Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan-Qazaxıstan: Münasibətlərin yüksək dinamikası

Azərbaycan-Qazaxıstan: Münasibətlərin yüksək dinamikası

13.03.2024 [10:00]

Azərbaycanın çoxvektorlu xarici siyasət kursunda qonşularla, o cümlədən də Türk Dövlətləri Təşkilatında birləşən ölkələrlə əməkdaşlıq münasibətlərinin genişləndirilməsi xətti xüsusi yer tutur. Azərbaycan-Qazaxıstan münasibətlərini də məhz bu kontekstdən dəyərləndirmək mümkündür.  Ölkələrimiz arasındakı münasibətlər dərin köklərə, tarixi bağlara söykənir. Belə ki, Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Eyni etnik soy-kökə malik olan xalqlarımız onilliklər ərzində böyük coğrafiyanı əhatə edən keçmiş ittifaqın tərkibində yaşayıblar və rejimin sərt ideoloji məhdudiyyətlərinə baxmayaraq, həmişə bir-birlərinə qarşılıqlı rəğbət bəsləyiblər. Xatırladaq ki, repessiya dövründə minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunub. Qeyri-rəsmi məlumatlara görə, hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı   yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edirlər.

Strateji xarakterli qarşılıqlı fəaliyyət

Müstəqil Azərbaycanla müstəqil Qazaxıstan arasında münasibətlər də möhkəm tarixi zəminə əsaslanmaqla uğurla inkişaf edir. Ölkələrimizi birləşdirən bağlar tarixdən gəldiyi üçün sarsılmazdır. Diqqətəlayiq haldır ki, Azərbaycanın və Qazaxıstanın yaxınlaşmasına dövlətlər güclü siyasi iradə göstərir ki, bu da cəmiyyətlərin istəyi ilə üst-üstə düşür. Burada liderlər arasında formalaşan səmimi münasibətlər də mühüm rol oynayır. Onlar tez-tez qarşılıqlı səfərlər edirlər və sıx təmaslar əsnasında aktual məsələlərin müzakirələrini aparırlar. Prezident İlham Əliyev martın 11-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin respublikamıza baş tutan uğurlu dövlət səfəri çərçivəsində mətbuata verdiyi Bəyanatında qarşılıqlı münasibətlərin bugünkü səviyyəsindən məmnunluğunu bildirərək vurğulayıb: “Bizim üçün qardaş ölkə, strateji tərəfdaş və müttəfiq olan Qazaxıstanın Prezidentinin dövlət səfərinə böyük əhəmiyyət veririk. Münasibətlərimizin dinamikası qarşılıqlı səfərlərimizin xronologiyasından aydın görünür. Son ilyarım ərzində mən Qazaxıstana dörd dəfə səfər etmişəm, həmçinin bu dövrdə Qazaxıstan Prezidenti üçüncü dəfədir ki, ölkəmizə gəlir. Bu gün, eyni zamanda, fikir mübadiləsi çərçivəsində cari ilin sonunadək qarşıdakı səfərlərlə bağlı razılıq əldə etdik. Yəni, belə dinamik qarşılıqlı fəaliyyət faktı özlüyündə mənzərəni aydın göstərir. Biz təkcə mühüm ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etmirik, həmçinin regional problematika, regionumuzda təhlükəsizlik sistemi ilə bağlı olan məsələlərə də toxunuruq”.

Öz növbəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də Bakıda mətbuata verdiyi Bəyanatında qarşılıqlı səfərlərin ikitərəfli əməkdaşlığın dinamikasına güclü impuls verdiyinə xüsusi diqqət çəkib. Döst ölkənin dövlət başçısı bu dəfə respublikamıza böyük nümayəndə heyəti ilə gəlib.  Bu, onu göstərir ki, Qazaxıstanda bəhs olunan dövlət səfərinin bütün aspektlərinə geniş hazırlıq görülüb. “Həqiqətən son vaxtlar yüksək səviyyədə təmaslar artıb və bu, çox müsbət məqamdır. Cari il də istisna olmayacaq. Biz yüksək səviyyəli beynəlxalq tədbirlərdə iştirak etmək üçün Sizi azı iki dəfə Qazaxıstanda gözləyirik. Mən özüm də Türk dövlətləri liderlərinin qeyri-rəsmi sammitində iştirak etmək üçün Azərbaycana yenidən səfər etməyi planlaşdırıram. Düşünürəm ki, bu təmaslar strateji tərəfdaşlığı və hətta Qazaxıstanla Azərbaycan arasında müttəfiqliyi möhkəmləndirmək üçün çox faydalıdır. Strateji tərəfdaşlıqdan danışdıqda, biz bunu sadəcə gözəl ifadə və ya diplomatik nəzakət kimi qəbul etmirik. Əslində, əməkdaşlığımızın mahiyyəti qarşılıqlı fəaliyyətimizin strateji xarakterini ehtiva edir”, - deyə Qazaxıstanın dövlət başçısı vurğulayıb.

Beləliklə, biz görürük ki, müstəqil Azərbaycanla müstəqil Qazaxıstan arasında siyasi dialoq yüksək dinamizmi ilə səciyyələnir. Prezident İlham Əliyevin Qazaxıstana ilk rəsmi səfəri 2004-cü ildə baş tutub. Ölkələrimiz arasında hökumətlərarası birgə komissiya fəaliyyət göstərir. Milli Məclisdə Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. Qrup parlamentlərarası münasibətlərin genişləndirilməsində mühüm rol oynayır. Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın yaradılması da ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini təsdiqləyir. Yeri gəlmişkən, Prezident Kasım-Jomart Tokayevin ölkəmizə son səfəri çərçivəsində Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib.

Ölkələrimiz ikitərəfli formatda olduğu kimi, beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edirlər. Bu sırada Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avratlantik Tərəfdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, TDT, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq qurumları qeyd edə bilərik.

Qazaxıstan dövləti və xalqı hər iki Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək nümayiş etdirib. Böyük qazax mütəfəkkiri Oljas Süleymenov 1990-cı ildə SSRİ Ali Sovetinin sessiyasında rus-erməni şovinizminə qarşı çıxış edərək Azərbaycanın haqq səsini dünyaya çatdırıb. Birinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olan qazax şəhidi Yerbol Barımbekovun xatirəsi daim anılır.

Vətən müharibəsi dövründə isə Qazaxıstan dövləti, bütün qazax xalqı haqq-ədalətin yanında olub, ölkəmizin haqlı mübarizəsini dəstəkləyib. Təsadüfi deyil ki, Qazaxıstanın ölkəmizdəki səfirliyi Qarabağda yaradılacaq kitabxanalara kitab dəstəyi verməyə hazır olduğunu qeyd edib. Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərdə - Füzuli şəhərində Qazaxıstan Respublikası tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzi inşa olunub. Səfər çərçivəsində prezidentlər mərkəzin açılış tədbirinə qatılıblar.  Füzulidə belə bir mərkəzin yaradılması şəxsən Prezident Kasım-Jomart Tokayevin təşəbbüsüdür. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu, Qazaxıstanın Azərbaycana qardaş köməyidir, bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir və azad edilmiş ərazilərin bərpasına dəstəyidir.

Böyük potensiala malik qarşılıqlı iqtisadi-ticari fəaliyyət

İndiyədək Azərbaycanla Qazaxıstan arasında 150-yə yaxın sənəd imzalanıb. İki ölkə arasında yaxın dostluq münasibətləri 1 mart 2004-cü ildə Astanada imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 24 may 2005-ci ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə möhkəmləndirilib.

İki dost ölkə arasında siyasi dialoqun yüksək səviyyəsinə uyğun olaraq iqtisadi əməkdaşlıq da uğurla inkişaf edir . Bu əməkdaşlıq müxtəlif istiqamətlər üzrə genişlənməkdədir.  Qeyd edək ki, Azərbaycan və Qazaxıstan arasında iqtisadiyyat sahəsində də əlaqələrin böyük tarixi var. Azərbaycan neftçiləri Qazaxıstanın Manqışlağın, Quryevin neft mədənlərində uğurlu fəaliyyət göstəriblər. Azərbaycan və Qazaxıstan neftçiləri, alimləri, mühəndisləri Xəzər dənizi hövzəsinin araşdırılmasında da əməkdaşlıq ediblər və bu ənənə hazırda da davam edir.

Ölkəmiz Qazaxıstanın Cənubi Qafqazda mühüm iqtisadi tərəfdaşıdır. Prezident İlham Əliyev bildirib ki, qarşılıqlı iqtisadi-ticari fəaliyyət sahəsi böyük inkişaf potensialına malikdir. Respublikamızda Qazaxıstan investisiyalı 182 kommersiya qurumu (sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, xidmət) qeydiyyatdadır. Qazaxıstandan Azərbaycana 102,2 milyon dollar, Azərbaycandan Qazaxıstana isə 205,2 milyon dollar investisiya qoyulub. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 598,47 milyon dollar təşkil edib.

Bütün bunlarla yanaşı, iki ölkə arasında neft və neft məhsullarının ticarəti sahəsində uğurlu əməkdaşlıq davam etdirilir. Buraya Qazaxıstan mənşəli xam neftin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə dünya bazarına çatdırılması, Qazaxıstan mənşəli xam neftin Azərbaycanda emalı, Qazaxıstan mənşəli xam neftin dünya bazarına təchizatı və sair daxildir. “SOCAR Midstream Operations” MMC 2023-cü ilin martından etibarən Qazaxıstanın Tengiz yatağından ayda 125 min ton həcmində neftin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqlinə başlayıb. Qazaxıstan neftinin Aktau limanından “Prezident Heydər Əliyev” tankerinə ilk yüklənməsi ötən il martın

21-də, “Şuşa” tankerinə ikinci yüklənməsi isə martın 28-də həyata keçirilib. Bütövlükdə, SOCAR ilə “KazMunayGaz” arasında ötən il imzalanan yol xəritəsi enerji sektorunda əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar yaradıb.

Həmçinin Qazaxıstan Prezidentinin ölkəmizə son səfəri çərçivəsinə çoxlu sayda yeni sənədlər imzalanıb. O cümlədən Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev “Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının 1-ci iclasının Qərarı”nı imzaladılar. Bəhs olunan sənədlər qarşılıqlı əməkdaşlığın dərinləşməsi üçün möhkəm hüquqi baza yaradacaq. Prezident İlham Əliyevin bildirdiyi kimi, qarşılıqlı fəaliyyətimizin və birgə işimizin nəticələri, ən başlıcası, gələcək planlarımız həqiqətən də böyükdür. “Bu yaxınlarda Astanada hökumətlərarası komissiyanın iclası keçirildi, sənədlər hazırlandı, nümayəndə heyətlərinin iştirakı ilə ancaq sənədlərin bir hissəsi imzalandı, digərləri işgüzar qaydada imzalanır. Gündəlik həqiqətən də genişdir, ən başlıcası konkret nəticələrə istiqamətlənib”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 515 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Mina təhdidi...

22 Oktyabr 11:46

İqtisadiyyat

Analitik

Mədəniyyət

Mühacirətin səsi!

22 Oktyabr 08:21

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31