Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / / Ölkəmizdə yol infrastrukturunun yenidən qurulması ilə bağlı işlər uğurla davam edir

Ölkəmizdə yol infrastrukturunun yenidən qurulması ilə bağlı işlər uğurla davam edir

21.11.2018 [08:35]

Bölgələrdə kənd yollarının abadlaşdırılması istiqamətində mühüm addımlar atılır
Ölkəmizdə geniş vüsət alan yüksəksəviyyəli infrastruktur quruculuğu prosesi avtomobil yollarının, yolayrıcıların, körpülərin inşasının və yenidən qurulmasının timsalında da aydın şəkildə özünü ifadə edir. Qeyd edək ki, 2004-cü ildən bəri respublikamızda 15 min kilometr yol çəkilib, 443 körpü tikilib. Ölkəmizdə yeni yolların çəkilməsi və mövcud yolların yenidən qurulması ilə bağlı işlərin coğrafiyası getdikcə genişlənir. Təkcə 2017-ci ildə ölkə miqyasında şərti “40 yol” adlanan, əslində isə regionlarda daha çox sayda kəndi əhatə edən layihə böyük müvəffəqiyyətlə tamamlanıb. 2018-ci ildə qarşıya qoyulan hədəflər isə daha böyükdür. Belə ki, cari ilin sonunadək respublika miqyasında 2 min kilometr uzunluğunda yeni avtomobil yollarının tikintisi və minimum 600 kəndin müasir standartlar səviyyəsində qurulan yollarla təmin edilməsi nəzərdə tutulub.
Oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında bu məqama toxunan Prezident İlham Əliyev bildirib ki, bu il 1200 kilometr yol çəkilib: “Hədəf 2000 kilometr idi. Biz bu hədəfə çatacağıq. Bu il 600 kəndin yolları abadlaşdırılır”.
Ümumiyyətlə, regionlarda irimiqyaslı layihələrin uğurla tamamlanması onu deməyə əsas verir ki, 2018-ci ildə də ölkə üzrə yol infrastrukturunun yenilənməsi ilə bağlı qarşıya qoyulan vəzifələrin icrası uğurla təmin ediləcək. Yeri gəlmişkən qeyd edək ki, noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam rayonuna səfəri zamanı əsaslı şəkildə yenidən qurulan Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər haqqında dövlətimizin başçısına məlumat verib. Bu yol Prezident İlham Əliyevin 2017-ci ildə imzaladığı Sərəncama əsasən inşa edilib. Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolu 29 min nəfərin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirir. Ümumi uzunluğu 25,3 kilometr olan yolun hərəkət hissəsinin eni 6 metrdir. Yol iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə aiddir. İnşaat işləri çərçivəsində yol nişanları və göstərici lövhələr quraşdırılıb, cizgi xətləri çəkilib, avtobus dayanacaqları tikilib. Bu layihənin icrası yolboyu yerləşən yaşayış məntəqələrində yük və sərnişin daşınmasının yaxşılaşmasına imkan verəcək. Ağdamda 14 cəbhəyanı yaşayış məntəqəsini birləşdirən yolun yenidən qurulması ilə bağlı layihənin icrası həm də onu sübut edir ki, təmas xəttində yerləşən kəndlərimizin sosial-iqtisadi inkişafı daim dövlətimizin diqqət mərkəzindədir.
Prezident İlham Əliyevə yenidən qurulan, uzunluğu 5,4 kilometr olan Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yolu barədə də məlumat verilib. Bildirilib ki, uzun müddət istismar olunmasına baxmayaraq, yolun əsaslı şəkildə təmir edilməməsi torpaq yatağının deformasiyaya uğramasına səbəb olmuş, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Aparılan yenidənqurma işləri nəticəsində bu problemlər tamamilə aradan qaldırılıb. Dördüncü texniki dərəcəyə aid və iki hərəkət zolaqlı yolun hərəkət hissəsi 6 metrdir. Tikinti işləri zamanı yolun altından suların ötürülməsi üçün mövcud suötürücü borular bərpa olunub, zəruri yerlərdə yeniləri qurulub. Yolboyu avtobus dayanacaqları qoyulub, nişanlar quraşdırılıb. Yeni yol 5 yaşayış məntəqəsinin 7 minə yaxın sakininə mənzil başına rahat və təhlükəsiz çatmağa imkan verəcək.
Dövlətimizin başçısına Tərtər-Hindarx avtomobil yolunun 18-41-ci kilometrlik hissəsi və Ağdam-Hindarx-Ağcabədi avtomobil yolunun 23-37-ci kilometrlik hissəsində görülən yenidənqurma işləri barədə də məlumat verilib. Bildirilib ki, uzun illər təmir olunmadan istismar edildiyindən, həmçinin təbii amillərin təsirindən həmin avtomobil yollarının 37 kilometrlik hissələrində asfalt-beton örtüyündə aşınmalar, çatlar və bəzi hissələrdə çökmələr əmələ gəlmişdi. Tərtər-Hindarx və Ağdam-Hindarx-Ağcabədi avtomobil yolları 3-cü texniki dərəcəyə uyğun yüksək səviyyədə yenidən qurulub. Respublika əhəmiyyətli yolların bəzi hissələrində torpaq yatağı təbii relyeflə eyni səviyyədə olduğundan dağılmalar və çökmələr əmələ gəlmişdi. Bu səbəbdən yenidənqurma işləri zamanı torpaq yatağının qaldırılması işləri də görülüb. Respublika əhəmiyyətli Tərtər-Hindarx və Ağdam-Hindarx-Ağcabədi avtomobil yollarının 37 kilometrlik hissəsinin yenidən qurulması ilə yolboyu nəqliyyat əlaqəsi xeyli rahatlaşacaq, vətəndaşların Tərtər, Hindarx, Ağcabədi istiqamətinə gediş-gəlişi asanlaşacaq, yetişdirilən kənd təsərrüfatı məhsullarının bazarlara vaxtında çatdırılmasına imkan yaranacaq.
Məlumat verilib ki, bu bölgədə icra olunan yol layihələrindən biri də Ağcabədi rayonunda Hacıbədəlli-Pərioğulları-Təzəkənd yolunun əsaslı şəkildə yenidən qurulmasıdır. Uzunluğu 18 kilometr olan yol respublika əhəmiyyətli Ağdam-Hindarx-Ağcabədi və Mingəçevir-Bəhrəmtəpə yolları ilə birləşir. Yolun əsaslı şəkildə bərpası yolboyu yerləşən üç yaşayış məntəqəsində 8 min nəfər əhalinin sosial rifah halına olduqca müsbət təsir edəcək. Layihəyə uyğun olaraq, bu yol 5-ci texniki dərəcədən 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib.
Qeyd edək ki, turizm marşrutuna daxil olan Qax-Zaqatala yolu da yenidən qurulub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində inşa olunan respublika əhəmiyyətli R-16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin əsaslı şəkildə yenidən qurulması yekunlaşıb. Layihənin başlanğıcı R-16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun 14-cü kilometri (Qax şəhərinin girişi), sonu isə M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə Dövlət sərhədi avtomobil yolunun 125-ci kilometridir. Yolun ümumi uzunluğu 29,8 kilometr təşkil edir. Qax-Zaqatala yolu 3-cü texniki dərəcəyə uyğun yenidən qurulub. 2 hərəkət zolaqlı olan və hərəkət hissəsinin eni 7 metr, çiyinlərin eni isə 2,5 metr olmaqla yolun ümumi eni 12 metr təşkil edir. Tikinti layihəsinə əsasən yolda qazma və dolğu işləri, yeni yol yatağının və yol əsasının tikintisi işləri yekunlaşdırılaraq asfalt döşənməsi işləri görülüb. Yola 3 laydan ibarət (10+7+5 santimetr) yeni asfalt-beton örtüyü döşənib.
AAYDA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, yol üzərində düzbucaqlı və dairəvi en kəsikli 52 ədəd suötürücü borular tikilib, beton kanal və drenaj işləri görülüb, rabitə və su xətlərinin yeri dəyişdirilib, 4 yerdə yeraltı keçid tikilib. Layihə çərçivəsində Qum çayı üzərində uzunluğu 23,2 metr və Süzgənc çayı üzərində uzunluğu 46 metr olan dəmir-beton körpülər inşa edilib, Dərnə, Atagar, Muxax və Lekit çayları üzərində yerləşən mövcud körpülərdə isə əsaslı şəkildə bərpa və bərkitmə işləri aparılıb. Yolboyu yaşayış məntəqələri hüdudlarında uzunluğu 5940 metr ikitərəfli və 1900 metr uzunluğunda birtərəfli piyada səkilərinin və 16 yerdə avtobus dayanacaqlarının tikintisi, çiyin hissələrin hamarlanması işləri aparılıb. Yolun hərəkət hissəsinin yağlı boya ilə xətlənməsi, məlumatverici və göstərici nişanların quraşdırılması işləri aparılaraq yekunlaşdırılıb.
Qax-Zaqatala avtomobil yolu Böyük Qafqaz sıra dağlarının cənub ətəyi ilə uzanır və ölkənin ən böyük turizm marşrutlarından olan yolun bir hissəsidir. Mühüm turizm marşrutuna daxil olmaqla yanaşı, yol xüsusilə Qax-Zaqatala rayonlarının 37 min nəfərdən çox əhalisi olan 22 yaşayış məntəqəsində nəqliyyat xidmətini yaxşılaşdırmağa imkan verib. Eləcə də Qax və Zaqatala rayonları arasında hazırda mövcud olan yol məsafəsi xeyli qısalıb.
Qusar rayonu ərazisindəki Qusar-Əniğ-Ləzə avtomobil yolunun yenidən qurulması işləri də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yekunlaşdırılır. Məlumata əsasən, uzunluğu 28 kilometr olan Qusar-Əniğ-Ləzə avtomobil yolu üçüncü texniki dərəcəyə uyğun yenidən qurulur. Torpaq işləri ümumi olaraq 80 min kvadratmetr ərazini əhatə edib. Bundan başqa, yolboyu yararsız vəziyyətə düşmüş suötürücü borular yenisi ilə əvəz olunub. Bunun üçün 168 poqonmetr uzunluğunda müxtəlif diametrli suötürücü dəmir-beton boruların quraşdırılması işləri aparılıb. Yolda torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri də həyata keçirilib. Yol əsası hazır olan kimi asfaltlanma işlərinə başlanılıb. Asfaltlanma işləri 200 min kvadratmetrdən çox ərazidə aparılaraq yekunlaşdırılır.
Vətəndaşların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkəti üçün zəruri olan ərazilərdə 17 min kvadratmetr sahədə piyada səkilərinin tikintisi işləri görülüb. Səkilərin kənarlarına 10 min poqonmetrdən çox yeni səki daşları düzülüb, yol üzərində olan kanalizasiya quyuları layihə hündürlüyünə qaldırılıb. Layihəyə uyğun olaraq, yolboyu 5 avtobus dayanacağı inşa ediləcək, 211 işıq dirəyi quraşdırılacaq, dəmir-beton qoruyucu bloklar düzüləcək.
Ümumilikdə isə 7 kəndi birləşdirən və turistlərin Şahdağ qış-yay turizm kompleksinə gediş-gəlişi daha da rahatlaşdıracaq avtomobil yolunda yenidənqurma işlərinin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır.
Bundan başqa, Qusarın Köhnə Xudat-Həzrə avtomobil yoluna ikinci qat asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. 22 min nəfərə yaxın əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi noyabr ayının sonunadək başa çatdırılacaq. Uzunluğu 21 kilometr olan yeni yoldan Əvəcuq, Hil, Piral, Yasab, Həzrə və ətrafdakı digər kəndlərin sakinləri istifadə edəcək.
Hazırda yolun Piral kəndindən keçən hissəsində asfalt-beton örtüyünün döşənməsi işləri görülür. Müasir standartlara cavab verən ikizolaqlı avtomobil yolunun hərəkət hissəsinin eni 6, yol çiyinləri ilə birlikdə isə 12 metrdir. Layihə çərçivəsində, zəruri olan yerlərdə vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə 3 kilometr uzunluğunda yeni piyada səkiləri inşa edilib, kənarlarına səki daşları düzülüb. Yolboyu 60 poqonmetr uzunluğunda və diametri 0,7 metr olan yeni dəmir-beton boruların quraşdırılması işləri də aparılıb. Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yolboyu 76 ədəd yol nişanı və məlumatverici lövhə, 680 ədəd siqnal dirəkləri quraşdırılacaq, 63 kilometr uzunluqda üfüqi nişanlanma xətləri çəkiləcək. Köhnə Xudat-Həzrə avtomobil yolu sakinlərin rahat gediş-gəlişini təmin etməklə yanaşı, bölgədə turizmin və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 611 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Gündəm

Xarici siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30