Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Unun qiyməti dəyişəcək?

Unun qiyməti dəyişəcək?

18.08.2022 [10:44]

Qiymət artımının qarşısını almaq üçün...

Nicat PAŞA

Son günlər sosial şəbəkələrdə Azərbaycanda unun qiymətinin bahalaşacağı barədə fikirlər səsləndirilir. İddialara  görə, gələn aydan ölkəmizdə unun qiymətinin bahalaşacağı qeyd olunur.

Azərbaycanda ərzaq təhlükəsizliyi diqqət mərkəzindədir

Rusiya-Ukrayna müharibəsi fonunda baş verən proseslər milli dövlətləri özlərinin ərzaq təhlükəsizliyinə daha həssas yanaşma sərgiləməyi tələb edir. Azərbaycanda ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində davamlı tədbirlər planı həyata keçirilməkdədir. Son illərdə ölkəmizdə ərzaq təhlükəsizliyi milli təhlükəsizliyin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Hazırda dünyada baş verən geosiyasi reallıqlar ölkədə dayanıqlı ərzaq təminatına nail olmaq üçün yeni, daha effektiv mexanizmlərin tətbiq edilməsini qaçılmaz edir. Dövlət başçımızın rəhbərliyi ilə bu istiqamətdə də uğurlu addımlar atılmaqdadır. Bu il Prezident İlham Əliyev tərəfindən imzalanan “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərman deyilənlərin əyani nümunəsidir. Sənəddə bildirilir: “Son dövrlər ölkədə kənd təsərrüfatının inkişafı sahəsində formalaşmış potensial, xüsusilə müasir texnologiyaların tətbiqinə əsaslanmaqla taxılçılıq təsərrüfatlarının yaradılması, həmçinin uzun illər ərzində işğal altında qalan torpaqların işğaldan azad olunması ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin daha da artırılması məqsədilə yeni hədəflərin müəyyən edilməsinə imkan verir”. Aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq artıq bir neçə əhəmiyyətli pozisiya üzrə daxili istehlak sırf yerli istehsal hesabına qarşılanır. Taxıl pozisiyasına gəldikdə isə hələlik bu sahədə vəziyyət arzuedilən səviyyədə deyil. Yəni Azərbaycan özünü hələ də taxılla tam təmin edə bilmir. Rəsmi statistikaya görə, Azərbaycanın illik buğda tələbatı 3,5 milyon tondur. Respublikamızda buğdaya olan tələbin 40 faizi idxal hesabına ödənilir. İdxalda ən böyük paya 80 faizlə Rusiya sahib idi. Qazaxıstan buğda idxal etdiyimiz ölkələr siyahısında olsa da, Rusiya ilə müqayisədə kiçik çəkiyə malikdir. Bütövlükdə, respublikamızın illik buğda idxalı 1 milyon tondan çoxdur. Yuxarıda sadalanan xarici amillər fonunda respublikamıza taxıl idxalı azalsa da, ödəmələrdə artım müşahidə edilir ki, bu da qiymətlərin artması ilə bağlıdır. 2022-ci ilin yanvar-may ayları ərzində Azərbaycana 124 049,4 ABŞ dolları dəyərində 355 625,06 ton buğda idxal edilib. Təhlillər göstərir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 24,3% artıb, həcmi isə 9,3% azalıb. Qeyd edək ki, bu ilin ilk beş ayı ərzində buğda idxalı Azərbaycanın ümumi idxalının 2,42%-nə bərabər olub. Ölkənin taxıl təchizatında isə vəziyyət narahatlığa ciddi əsas vermir. Bu barədə Prezident İlham Əliyev Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bildirib. Dövlətimizin başçısı qeyd edib: “Biz ənənəvi olaraq taxılı da, gübrəni də Rusiyadan alırıq. Rusiyalı tərəfdaşlarımızla əldə edilmiş razılaşmalar nəticəsində Azərbaycana istədiyimiz qədər həm gübrə, həm də taxıl ixrac ediləcək və edilir. Gübrəyə gəldikdə isə bildiyiniz kimi, artıq biz özümüz də gübrə istehsalçısı olmuşuq və hətta karbamid gübrəsini ixrac edirik. Amma digər gübrələr Azərbaycana idxal edilir”.

Prezident İlham Əliyev bildirib ki, bu amillər reallıqdır və biz real həyatda yaşayırıq. “Özümüzü bütün problemlərdən tam sığortalamaq üçün əməli işlər aparırıq və aparacağıq. Əminəm ki, növbəti illərdə həm bu gün mövcud olan əkin sahələrində daha bol məhsul götürmək üçün suvarma layihələri, düzgün aqrotexniki tədbirlərin görülməsi və digər tədbirlər, subsidiyalar nəticəsində biz məhsuldarlığı böyük dərəcədə artıra biləcəyik”, - deyə dövlətimizin başçısı əlavə edib. “Amma əfsuslar olsun ki, biz özümüzü taxılla hələ uzun illər tam təmin edə bilməyəcəyik. Özümüzü buğda ilə təminetmə əmsalı Azərbaycanda bu ilin əvvəlinə 62 faiz idi”, - deyən ölkə başçısı qeyd edib ki, məhz bu məqsədlə xüsusi proqram işlənib hazırlandı, yeni növ subsidiyaların tətbiq edilməsinə start verildi: “Və bunun nəticəsində əminəm ki, ərzaqlıq buğdanın Azərbaycanda istehsalı kəskin artacaq. Ancaq bu, vaxt tələb edəcək. Mən hesab edirəm ki, təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin edə bilsək, bu, çox böyük nəticə olacaqdır. Ona görə taxılın qiymətinin dünya bazarlarında qalxması bütün ölkələrə təsir göstərir. Ancaq bugünkü vəziyyət ondan ibarətdir ki, təkcə qiymətdən söhbət getmir, eyni zamanda, taxıl qıtlığı yaşanır”.

Dünyadakı vəziyyət

Rusiya-Ukrayna müharibəsi fonunda qlobal ərzaq bazarına yaranan təhdidlər ölkələrin taxılla təchiz edilməsində nəzərəçarpacaq dərəcədə hiss olunmaqdadır. Müxtəlif mənbələrdə göstərilən məlumatlara görə, dünya üzrə illik taxıl istehsalı 740 milyon ton civarındadır. Lakin müharibənin yaratdığı çətinliklərə görə anbarlardakı taxılı ehtiyac duyulan ünvanlara çatdırmaq mümkün olmur. Artan qiymətlər və ərzaq bazarına yaranan təhdidlər fonunda taxıl istehsalçısı olan ayrı-ayrı ölkələr ixraca məhdudiyyətlər tətbiq edirlər. Bu sırada müharibə tərəfi olan Rusiya da yer alır. Afrika və Asiyanın çoxlu sayda kasıb ölkəsi  taxıla olan tələbatlarını müharibənin digər tərəfi olan Ukraynadan idxal hesabına ödəyirdi. Müharibə səbəbindən  bu ölkədən  7 milyon ton buğda, 14 milyon ton qarğıdalı dəni, 3 milyon ton günəbaxan yağı, 3 milyon ton günəbaxan şrotu dünya bazarına çatdırılmayıb.

Verilən proqnozlar

“Niyə ərzaqlıq buğdanın qiyməti son 20 ilin rekord həddinə çatanda, Azərbaycanda unun və çörəyin qiyməti qalxmadı, amma indi unun qiymətinin artması barədə gözləntilər çoxalıb? Aprelin 31-də dünya birjalarında 1 ton ərzaqlıq buğdanın qiyməti 403 ABŞ dollarına idi. Həmin vaxt nə unun, nə də çörəyin qiyməti qalxmadı. Amma avqust ayının 1-nə olan buğda qiymətləri 328 dollar təşkil edib. Göründüyü kimi, son 3 ayda (may, iyun, iyul aylarında) ərzaqlıq buğdanın qiyməti 19% azalıb.

Onda sual yaranır: niyə aprel-may aylarında buğda qiymətləri indiki qiymətin 122%-i olduğu zaman qiymət artmadı, amma indi artım qaçılmaz olub?

Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov səsləndirib. Ekspertin sözlərinə görə, rəsmi münasibət (dəqiq izah) olmadığı üçün biz son 8 ayın vəziyyətini təhlil edərək səbəb haqqında məntiqi nəticəyə gələ bilərik: “Gəlin, bu ilin yanvarına baxaq. Yanvar ayında baş verənlərə diqqət etsək, görərik ki, əsas səbəblər məhz bu ayda baş verənlərdən çox asılıdır. Belə ki, 2022-ci ilin yanvar ayında artıq çörəyin qiyməti qalxdı. Üstündən cəmi 2 ay keçdikdən sonra buğdanın qiyməti maksimuma (403 $) qalxıb deyə yenidən unun və ya çörəyin qiymətini qaldırmaq ciddi yanlışlıq olardı. Buna görə də nə un 403 dollar olanda, nə də 380 olanda qiymət artımı söhbət mövzusu olmadı. Həm də bu aylarda Azərbaycanda çörəyin qiymətinin qalxmamasına daha bir amil ciddi kömək etdi. Bu amil taxıl ehtiyatı amili idi. Azərbaycan bu ilin yanvarında heç vaxt etmədiyi qədər taxıl idxal etdi. Hətta 2021-ci ilin eyni dövrü ilə müqayisədə ölkəmizə 4 dəfə çox taxıl idxal olundu (2021-ci ilin yanvar-noyabr aylarında isə ölkəyə 1 milyon tondan çox buğda gətirilib). Ərzaq təhlükəsizliyi üçün qabaqlayıcı tədbir kimi müharibədən əvvəlki ayda 300% artıq idxal əməliyyatı həyata keçirilməsi həm yanvardakı qiymət artımı, həm də 4 dəfə artıq tədarükün olması ötən 7 ay ərzində çörəyin qiymətinin qorunub saxlanılmasına imkan verib. İndi isə şərtlər dəyişir. Ehtiyatlar işləndikcə yenidən idxalı artırmaq lazımdır. Hazırda dünyada taxıl bazarındakı vəziyyət isə ilin əvvəli ilə müqayisədə çox bahalaşıb. Bu isə yenidən unun qiymətinin sabit saxlanılması üçün əlavə vəsaitlərin xərclənməsini tələb edir”.

Unun bahalaşmasının qarşısını almaq üçün...

İqtisadçı-ekspert konkret təkliflərlə çıxış edib. E.Əmirovun səsləndirdiyi təkliflərdən biri un istehsalçılarına yeni subsidiyaların verilməsidir: “Ərzaqlıq buğdanın qiymətinin qalxacağı halda çörəyin qiymətinin sabit saxlanılması üçün səmərəli yol un istehsalçılarına yeni subsidiyaların verilməsidir. Bu yol hazırkı vəziyyətdə həm sahibkarların fəaliyyətinin dəstəklənməsi, həm də çörəyin qiymətinin stabil saxlanılması üçün ən sadə yoldur”.

Onun sözlərinə görə, digər ikinci yol isə un istehsalçılarına yeni subsidiyalar vermədən, “bazar iqtisadiyyatıdır” deyib prosesi öz axarına buraxmaqdır: “Bu zaman artımın mənfi təsirləri insanların üzərinə düşəcək”.

Ekspertin daha bir təklifi isə çörək və unun qiymətində artım olduğu zaman insanların gəlirlərinin buna uyğunlaşdırılmasıdır: “Onsuz da inflyasiya insanların gəlirlərini yeməkdə davam edir. Digər xərcləri azaltmaqla gəlirlərə uyğunlaşdırmaq nəzəri cəhətdən mümkündür və insanlar belə də edir. Amma söhbət çörəkdən gedəndə bu nəzəriyyə özünü doğrultmur. Çörəyə qənaət olmur. Bunu mütləq nəzərə almaq lazımdır”.

Paylaş:
Baxılıb: 125 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Qızıl bahalaşıb

30 Sentyabr 12:44

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xarici siyasət

Maraqlı

Prezident bu gün

Prezident bu gün

30 Sentyabr 10:27

Ədəbiyyat

MEDİA

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30