Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Möhkəm daxili sabitlik, sarsılmaz xalq-iqtidar vəhdəti

Möhkəm daxili sabitlik, sarsılmaz xalq-iqtidar vəhdəti

01.02.2024 [10:00]

Müstəqil Azərbaycan fevralın 7-də keçiriləcək Prezident seçkilərinə son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük nailiyyətlərlə gedir. 20 il inkişaf baxımından bütöv bir mərhələdir. Bəhs olunan dövrdə keçilən yola nəzər saldıqda biz görürük ki, respublikamız bu mərhələni öz gücünə güvənərək ləyaqətlə keçib, qlobal miqyasda müşahidə edilən iqtisadi, siyasi, hərbi kataklizmlərə baxmayaraq, möhkəmlənib, özünün milli maraqlarından geri çəkilməyib və əsas ümummilli ideyalarının həyata keçirilməsini təmin edib. Ərazi bütövlüyünün və suverenliyin təmin olunması İlham Əliyevin Prezident kimi fəaliyyətinin ən böyük uğurudur və Onun xalqımıza yaşatdığı əvəzolunmaz xoşbəxtlikdir. Qərinələr ötəcək, ancaq bu qələbələrə görə yaşanan qürur hissi həmişə xalqımızla olacaq. Fevralın 7-də Prezident seçkiləri müstəqil Azərbaycanın tarixində ilk dəfə ölkənin bütün ərazisində keçiriləcək. Prezident İlham Əliyev bir qədər bundan əvvəl yerli televiziya kanallarına verdiyi geniş müsahibəsində ölkəmizin bugünkü hər cəhətdən müsbət mənzərəsinə diqqət çəkərək məmnunluqla vurğulayıb: “Son 20 ilin tarixinə gəldikdə isə hər şey göz qabağındadır. Əgər biz bu haqda geniş danışsaq, yəqin ki, bütün müsahibəni buna həsr etməli olacağıq. Sadəcə olaraq, onu demək istəyirəm ki, bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Hesab edirəm ki, bu, həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər. Bu, təkcə mənim fikrim deyil, mənim bəzi həmkarlarım da bu barədə kifayət qədər açıq danışıblar”.

Bəs 20 ildə qazanılan möhtəşəm uğurların, qələbələrin mənbəyini harada axtarmaq lazımdır? İnamla irəliləyən Azərbaycan tükənməz sinerjisini hansı   amillərdən alır?

Azərbaycanda sabitliyin mənbəyi xalqdır

Respublikamızda yaşanan möhkəm daxili sabitlik və xalq-iqtidar vəhdəti dünyaya nümunəvi inkişaf modeli təqdim edən Azərbaycanın uğur formulunun ən xarakterik cəhətidir. Prezident İlham Əliyev belə bir fikri dəfələrlə vurğulayıb: “Sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz. Bu, aksiomdur. Bunu biz yaxın tarixdə dəfələrlə görmüşük. Sabitlik pozulan zaman inkişaf dayanır, sərmayə qoyuluşu dayanır, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır. Bir sözlə, sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir. Azərbaycanda isə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və bizim apardığımız siyasətdir. Çünki bizim siyasətimiz milli maraqlara söykənir, milli maraqlarımız bizim üçün hər şeydən üstündür”.

Hazırda dünyanın müxtəlif  bölgələrində arzuolunmaz kataklizmlər yaşanır. Geosiyasi gərginliklər, yeni-yeni müharibə ocaqlarının baş qaldırması, daxili ixtişaşlar, iqtisadi tənəzzül meyllərinin güclənməsi, maliyyə çatışmazlığı, ərzaq, enerji təhlükəsizliyinin təmin olunmasında ortaya çıxan çətinliklər, milli valyutaların kəskin dəyər itirməsi ayrı-ayrı ölkələrin kədərli mənzərəsini səciyyələndirir. Dünyadakı bu kimi reallıqlar fonunda Azərbaycanın sabitlik adası kimi fərqlənməsi xüsusi diqqət çəkir. Bəli, çoxlu sayda ölkə sadalaya bilərik ki, onlar məhz daxili sabitliyin pozulması səbəbindən inkişafla bağlı problemlər yaşayırlar. Bir anlığa təsəvvürümüzdə canlandıraq:  Sabitliyi pozulan, qarşıdurmaların yaşandığı dövlətlərdə nə görəcəyik? Dağıntılar, sıradan çıxan infrastruktur, qardaş qanının axıdılması, insanların köç etməsi... Vətəndaş həmrəyliyi, iqtidar-xalq birliyi olmayan ölkələrin tipik mənzərəsi məhz bu kimi acı təəssüf doğuran məqamlarla səciyyələnir.

Dünyanın ayrı-ayrı regionlarında yaşanan gərginliklərlə müqayisədə Azərbaycandakı vəziyyət tamam fərqli bir rakursdan diqqəti çəkir. Xalqımız öz gələcəyini əmin-amanlıq şəraitində qurur, gələcəyə ümidlə baxır. Möhkəm sabitlik ölkənin perspektiv inkişafı üçün fundamental amil rolunda çıxış edir. Açıq deyə bilərik ki, bu gün anarxiya labrintinə düşən ayrı-ayrı ölkələrə qeyri-sabitlik kənardan, məkrli güc mərkəzləri tərəfindən ixrac olunub. “Ərəb baharı”, “rəngli inqilablar” dalğasını xatırlayaq. İqtidar-xalq həmrəyliyi zəif olan  bir sıra ölkələrdə insanlar “inqilab missionerləri”nin şirin vədlərinə aldandılar və öz həyatlarını, ölkələrini təhlükələrə doğru çəkdilər. Etiraf edək ki, belə məkrli niyyətlərlə biz də üzləşmişik. Ancaq xalqımızın müdrikliyinin, uzaqgörənliyinin və iqtidarla sıx həmrəyliyinin məntiqi nəticəsi olaraq respublikamızda anarxiya törətmək cəhdlərinin qarşısı qətiyyətlə alındı. Azərbaycan xalqı özünün, ölkənin etibarlı gələcəyini daxili sabitliyin, vətəndaş-iqtidar həmrəyliyinin qorunmasında görür. Bizə kənardan gələn “canıyananlar” lazım deyil. Qarşısıalınmaz milli gücümüz həmrəyliyimizdədir, bir-birimizə, dövlətimizə, Prezidentimizə arxa, dayaq durmağımızdadır. Biz çəkici bir zindana vursaq, bütün məqsədlərimizə çatacağıq.  Necə ki, bir-birinin ardınca böyük hədəflərimizə çatırıq.

Güclü xalq-iqtidar birliyi Vətən müharibəsində böyük Qələbəmizi təmin edən çox mühüm amil oldu

Vətən müharibəsində qazanılan parlaq qələbə, işğalçı Ermənistanın tam şəkildə kapitulyasiyaya uğradılması azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Əlbəttə, müharibənin qələbə ilə başa çatmasını şərtləndirən bir sıra fundamental amilləri sadalamaq mümkündür. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca amilidir.

Vətən müharibəsindəki parlaq Qələbəmizin mənbəyində dayanan əsas amillərdən biri də cəmiyyətimizin monolitliyi və həmrəyliyidir. Ölkəmizdəki güclü Prezident-xalq-ordu vəhdəti xarici təzyiqləri dəf etməyə və müharibəni qələbə ilə başa çatdırmağa imkan verdi. Məlum olduğu kimi, döyüş meydanında acı məğlubiyyətlə üzləşən Ermənistan ordusu bunun əvəzini mülki infrastrukturu, şəhər və kəndlərimizi atəşə tutmaqla çıxmağa çalışırdı. Qarşı tərəf düz üç dəfə razılaşdırılmış humanitar atəşkəs rejimini pozdu. Döyüş bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Ağcabədi və digər yaşayış məntəqələrimiz ağır artilleriyanın hədəfinə çevrildi. Tərtər İkinci Dünya müharibəsi dövründə dağılmış Stalinqrad şəhərini xatırladır. Bütövlükdə, müharibənin davam etdiyi günlərdə ayrı-ayrı yaşayış məntəqələrimizə yüzlərlə mərmi düşüb, nəticədə 90-dan çox dinc sakin həyatını itirib, təxminən 400 insan yaralanıb. Ancaq bütün bunlar xalqımızın iradəsini sındıra bilməyib. Təsadüfi deyildir ki, düşmən atəşinə tuş gələn şəhər və kəndlərimizin sakinləri öz doğma ev-eşiklərini tərk etməyiblər. Xalqımızın şücaətinə, vətənpərvərliyinə diqqət çəkən Prezident İlham Əliyev “Ermənilər qaçıb getdilər. Onların “yenilməz” ordusu məhv oldu, fərarilik başladı, xunta başçısı Dağlıq Qarabağda əmr verdi ki, kim oradan qaçacaq, o, məsuliyyətə cəlb olunacaq. Bizdə bir nəfər fərari oldumu? Olmadı! Bir nəfər də olmadı! Budur Azərbaycan xalqı! Mülki vətəndaşlar, evi dağılıb, malı batıb, yaxın insanını itirib, yenə də deyir ki, “Vətən sağ olsun”. Ancaq irəli, irəli! Mənə yazılan məktublarda deyilir, Ali Baş Komandan, irəli! Dəstəkləyirik səni, get irəli, dayanma və getmişəm, dayanmamışam”, - deyə bildirib.

Başqa bir önəmli cəhət ondan ibarətdir ki, ölkəmizdə fəaliyyət göstərən əksər siyasi partiyalar, vətəndaş cəmiyyəti təsisatları da Vətən müharibəsində Prezidentin, Ali Baş Komandanın yanında olduqlarını bildirdilər. Müharibənin elə ilk günlərində 50 partiya birgə bəyanat imzalayaraq Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində siyasi baxışlarındakı fərqi kənara qoyduqlarını və Ali Baş Komandanı dəstəklədiklərini bildirdilər. Şuşa şəhəri işğaldan azad edildikdə müxtəlif partiyaların təmsilçiləri Ali Baş Komandana bu zəfər münasibətilə təbrik ünvanladılar. Bütövlükdə, cəmiyyətin monolitliyi, həmrəyliyi Azərbaycanın milli gücünü daha da artırdı, böyük Qələbəmizin təmin olunmasına əlavə impuls verdi. Heç bir şübhə yoxdur ki, Azərbaycan xalqı bundan sonra da öz Liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbələrimizi siyasi qələbə kimi möhkəmləndirəcək, yumruq kimi Prezidentimizin ətrafında birləşəcək, daim Onunla bir yerdə olacaq!

Liderin xalqa xidmət etmək nümunəsi

Uğurlu dövlət olan Azərbaycanın sienerjisinin əsas mənbələrindən biri qismində, heç şübhəsiz ki, Lider amili çıxış edir. Son 20 ildə Prezident İlham Əliyev sözün əsl mənasında xalqa xidmət etmək nümunəsi ortaya qoyub. Azərbaycan məmurları müəyyən mənada çox şanslıdırlar - onlar Prezident İlham Əliyevin genişmiqyaslı fəaliyyətini, dövlətə və xalqa bağlılığını özləri üçün deviz müəyyənləşdirə bilərlər. Dövlət başçımızın fəaliyyəti bir etalon nümunəsidir. Onun iş qrafikində fasilə yoxdur. Prezident İlham Əliyev hətta bazar günlərində də iş başında olur. Azərbaycanın dövlət başçısı mütəmadi qaydada regionlara səfərlərə gedir, ictimaiyyətin nümayəndələri ilə görüşür. Bu səfərlər və görüşlər izsiz ötüşmür. Dövlət başçısı bir tərəfdən əvvəllər verdiyi tapşırıqların icra vəziyyətini öyrənir, digər tərəfdən isə gələcək fəaliyyət üçün zəruri olan yeni məlumatları, necə deyərlər, ilk mənbədən alır. Prezident İlham Əliyevi fərqləndirən, Ona olan inamı artıran amillər də məhz Öz işinə peşəkar yanaşmasıdır, Öz missiyasını xalqa xidmət etməkdə görməsidir. Vəzifəyə təyin olunan kadrlar da Prezident İlham Əliyevin iş üslubunu mənimsəməlidirlər. Onların işi heç bir halda kabinet işi olmamalıdır. Məmurlar hər yerdə və hər zaman vətəndaşların qayğıları ilə yaşamalıdırlar. Bu xüsusda fikirlərini diqqətə çatdıran Prezident İlham Əliyev bildirib: “Mən Prezident kimi öz vəzifəmi bunda görürəm - xalqa xidmət etmək. Məhz, bu xidmətə görə Azərbaycan xalqı bizə çox böyük dəstək göstərir”.

Prezident İlham Əliyev əvəzolunmaz Lider qabiliyyətini ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasında bir daha nümayiş etdirdi. Bəli bu gün Azərbaycan cəmiyyətində birmənalı şəkildə qəbul olunur ki, 44 günlük müharibədə və 23 saatlıq antiterror tədbirlərində qazandığımız möhtəşəm qələbələrimizin əsas memarı məhz İlham Əliyevdir. Xatırlayırıq, bəzən Onu qınayırdılar ki, niyə torpaqlarımızı işğaldan azad etmək üçün Orduya əmr vermir, niyə tələsmirik. İlham Əliyev isə strateji səbr ortaya qoyur, diplomatik səylərini artırmaqla paralel şəkildə, həm də digər variantlar üçün də ciddi hazırlıqlar görülməsini təmin edirdi. Məhz nəyi necə və nə zaman etməyi hamıdan yaxşı bilən İlham Əliyev Müzəffər Lider kimi ərazi bütövlüyümüzün və suverenliyimizin təmin edilməsinə nail oldu. O bütün dünyanı heyrətləndirərək bunu tələsmədən və gecikmədən etdi.

Seçkilərdən - seçkilərə artan inam

Adətən ayrı-ayrı ölkələrdə liderlər vədlər verərək hakimiyyətə gəlirlər. Lakin çox keçmir ki, verilən vədlərin sabun köpüyündən başqa bir şey olmadığı üzə çıxır. Beləliklə də onlara qarşı cəmiyyətdə əks-münasibət yaranır, populyarlıq, etimad göstəricisi sürətlə aşağı düşür. Prezident İlham Əliyevə gəldikdə isə, tamam fərqli mənzərə müşahidə edilir. Azərbaycan Liderinin populyarlığı, xalqın Ona bəslədiyi etimad nəinki azalmır, əksinə getdikcə daha da artır.

Seçkilər cəmiyyətin əhval-ruhiyyəsinin barometridir. Diqqət çəkən məqam ondan ibarətdir ki, İlham Əliyev son 20 ildə ölkəmizdə keçirilən bütün Prezident seçkilərində öz rəqiblərini böyük səs çoxluğu ilə arxada qoyub. Beləlikə, İlham Əliyev 2003-cü il oktyabrın 15-də ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54 faizinin səsini qazanan İlham Əliyev növbəti dəfə dövlətimizin başçısı seçilib. 2018-ci il aprelin 11-də keçirilən Prezident seçkilərində isə İlham Əliyev seçicilərin 86,02 faizinin səsini qazanmağa nail olub. Bu, dünyada analoqu olmayan bir nümunədir.

Yeni Azərbaycan Partiyası (YAP) növbəti yeddi ilə də partiyanın Sədri İlham Əliyevin Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyini irəli sürüb və bu təşəbbüs ölkəmizdə fəaliyyət göstərən çoxsaylı ictimai təşkilatlar tərəfindən dəstəklənib. Hazırda bütün ölkə üzrə Azərbaycan Respublikası Prezident seçkiləri ilə əlaqədar seçki qanunvericiliyinə uyğun olaraq yanvarın 15-dən başlayan seçkiqabağı təşviqat kampaniyası uğurla davam edir. Bu günlərdə bütün ölkə ərazisində Prezident seçkiləri ilə əlaqədar YAP tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlər keçirilir. Həmin görüşlərdə seçicilər YAP-ın namizədinə böyük hörmət və inamlarını ifadə edirlər və qətiyyətlə bildirirlər ki, onların seçimi yenə də məhz İlham Əliyevlə bağlı olacaqdır. Seçicilərin İlham Əliyevə dərin inamlarının əsasında isə Onun

Azərbaycanın dövlət başçısı kimi uğurlu fəaliyyəti dayanır. Gücünü kənar qüvvələrdən deyil, məhz öz xalqından alan Lider həmişə qalib olur!

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 598 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Mədəniyyət

Baş rejissorsuz...

03 Fevral 08:27

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28