Azərbaycanın regionlarında özünüməşğulluq proqramına maraq artır
08.02.2020 [10:27]
2019-cu ildə ölkə üzrə 10 min 354 vətəndaş özünüməşğulluq proqramına cəlb edilib və proses 2020-ci ilin əvvəlindən də intensiv şəkildə davam etdirilir
Əhalinin məşğulluğunun yüksək səviyyədə təmin edilməsi, insanların əmək bazarına çıxış imkanlarının genişləndirilməsi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritetlərindən birini təşkil edir ki, bu da təsadüfi deyil. Məlumdur ki, reallaşdırlan məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq respublikamızda müsbət demoqrafik vəziyyət yaranıb - hər il əhalimizin sayı təxminən 100 min nəfər artır. Əlbəttə, müsbət demoqrafik vəziyyət ölkəmizin böyük üstünlüyüdür. Bununla belə, əhali sayının artması qarşıya davamlı şəkildə yeni iş yerlərinin yaradılması vəzifəsini qoyur. Ölkənin iqtisadi artımı əhalinin artımına uyğun gəlməlidir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmizdə yeni iş yerlərinin yaradılması daimi prosesə çevrilməlidir. Prezident İlham Əliyev cari il fevralın 3-də keçirilən “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində bu xüsusda fikirlərini bir daha nəzərə çatdırıb. “Beləliklə, 14 faizdən çox artan qeyri-neft sənayemiz yeni iş yerlərinin yaradılması deməkdir. Qeyd etməliyəm ki, keçən il 98 min yeni iş yeri yaradılmışdır. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bu, daimi proses olmalıdır. Çünki Azərbaycanda əhali yüksək templərlə artır və iqtisadiyyat, iqtisadi inkişaf, o cümlədən iş yerlərinin yaradılması demoqrafik inkişafı daim üstələməlidir. Buna görə biz daim bu məsələyə xüsusi diqqət verməliyik”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq respublikamızda insanların əmək bazarına inteqrasiyasının genişləndirilməsi üçün yeni imkanlar yaradılır. Hüquqi bazanın möhkəmləndirilməsi və praktiki müstəvidə reallaşdırılan tədbirlər əhalinin, o cümlədən də regionlarda yaşayan gənclərin əmək bazarına çıxışını asanlaşdırır. Belə tədbirlərin əhatə dairəsi isə kifayət qədər genişdir. Yeni iqtisadi şəraitdə Prezident İlham Əliyevin islahatların ardıcıllığının təmin edilməsi məqsədilə imzaladığı ayrı-ayrı sənədlər respublikamızda insanların əmək bazarına inteqrasiyasına möhkəm hüquqi əsaslar yaradır. Xatırlatmaq yerinə düşər ki, son 16 ildə respublikamızda təxminən 2 milyon yeni iş yerləri yaradılıb və nəticədə, ölkəmizdə işsizliyin səviyyəsi 5 faizədək aşağı düşüb. İşsizliyin aşağı səviyyədə olması həmçinin respublikamızda yoxsulluğun da azalmasını - 49 faizdən 5,4 faizə enməsini şərtləndirib. Eyni zamanda, BMT-nin bəyan etdiyi Minilliyin İnkişaf Məqsədlərinə qoşulan respublikamız işsizliyin və yoxsulluğun azaldılması tendensiyasını bundan sonra da davam etdirmək niyyətindədir.
Uğurla reallaşdırılan özünüməşğulluq proqramı regionlarda əhalinin həssas qruplarının əmək bazarına çıxış imkanlarını artırıb
Ölkəmizdə insanların, ələlxüsus da əhalinin aztəminatlı təbəqələrinin əmək bazarına çıxış imkanlarını artırmaq üçün görülən tədbirlərin əhatə dairəsi kifayət qədər genişdir. Məsələn, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan haqqı ödənilən ictimai iş yerləri həssas qruplardan olan insanların məşğulluğunun təmin edilməsi baxımından böyük əhəmiyyət daşıyır. 2019-cu ildə “İşsizin DOSTu” proqramının reallaşdırılması sayəsində ölkə üzrə 38 min ödənişli ictimai iş yeri açılıb və bu istiqamətdə işlər 2020-ci ildə də davam etdiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda bildirilir ki, cari ildə ölkə üzrə təxminən 40 min ödənişli ictimai iş yerlərinin yaradılması hədəflənib.
Ölkəmizdə əhalinin həssas qruplarının məşğulluğunun təmin olunması məqsədilə həmçinin özünüməşğulluq proqramı reallaşdırılır. Prezident İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamı əsasında 2017-ci ilin əvvəlindən icrasına başlanılan səmərəli özünüməşğulluq proqramına bütün respublika miqyasında insanlar böyük maraq göstərirlər. Proqramın uğurla icra edilməsinin məntiqi nəticəsi olaraq əhalinin həssas qruplarının əmək bazarına çıxış imkanları əhəmiyyətli dərəcədə artıb. Yuxarıda bəhs olunan konfransda Prezident İlham Əliyev özünüməşğulluq proqramının çox böyük sosial və iqtisadi faydası olduğunu vurğulayaraq deyib: “Digər önəmli proqram özünüməşğulluq proqramıdır. Buna da biz bir neçə il əvvəl start verdik və böyük tələbat var. Bu, onu göstərir ki, biz düzgün addım atmışıq və bu proqramı genişləndiririk. Tələbat təqribən 40-50 min ətrafındadır”.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin məlumatına əsasən, dövlət başçısının tapşırığına uyğun olaraq özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilir. 2019-cu ildə 10 min 354 vətəndaş bu proqrama cəlb edilib. BMT İnkişaf Proqramının, həmçinin Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin bu proqrama qoşulması nəticəsində əlavə 500 nəfərin aktivlərlə təmin olunmasına imkan yaranıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramı iştirakçılarına aktivlərin verilməsi prosesi 2020-ci ilin əvvəlindən də intensiv şəkildə davam etdirilir. Təkcə son bir neçə gündə Bakı, Sumqayıt və Şirvan şəhərləri, Abşeron, Şuşa, Quba, Şabran, Xaçmaz rayonları üzrə təlimləri uğurla başa vuran və biznes planlarını müdafiə etmiş 400-dən çox iştirakçı aktivlərlə təmin edilib. Onlar verilmiş aktivlər hesabına istehsal-xidmət sahəsi üzrə kiçik müəssisələrini qurublar. İştirakçılara mebel kəsimi, plastik qapı pəncərə istehsalı, avtoyuma avadanlıqları, playstation aparatları və s. təqdim edilib.
Qeyd edək ki, özünüməşğulluq proqramına cəlb olunmaq üçün müraciət edən vətəndaşlar arasında əlilliyi olan şəxslərə üstünlük verilir. Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2400-ə yaxın əlilliyi olan şəxs kiçik ailə təsərrüfatlarını qurmaq üçün potensialları nəzərə alınmaqla həmin proqrama cəlb edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən reallaşdırılan özünüməşğulluq proqramına cəlb olunmaq üçün müraciət edənlər arasında həssas əhali qruplarından olan məcburi köçkünlərə də üstünlük verilir. 2019-cu ildə özünüməşğulluq proqramına cəlb edilənlərdən 1860 nəfəri məcburi köçkünlər olub. Onlar da digər proqram iştirakçıları kimi ilk növbədə təlimlərə cəlb ediliblər. Təlimlərə qatılan məcburi köçkünlər kiçik biznesin qurulması və idarəedilməsi üzrə bilik və bacarıqlara yiyələniblər. Biznes-planlarını müdafiə etdikdən sonra onlara mal və materiallar formasında aktivlər təqdim edilib. Bu aktivlər hesabına həmin şəxslər ailə təsərrüfatlarını qurublar. Qurulan təsərrüfatların böyük əksəriyyəti kənd təsərrüfatı sahələri üzrədir.
Özünüməşğulluq proqramı Zaqatala rayonunda uğurla icra olunur
Özünüməşğulluq proqramı ölkəmizin digər bölgələrində olduğu kimi, Zaqatala rayonunda da uğurla icra edilir. Rayonda özünüməşğulluq proqramından faydalananlardan biri də Zaqatala şəhər sakini, arıçı Abdul Qədirovdur. Üç uşaq atası olan Abdul əvvəllər maşın və texnikaların təmiri ilə məşğul olub. Sonralar səhhətilə əlaqədar bu sahədən uzaqlaşıb. Ailəsini dolandırmaq üçün iş axtaran Abdul Qədirov arıçılıqla məşğul olmaq qərarına gəlib. KİV-ə fəaliyyəti ilə bağlı danışan Abdul Qədirov deyib: “Çoxdan idi ki, arıçılıq təsərrüfatı yaratmaq istəyirdim. Ancaq maddi vəziyyətim buna imkan vermirdi. Eşitdim ki, aztəminatlı ailələr üçün xüsusi layihə həyata keçirilir. Rayon Məşğulluq Mərkəzinə müraciət etdim, məni qeydiyyata aldılar. Təlimlərdə iştirak etdim. Təlimlər başa çatdıqdan sonra mənə öz təsərrüfatımı yaratmaq üçün 15 arı ailəsi verildi. İstəyirəm ki, təsərrüfatımı daha da genişləndirim. Ailəmin bal məhsullarına olan ehtiyacı da qismən ödənilir. Məhsulun satışı barədə hələlik düşünmürəm. Təsərrüfatım genişlənsin, ondan sonra satışa da başlayacağam”.
Arıçının sözlərinə görə, saxladığı arı ailələrinə görə ona dövlət tərəfindən subsidiya da ödənilib. Abdul Qədirov aztəminatlı ailələrin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə ailəsi adından dövlətimizin başçısına minnətdarlığını bildirib.
Zaqatala Rayon Məşğulluq Mərkəzindən verilən məlumata görə, 2019-cu ildə 129 nəfər sakin özünüməşğulluq proqramı çərçivəsində keçirilən təlimlərdə iştirak edib. Təlimləri başa vuran 54 nəfərə müxtəlif sahələr üzrə öz ailə bizneslərini yaratmaq üçün mal və materiallar verilib. Ümumiyyətlə, indiyədək Zaqatala rayonu üzrə 174 nəfər aktivlərlə təmin olunub. Bu ailələrdən 164-ü heyvandarlıq, 6-sı arıçılıq, 3-ü xidmət, bir nəfər isə cücəçıxarma sahəsi üzrə öz təsərrüfatlarını yaradıblar. Fevral ayının sonunadək daha 21 nəfər təlimlərə cəlb olunacaq. Təlimlər başa çatdıqdan sonra onlara da mal və materiallar veriləcək.
Muxtar respublikada fərdi təsərrüfatlarını qurmaq üçün müraciət edən ailələrə köməklik göstərilir
Ötən il Naxçıvan Muxtar Respublikasında özünüməşğulluq proqramı çərçivəsində 114 aztəminatlı ailəyə fərdi təsərrüfatlarını qurmaq üçün iribuynuzlu və xırdabuynuzlu mal-qara və lazımi ləvazimatlar, avadanlıqlar verilib. 2019-cu ildə Naxçıvanda ümumilikdə 140 aztəminatlı ailənin özünüməşğulluğu təmin edilib.
Qeyd edək ki, ötən il ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılmasına köməklik göstərilməsi, aztəminatlı ailələrin məşğulluğunun təmin edilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq həyata keçirilib. Ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılması istiqamətində görülən tədbirlərin davamı olaraq uzun müddət ünvanlı dövlət sosial yardımı alan və fərdi təsərrüfatlarını qurmaq üçün müraciət edən ailələrə köməklik göstərilməsi uğurla davam etdirilir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40

