Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / VII qurultaydan 7-ci Prezident seçkilərinə...

VII qurultaydan 7-ci Prezident seçkilərinə...

05.03.2024 [09:50]

YAP-ın tarixində yeni inkişaf mərhələsi

2021-ci il martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib

Tarixin bu günündə - 2021-ci il martın 5-də hakim Yeni Azərbaycan Patiyasının (YAP) VII qurultayı keçirilib. Heydər Əliyevin ətrafında yaranan Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirilib. YAP cəmi bir neçə aydan sonra iqtidar partiyasına çevrilib. Həmin dövrdən etibarən Yeni Azərbaycan Partiyası ölkəmizdə keçirlən bütün seçkilərdə inamlı qələbələr qazanıb. VII qurultay isə aparılan müzakirələrin və verilən qərarların mahiyyət və miqyasına görə xüsusilə fərqlənir. Deyə bilərik ki, bu qurultaydan sonra YAP-ın tarixində keyfiyyətcə yeni bir inkişaf mərhələsi başlayıb.

Yeni reallıqlar, yeni çağırışlar

Ayrı-ayrı siyasi partiyalar hadisələrin və proseslərin yedəyində gedirlər və hansısa mühüm qərarların məhz başqaları tərəfindən verilməsini gözləyirlər. YAP-ı isə novator partiya kimi səciyyələndirə bilərik. Zaman irəlilədikcə reallıqlar və çağırışlar da dəyişir.  Yeni Azərbaycan Partiyası öz fəaliyyətində bu amili nəzərə almaqla ölkənin inkişafına, milli gücün artırılmasına nail olmaqdan ötrü daim islahatlar həyata keçirir və cəmiyyətə yeni ideyalar ötürür. Respublikamızda 2018-ci ildə keçirilmiş Prezident seçkilərindən sonra dövlətimizin başçısı İlham Əliyev geniş islahatların yeni mərhələsinin başlandığını anons etdi. Ölkədə siyasi konfiqurasiyanın yenilənməsinə start verildi. İslahatların daha geniş dalğası fonunda YAP-da da zəruri dəyişikliklərə rəvac verilməsi qaçılmaz idi.

Digər bir mühüm yeni reallıq isə ondan ibarət idi ki, partiyanın 2018-ci ildə keçirilmiş VI qurultayından sonra ölkəmiz 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində şanlı Zəfərə imza atmaqla özünün ərazi bütövlüyünü təmin etməyə nail olmuşdu. Bununla da ölkəmizin yeni reallıqlarına uyğun yeni çağırışlar yaranmışdı. Həmişə proseslərin önündə olan Yeni Azərbaycan Partiyası da fəaliyyətini yaranan reallıqlara uyğun qurmalı idi. VII qurultayda qəbul olunan qərarlarda böyük Qələbəmizdən sonra formalaşan  reallıqlar fonunda ölkəmizin qarşısında duran çağırışlar öz əksini tapdı.

Partiya daxilində vacib islahatlar

YAP-ın VII qurultayı həm də aparılan struktur islahatları ilə yadda qaldı. Partiyanın Təftiş Komissiyasının sədri və sədr müavini seçildi, Gənclər Birliyinin say tərkibi müəyyənləşdirildi, üzvləri, sədri və sədr müavinləri seçildi. Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparat və yerli təşkilatlarının əsasnamələrinin, Təftiş Komissiyasının reqlamentinin layihələri hazırlanaraq təsdiqləndi.

Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini, digər müavin və partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavin təyin edildi. Aparılan bu kimi dəyişikliklər, xüsusilə də Mehriban xanım Əliyevanın partiya Sədrinin birinci müavini təyin edilməsi YAP-ın fəaliyyətinin səmərəliliyinin artmasına öz müsbət təsirini göstərir.

Qurultayda daha bir əlamətdar hadisə yaşandı - ölkədə fəaliyyət göstərən 6 siyasi partiya (Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Kəndli Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Milli Qurtuluş Partiyası) Yeni Azərbaycan Partiyasına qoşulmaq istəkləri ilə bağlı müraciət ünvanladılar və onların müraciəti müsbət həllini tapdı. Yeni siyasi konfiqurasiyanın formalaşdırılmasını hədəfləyən islahatlar ölkədə həmrəylik mühitinin bərqərar olunmasına və siyasi münasibətlərin subyektləri arasında sağlam dialoqun formalaşdırılmasına xidmət edir. Bunun nəticəsidir ki, respublikamızda uzunmüddətli monolit həmrəylik təmin olunub. Azərbaycan cəmiyyəti bütün ümummilli məsələlərdə yumruq kimi birləşərək yekdil və sarsılmaz iradə ortaya qoyur.

Ən önəmli məqamlardan biri VII qurultayda YAP-ın yeni Nizamnaməsinin təsdiq olunmasıdır. Yeni Nizamnamənin təsdiq olunması YAP-ın fəaliyyətinin müasir dövrün tələblərinə və çağırışlarına uyğun qurulmasına şərait yaradıb. Yeni Nizamnaməyə əsasən VII qurultaydan ötən zaman müddətində təşkilatlanma işləri aparılıb,  kadr və struktur dəyişiklikləri ilə əlaqədar vacib qərarlar qəbul olunub.

VII qurultayda müzakirəyə çıxarılan mühüm məsələlərə uyğun olaraq partiyanın İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında YAP-ın 5 fəsildən ibarət  Proqramı təsdiqlənib. Proqram  ölkəmizin qarşısında duran hədəflər və çağırışlar nəzərə alınmaqla hazırlanıb. Bütövlükdə, Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət müəyyən olunub:

-Heydər Əliyev yolu

-Müstəqillik

-Azərbaycançılıq

-Dövlətçilik

-Qanunun aliliyi

-Varislik və təkamül

-Konstruktiv əməkdaşlıq və dialoq

-Sosial ədalət və insan amili

-Multikultural cəmiyyət

-Demokratik ənənələrin inkişafı

YAP 7-ci dəfə qalib oldu

YAP-ın VII qurultayından sonra ölkəmiz 2023-cü il sentyabrın 19-20-də keçirilən 23 saatlıq uğurlu antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq Qarabağda suverenliyini tam təmin edib. Ötən il oktyabrın 15-də Prezident İlham Əliyev separatizm ocaqlarının dağıdıldığı ərazilərdə, o cümlədən də Xankəndidə və Xocalıda üçrəngli bayrağımızı ucaltdı.

VII qurultaydan ötən dövrdə ölkəmizin yaşadığı ən əlamətdar hadisələrdən biri isə heç şübhəsiz ki, son Prezident seçkiləridir. Necə deyərlər, üç yeddi rəqəmi bir arada. VII qurultaydan sonra fevralın 7-də baş tutan seçkilər həm də YAP-ın tarixində qatıldığı sayca 7-ci Prezident seçkiləridir. Seçkilərdə partiyamızın prezidentliyə namizədi YAP-ın Sədri İlham Əliyev oldu. Seçkilərin nəticələri İlham Əliyevin cəmiyyətdə necə böyük nüfuza malik olduğunu bir daha təsdiqlədi - O, yüksək seçici fəallığı şəraitində baş tutan seçkilərdə səslərin 92,12 faizini qazanaraq növbəti dəfə dövlət başçısı seçildi. Beləliklə də, YAP 7-ci dəfə Prezident seçkilərinin qalibi oldu.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 482 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Mina təhdidi...

22 Oktyabr 11:46

İqtisadiyyat

Analitik

Mədəniyyət

Mühacirətin səsi!

22 Oktyabr 08:21

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31