Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Tarixi seçkilərdə yüksək seçici fəallığı

Tarixi seçkilərdə yüksək seçici fəallığı

08.02.2024 [10:00]

Mübariz ABDULLAYEV

Cəmi 30 illik müstəqillik tarixinə malik olan Azərbaycanda demokratik seçki ənənələri formalaşıb. Bu da ilk növbədə dövlətin siyasi iradəsi ilə cəmiyyətimizin istəyinin üst-üstə düşməsi ilə bağlıdır. Müasir dövlət quruculuğunu hədəfləyən Azərbaycanda demokratiyanın genişləndirilməsi, idarəçilikdə vətəndaş əlçatanlığının artırılması daim diqqət mərkəzində saxlanılır. Eyni zamanda, Azərbaycan vətəndaşları yüksək dərəcədə vətənpərvərdirlər və həmişə ölkənin taleyini öz taleləri hesab edirlər. Yüksək ruha malik olan vətəndaşlarımz Vətəni, milli maraqlarımızı, müstəqilliyimizi və suverenliyimizi qorumaq, uğurlarımızı artırmaq üçün əllərindən gələn hər şeyi etməyə hazırdırlar. 44 günlük müharibənin, 23 saatlıq antiterror tədbirlərinin nəticələri dövlətimizin və xalqımızın həmrəyliyinin yenilməz gücə malik olduğunu bütün dünyaya nümayiş etdirdi.

Dünən baş tutan 7 fevral Prezident seçkiləri Azərbaycan vətəndaşlarının ölkənin gələcəyinə necə böyük həssaslıqla yanaşdıqlarının növbəti təzahürünə çevrildi. Seçkilərdə diqqəti çəkən ən mühüm məqamlardan biri məhz seçicilərin yüksək fəallığı idi. Paytaxtda və regionlarda, işğaldan azad olunmuş ərazilərdə yaradılan seçki məntəqələrində böyük izdiham yaşanıb. Səhər tezdən axın-axın seçki məntəqələrinə gələn seçicilər ərazi bütövlüyünü və suverenliyini təmin edən qalib Azərbaycanda ilk dəfə keçirilən Zəfər seçkisinin iştirakçısı olmaqdan sonsuz sevinc və qürur hissi keçiriblər. 7 fevral seçkilərində seçicilərin fəallığının kifayət qədər yüksək olması həm Mərkəzi Seçki Komissiyasının (MSK) vaxtaşırı verdiyi məlumatlarda, həm də exit-poll nəticələrində, eləcə də yerli və beynəlxalq müşahidəçilərin rəylərində öz əksini tapıb.

Müstəqillik tariximizdə bir ilk

Dünən Azərbaycan müstəqillik tarixinin ən əlamətdar günlərindən birini yaşadı - ölkəmizdə növbəti Prezident seçkiləri keçirildi. Bu seçkilərin dövlətimiz və xalqımız üçün müstəsna önəmi var. 7 fevral seçkiləri çox doğru olaraq tarixi seçkilər kimi dəyərləndirlir. Bu da onunla bağlıdır ki, 30 illik müstəqillik tariximizdə Prezident seçkiləri ilk dəfə ölkənin bütün ərazisində baş tutub. Azərbaycan müstəqilliyinin elə ilk vaxtlarından işğal faktı ilə üzləşmişdi. Havadarlarının dəstəyindən bəhrələnən Ermənistan işğalçılıq siyasəti həyata keçirməklə ərazilərimizin 20 faizini öz nəzarəti altına almışdı. İşğal nəticəsində təxminən bir milyon soydaşımız doğma yurd yerlərindən qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Bu səbəbdən  də 450 minə yaxın seçici Azərbaycanın müxtəlif ərazilərində səs vermək məcburiyyətində qalırdı. Ancaq 44 günlük Vətən müharibəsinin və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi və ilk olaraq 7 fevral Prezident seçkiləri ölkənin bütün ərazisində təşkil olundu. MSK-nın sədri Məzahir Pənahovun verdiyi məlumata əsasən, seçki siyahılarına 6 milyon 478 min 623 seçicinin adı salınıb. Seçicilər 6 537 məntəqədə səs veriblər. Səsvermə günü öz məntəqəsində olmayan şəxs qeydiyyatdan çıxma sənədi ilə istədiyi yerdə səs vermək imkanına malik olub.

Seçki məntəqələrində səhər tezdən yaşanan izdiham

Qaydalara uyğun olaraq seçki məntəqələrində səsverməyə hazırlıq saat 07:30-da başladı. Saat 7:50-də seçki məntəqələri açıq elan edildi və seçki qutularının kilidlənməsi həyata keçirildi. Saat 08:00-da səsvermə prosesi başladı və saat 19:00-da başa çatdı. Məntəqə və dairə seçki komissiyaları, Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi gün ərzində 5 dəfə - saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00, saat 19.00-da səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə ilkin məlumatları təqdim etdilər.

Ölkəmizdə Zəfər seçkilərinin seçicilərin yüksək fəallığı şəraitində keçəcəyi əvvəlcədən də gözlənilirdi və bu gözləntilər fevralın 7-də özünü doğrultdu. Seçkilərin gedişi ilə bağlı ilk rəsmi məlumat saat 10.00-da açıqlandı. Həmin məlumatda seçicilərin 19.44 faizinin (1 milyon 259 min 371 nəfər) səs verdiyi bildirilib. Dünya ölkələrinin təcrübəsinə nəzər saldıqda və müqayisələr apardıqda bəlli olur ki, bu, kifayət qədər yaxşı göstəricidir.

Mərkəzi Seçki Komissiyasından seçkilərin gedişi ilə bağlı növbəti məlumat saat 12:00-da açıqlandı. Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov saat 12:00-a olan məlumata görə, seçicilərin 38.57 faizinin (2 milyon 499 min 33 nəfər) səs verdiyini bildirib. Rəqəmlərdən də göründüyü kimi, seçicilərin iştirakçılığı əhəmiyyətli dərəcədə artıb.

Bundan sonra Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermədə saat 15:00-a olan seçici fəallığı açıqlanıb. Bu barədə Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, saat 15:00-a qədər respublika üzrə 3922187 nəfər səs verib. Seçici fəallığı 60,54 faiz olub. Hesabat vermiş məntəqələrin sayı 6515-ə çatıb.

Seçki fəallığı ölkə ərazisində bütün gün ərzində müşahidə edilib. Bunu Fərid Orucovun açıqladığı növbəti rəqəmlərdən də görmək mümkün idi.

MSK-nın rəsmisinin saat 17:00-a olan məlumatına görə, artıq seçicilərin 70.85 faizi (4 milyon 590 min 75 nəfər) səs vermişdi.

İşğaldan azad olunmuş ərazilərdə seçici fəallığı

Fevralın 7-də işğaldan azad olunmuş ərazilərdə də yüksək seçici fəallığı müşahidə edilib. Məzahir Pənahovun məlumatına əsasən, bəhs olunan ərazilərdə 26 məntəqə yaradılıb. Həmin məntəqələrdə təxminən 23 minə yaxın seçici səs verib. Hər məntəqəyə 800-900 seçici düşür.

Ölkənin digər ərazilərində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə də səsvermənin yüksək səviyyədə keçməsini təmin etmək məqsədilə məntəqələr zəruri avadanlıqlarla təmin olunub. Dünən səhər saatlarında Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ailə üzvlərinin Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs vermələrini izləmək son dərəcə qürurlu idi. Bir vaxtlar separatizmin yuvasına çevrilmiş tarixi Azərbaycan şəhəri olan Xankəndidə Azərbaycan bayrağının dalğalanması, gerbimizin asılması, Azərbaycan Respublikasının Prezidenti seçkilərinin keçirilməsi adama xəyal kimi görünürdü. Arzularımızı, xəyallarımızı Müzəffər Prezident İlham Əliyev reallaşdırdı. O, 2023-cü il oktyabrın 15-də Xankəndidə Azərbaycan Bayrağını ucaldaraq bütün dünya azərbaycanlılarına sonsuz qürur hissi yaşatdı. Xatırladaq ki, 15 oktyabr İlham Əliyev və xalqımız üçün çox əlamətdar bir gün idi - həmin tarixdə Onun ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 20-ci ili tamam olmuşdu. Ötən 20 ildə müstəqil Azərbaycan öz Liderinin rəhbərliyi ilə zirvələrə yüksəlib, dünyada söz sahibinə çevrilib, ən əsası isə ərazi bütövlüyünün və suverenliyinin bərpasına nail olub. 15 oktyabrla  7 fevralı bir-birindən qısa zaman kəsiyi ayırır. 15 oktyabrda Xankəndidə bayrağımız ucaldıldı, gerbimiz asıldı, 7 fevralda isə Müzəffər Liderimiz ailə üzvləri ilə bura gələrək səs verdi. Bunlar qərinələr boyunca minnətdarlıq hissi ilə xatırlanacaq epoxal hadisələrdir.

Səsvermə prosesi  Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində 118 saylı seçki dairəsinin üç məntəqəsində keçirilib. 57 saylı məntəqə Ağdam şəhəri Konfrans Mərkəzində, 58 saylı məntəqə “Azərenerji” ASC-nin binasında, 59 saylı məntəqə Kəngərli kəndində təşkil edilib. 57 saylı seçki məntəqəsinin sədri  Arzu Rəhimova bildirib ki, məntəqə üzrə 1414 seçici qeydiyyata alınıb:. Onun sözlərinə görə, seçki məntəqəsində seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb. 

125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə işğaldan azad olunan ərazilərdəki məntəqələrdə də gün ərzində fəallıq müşahidə edilib. Zəngilan rayonunun Alıbəyli kəndi ərazisində yerləşən 61 saylı seçki məntəqəsinin sədri Gülnaz Mahmudova bildirib ki, məntəqə üzrə ümumilikdə 615 seçici qeydə alınıb və seçicilər Zəngilan rayonu ərazisində çalışan işçilərdir. Məntəqədə seçkinin gedişatını izləyən 11 müşahidəçi olub.

İşğaldan azad olunan Talış kəndinin ən yaşlı sakinləri Prezident seçkilərində səs veriblər. Talış kənd sakinləri 91 yaşlı Ömərov Paşa Ömər oğlu və həyat yoldaşı, 86 yaşlı Ömərova Ulduzxan Məhəmməd qızının evinə daşınan seçki qutusu aparılıb.

Səhhətləri ilə əlaqədar məntəqəyə gələ bilmədiklərinə görə 97 saylı Tərtər-Naftalan- Goranboy seçki dairəsinin 58 saylı seçki məntəqəsinin əməkdaşları tərəfindən yaşlı seçicilər üçün şərait yaradılıb. Hər iki şəxs konstitusion hüquqlarından istifadə edərək, layiq bildikləri namizədə səs veriblər.

Bundan əlavə, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi üzrə 105 saylı məntəqə Şuşa şəhərində, 106 saylı məntəqə Xocalı rayonu Təzəbinə kəndində, 107 saylı məntəqə Xocalı rayonu, Əsgəran qəsəbəsində, 108 saylı məntəqə Xocavənd rayonu Hadrut qəsəbəsində yaradılıb.

“Laçın şəhərində ilk dəfə keçirilən Prezident seçkilərində seçicilərin yüksək fəallığı müşahidə olunub. İnsanlar bayram əhval-ruhiyyəsində idilər. Hamı böyük sevinc və qürur hissi ilə səs verməyə gəlirdi”. Bunu 121 saylı Laçın seçki dairəsinin 105 saylı seçki məntəqəsənin sədri Şəbnəm Uğurlu bildirib.

O vurğulayıb ki, seçicilər səhər saat 8-dən əvvəl, hələ səsvermə başlamazdan qabaq məntəqənin qarşısında toplaşıblar: “Məntəqəmizdə seçicilərin azad, sərbəst, demokratik şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb. İnsanlar kütləvi şəkildə böyük qürur ilə seçkidə iştirak edib öz namizədlərinə səs veriblər”.

Azərbaycanlıların ürəyi hər yerdə doğma Vətənlə döyünür

Azərbaycan vətəndaşında öz xalqına və ölkəsinə bağlılıq elə yüksək səviyyədədir ki, o, dünyanın hansı məkanında olmasından asılı olmayaraq qəlbi ana Vətənlə döyünür. 7 fevral seçkiləri bunu bir daha təsdiqlədi.  Prezident seçkiləri ilə əlaqədar 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə  23 minə yaxın seçici siyahıya alınıb. Ayrı-ayrı ölkələrdən gələn məlumatlardan aydın olur ki, seçicilər ölkə hüdudlarından kənarda da seçkilərə qatılaraq vətəndaş münasibəti sərgiləməyi özlərinə borc biliblər. Məntəqələr səfirliklərdə və konsulluqlarda yaradılıb.

Ölkəmizin Ukraynadakı səfirliyində səsvermə şəffaf şəraitdə baş tutub. 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə Azərbaycanın Ukraynadakı səfirliyində yaradılmış 49 saylı seçki məntəqəsində səsvermə yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 10:00) başlayıb.

Müharibə şəraiti nəzərə alınaraq vətəndaşlarımızın təhlükəsizliyi üçün də müvafiq tədbirlər görülüb. Ukraynada 600-ə yaxın Azərbaycan vətəndaşının səsvermədə iştirak edəcəyi gözlənilirdi. Səsvermə prosesini canlı izləmək üçün məntəqədə veb-kamera quraşdırılıb. Həmin seçki məntəqəsində səsvermə yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 21:00) başa çatıb.

Fevralın 7-nə təyin edilmiş Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Belarusdakı səfirliyində də səsvermə uğurla tamamlanıb. 19 saylı Nərimanov birinci seçki dairəsi üzrə Azərbaycanın Belarus Respublikasındakı səfirliyində yaradılmış 38 saylı seçki məntəqəsində səsvermə yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 09:00) başlayıb. Bu seçki məntəqəsində 300-ə yaxın Azərbaycan vətəndaşının səs verəcəyi gözlənilirdi.

Azərbaycanın Moldovadakı səfirliyində də səsvermə keçirilib. 19 saylı Nərimanov birinci seçki dairəsi üzrə Azərbaycanın Moldova Respublikasındakı səfirliyində yaradılmış 39 saylı seçki məntəqəsində səsvermə yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 10:00) başlayıb. Seçki komissiyasından bildiriblər ki, Zəfər seçkilərində vətəndaşlarımız fəal iştirak ediblər, onlar arasında ilk dəfə səs verən gənclərimiz də olub. Bu ölkədə seçkilərdə 100-dən artıq Azərbaycan vətəndaşının iştirakı gözlənilirdi. Moldova səfirliyindəki seçki məntəqəsində səsvermə yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 21:00) başa çatıb.

Azərbaycanın İtaliyadakı səfirliyində yaradılan seçki məntəqəsində də səsvermə prosesi müəyyən olunmuş saatadək davam edib. Yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə 11:00) başlayan səsvermədə İtaliya, Malta və San-Marinoda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətdə olan, yaşı 18-ə çatmış və fəal seçki hüququna malik vətəndaşlarımız Azərbaycan Respublikasının etibarlı pasportu və ya şəxsiyyət vəsiqəsini təqdim etməklə iştirak ediblər.

Şəffaflıq yüksək səviyyədə təmin olunub

Ölkə ərazisində, respublikanın hüdudlarından kənarda yaradılan bütün məntəqələrdə səsvermə prosesində şəffaflıq yüksək səviyyədə təmin olunub. Prezident seçkilərini QHT-lərdən, vətəndaş cəmiyyətindən rekord sayda müşahidəçi izləyib.  Secki-2024.az  saytı xəbər verib ki, prosesdə 83 QHT-nin 7000-ə yaxın seçki müşahidəçisi iştirak edib. Məlumata görə, ötən Prezident seçkiləri ilə müqayisədə QHT-lərdən olan ümumrespublika müşahidəçilərinin sayı təxminən 4 dəfə artıb.

Bir sıra QHT-lər koalisiyalarda birləşərək seçkiləri monitorinq ediblər. “Mənim səsim” Seçki Monitorinq Koalisiyası”, “Sivil Toplum Monitorinq Koalisiyası”, “Seçki Müşahidə və Təhlil Qrupu Koaliyası” bu qəbildəndir. Bu 3 koalisiyada birləşən 9 QHT ümumilikdə, 1700-ə yaxın seçki müşahidəçisi ilə prosesə qatılıb. Azərbaycan Milli QHT Forumu, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, Azərbaycan Tələbə Gənclər Təşkilatı, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqı və onlarla digər QHT-lər respublika üzrə seçki müşahidələri aparıblar.

“Monitorinq koalisiyamızı təmsil edən müşahidəçilər ölkənin demək olar ki, bütün regionlarında səsvermə prosesini izləyiblər. Onlar mütəmadi olaraq koalisiyanın qərargahı ilə əlaqə saxlayıblar, vəziyyətlə bağlı məlumat veriblər”. Bunu “Mənim Səsim” Seçki-Monitorinq Koalisiyasının həmtəsisçisi Səadət Bənənyarlı deyib. QHT rəhbəri bildirib ki, seçki məntəqələrində hər hansı bir problem qeydə alınmayıb: “Seçkini müşahidə edən nümayəndələrimiz məntəqələrdə seçici fəallığının yüksək olduğunu bildiriblər. Beynəlxalq təşkilatları təmsil edən müşahidə missiyalarının üzvləri də seçki məntəqələrində seçkinin gedişini izləyiblər. Ümumilikdə, proses normal axarda davam edib”.

Məzahir Pənahovun verdiyi məlumata görə, bütövlükdə seçkiləri izləmək üçün 90 372 müşahidəçi qeydə alınıb və onların arasında 790 nəfəri beynəlxalq müşahidəçilərdir. Həmin müşahidəçilərin hamısı mötəbər beynəlxalq təşkilatları təmsil edirlər.

Seçki prosesində şəffaflıq baxımından heç bir problem yaşanmayıb. Ölkə ərazisi üzrə 1000 məntəqədə veb-kameralar quraşdırılıb. Fevralın 7-də saat 07:30-dan gün ərzində bütün proseslər başa çatana qədər veb-kameralar işləyib. Həmin məntəqələrdə baş verənləri MSK-nın rəsmi saytı üzərindən də izləmək mümkün olub.

Exit-poll” da seçici fəallığının yüksək olduğunu təsdiqləyib

Azərbaycanda Prezident seçkiləri ilə əlaqədar “exit-poll” həyata keçirilib. “Exit-poll” üçün üç təşkilat - Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Rəy Monitorinq Mərkəzi və “Sosioloji Tədqiqatlar Mərkəzi” MMC akkreditasiyaya alınıb.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə  Liqası “exit-poll”u ABŞ-nin “Oracle Advisory Group” təşkilatı ilə birgə həyata keçirib. İlkin məlumatlara görə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-nin “Oracle Advisory Group” təşkilatı ilə birgə 40 seçki dairəsində 500 seçki məntəqəsində, Rəy Monitorinq Mərkəzi 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində, “Sosioloji Tədqiqatlar Mərkəzi” MMC 25 seçki dairəsi üzrə 125 seçki məntəqəsində “exit-poll” keçirib. “Exit-poll” da seçki fəallığının yüksək olduğunu təsdiqləyib.  “122 saylı Xankəndi seçki dairəsinin 14 saylı məntəqəsində seçici fəallığı yüksəkdir”. Bunu ABŞ-nin “Oracle Advisory Group”un müşahidəçisi Emil Mehdiyev deyib. O vurğulayıb ki, seçki üçün lazımi şərait yaradılıb. “Vətəndaşlarımız “exit-poll”da da tam məxfilik qorunmaqla yüksək səviyyədə iştirak ediblər”, - deyə o qeyd edib.

Media özünü ən yaxşı tərəfdən göstərib

Dünən mediamız da özünü ən yaxşı tərəfdən təsdiqlədi. Mətbuat Şurasının yaydığı məlumatda bildirilib ki, Şuranın “qaynar xətt” rejimində fəaliyyət göstərən (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri saat 08.00-dan başlayaraq jurnalistlərin ixtiyarında olub

Qeyd edək ki, “qaynar xətt” rejimində fəaliyyət göstərən telefon nömrələrinə daxil olan müraciətlərin araşdırılması üçün Mətbuat Şurası Mərkəzi Seçki Komissiyası və digər əlaqədar qurumlarla daimi əlaqədə olub və peşə vəzifəsini yerinə yetirən jurnalistlərin tam sərbəst şəkildə fəaliyyət göstərmələri üçün bütün tədbirlər görülüb.

Mətbuat Şurasının İdarə Heyətinin jurnalist və müşahidəçi kimi qeydiyyatdan keçmiş üzvləri də paytaxtdakı və bölgələrdəki seçki məntəqələrində jurnalistlərə prosesi işıqlandırmaları üçün yaradılmış şəraiti müşahidə ediblər. Mətbuat Şurasının sədri Rəşad Məcid və Şuranın İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə 35 saylı Xətai Üçüncü Seçki Dairəsinin 5, 6, 7, 9, 10 və 32 saylı məntəqələrində, qurumun İdarə Heyətinin üzvlərindən Əflatun Amaşov 21 saylı Nəsimi Birinci Seçki Dairəsinin 17 saylı seçki məntəqəsində, Rauf Arifoğlu 35 saylı Xətai Üçüncü Seçki Dairəsinin 10 saylı məntəqəsində, Umud Rəhimoğlu 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 106 və 107 saylı məntəqələrində, Ceyhun Musaoğlu həmin seçki dairəsinin 105 saylı məntəqəsində, Müşfiq Ələsgərli 7 saylı Səbail Seçki Dairəsinin 23 saylı məntəqəsində, Azər Həsrət 18 saylı Nərimanov-Nizami-Binəqədi Seçki Dairəsinin 29 saylı seçki məntəqəsində, Aqil Ələsgər 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 37 saylı məntəqəsində, Hacıbəy Heydərli 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin 16 saylı məntəqəsində, Şuranın Nəzarət-Təftiş Komissiyasının sədri Rey Kərimoğlu 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 106 və 107 saylı məntəqələrində olublar. Onlar jurnalistlərin sərbəst şəkildə peşə fəaliyyətlərini yerinə yetirdiyini qeydə alıblar.

Paylaş:
Baxılıb: 173 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

181-ci üzv

02 Mart 11:10

Xəbər lenti

MEDİA

Sosial

Analitik

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Analitik

Gərginlik artır

01 Mart 11:10

Xəbər lenti

Xəbər lenti

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31