Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan rəqabətqabiliyyətli sənaye məhsulları ixrac edən ölkəyə çevrilir

Azərbaycan rəqabətqabiliyyətli sənaye məhsulları ixrac edən ölkəyə çevrilir

20.10.2021 [11:30]

İşğaldan azad edilmiş ərazilərdə güclü sənaye potensialı mövcuddur

Qeyri-neft sənayesində məhsul istehsalı 5 milyard manatdan 12 milyard manata çatıb

Son illərdə Azərbaycanda güclü sənaye inkişafının getdiyini müşahidə etmək mümkündür. Prezident İlham Əliyev Azərbaycanın Onun tərəfindən müəyyənləşdirilən müasirləşmə strategiyasına uyğun olaraq ölkənin sənaye potensialının artırılmasına güclü siyasi iradə nümayiş etdirir. Dövlət başçımızın imzaladığı sənədlər əsasında reallaşdırılan yeni nəsil islahatların məntiqi nəticəsi olaraq ölkə üzrə müasir sənaye inkişafı üçün bütün şərtlər təmin edilib. Ötən dövrdə sənayeləşmə siyasətinə uyğun olaraq ölkə üzrə yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin müasir səviyyədə qurulması və yeni müəssisələrin, sənaye məhəllələrinin yaradılması istiqamətində tədbirlər həyata keçirilib, innovasiya yönümlü texnologiyalar tətbiq olunub, ixtisaslaşmış və ümumi təyinatlı sənaye parklarının yaradılması işləri davam etdirilib. Nəticədə, bu layihələrin icrası ölkə iqtisadiyyatının inkişafına, modernləşməsinə, yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının və ölkənin ixrac qabiliyyətinin daha da genişlənməsinə, eləcə də məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli təsir göstərib. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən Dövlət proqramları, eyni zamanda, sənayenin inkişafına dair müvafiq Dövlət proqramının icrası sayəsində son 18 ildə ölkəmizdə sənaye məhsulu istehsalı 3 dəfəyə yaxın artıb.

Bu barədə “Yeni Azərbaycan” qəzetinə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. Onun sözlərinə görə, qeyri-neft sənayesində məhsul istehsalı real həcmdə 2,4 dəfə artaraq 5 milyard manatdan 12 milyard manata çatıb. Sənaye sektoruna qoyulmuş investisiyaların 44,2 faizi xarici sərmayələrin, 55,8 faizi isə daxili investisiyaların payına düşür.

İxracyönümlü məhsulların istehsalı artırılır

Millət vəkilinin sözlərinə görə, sənayedə yeni modellərin tətbiqi, sənaye parkları və məhəllələri, aqroparklar kimi mütərəqqi mexanizmlər innovativ müəssisələrin yaradılmasına, ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə böyük imkanlar açıb. Hazırda Azərbaycanda 5 sənaye parkı - Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları fəaliyyət göstərir. İndiyədək sənaye parklarında 40-dan çox rezident qeydiyyata alınıb. Aydın Hüseynov bildirib ki, sənayeləşmədə Sumqayıtın xüsusi strateji rolu var. Onun sözlərinə görə, Azərbaycanın və Cənubi Qafqazın mühüm sənaye mərkəzlərindən birinə çevrilmiş Sumqayıt şəhəri ümumi inkişafımıza öz dərin töhfələrini verməkdədir. “Cənab Prezidentin Sumqayıta olan xüsusi diqqət və qayğısı sayəsində bu şəhər özünün yeni iqtisadi inkişaf mərhələsinə daxil olub. Bu gün Sumqayıt yüksək sənaye potensialına malik, iri sənaye komplekslərinin cəmləşdiyi innovasiya mərkəzidir. Sumqayıt dünya səviyyəli, rəqabətədavamlı məhsul buraxan, ən qabaqcıl texnologiyaların tətbiq olunduğu sənaye texnoparkları ilə məşhurdur. Azərbaycanın ilk sənaye parkı da məhz bu şəhərdə təşkil olunub. Dünya bazarlarına ən keyfiyyətli məhsulların ixracı sənayeləşmənini daha da inkişafına geniş şəriat yaradıb. Cənubi Qafqazın ən böyük və Azərbaycanın isə ilk sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika davam edir. Sumqayıt Kimya Sənaye Parkında 5500-dək insan daimi işlə təmin edilib. Parkda 24 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və onlardan 17-si istehsala başlayıb. Növbəti mərhələdə daha 7 rezidentin fəaliyyətə başlaması nəzərdə tutulur”, - deyə Aydın Hüseynov vurğulayıb.

Rezidentlər bir sıra vergilərdən və gömrük rüsumlarından azad olunurlar

Millət vəkili sənaye parklarında rezidentlər üçün vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlər tətbiq edildiyinə xüsusi diqqət çəkib. Aydın Hüseynov bildirib ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 7 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. Bundan başqa, sənaye parklarında dövlət vəsaitləri hesabına müasir infrastruktur yaradılır, sahibkarların vəsaitlərini investisiya qoyuluşuna yönəltmələri stimullaşdırılır. Bu siyasətin nəticəsidir ki, indiyədək sənaye parklarında 1,5 milyard manatlıq məhsul istehsal edilib. Bu məhsulların 300 milyon manatlıq hissəsi xarici ölkələrə ixrac olunub.

Sənaye məhəllələri sənayeləşmədə kiçik və orta sahibkarların rolunu artıran əlverişli mexanizmlərdən biridir

Aydın Hüseynov qeyd edib ki, sənayedə kiçik və orta sahibkarlığın rolunun artırılmasında əlverişli mexanizmlərdən biri də sənaye məhəllələridir. Sənaye məhəllələri dünya ölkələrində sənaye sektorunun inkişafında ən mühüm layihələrdən hesab olunur. ABŞ, Fransa, Kanada, Danimarka və digər ölkələrdə sənaye məhəllələri geniş yer tutur. ABŞ-da istehsal sahəsində iş yerlərinin, təxminən, 80%-i sənaye terxnoparkları və məhəllələrində yerləşir. Hazırda dünyada ən iri sənaye məhəllələri Barselona, Boston, Filadelfiya, Hamburq və digər şəhərlərdə fəaliyyətdədir. Sənaye məhəllələri sənaye sektorunun inkişaf etdirilməsi ilə yanaşı, həmin regiona investisiyanın cəlb edilməsi üçün mühim vasitələrdən biridir. Sənaye məhəllələri sənaye şəhərciklərini və ya onlardan nisbətən kiçik ərazini əhatə edir. Məqsəd sənaye məhəllələrində kiçik və orta sahibkarlıq subyektlərində istehsal və xidmət strukturlarını genişləndirməkdir. “Ötən dövrdə regionlarda dövlət tərəfindən sahibkarlar üçün bütün zəruri infrastrukturla təmin olunmuş 4 sənaye məhəlləsi yaradılıb və 38 iştirakçı qeydiyyatdan keçib. Bu rezidentlərdən hazırda 21-i fəaliyyət göstərir. Belə məhəllələrin digər rayonlarda yaradılması istiqamətində işlər davam etdirilir. Fəaliyyətdə olan 2 sənaye məhəlləsinin iştirakçıları tərəfindən 41 milyon manatlıqdan çox, o cümlədən bu ilin birinci yarısında 14,5 milyon manatlıq məhsul istehsal olunub. Ümumilikdə ölkəmizdə yaradılmış sənaye parklarında və məhəllərində 11 mindən çox iş yeri açılıb və daha 3 minə yaxın iş yerinin açılması nəzərdə tutulur”, - deyə Aydın Hüseynov vurğulayıb.

İşğaldan azad edilmiş ərazilər mədənçıxarma sənayesi ehtiyatları ilə zəngindir

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov işğaldan azad edilmiş ərazilərdə sənaye potensialının əhəmiyyətinə də diqqət çəkib və bildirib ki, Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonları güclü qızıl, mis, alüminuim, digər mədənçıxarma sənayesi ehtiyatları ilə zəngindir. Həmin ərazilərimizdə digər sahələrlə yanaşı, dağ-mədən sənayesinin inkişafı, yüksək potensialı olan müxtəlif filiz yataqlarının tədqiqi və istismarı prioritet istiqamətlərdəndir. Fikirlərinə davam edən millət vəkili deyib: “Həmin bölgədə bol enerji resursları da güclü sənaye mərkəzinin təşkili üçün əhəmiyyət kəsb edir. Eyni zamanda, “yaşıl enerji” mənbələri sənayeləşmənin çoxşaxəliliyinin təmin edilməsi üçün yeni imkanlar açır”.
Aydın Hüseynov qeyd edib ki, dövlət başçısı tərəfindən təməli qoyulan Ağdam Sənaye Parkının, həmçinin “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması işğaldan azad  edilmiş ərazilərin güclü sənaye mərkəzinə çevrilməsinə səbəb olacaq.Ağdamda və Cəbrayılda sənaye parklarının yaradılmasının iqtisadi önəminə diqqət çəkən Aydın Hüseynov əlavə edib: “Ağdam və Cəbrayıl rayonlarında Sənaye parklarının yaradılması regionun sənaye potenisalının reallaşmasına imkan verəcək. Şərqi Zəngəzur iqtisadi rayonu təbii ehtiyatlarının həcmi baxımından seçilən rayonlarımızdandır. Bu, sənaye məhsullarının istehsalı üçün yeni imkanlar yaradır. Digər tərəfdən, Şərqi Zəngəzur iqtisadi rayonunda yaxın gələcəkdə regional nəqliyyat və logistik şəbəkə formalaşacaq. Zəngəzur dəhlizinə inteqrasiya və Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat-kommunikasiya xətlərinin bərpası kontekstində logistik imkanlar daha da güclənəcək. Bu isə yeni tranzit və ixrac potensialı deməkdir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı Xudafərin körpülərinin olduğu istiqamətdə sərhəd-gömrük keçid məntəqəsinin açılması fonunda daha səmərəli fəaliyyət göstərə biləcək. Sənaye Parkında həm emal, həm də təkrar emal müəssisələrinin yaradılacağı gözlənilir. Dövlət başçısının imzaladığı sənədə əsasən, qabaqcıl texnologiyalara və “yaşıl enerji” konsepsiyasına əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalının dəstəklənməsi prioritet olacaq. Bütövlükdə, Sənaye Parkı Şərqi Zəngəzur iqtisadi rayonunda yeni istehsal sahələrinin yaradılmasına və məşğulluğun təmin olunmasına xüsusi töhvə verəcək”.

Mübariz ABDULLAYEV

 

Paylaş
Baxılıb: 141 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30