Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Qarabağ dünya üçün bir nümunə olacaq

Qarabağ dünya üçün bir nümunə olacaq

14.04.2022 [10:33]

Mübariz ABDULLAYEV

Qalib Azərbaycanın 2030-cu ilədək olan dövrü əhatə edən yeni strateji mərhələ üçün müəyyənləşdirdiyi beş mühüm prioritetdən biri Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsi ilə bağlıdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın işğalı nəticəsində ev-eşiklərindən qovulan bir milyondan artıq vətəndaşımız üç onillik ərzində doğma yurd yerlərinə qayıtmaq arzusu ilə yaşayıb. Çox keçməyəcək ki, onların həsrətinə son qoyulacaq. Güclü dövlət olan Azərbaycan Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə həyata keçirmək əzmindədir. Artıq bir il yarımdan çoxdur ki, işğaldan azad edilmiş ərazilərə qayıdacaq insanlar üçün layiqli həyatı təmin etmək məqsədilə genişmiqyaslı quruculuq-abadlıq işləri görülür, ermənilər tərəfindən dağıdılan kəndlər, şəhərlər, tarixi mədəni-dini abidələr nümunəvi qaydada yenidən qurulur. Bu barədə Prezident İlham Əliyev Onun sədrliyi ilə cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə söylədiyi nitqində ətraflı bəhs edib. “Yenə də deyirəm, biz onsuz da öz gücümüzlə hər şeyi bərpa edəcəyik. Mən demişəm, Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracağıq. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Dünya üçün də bir nümunə olacaq”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Bütün yollar Qarabağa aparır

Postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərdə reallaşdırılan layihələrin böyük bir qismi infrastruktur quruculuğunu, o cümlədən də müasir yol-nəqliyyat şəbəkəsinin qurulmasını əhatə edir. Respublikanın digər bölgələrindən işğaldan azad olunmuş ərazilərə avtomobil yolları müxtəlif istiqamətlərdən çəkilir. Obrazlı ifadə etsək, deyə bilərik ki, indi bütün yollar Qarabağa aparır. Bütövlükdə, işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun yaradılması ilə bağlı statistika kifayət qədər zəngindir. Artıq bir neçə yol layihəsinin icrası tamamlanıb. Ötən il Füzulidən mədəniyyət paytaxtımız olan Şuşaya çəkilən 100 kilometr uzunluğunda Zəfər yolunun istifadəyə verilməsi  böyük rəmzi məna daşıyır. Hazırda Şuşaya aparan ikinci avtomobil yolunun (Əhmədbəyli-Füzuli-Şuşa), bu yol üzərində inşa olunan tunelin və körpülərin tikintisi də intensiv şəkildə davam etdirilir.

Müşavirədə bildirildiyi kimi, bu il Naftalandan Talış kəndinə qədər çəkilən yollar tam istismara verilməlidir. Bu, eyni zamanda, Naftalanı Suqovuşanla birləşdirəcək. Hər iki yaşayış yeri turizm üçün çox əlverişlidir. Laçın şəhərindən yan keçən yeni alternativ yolun istifadəyə verilməsi də bu ilə planlaşdırılır. Bu yolun da çox böyük əhəmiyyəti var. Cari ildə istifadəyə veriləcək yolların arasında Füzuli-Hadrut, Qubadlı-Eyvazlı və digər yollar da var. O cümlədən Kəlbəcər və Laçın rayonlarında hərbi əhəmiyyətli yolların çəkilişi davam etdiriləcək. “Tarixdə heç vaxt yollar olmayan yerlərdə, ərazilərdə təkcə keçən il 700 kilometrə yaxın yollar çəkilib. Yəni, Azərbaycan-Ermənistan sərhədinə qədər bu yollar çəkilib”, - deyə Prezident İlham Əliyev bildirib.

Paralel şəkildə Bərdə-Ağdam, Kəlbəcər-Laçın avtomobil yolunun və təxminən 4 kilometrlik tunelin inşası sürətlə davam etdirilir. Xudafərindən Qubadlıya, oradan isə Laçına gedən magistral yol, eləcə də Horadiz-Ağbənd, Ağdam-Füzuli yolları çəkilir. Ən vacib yollardan biri Toğana-Kəlbəcər avtomobil yoludur. Bu yol və 12 kilometrlik tunel istifadəyə verildikdən sonra daha Murov aşırımından keçməyə ehtiyac qalmayacaq və məsafə qısalacaq. Eyni zamanda, Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi davam etdirilir.

İşğaldan azad edilmiş ərazilərdə müasir yol-nəqliyyat infrastrukturunun yaradılmasının digər mühüm bir istiqamətini dəmir yollarının inşası təşkil edir. Hazırda Bərdə-Ağdam dəmir yolunun tikintisi aparılır. Bu yolun 2023-cü ildə istifadəyə verilməsi nəzərdə tutulur. Xatırladaq ki, dövlət başçısının 24 noyabr 2020-ci il tarixli Sərəncamına əsasən, Bərdə-Ağdam dəmir yolu xəttinin tikinti-quraşdırma işlərinə 2020-ci ilin dekabr ayının əvvəlində start verilib. Tikinti işləri iki mərhələdə həyata keçirilir. Prezident İlham Əliyev bildirib ki, bununla paralel olaraq, Ağdamda və Füzulidə dəmir yolları, vağzalları da inşa edilməlidir.

Qarabağ üzərində üç hava qapısı

Post müharibə dövründə işğaldan azad edilmiş ərazilərdə üç hava limanının yaradılması istiqamətində işlər aparılır. Hər üç hava limanı beynəlxalq səviyyəlidir. Qarabağ üzərində birinci hava qapısı Füzulidə 2021-ci il 26 oktyabr tarixində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə istifadəyə verildi. Füzuli Beynəlxalq Hava Limanı dünya praktikasında ən sürətli icra edilmiş infrastruktur layihələrindən biridir. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var.

Qarabağda ikinci hava qapısı Zəngilanda yaradılır. Prezidentin sözügedən müşavirədə anons etdiyi kimi, Zəngilan Beynəlxalq Hava Limanının  bu il istifadəyə verilməsi nəzərdə tutulub. Uçuş-enmə zolağının uzunluğu 3 min metr olan Zəngilan Hava Limanının təməli 2021-ci il aprelin 26-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Hava limanı istifadəyə verildikdən sonra işğaldan azad olunmuş ərazilərə yüklərin daşınması, eləcə də sərnişinlərin gediş-gəlişi asanlaşacaq.

Qarabağda daha bir hava qapısı Laçın rayonunun ərazisində yaradılır. Sözügedən infrastruktur obyektinin tikintisinin 2024-cü ildə yekunlaşacağı gözlənilir. Prezident İlham Əliyev bildirib ki, orada işlərin həcmi çox böyükdür, həm dağlar partladılmalıdır, həm ərazi düzəlməlidir və orada doğrudan da çox böyük torpaq işləri var. Amma o da mütləq olacaq!

Zəngəzur dəhlizi açılmalıdır

44 günlük müharibəni zəfərlə başa vuran və yeni reallıqlar yaradan Azərbaycan regional əməkdaşlıq platformalarının formalaşmasına güclü siyasi iradə nümayiş etdirir. Bu baxımdan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının yaradılması xüsusilə diqqət çəkir. Sözügedən nəqliyyat bağlantısının yaradılması haqqında müvafiq müddəa Azərbaycanın təkidi ilə üçtərəfli Bəyanatda yer alıb.

Məsuliyyətli dövlət olan Azərbaycan indiyədək Zəngəzur dəhlizinin yaradılması istiqamətində əməli addımlar atıb. Prezident İlham Əliyevin 2021-ci il fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri çərçivəsində Zəngəzur dəhlizinin mühüm komponenti olan Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli qoyulub. Uzunluğu 100 kilometr olan bu dəmir yolu xətti Zəngəzur dəhlizinin funksionallığını təmin edəcək çox mühüm infrastrukturdur.

Ölkəmiz, eyni zamanda Zəngəzur dəhlizinin avtomobil yolu komponenti üzrə də işlərə start verib. Belə ki, ötən il oktyabrın 26-da Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoyulub. Yolun başlanğıc məntəqəsindən Ağbəndə, Ermənistan sərhədinə qədər məsafə 123,6 kilometrdir.

Təəssüf ki, eyni sözləri məğlub Ermənistan barəsində demək mümkün deyil. Yuxarıda xatırlatdığımız Bəyanatla üzərinə müəyyən öhdəliklər götürən bu ölkə məsuliyyətsiz davranış nümayiş etdirir və hansısa şərtlər dili ilə danışmağa uğursuz cəhdlər göstərir. Bu isə, ilk növbədə, forpost dövlətin özünə ziyandır. Azərbaycan Ermənistandan keçməsi nəzərdə tutulan dəhlizin cəmi bir neçə kilometrliyindən, ancaq bu dəfə İranın ərazisindən keçməklə Naxçıvana uzanacaq nəqliyyat bağlantısının yaradılması ilə bağlı cənub qonşumuzla razılığa gəlib. Artıq müvafiq sənədlər imzalanıb və yaxın perspektivdə təməlqoyma mərasiminin olacağı da gözləniləndir. İranla razılaşmaya əsasən yeni dəhliz avtomobil və dəmir yolları komponentlərindən ibarət olacaq. Dəhliz boyunca elektrik verilişi xətlərinin də çəkilməsi planlaşdırılır.

Paylaş:
Baxılıb: 211 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Sosial

Çadradan səmaya

21 May 12:21  

Siyasət

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Prezident bu gün

Prezident bu gün

21 May 09:31

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31