Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / İki ildən sonra...

İki ildən sonra...

17.01.2023 [10:18]

Dünyanın nəzərləri yenidən Davosda

Mübariz FEYİZLİ

Bütövlükdə beynəlxalq birliyin mənzərəsini dəyişən, təcridolunmalarla, sərt qapanmalarla səciyyələnən qlobal pandemiyadan sonra həyat yenidən öz axarına qayıdır. Budur, dünyanın nəzərləri yenidən İsveçrənin Davos şəhərinə dikilib. Dünən Dünya İqtisadi Forumu (DİF) işinə başlayıb. Bu, yeni növ koronavirus pandemiyasından sonra yüksək beynəlxalq nüfuza malik forumun ilk toplantısıdır.

Tarixə qısa ekskurs

Davos İqtisadi Forumu isveçrəli professor Klaus Şvebsin təşəbbüsü ilə 1971-ci ildə yaradılıb. Klaus Şvebs həmin ildə Davos şəhərində Avropanın aparıcı 450 şirkətinin rəhbərlərini toplayaraq yeni formatda simpozium keçirib. Burada qlobal iqtisadiyyatın o dövr üçün aktual məsələləri ətrafında müzakirələr aparılıb və ümumi strategiyanın hazırlanmasının zəruriliyinə diqqət çəkilib. Simpoziuma qatılan alimlərin və digər iştirakçıların  nüfuzu böyük idi, onların təhlilləri və proqnozları müxtəlif dairələrdə ciddi qəbul olunurdu. Beləliklə, qlobal iqtisadiyyatın vəziyyəti və perspektivləri ilə bağlı keçirilən ilk simpozium və onun ardınca baş tutan növbəti tədbirlər, həmçinin aparılan təşviq və təbliğ öz bəhrəsini verdi. Qısa müddətdə auditoriya əhəmiyyətli dərəcədə genişləndi. Ötən əsrin 70-ci illərinin ortalarından etibarən forumun iclaslarına müxtəlif ölkələrin hakimiyyət nümayəndələri və böyük biznesdə uğur qazanan iş adamları da qatılmağa başladılar. 1987-ci ildən etibarən iqtisadçı alimlərin təşəbbüsü ilə keçirilən tədbirlər Dünya İqtisadi Forumu adını aldı və qlobal əhəmiyyət daşıyan platformaya çevrildi.

Davos forumu üçün ənənəvi şəkildə illik keçirilən görüşlər xarakterikdir. DİF-in hər il keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, elm adamlarının, nüfuzlu siyasətçilərin, iqtisadçıların, biznesmenlərin iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etməkdir. 1979-cu ildən etibarən DİF-in mütəxəssisləri tərəfindən “dövlətlərin qlobal rəqabətə davamlılığı” adlı məruzə hazırlanılır. Bu məruzələrdə dünyanın 100-dən çox dövləti iki əsas göstərici əsasında - potensial inkişaf və rəqabətə davamlılıq indeksi üzrə qiymətləndirilir.

Davos İqtisadi Forumu yalnız qlobal iqtisadiyyatın vəziyyətini dəyərləndirmir. Burada irəli sürülən ideyalar, təşəbbüslər bütövlükdə qlobal iqtisadiyyata yeni inkişaf meyilləri gətirir. Eyni zamanda, DİF çərçivəsində hökumətlər və şirkətlər arasında əməkdaşlıq əlaqələri qurulur və qlobal inteqrasiya daha da dərinləşir.

Azərbaycanın DİF-də iştirakı

Müstəqil Azərbaycanın DİF-də iştirakı ötən əsrin doxsanıncı illərinin ortalarından başlayıb. 27-31 yanvar 1995-ci il tarixində Prezident Heydər Əliyev ilk dəfə olaraq Ümumdünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrənin Davos şəhərində işgüzar səfərdə olub. Azərbaycan Respublikasının DİF-də ilk dəfə iştirakı münasibətilə forum çərçivəsində ölkəmizə həsr olunan görüş keçirilib. Heydər Əliyev respublikamız haqqında, onun siyasi, iqtisadi və sosial-mədəni inkişaf göstəriciləri barədə tədbir iştirakçılarına geniş məlumat verib. Ulu Öndər Azərbaycanın karbohidrogen ehtiyatları ilə zəngin olduğunu və respublikamızın bu resurslardan dünyanın gələcək inkişafı naminə istənilən ölkə ilə qarşılıqlı maraqlar əsasında istifadə etmək prinsiplərini özündə əks etdirən xarici iqtisadi siyasət xətti tutduğunu bəyan edib. Heydər Əliyev Dünya İqtisadi Forumuna növbəti dəfə 27-30 mart 2000-ci ildə qatılıb. Heydər Əliyev DİF çərçivəsində keçirdiyi görüşlərdə ölkəmizin iqtisadi siyasətini diqqətə çatdırmaqla yanaşı, keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləri də müzakirələrə çıxarırdı.

Sonrakı mərhələdə Prezident İlham Əliyev bir neçə dəfə Davos İqtisadi Forumuna qatılıb. Dövlətimizin başçısı forum çərçivəsində ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları, bir sıra məşhur şirkətlərin rəhbərləri ilə çoxsaylı görüşlər keçirib və müxtəlif mövzularda aktual müzakirələrə qatılıb. Diqqəti çəkən mühüm məqamlardan biri ondan ibarətdir ki, bu görüşlərdə və müzakirələrdə Azərbaycana böyük maraq ifadə olunub, o cümlədən dövlətimizin başçısı ilə görüşlərdə dünyada məşhur olan şirkətlərin yüksəkvəzifəli rəsmiləri ölkəmizin iqtisadi sahədə qazandığı uğurları, respublikamızın investisiya cəlbediciliyini, əlverişli biznes mühitini yüksək dəyərləndiriblər. Prezident İlham Əliyev DİF-in qlobal pandemiyadan əvvəl 2020-ci ilin yanvarında baş tutan son toplantısında da iştirak edib. Həmin il yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında Prezident İlham Əliyev ölkəmizin uğurlarını şərtləndirən amillərə diqqət çəkərək bildirib: “Müstəqillik illəri ərzində əldə etdiyimiz bütün nailiyyətlər xalqımızın müstəqilliyimizə sadiq olmasına, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatları həyata keçirdiyimizə görə əldə olunmuşdur”.

Öz növbəsində Davos İqtisadi Forumu hesabatlarında ölkəmizin uğurlarını yüksək dəyərləndirir. DİF-in pandemiyadan əvvəl -2019-cu ildə açıqladığı “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın mövqeyi ayrı-ayrı pozisiyalar üzrə əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bəhs olunan hesabata əsasən, respublikamız 2019-cu ildə “Əhalinin elektrik təchizatı səviyyəsi” üzrə dünyada 2-ci, “Hökumət tənzimləməsinin yükü” və “Əcnəbi işçilərin işə qəbulunun asanlığı” üzrə 3-cü, “Hökumətin dəyişməyə cavabdehliyi” üzrə 5-ci, “Biznesə başlama üçün tələb olunan günlərin sayı” üzrə 8-ci, “Hökumətin uzunmüddətli strategiyası” üzrə isə 10-cu yerdə qərarlaşıb. Həmin hesabatda Azərbaycan 141 ölkə arasında “Dəmir yolu xidmətlərinin səmərəliliyi” üzrə 11-ci, “Hava yolları xidmətlərinin səmərəliliyi” üzrə 12-ci, “Dəniz limanları xidmətlərinin səmərəliliyi” üzrə 25-ci, “Yolların keyfiyyəti” üzrə 27-ci yerə layiq görülüb.

Xatırladaq ki, DİF-in qlobal pandemiyadan əvvəl keçirilən son toplantısı çərçivəsində Dünya İqtisadi Forumunun ölkəmizdə afilə edilmiş regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalanıb. Sənədi Prezident İlham Əliyev və Forumun prezidenti Borge Brende imzalayıblar. Qeyd edək ki, bu cür mərkəzlər çox məhdud sayda ölkələrdə yaradılır və onların əsas məqsədi dördüncü sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsidir.

Qlobal pandemiyadan sonra ilk dəfə ənənəvi formatda baş tutan budəfəki Davos İqtisadi Forumunda dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox yüksək ranqlı siyasət, elm, iqtisadiyyat və media mənsubları bir araya gələcək, cəmiyyətləri və iqtisadi dairələri maraqlandıran qlobal mövzularda müzakirələr aparacaqlar. Builki forumun siyasi çalarları mətbuatın diqqət mərkəzində dayanır: pandemiya başlayandan ilk dəfə yüksək ranqlı Çin nümayəndə heyətinin iştirakı, Rusiyanın forumda təmsil olunmaması və Ukraynanın geniş heyət və mövzularla ön planda dayanması diqqətçəkən məqamlardır. Yanvarın 20-dək davam edəcək Davos Forumunun gündəliyində iqlim dəyişiklikləri, inflyasiya və aşağı inkişaf səviyyəsi kimi qlobal iqtisadi çağırışlar, yüksək borclanma və ərzaq qıtlığı probleminə qarşı mübarizə kimi mövzular əks olunub.

Paylaş:
Baxılıb: 93 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Yeni detallar...

08 Fevral 10:14

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Analitik

Xarici siyasət

Analitik

Xəbər lenti

Siyasət

İtirən Fransadır...

07 Fevral 10:31

Gündəm

Gələcəyə doğru...

07 Fevral 10:23  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28