Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Etibarlı tərəfdaş...

Etibarlı tərəfdaş...

07.03.2024 [09:45]

İmza qədər dəyərli söz!

Bu gün Avropanın ayrı-ayrı islamofob və azərbaycanafob dairələrindən ölkəmizə qarşı bir sıra mənfi siqnallar gəlir. Xüsusilə də Fransa kimi ölkələr, Avopa Şurası Parlament Assambleyası (AŞPA) kimi təşkilatlar heç bir əsas olmadan Azərbaycana münasibətdə qərəz və qısqanclıq sərgiləyirlər. Lakin belə selektiv və subyektiv yanaşmalar heç də Avropanın ümumi mövqeyi kimi qəbul edilə bilməz. Fransa parlamentinin və AŞPA-nın qərəzli qətnamələrinin heç bir hüquqi əsasları yoxdur və bütünlüklə reallıqdan uzaqdır. Əslində, Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətləri kifayət qədər yüksək dinamikaya malikdir. Avropa İttifaqı ölkəmizlə möhkəm zəminə əsaslanan əməkdaşlıq ənənələrini bundan sonra da davam etdirmək niyyətindədir. Təsadüfi deyildir ki, martın 1-də Bakıda, “Gülüstan” sarayında keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında Azərbaycanla əməkdaşlığın “qoca qitə” üçün müstəsna önəm daşıdığı xüsusi vurğulanıb. Eləcə də, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Prezident İlham Əliyevə bu günlərdə ünvanladığı təbrik məktubunda Aİ-nin ölkəmizlə əməkdaşlığın davam etdir?lməsinə sadiqliyinə xüsusi diqqət çəkib.

Azərbaycan Liderinə inam

Azərbaycanın xarici ölkələrlə və beynəlxalq təşkilatlarla, o cümlədən də Aİ ilə münasibətləri suverenlik və qarşılıqlı maraqların təmin olunması prinsiplərinə əsaslanır. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, müxtəlif əməkdaşlıq platformalarına qoşulan dövlətlər və qurumlar bundan faydalanmalıdırlar. Məsuliyyətli dövlət olan Azərbaycan daim üzərinə götürdüyü öhdəlikləri yüksək səviyyədə yerinə yetirib ki, bu da “qoca qitə”də ölkəmizə  və onun Liderinə böyük inam qazandırıb.  Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarındakı çıxışında bundan məmnunluğunu ifadə edən Prezident İlham Əliyev “Hesab edirəm ki, Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Bizim sözümüz imzamız qədər dəyərlidir. Əminəm ki, qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcəkdir, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur”, - deyə vurğulayıb.

Öz növbəsində Avropa İttifaqının rəsmiləri də Azərbaycanın etibarlı tərəfdaş olduğuna növbəti dəfə diqqət çəkiblər.  “Mən 2019-cu il dekabrın 1-də səlahiyyətlərimin icrasına başladım və həmin vaxt məhz TANAP qaz boru kəmərinin Avropaya çıxması anı idi və Azərbaycan qazının Avropa İttifaqına ilk axını bir il sonra - 2020-ci il dekabrın 31-də başladı. O vaxt COVID vaxtı idi, təmaslar çətin idi. Avropada bəziləri düşünürdü ki, Cənub Qaz Dəhlizi artıq başa çatmış bir missiyadır və buna daha çox diqqət yetirilməli deyil. Mən belə düşünmürdüm. Mən hər zaman gördüm ki, Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var. Mən 2022-ci ildə buraya ilk iclasa gələndə dedim ki, necə etməliyik ki, məhz bizim münasibətlərimizin bütün potensialı daha da genişlənsin, bu dəhliz yeni bazarlara çıxsın və təmiz enerjiyə gəldikdə, biz öz işimizin miqyasını artıraq və bütün bunlar baş verdi”. Bu fikirləri Bakının ev sahibliyi etdiyi tədbirdə Avropa İttifaqının energetika məsələləri üzrə komissarı, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədri, xanım Kadri Simson öz çıxışında ifadə edib. Söylədiyi fikirlərlə xanım Kadri Simson bir tərəfdən Azərbaycanın geniş potensiala malik ölkə olduğunu təsdiqləyib, digər tərəfdən isə təmsil etdiyi qurumun respublikamızla əməkdaşlığı müxtəlif istiqamətlədə genişləndirməkdə maraqlı olduğunu bildirib. Oxşar məzmunlu fikirləri həmçinin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda ifadə edib. Seçkilərdə inamlı qələbə münasibətilə dövlətimizin başçısına təbriklərini çatdıran xanım Ursula Fon der Lyayen vurğulayıb ki, bu, Avropa İttifaqının bütün vətəndaşlarımızın maraqları naminə Şərq Tərəfdaşlığı çərçivəsində əhatə olunan ikitərəfli dialoqumuzun və bütün sahələrdə regional əməkdaşlığımızın, o cümlədən rifah və yaxşı idarəetmə prinsiplərinin möhkəmləndirilməsinə sadiqliyini vurğulamaq üçün münasib fürsətdir.

Ənənələr və yaxşı nəticələri olan işbirliyi

Avropa qurumlarının rəsmiləri ölkəmizlə əməkdaşlığın davam etdiriməsinin vacibliyinə diqqət çəkərkən Azərbaycanla Aİ arasında uzun illər ərzində formalaşmış ənənələrə, yaxşı nəticələr verən səmərəli işbirliyinə istinad edirlər. İndiyədək müxtəlif sahələrdə qazanılan təcrübə qarşılıqı münasibətlərin inkişafı üçün möhkəm baza yaradır. Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Avropa İttifaqı ilə əlaqələri iqtisadi və siyasi islahatlara dəstək, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması, infrastrukturun inkişafı və s. kimi müxtəlif çərçivələrdə inkişaf etdirib. 1996-cı ildə Lüksemburq şəhərində imzalanmış  və 1 iyul 1999-cu il tarixində qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədəniyyət sahəsində əməkdaşlığı əhatə edir. 10 il müddətinə imzalanmış Sazişin icra müddəti 2009-cu ildə bitməsinə baxmayaraq, onun icrası yeni sazişin imzalanmasına qədər hər il avtomatik olaraq 1 il müddətinə uzadılır.  1998-ci ildə Aİ Azərbaycana xüsusi elçisini təyin edib. 2000-ci ildə Azərbaycanın Aİ yanında Nümayəndəliyi təsis olunub. 2003-cü ilin iyul ayında Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini təyin edib. 2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə onun Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı proqramına daxil edilib.

Aİ-nin Cənubi Qafqaz dövlətləri ilə qarşılıqlı əlaqələrinin həyata keçirilməsi üçün əsas vasitələrindən biri də “Avropa Qonşuluq Siyasəti” proqramıdır. Azərbaycan Avropa Qonşuluq Siyasəti proqramı çərçivəsində özünün bir çox iqtisadi, siyasi, hüquqi və inzibati islahatlarını həyata keçirmək imkanı qazanıb.

Azərbaycan və Aİ uzun illərdir ki, müxtəlif sahələrdə birlikdə işləyirlər. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ölkəmizin ticarətinin, demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır. Aİ-yə üzv dövlətlərdən olan 1700-dən çox şirkət ölkəmizdə uğurla fəaliyyət göstərir. Respublikamız, həmçinin Aİ-yə üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox böyük fəallıq göstərir. İndiyədək Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb. Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. 2023-cü ildə Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsinin dəyəri 24 milyard 821 milyon 895 min ABŞ dolları təşkil edib. İl ərzində Azərbaycandan Aİ ölkələrinə 21 milyard 821 milyon 611 min ABŞ dolları dəyərində ixrac, 3 milyard 84 min ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirilib. Hesabat dövründə Aİ ölkələrinin Azərbaycanın ümumi ixracında payı 64,4 faiz, ümumi idxalında payı isə 17,4 faiz təşkil edib. Bu dövrdə Azərbaycanın ən çox ticarət dövriyyəsi ardıcıl olaraq İtaliya, Almaniya, Yunanıstan, İspaniya və Çexiya ilə olub.

Avropanın qızıl erasına dəstək

Artan geosiyasi gərginliklər fonunda enerji təhlükəsizliyi Avropa İttifaqı ölkələri üçün həyati əhəmiyyətli məsələyə çevrilib. Ənənəvi qaz təchizatının pozulması Aİ-yə daxil olan ölkələri alternativ enerji mənbələri axtarmaq məcburiyyətində qoyub. Belə çətin məqamda Azərbaycan “qoca qitə”nin enerji təhlükəsizliyinin təmin olunmasına daha çox töhfə verməyə geniş imkanları olan ölkədir.  İndiyədək Avropaya əsasən neft və neft məhsulları ixrac edən Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqləyib və müqavilə öhdəliklərini heç vaxt pozmayıb. İndi isə respublikamız  Aİ məkanı üçün həm də alternativ mavi yanacaq mənbəyi qismində çıxış edir. Avropanın enerji gündəliyinin aktual məsələlərinin müzakirə olunduğu tədbirdəki çıxışında Albaniyanın Baş naziri Edi Raman Azərbaycanın “qoca qitə”nin enerji təhlükəsizliyində rolunun artmasına özünün original münasibətini diqqətə çatdırıb. “Keçmişdə Bakının nəhəng sərvəti Avropa və Asiya sivilizasiyalarının qızıl erasını dəstəkləyib. Bu gün həmin resurslar və həmin qaz yataqları bizim ölkələrin qızıl erasını dəstəkləmək potensialına malikdir. Bu, dekarbonizasiya və dayanıqlı enerji təchizatına əsaslanmış çoxtərəfli əməkdaşlıq, davamlı sülh və tərəqqi erasıdır”, - deyə Edi Raman vurğulayıb.

Həqiqətən də, Azərbaycanın etibarlı tərəfdaş olduğu enerji dialoqunda xüsusi nəzərə çarpır. Ölkəmizin enerji siyasəti ardıcıldır və ədalət prinsipinə əsaslanır. Zəngin resurslara və şaxələndirilmiş nəql marşrutlarına malik olan respublikamız öz üstünlüklərindən heç vaxt sui-istifadə etmir. Təsadüfi deyildir ki, indiyədək imzalanan müqavilələr üzrə ölkəmizlə tərəfdaşları arasında heç bir fors-major halı yaşanmayıb.  Bəhs olunan toplantıda Azərbaycan Liderinin strateji baxışlarının nəticəsi kimi ərsəyə gələn Cənub Qaz Dəhlizinin önəminə diqqət çəkilib. Avropa İttifaqının energetika məsələləri üzrə komissarı, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədri, xanım Kadri Simson bildirib ki, bu gün məhz qaz axını Avropaya Cənub Qaz Dəhlizindən gedir və 2021-ci illə müqayisədə bu, 46 faiz çoxdur. 2023-cü ildə Avropa İttifaqı Azərbaycandan 11 milyard kubmetr sabit və təhlükəsiz şəkildə qaz təchizatını qəbul etdi və Avropa İttifaqının üzv dövlətləri və genişlənməyə namizəd olan ölkələr bu qazın alınmasında maraqlıdırlar. Artıq dediyim kimi, biz ötən il sizin məhz Panavropa təchizatına çevrildiyinizi gördük və bu baxımdan, əslində, bu həcmlərin artırılması üzərində işləyirik. Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaqdır. Fikirlərinə davam edən  xanım Kadri Simson vurğulayıb: “...Hazırda biz görürük ki, digər etibarlı enerji tərəfdaşlarımız var və onlardan biri məhz Azərbaycandır. Sizi əmin edə bilərəm ki, Avropa İttifaqının Azərbaycanla əməkdaşlığı uzunmüddətlidir və bu səbəbdən Azərbaycan Cənub Qaz Dəhlizinin genişləndirilməsi üzərində işləyir. 2027-ci ilə qədər qaz ticarətini iki dəfə artıracağıq və ən vacibi isə Avropa İttifaqı ilə Azərbaycan arasında strateji enerji əməkdaşlığı öz çevikliyini və dinamikliyini göstərir”.

Enerji keçidində Azərbaycanın liderlik rolu

Müasir dövrdə dünya üzrə meydana çıxan əsas çağırışlardan biri enerji keçidinin təmin edilməsi ilə bağlıdır. Yeni geosiyasi reallıqlar fonunda Avropa İttifaqı ölkələrində enerji transformasiyasının sürətləndirilməsinə və bunun üçün bir sıra zəruri tədbirlərin görülməsinə başlanıb. Avropa Komissiyasının hazırladığı və reallaşdırılmaqda olan xilas planında enerji keçidi ilə bağlı mühüm müddəalar yer alıb. Müasir dövlət kimi inkişaf edən Azərbaycan da özünün bərpaolunan enerji potensialından səmərəli şəkildə istifadə etməyi planlaşdırır. O cümlədən perspektivdə Azərbaycanla Avropanın enerji dialoqu yalnız nefti və qazı deyil, həm də enerji bazarının digər seqmentlərini, xüsusilə də elektrik enerjisini, hidrogen və yaşıl hidrogen enerjisini əhatə edəcək. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda ifadə olunan fikirlərdən açıq şəkildə görünür ki, “qoca qitə” Azərbaycanın enerji keçidində də liderlik rolunu qəbul edərək yüksək dəyərləndirir. “Mən 2024-cü ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransını - COP29-u səbirsizliklə gözləyirəm. Bu, şübhəsiz ki, iqlim və enerji keçidi gündəliyinin irəlilədilməsində Azərbaycanın liderlik nümayiş etdirməsi baxımından əla fürsət olacaq”, - deyə Avropa Komissiyasının yüksəksəviyyəli rəsmisi bildirib.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 502 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Mina təhdidi...

22 Oktyabr 11:46

İqtisadiyyat

Analitik

Mədəniyyət

Mühacirətin səsi!

22 Oktyabr 08:21

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31