Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Qarabağa necə qayıdırıq?

Qarabağa necə qayıdırıq?

23.06.2022 [10:04]

Mübariz ABDULLAYEV

44 günlük Vətən müharibəsində işğaldan azad olunan ərazilərə Böyük Qayıdışı təmin etmək respublikamızın strateji prioritetlərindən biri kimi müəyyənləşdirilib. Postmüharibə mərhələsində üç onillik ərzində ağır qaçqınlıq və məcburi köçkünlük taleyi yaşayan insanların doğma yurd yerlərinə layiqli qayıdışını təmin etmək məqsədilə təxminən 11 min kvadratkilometri əhatə edən işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı infrastruktur quruculuğu və bərpa işləri həyata keçirilir. Bəhs olunan ərazilərdə nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün 2021-ci ildə dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb. Cari ilin dövlət büdcəsində də işğaldan azad olunmuş ərazilərin bərpasına eyni məbləğdə vəsaitin ayrılması nəzərdə tutulub. Bundan başqa, cari ilin dövlət büdcəsinə ediləcək dəyişikliklərə əsasən, sözügedən ərazilərin bərpasına əlavə vəsaitlər yönəldiləcək.

Bütün bunlar Azərbaycan dövlətinin gücünü, şəxsən Prezident İlham Əliyevin Vətən müharibəsində işğaldan azad olunan ərazilərin bərpasına göstərdiyi qətiyyətli siyasi iradəni nümayiş etdirir. Dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərdə reallaşdırılan layihələrin yüksək səviyyədə icra olunmasına xüsusi həssaslıqla yanaşır. O, birinci xanım Mehriban Əliyeva ilə birlikdə tez-tez işğaldan azad olunmuş ərazilərə səfərlər edərək görülən işlərlə yerindəcə tanış olur və Özünün tapşırıq və tövsiyələrini verir. Prezident İlham Əliyev səfərləri çərçivəsində keçirdiyi görüşlərdə dəfələrlə vurğulayıb ki, biz Qarabağı dünyanın nümunəvi bir məkanına çevirəcəyik.

İşğaldan azad olunmuş ərazilərə ilk qayıdış müjdəsi

İşğaldan azad olunmuş ərazilərin bərpasını həyata keçirmək heç də asan bir proses deyil. Çünki mənfur düşmən işğal dövründə həmin ərazilərdə, necə deyərlər, daşı daş üstündə qoymayıb, bütün tikililər, infrastruktur, şəhər və kəndlər, tarixi dini-mədəni abidələr yerlə yeksan edilib. Postmüharibə dövründə hər şeyi yenidən qurmaq lazımdır. Ancaq müharibənin başa çatmasından ötən iki ildə görülən işlər onu deməyə əsas verir ki, güclü dövlət olan Azərbaycan Qarabağın dirçəldilməsini, bərpasını da uğurla həyata keçirməyi bacaracaq. İndiyədək sözügedən ərazilərdə onlarca layihənin icrası tamamlanıb. O cümlədən Zəngilanın Ağalı kəndində yerinə yetirilən ilk “Ağıllı kənd” layihəsinin birinci mərhələsi yekunlaşıb. Bir qədər bundan əvvəl Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu münasibətlə təşkil olunan tədbirə qatılıblar. “Zəngilanda ilk “ağıllı kənd” olan Ağalı kəndi artıq birinci mərhələ üçün hazırdır və ora artıq köç, qayıdış prosesi başlayıb. Proses bu gün də gedir”. Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov KİV-ə müsahibəsində bildirib. Onun sözlərinə görə, bütün şəhər və kəndlərin hamısı eyni zamanda hazır olmayacaq. Qayıdışın da eyni zamanda, baş verəcəyini düşünmək düzgün olmaz. Bunlar hamısı bəlli strateji fəaliyyət planına uyğun olaraq, bəlli qrafiklər əsasında baş tutacaq. Ağalı kəndi ayrıca layihə kimi başlamışdı və indi ilk mərhələsi yekunlaşıb, amma hələ bunun ikinci, üçüncü mərhələsi var. İkinci “ağıllı kənd” Füzuli rayonunun Dövlətyarlı kəndində olmalıdır. Onun layihələndirilməsi hələ davam edir. “Biz əlimizdən gələni edirik ki, Dövlətyarlı kəndinə qayıdış baş versin. Yəqin ki, 1 il ərzində kəndin mərkəzi hissəsində artıq ilkin şərait təmin olunacaq və köç üçün bu işləri təşkil etməyə başlayacağıq. Ancaq konkret tarixi biz heç vaxt proqnozlaşdıra bilmirik”, - deyə Emin Hüseynov bildirib.

Paralel şəkildə, rayon mərkəzlərinin, şəhərlərin bərpası da həyata keçirilir. Müsahibədə vurğulandığı kimi, şəhərsalma praktikasında ümumi plan, Baş Plan və ondan sonra müfəssəl plan hazırlanmalıdır. Bütövlükdə, azad olunmuş ərazilərin ümumi planı hazırdır. Bu ümumi plan əsasında isə ikinci mərhələdə Ağdam və Füzuli rayonlarının, eləcə də Cəbrayıl və Şuşa şəhərlərinin baş planları hazırlanıb. Emin Hüseynov Ağdam şəhərinə qayıdış barədə də danışıb. O, bununla bağlı fikirlərini ifadə edərək vurğulayıb: “Şəhərin özünün ərazisi 2000 hektara yaxındır. Bu, Baş Planda belə nəzərdə tutulub. Ümumiyyətlə, prinsip olaraq bütün şəhərlərdə, ilk növbədə, şəhərin mərkəzi hissəsinin bərpa olunması nəzərdə tutulur. Rayon mərkəzləri bərpa edilməklə yanaşı, biz paralel şəkildə kəndlərin də bərpası ilə məşğul oluruq. Hər bir rayonda bütün kəndlər ən müasir, ən qabaqcıl texnologiyalardan istifadə etməklə bərpa olunacaq. Amma biz onu gözləmirik ki, şəhər tikilib qurtarsın, sonra kəndləri bərpa edək. Paralel olaraq artıq kəndlərin də bərpası, layihələndirməsi işi gedir”.

Ərazilərin minalardan təmizlənməsi

İşğaldan azad olunmuş ərazilərdə hazırda ən böyük təhlükə mina təhlükəsidir. Mənfur düşmən işğal dövründə ərazilərimizə çoxlu sayda mina basdırıb. Mina təhlükəsi müəyyən qədər aradan qaldırılmayınca isə böyük işlər görmək mümkün deyil. Keçmiş təmas xətti 200 km uzunluğunda və 5 km enində ərazini əhatə edib. Bu ərazi həm piyada əleyhinə, həm tank əleyhinə minalarla, həm də partlamamış sursatlarla həddindən artıq çirklənmiş vəziyyətdədir. “Bizim minatəmizləyənlər həqiqətən çox böyük fədakarlıq göstərirlər. Məhz bunun nəticəsində Ağdama elektrik xəttinin çəkilməsi 1 ilə başa gəldi. Bunun üçün 20 metr enində dəhliz açıldı və bu dəhlizlə şəhərə elektrik xəttinin çəkilməsinə nail ola bildik. Təsəvvür edin ki, Qarabağın demək olar ki, hər yerində “AzərEnerji” ASC və “Azərişıq” ASC tərəfindən müxtəlif yarımstansiyalar quraşdırılmışdı. Ən sonda Ağdamda “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları tikildi. “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi həm də “Ağdam-1” yarımstansiyasının yerləşdiyi yerdə tikilib istifadəyə verildi”, - deyə müsahibədə bildirilib.

Məlumdur ki, işğalçı Ermənistan beynəlxalq ictimaiyyətin təzyiqi altında bəzi rayonların mina xəritələrini respublikamıza verib. Amma bu xəritələrin praktiki əhəmiyyəti çox aşağıdır, dəqiqliyi 25% ətrafındadır. Bu xəritələrin etibarlılığı 25% olsa da, onların əhatə dairəsi indiyəcən işğaldan azad olunmuş ərazilərin cəmi 5%-nə bərabərdir. Müsahibədə qeyd olunduğu kimi, üçtərəfli Bəyanatın imzalandığı tarixdən bəri 224 nəfər mina qurbanı olub. Onların arasında ölənlər, yaralananlar, əlil olmuş insanlar var. 224 nəfərdən 139-u həmin sözügedən xəritələrlə əhatə olunmayan ərazilərdə minaya düşüb. İşğaldan azad olunmuş ərazilərdə mina təhlükəsindən bəhs edən Emin Hüseynov vurğulayıb: “Söhbət təkcə onların xəritəsində göstərilən ərazilərdən getmir, təmas xəttinin arxasında da mina təhlükəsi var. Özü də bu minalar heç bir məntiqə, qaydaya əsaslanmayan şəkildə basdırılıb. Biz hər yerdə sürpriz minalarla rastlaşırıq. Bu, həm də Ottava Konvensiyasının kobud şəkildə pozulması deməkdir. Regionda davamlı sülhü və asayişi bərpa etmək üçün ilk olaraq mütləq bu təhlükəsizlik məsələləri öz həllini tapmalıdır. Təhlükəsizlik məsələləri öz həllini tapa bilmirsə və mina təhlükəsi aradan qaldırılmırsa, onda heç vaxt regionda qarşılıqlı inam və etimad təmin olunmayacaq. Əgər biz bunu istəyiriksə, ona doğru addım atmalıyıq. Azərbaycan tərəfinin dəfələrlə çağırışlarına baxmayaraq, Ermənistan tərəfindən bu istiqamətdə heç bir konstruktiv addım görmürük. Çox təəssüflər olsun ki, indi də mövcud reallıq budur və bu reallıqda fəaliyyət göstəririk”.

Pay torpaqları hüququ təmin olunacaq

İnsanları düşündürən əsas məsələlərdən biri məcburi köçkün soydaşlarımızın həm mülkiyyət, həm də pay torpağı hüququnun təmin olunması ilə bağlıdır. Emin Hüseynov bildirib ki, dövlət qeyd olunan məsələlərlə bağlı öz öhdəliyini yerinə yetirəcək: “Azərbaycanda mövcud qanunvericilik var. İşğaldan azad olunmuş ərazilərdə də vaxt gələndə mövcud qanunların tətbiqi mexanizmi müəyyənləşəcək. Ola bilər ki, müəyyən dəyişikliklər olsun. Bəli, bizdə özəlləşdirmə prosesi və özəlləşdirmə haqqında qanunlar işğaldan sonra həyata keçirildi və faktiki olaraq o bölgələrdən köçkün düşmüş soydaşlarımızın əlində mülkiyyət sənədləri yoxdur. Amma onların mənəvi hüquqları var. Dövlət keçmiş məcburi köçkün soydaşlarımızın həm mülkiyyət hüququnun, həm də pay torpağı hüququnun təmin olunması ilə bağlı öhdəliyini yerinə yetirəcək. Sadəcə, bunun mexanizmlərinin necə olacağı, nə zaman baş verəcəyi ilə bağlı hazırda müzakirələr gedir. Zamanı gələndə bununla bağlı xüsusi təkliflər, təşəbbüslər müzakirə olunacaq və nəticə geniş ictimaiyyətə də təqdim ediləcək”.

Paylaş:
Baxılıb: 518 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31