Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Böyük yolun başlanğıcında...

Böyük yolun başlanğıcında...

28.10.2023 [10:50]

Regionun ən böyük Günəş Elektrik Stansiyası Bakıdadır

Abşeronda, Naxçıvanda, işğaldan azad olunmuş ərazilərdə böyük “yaşıl enerji” potensialına malik olan Azərbaycan bu sahənin inkişafına, bərpa olunan mənbələrdən enerji alınmasına xarici investisiyaların cəlb olunmasına güclü siyasi iradə nümayiş etdirir. İndiyədək Azərbaycanın Energetika Nazirliyi ilə ayrı-ayrı xarici şirkətlər arasında müxtəlif layihələr üzrə investisiya müqavilələri imzalanıb. Artıq əməkdaşlığın uğurlu nəticələri barədə də danışmaq mümkündür. Oktyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi baş tutub. Açılış mərasiminə Birləşmiş Ərəb Əmirlikləri hökumətinin dörd naziri, həmçinin qardaş ölkədən böyük nümayəndə heyətini qatılıb .

Qeyd edək ki, 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham

Əliyevin iştirakı ilə qoyulub.  Layihə üzrə işlər sürətlə və yüksək standartlar səviyyəsində icra olunub. Böyük infrastruktur obyektinin inşasının qısa müddətdə tamamlanması iki ölkə arasında getdikcə möhkəmlənən dostluq əlqələrinin və tərəflərin böyük məsuliyyətinin təzahürüdür. Prezident İlham Əliyev tədbirdəki çıxışında stansiyanıın açılışını əlamətdar nailiyyət kimi dəyərləndirərək vurğulayıb: “Əminəm ki, bu, böyük bir yolun, iki qardaş ölkənin böyük yolunun başlanğıcıdır. Bu gün biz nisbətən qısa zamanda - təxminən ilyarımdan bir qədər çox müddət ərzində Abşeron yarımadasının bu boş hissəsinin “yaşıl enerji” mənbəyinə çevrildiyini görəndə çox qürur duyuruq. Bu, əlamətdar nailiyyətdir”.

Daha çox layihələr olacaq

İstifadəyə verilən infrastruktur obyektinin texniki parametrləri kifayət qədər genişdir. Belə ki, Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk ?ünəş elektrik stansiyasıdır.

Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib.

Belə bir nəhəng infrastruktur obyektinin inşasını öz öhdəsinə götürməsi, layihənin icrasına yüz milyonlarla dollar həcmində investisiyalar yönəltməsi “Masdar” şirkətinin ölkəmizə olan inamını ifadə edir. Lakin, bu, sadəcə, başlanğıcdır. Prezident İlham Əliyev əminliklə bildirib ki, daha çox layihələr olacaq. Yeni qlobal çağırışların yarandığı indiki mərhələdə enerji transformasiyası Azərbaycanın gündəliyinə dayanan vacib məsələlər sırasındadır. Karbohidrogen resursları ilə zəngin olan respublikamız da elektrik enerjisi istehsalında “yaşıl enerji”nin xüsusi çəkisinin artırılmasını hədəfləyib. Bu da onunla bağlıdır ki, respublikamız bərpaolunan enerji mənbələri ilə kifayət qədər zəngin bir diyardır. Ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki baxımdan istifadəsi mümkün olan bərpaolunan enerji mənbələrinin potensialı 27000 MVt, o cümlədən külək enerjisi üzrə 3000 MVt, Günəş enerjisi üzrə 23000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Eyni zamanda, Azərbaycan dövləti  bu potensialdan daha səmərəli istifadə olunmasına güclü siyasi iradə nümayiş etdirir. Qeyd edək ki, son illərdə respublikamızda külək enerjisi istehsalı 131 dəfə, Günəş enerjisi istehsalı isə 55 dəfə artıb. Külək və Günəş enerjisi istehsalının növbəti illərdə artan templə davam edəcəyi gözlənilir. Ölkəmiz növbəti illərdə bərpaolunan enerjinin ümumi istehlakda payını artırmaq niyyətindədir. Bu sahədə 2030-cu ilədək qarşıya qoyulan hədəf bərpaolunan enerjinin ümumi istehlakda payının 30 faizdən çox artırılmasına nail olmaqdan ibarətdir.

Zəngin potensialdan istifadə olunması üçün zəruri infrastruktur qurulmalıdır ki, Azərbaycan bu vacib məsələnin həllində xarici şirkətlərlə, o cümlədən də dost ölkə olan Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə əməkdaşlığa böyük önəm verir. Azərbaycanın yaşıl enerji gündəliyinə doğru inamla irəlilədiyini bildirən Prezident İlham Əliyev “Biz mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq və bu, regionun enerji inkişafında tam bir inqilab olacaq, çünki Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir. Dənizdəki yataqlardan ilk neft ötən əsrin ortalarında istehsal olunub. İndi bizim zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, biz yaşıl gündəliyə doğru irəliləyirik. Bu, məqsədli seçimdir. Bu, bizim təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəmizdir”, - deyə vurğulayıb.

Gələcəkdə nəzərdə tutulan bütün layihələrin uğyurla icra ediləcəyinə böyük əminlik var. Baş tutan açılış mərasimi buna yaxşı nümunədir. Şübhə yoxdur ki, bu, Birləşmiş Ərəb Əmirliklərindən olan bir çox şirkətlərə Azərbaycanla əlaqələr qurmaları üçün siqnal olacaq. Onu da vurğulamaq yerinə düşər ki,  bu yaxınlarda iki ölkənin milli neft şirkətləri - ADNOC və SOCAR rəsmi qaydada tərəfdaş olduqlarını bəyan ediblər. Hər iki şirkət Birləşmiş Ərəb Əmirliklərində və digər ölkələrdə birlikdə işləməklə bağlı planlar hazırlayıblar. Bütün bunlar onu təsdiqləyir ki, Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri hökumətlər və milli şirkətlər səviyyəsində  əməkdaşlığın inkişafının yeni mərhələsinə başlayıblar. Bu əməkdaşlığın möhkəmlənməsinə və əhatə dairəsinin genişlənməsinə hər iki dövlət ali səviyyədə güclü siyasi iradə və xoş məram ortaya qoyurlar.

300 milyard dollardan çox investisiyalar

Ölkəmizdə sərmayə mühiti kifayət qədər münbitdir. Uzunmüddətli daxili sabitlik, ardıcıllıqla həyata keçirilən islahatlar, qanunvericilik bazasının möhkəmləndirilməsi, korrupsiyanın və digər neqativ halların əhatə dairəsinin kiçildilməsi, idarəçilikdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, təşviq mexanizmlərinin işə salınması və bu kimi digər amillər respublikamızda investisiya qoyuluşunun genişlənməsini şərtləndirir. O cümlədən milli iqtisadiyyatımızın güclü potensialı ölkəmizə investisiya qoyuluşunun getdikcə artmasına güclü impuls verir. Respublikamızın iqtisadiyyatı çox sabit və rəqabətqabiliyyətlidir. Son 20 il ərzində bizim ümumi daxili məhsulumuz dörd dəfədən çox artıb. Azərbaycan birbaşa xarici borcunu ümumi daxili məhsulun 10 faizindən aşağı səviyyəyə salmağa və iyirmi il bundan əvvəl 50 faizə yaxın olan yoxsulluq səviyyəsini 5,5 faizə endirməyə nail olan bir dövlətdir. İqtisadiyyatdakı dayanıqlılıq investorlar üçün cəlbedici məqamdır və onlara böyük üstünlüklər qazandırır. Ölkəmizin xarici investorlar üçün cəlbediciliyinin yüksək olduğunu iqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb: “Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir. Son 30 il ərzində bizim çoxmilyardlı investisiya portfoliomuz olub. Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub və bunun təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür. Hazırda bizim iqtisadi hədəfimiz qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirməkdir”.

Ötən illərdə respublikamıza investisiya qoyuluşunun artması Azərbaycanın neft və qaz ixracından daxil olan gəlirlərini səmərəli şəkildə idarə etdiyi barədə konkret təsəvvür yaradır. İndiyədək respublikamız bütün müqavilələrə yüksək səviyyədə əməl etməklə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan etibarlı tərəfdaş kimi tanınıb. Hazırda ölkəmiz enerji dialoqunun üçüncü mərhələsinə - “yaşıl enerji” dövrünə başlayıb. Ölkəmiz növbəti illərdə qısa müddət ərzində milli enerji şəbəkəsinin gücləndirilməsini təmin edəcək dövlət proqramını icra etməyi planlaşdır. Artan rəqabət mühitində buna böyük ehtiyac var. Milli enerji şəbəkəsinin gücləndirilməsində, o cümlədən də enerji transformasiyasında xarici investorlar da yer alacaqlar. Biz “Masdar” şirkətinin layihəsindən bəhs etdik. Bir çox digər investisiya təklifləri də var və onların bəziləri artıq icra mərhələsindədir.

Əməkdaşlıq perspektivləri

Azərbaycanın tərəfdaşları ilə enerji dialoqunu genişləndirmək, “yaşıl enerji” gündəliyini irəli aparmaqla bağlı geniş planları var. Yeri gəlmişkən, oktyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında yeni sənədlər imzalanıb. Belə ki, Azərbaycan Hökuməti tərəfindən energetika naziri Pərviz Şahbazov, SOCAR tərəfindən iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil Əl-Ramahi “Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company - Masdar” şirkəti arasında Azərbaycan Respublikasının Neftçala rayonunun Bankə qəsəbəsində Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi”ni, “Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company - Masdar” şirkəti arasında Azərbaycan Respublikasının Biləsuvar rayonunda Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi”ni və “Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company - Masdar” şirkəti arasında Azərbaycan Respublikasının Abşeron-Qaradağ rayonunda quruda külək enerjisi layihəsi ilə bağlı İnvestisiya müqaviləsi”ni imzalayıblar.

Ölkəmizin digər böyük planı Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşları ilə fəal şəkildə işləməkdən ibarətdir. Ötən ilin dekabrında Azərbaycanda istehsal olunacaq “yaşıl enerji”nin Qara dənizin dibi ilə Avropaya çatdırılmasını özündə ehtiva edən müvafiq müqavilə imzalanıb. Bu istiqamətdə artıq fəaliyyətə start verilib. Bir neçə aydan sonra yeni enerji təhlükəsizliyi layihəsinin - Yaşıl Enerji Dəhlizinin, inteqrasiya edilmiş ötürücü, istehsal və istehlak müəssisələrinin, o cümlədən Qara dənizin dibindən keçəcək elektrik kabelinin tam texniki-iqtisadi əsaslandırması hazır olacaq. Hazırda 4 qiqavat gücündə bərpaolunan enerji mənbələri üçün texniki-iqtisadi əsaslandırma hazırlanır. Bütün bunlar Azərbaycanın öz planlarını gerçəkləşdirmək yolunda inamla irəlilədiyini təsdiqləyir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, çünki bizim siyasi iradəmiz var, bizim cəmiyyətdə birlik var. Bizim Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Ərəb Əmirliklərindən olan şirkətlər kimi möhtəşəm tərəfdaşlarımız var. “Əminəm ki, biz bütün məqsədlərimizə nail olacağıq və gələcəkdə bu kimi daha çox mərasimlər keçirəcəyik”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 232 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Onun əsas amalı

11 Dekabr 12:28

Xəbər lenti

Sevincin COP29 kədəri...

11 Dekabr 11:14  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Xəbər lenti

İnsan hüquqları!

09 Dekabr 12:24

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31