali qruplarının hüquqlarının müdafiəsi və inklüzivliyin təmin olunması;  

* Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququnun milli səviyyədə təmin edilməsi.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 570 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

9 ayda 2,5 milyard manat

24 Oktyabr 11:10  

YAP xəbərləri

Analitik

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Sosial

121 yaşlı metropoliten...

24 Oktyabr 08:32  

Ədəbiyyat

Azadlıq şairi...

24 Oktyabr 08:15

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31