Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Yeni sosial-iqtisadi inkişaf modeli

Yeni sosial-iqtisadi inkişaf modeli

26.07.2022 [10:18]

Qüdrətli dövlət və cəmiyyətin yüksək rifahı əsas hədəfdir

Mübariz ABDULLAYEV

Azərbaycan hazırda öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. 2030-cu ilədək olan dövrü əhatə edən indiki strateji mərhələdə respublikamız qüdrətli dövlət və yüksək rifah cəmiyyəti quruculuğunu hədəfləyib. Bu barədə Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixində imzaladığı müvafiq Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bildirilib. Sənəddə vurğulanır ki, müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin ideyaları əsasında tərəqqi yolunda inamla addımlayan dövlətimiz hazırda iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşayır. Öz tarixi ərazi bütövlüyünü təmin etməklə ölkəmiz yeni qlobal reallıqlar fonunda növbəti və daha böyük transformasiya astanasına keçid edir.

Münbit zəmin

Azərbaycanın ardıcıl siyasəti praqmatik səciyyə daşıyır. Ölkəmiz müasir qlobal çağırışları nəzərə almaqla yeni inkişaf hədəfləri müəyyənləşdirərkən, ilk növbədə, özünün potensialına, geniş iqtisadi-maliyyə imkanlarına əsaslanır ki, bu da qəbul edilən strategiyaların, nəzərdə tutulan planların uğurla reallaşdırılmasını şərtləndirir. Dövlət başçısının imzaladığı Sərəncamla təsdiqlənən yeni Strategiya da məhz respublikamızın sosial-iqtisadi inkişaf sferasında qazandığı uğurlara istinad edilməklə hazırlanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət sayəsində Azərbaycan dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyat quruculuğuna nail olan ölkəyə çevrilib. Son onilliklərdə bütün dünya miqyasında öz iqtisadiyyatlarını Azərbaycan kimi ardıcıl şəkildə genişləndirən ölkələrin sayı çox azdır. Ölkədə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında iqtisadi inkişaf üçün bütün şərtlər təmin edilib. Sənəddə son 10 ilin nəticələrinə diqqət çəkilib. Vurğulanır ki,  son 10 ildə ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik və dayanıqlıq təmin edilib, sosial rifahı dəstəkləyən iqtisadi artıma nail olunub. Ölkədəki möhkəm siyasi-ictimai sabitlik və təhlükəsizlik mühiti, uzaqgörən daxili və xarici siyasət son 10 ildə qarşıya qoyulmuş mürəkkəb sosial-iqtisadi məqsədlərin, habelə ölkənin ərazi bütövlüyünün bərpa edilməsində həlledici rol oynayıb. Milli iqtisadiyyatın aparıcı sahələrində müasir texnologiyaların geniş tətbiqi və keyfiyyətli insan kapitalının cəlbi nəticəsində məhsuldarlıq xeyli artıb, iqtisadiyyat sürətlə şaxələnib və daxili istehsal qlobal dəyər zəncirinə effektiv inteqrasiya edib. Azərbaycan 4-cü Sənaye İnqilabının aktiv mərkəzlərindən biri olmaqla xarici investorlar üçün böyük fürsətlər məkanına çevrilib. Bu dövrdə milli iqtisadiyyat 15% böyüyüb, qeyri-neft/qaz Ümumi Daxili Məhsul (ÜDM) isə 1,4 dəfə artıb. 2011-ci illə müqayisədə qeyri-neft/qaz ixracının 78,3% artmasına nail olunub.

Respublikamızda böyük həcmlərdə investisiya qoyuluşu hesabına genişmiqyaslı infrastruktur quruculuğu həyata keçirilib və ölkəmiz infrastruktur təminatı baxımından dünyanın qabaqcıl dövlətləri səviyyəsinə yüksəlib. Bütün ölkə üzrə yaradılan müasir infrastruktur həm insanların həyat səviyyəsinin yüksəlməsi, həm də iqtisadi inkişaf baxımından müstəsna önəm daşıyır.

Güclü iqtisadi inkişaf paralel şəkildə ölkənin siyasi müstəqilliyini şərtləndirir. Bu gün Azərbaycan yüksək beynəlxalq nüfuza malik, mühüm geosiyasi və geoiqtisadi mövqe tutan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan dövlətə çevrilib. Diqqət yetirək, son vaxtlarda respublikamız regional və qlobal önəm daşıyan təşəbbüslərlə çıxış edir və bu təşəbbüslər BMT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İƏT səviyyəsində dəstəklənir. Ölkəmizin beynəlxalq həmrəyliyin möhkəmlənməsində, regional əməkdaşlığın güclənməsində rolu danılmazdır. Respublikamızın təşəbbüsü, moderatorluğu və maliyyə dəstəyi ilə qlobal əhəmiyyətli layihələrin icrası uğurla təmin edilir. Sənəddə də qeyd olunduğu kimi, artan iqtisadi güc və beynəlxalq nüfuz Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarının mənzərəsini dəyişdirməyə qadir olan iri layihələrin təşəbbüskarı kimi çıxış etmək imkanı yaradıb. Bu layihələrin uğurla həyata keçirilməsi ölkəmizin regionda proseslərin inkişaf vektorunu müəyyən edən və dünya iqtisadiyyatında söz sahibi olan “qlobal oyunçu” statusunu təmin edib. Dövlət başçısının imzaladığı Strategiyada vurğulanıb: “Beş fundamental nəticə - qalib dövlət, beynəlxalq nüfuz, təhsilli cəmiyyət, böyük iqtisadi potensial və yüksələn rifah ölkənin 10 illik sosial-iqtisadi inkişaf nailiyyətlərini xarakterizə edir. Bu nailiyyətlər uzunmüddətli dövrdə ölkə iqtisadiyyatı üçün keyfiyyətcə yeni sosial-iqtisadi inkişaf simasının formalaşmasına böyük töhfə verəcəkdir. Əldə olunmuş nailiyyətlər son 10 ildə həyata keçirilən genişmiqyaslı hədəflərə hesablanmış islahatların nəticəsidir. Tarixdə az ölkə tapmaq olar ki, cəmi 30 il ərzində belə uğur hekayəsi yaza bilsin”.

Yüksəkgəlirli ölkə hədəfi

Strategiyada qarşıya qoyulan əsas hədəflərdən biri Azərbaycanın perspektivdə yüksəkgəlirli ölkəyə çevrilməsi ilə bağlıdır. Respublikamızın yüksəkgəlirli dövlətlər qrupuna daxil olması üçün uzunmüddətli dövrdə iqtisadiyyat sürətli və davamlı şəkildə artmalıdır. Dünyada 13 ölkənin iqtisadiyyatı 25 il ərzində hər il orta hesabla 7%-i üstələyən artım nümayiş etdirib. Bu iqtisadiyyatlar sürətli, dayanıqlı və inklüziv şəkildə artaraq, yüksəkgəlirli ölkələrlə məsafənin azalmasına nail olmuşlar. Strategiyada bildirildiyi kimi, milli iqtisadiyyatımız yüksəkgəlirli ölkələr sırasına daxil olmağı hədəfləyir. Bunun üçün dayanıqlıq və inklüzivlik keyfiyyətlərini özündə cəmləyən yeni iqtisadi artım olmalıdır. Yalnız belə bir iqtisadi artım hər bir Azərbaycan vətəndaşının gəlirlərinin davamlı artması üçün zəmin yarada bilər.

Son illərdə ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf modelinin başlıca nəticələri Azərbaycanın ərazi bütövlüyünün bərpası, beynəlxalq nüfuzunun artırılması, ölkənin iqtisadi potensialının gücləndirilməsi və əhalinin sosial rifah vəziyyətinin əhəmiyyətli dərəcədə yüksəldilməsi olub. Bu model ölkədə ictimai-siyasi sabitliyi daha da gücləndirməklə, dayanıqlı iqtisadi artım, yüksələn sosial rifah və davamlı sabitlik üçün zəmin yaradıb.  İqtisadiyyatda neft gəlirlərindən sosial-iqtisadi məqsədlərə effektiv istifadə etməklə gələcək inkişaf üçün şaxələnmə və ixrac potensialı yaradılıb. Bütün bu nəticələrin əldə olunmasında dövlətin səmərəli idarəetməsi həlledici rol oynayıb.  Sənəddə vurğulandığı kimi, növbəti strateji dövrdə “Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti”nə çevrilmək üçün mövcud sosial-iqtisadi modelin məzmunu və strukturu əhəmiyyətli dərəcədə yenilənəcək. Bu əsasda qəbul edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” müasir inkişaf ideologiyasına əsaslanan yeni sosial-iqtisadi artım modelinin bazasında həyata keçiriləcək. Bu model ölkənin bütün resurslarını və nailiyyətlərini səfərbər etməklə, onları uzunmüddətli dövrdə qarşıya qoyulan strateji vəzifələrin reallaşmasına yönəldəcək. Sənəddə 2022-2026-cı illərdə yeni sosial-iqtisadi inkişaf modelinin Azərbaycanda çoxsahəli inkişafın yeni keyfiyyət səviyyəsini müəyyən edəcəyi vurğulanıb. Bu mərhələdə başlıca məqsəd yüksək, dayanıqlı, inklüziv iqtisadi artım templərini bərpa etməklə, hər bir Azərbaycan Respublikası vətəndaşının sabit təminatlı həyat səviyyəsinə nail olmaqdır. Bu zaman başlıca vektor artımın səviyyəsindən çox, onun keyfiyyətinə əsaslanacaqdır.

Strategiyanın qəbul edilməsini Azərbaycanın perspektiv inkişafı baxımından yüksək dəyərləndirən Milli Məclisin deputatı Vüqar Bayramov “Yeni Azərbaycan”a açıqlamasında vurğulayıb: “Strategiyanın təsdiqi Azərbaycanda 2022-2026-cı illərdə yeni sosial-iqtisadi inkişaf modelin tətbiq oluncağı anlamına gəlir. Ölkəmiz növbəti 8 ildə yeni iqtisadi modelə uyğun olaraq inkişaf edəcək. Bu sosial-iqtisadi inkişaf modelinin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Birinci mərhələ 2022-2026-cı illəri əhatə edəcək. 2027-2030-cu illəri əhatə edəcək ikinci mərhələdə iqtisadiyyatın innovativləşdirilməsi əsas hədəflərdəndir”.

İqtisadiyyatın şaxələndirilməsi

Respublikamızda uğurlu şaxələndirmə siyasəti həyata keçirilir. Belə ki, neft gəlirlərindən istifadə olunmaqla iqtisadiyyatın post neft dövrünə hazırlanması məqsədilə zəruri tədbirlər görülür. Aparılan məqsədyönlü siyasətin nəticəsidir ki, son illərdə milli iqtisadiyyatımızda drayver funksiyası qeyri-neft sənayesinə keçib və ən yüksək inkişaf göstəriciləri məhz bu sektorda qeydə alınır. Qarşıdakı illər üçün nəzərdə tutulan yeni inkişaf modelində də bu xəttin prioritetliyi saxlanılacaq. O cümlədən qeyri-neft/qaz sektoruna birbaşa xarici investisiya (BXİ) cəlbi təşviq ediləcək, dövlət mülkiyyətində olan aktivlərin özəl sektora transformasiyası baş verəcək. Strateji sahələr istisna olmaqla, dövlətə məxsus olan hüquqi şəxslərin özəlləşdirilməsi və dövlət-özəl tərəfdaşlıq mexanizmləri ilə iqtisadiyyatın maliyyələşdirilməsi həyata keçiriləcək. Dövlət investisiyalarının effektivliyi artırılacaq, onun özəl investisiyaları stimullaşdırma potensialı yüksəldiləcək. BXİ-ləri prioritet iqtisadi sahələrə yönəltmək üçün yeni mexanizmlər formalaşdırılacaq, investorlarla birbaşa dialoq mexanizmləri tətbiq olunacaq. Beynəlxalq inkişaf institutlarının, xüsusilə özəl sektorun inkişafının maliyyələşməsi üzrə ixtisaslaşan institutların maliyyələşmə potensialından optimal istifadə təmin ediləcək və nəticədə, qeyri-neft/qaz sektoru üzrə BXİ-lərin həcmi illik 10-15% artacaq.

Milli Məclisin deputatı Vüqar Bayramov Strategiyaya əsasən ölkəmizdə perspektivdə də iqtisadiyyatın şaxələndirilməsinin böyük önəm daşıdığını bildirib. Onun sözlərinə görə, artıq Azərbaycanda qeyri-neft iqtisadiyyatının və özəl bölmənin inkişafının prioritetliyinin təmin olunması dönməz prosesə çevrilib. Fikirlərinə davam edən millət vəkili vurğulayıb: “Sənədə əsasən, növbəti 4 ildə ölkə iqtisadiyyatı hər il orta hesabla 3-4%, qeyri-neft/qaz ÜDM-inin isə illik orta hesabla 5% artması və özəl sektorun iqtisadiyyatda payının 88%-ə çatdırılması hədəflənir.

Sahibkarlığın inkişafına yönəldilən maliyyə dəstəyinin, ilk növbədə, mikro və kiçik sahibkarlara verilməsi nəzərdə tutulur. Belə ki, sənədə əsasən, sahibkarlara dəstək üzrə sərf olunan maliyyə vəsaitinin 20-30%-nin mikro, 35-45%-nin kiçik və 25-35%-nin orta sahibkarlara yönəldilməsi hədəflənir. Eyni zamanda, rəqabət qabiliyyətinin genişləndirilməsi və sahibkarların dəstəklənməsi, sahibkarlar üçün yeni tətbiq mexanizmlərindən istifadə olunması da hədəflər siyahısındadır. Bu, bir tərəfdən daxili bazarda rəqabətin gücləndirilməsinə, yerli istehsalın genişləndirilməsinə, digər tərəfdən, Azərbaycanın qeyri-neft ixracatının artmasına gətirib çıxaracaq. Qeyri-neft ixracatının həcminin 2026-cı ildə 4 milyard 860 milyon dollara çatıdır?lması hədəflənir”.

Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı

Strategiyaya əsasən, Azərbaycanın bundan sonrakı inkişafı innovativ yeniliklərə uyğun təmin ediləcək. “Bu prioritetlərdə diqqət çəkən əsas məqamlardan biri iqtisadi inkişafda inklüzivliyin, eyni zamanda, innovativ iqtisadi inkişafın daha da genişləndirilməsinə nail olmaqdan ibarətdir. İnklüzivlik həm formalaşan və istifadə olunan dəyərdən cəmiyyətin daha yaxından istifadə etməsini, eyni zamanda, dəyərin bir hissəsinin gələcək nəsillərə saxlanmasını nəzərdə tutur. Eləcə də insan kapitalının inkişafı hesabına innovativ iqtisadiyyatın payının artırılması əsas hədəflərdən biridir”, -  deyə Vüqar Bayramov vurğulayıb.

Qeyd olunduğu kimi, innovativ, elm tutumlu iqtisadiyyat quruculuğuna nail olmaq üçün rəqabətli insan kapitalının formalaşdır?lması əsas şərtlərdən biridir. Sənəddə qeyd olunur ki, gəlirindən asılı olmayaraq bütün ailələrin övladları üçün ali təhsilə əlçatanlıq təmin olunacaq. Ali təhsilin məzmununda əmək bazarının tələbləri nəzərə alınacaq, ali təhsilin keyfiyyəti artırılacaq və beynəlxalq rəqabətliliyi təmin olunacaq, rəqabətli maliyyələşmə və idarəetmə mexanizmləri yaradılacaq. Nəticədə, ali təhsilə qəbul olan tələbələrin sayı əlavə olaraq 20 min nəfər artacaq.

Paralel şəkildə, elmin müxtəlif sahələri üzrə tədqiqatlar genişləndiriləcək. Müasir təfəkkürlü və kreativ düşüncəli gənclər erkən vaxtlardan elmi araşdırmalara cəlb ediləcəklər. Elmi tədqiqatların rəqabətli və məqsədli maliyyələşdirilməsi mexanizmi yaradılacaq. Beynəlxalq impakt-faktorlu jurnallarda çap olunan məqalələrin sayı 40% artacaq. Eyni zamanda, əhalinin davamlı savadlanması üçün “ömürboyu öyrənmək” mexanizmi yaradılacaq. Bu mexanizm əhalinin əmək bazarının tələblərinə uyğun ixtisasartırma kurslarında iştirak etməsinə və zəruri kvalifikasiyalar qazanmasına imkan verəcək. Nəticədə, ixtisasartırma üzrə innovativ proqramların və məzunların sayı hər il əhəmiyyətli sayda artacaq. Təhsilin bütün səviyyələrində təhsilalanlara rəqəmsal biliklər aşılanacaq.

Qlobal informasiya məkanından istifadə üçün maarifləndirmə tədbirləri həyata keçiriləcək. Təhsil müəssisələrində İKT əsaslı infrastruktur qurulacaq. Elmi tədqiqat, texniki konstruktor işlərinin (ETTKİ) kommersiyalaşdırılmasına dəstək veriləcək.  Bu məqsədlə həyata keçirilən tədqiqatlar maliyyələşdiriləcək, ETTKİ infrastrukturu inkişaf etdiriləcək. Müasir dövrdə texnologiyaların kommersiyalaşdırılması innovativ inkişafda prioritet olduğundan, tədqiqat nəticələrinin məhsula çevrilməsi təmin olunacaq və elmi tədqiqatlarda mövcud maneələr müəyyən edilərək aradan qaldırılacaq. Bunun sayəsində də  innovasiyaların bazara çatdırılması asanlaşacaq, ETTKİ üzrə xərclərin ÜDM-dəki payı isə 0,1% səviyyəsinə çatdırılacaq.

Paylaş:
Baxılıb: 144 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Neft ucuzlaşıb

16 Avqust 12:18

Ədəbiyyat

Ədəbiyyat

Xarici siyasət

Sosial

Xəbər lenti

Yaşamağa dəyər!

16 Avqust 10:48

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

16 Avqust 10:14

Analitik

Həqiqət və reallıq

16 Avqust 10:08

Gündəm

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

15 Avqust 10:28

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31