Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / QHT-lərin problemləri

QHT-lərin problemləri

30.10.2021 [09:57]

İstənilən dövlətdə vətəndaş cəmiyyətinin hüquqi dövlət quruculuğunda rolu əvəzedilməzdir

Azərbaycanda vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu sahəsində əldə edilən nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Belə ki, son illərdə Azərbaycan dövləti insan hüquq və azadlıqlarının təmin olunması, vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində ciddi addımlar atıb və müsbət nəticələr əldə edib.

Hüquqi dövlət anlayışının əsas komponentlərindən sayılan vətəndaş cəmiyyəti quruculuğu ölkəmizdə mühüm tarixi inkişaf yolu keçsə də, Azərbaycanda bu sahədə də bəzi problem və çatışmazlıqlar qalmaqdadır. Təsadüfi deyil ki, qeyri-hökumət təşkilatlarına (QHT) dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə son dövrlər dövlət tərəfindən də bir sıra addımlar atılır.

Məsələ ilə bağlı “Yeni Azərbaycan” qəzetinə açıqlama verən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Sahib Məmmədov deyib ki, istənilən dövlətdə vətəndaş cəmiyyətinin hüquqi dövlət quruculuğunda rolu əvəzedilməzdir: “Azərbaycanda 1990-cı illərin ortaları və 2000-ci illərin əvvəllərində vətəndaş cəmiyyəti təsisatlarının yaranması üçün əlverişli mühit olub. QHT-lərin, ictimai birliklərin qeydiyyatında müəyyən ləngimələr və problemlər olsa da, bütövlükdə xarici donorlara, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə münasibətdə ciddi əngəllər olmayıb. Bunun nəticəsində həmin dövrdə QHT-lərin normal və səmərəli fəaliyyəti baxımından Azərbaycan Cənubi Qafqaz ölkələrinə, habelə MDB-yə üzv olan respublikalara nisbətən xeyli irəlidə olub. Belə ki, insanların hüquqlarının müdafiəsi, sosial təminatı, ətraf mühitin qorunmasının təşviqi sahəsində vətəndaş cəmiyyəti institutları və şəbəkələrinin fəaliyyəti genişlənib. Təəssüf ki, sonralar xaricdən vətəndaş cəmiyyətini parçalamağa yönələn cəhdlər, ümumiyyətlə, QHT-lərin nüfuzuna xələl gətirməyə başlayıb. Bu proses isə 2012-ci ildən başlayaraq, bu sahə üzrə bəzi məhdudiyyətlərin tətbiq olunması ilə nəticələnib”.

Mövcud qanunvericilik aktlarının vətəndaş cəmiyyətinin quruculuğunda roluna toxunan QHT sədrinin fikrincə, 2013-cü ildən sonra bəzi məhdudiyyətlərin tətbiqi müəyyən çətinliklər yaradıb: “Əvvəlcə xatırladım ki, 1998-ci ildə “Qrant haqqında” və “Hüquqi şəxslərin dövlət reyestri haqqında” qanunların qəbul olunması, 1992-ci ildə qəbul edilən “İctimai birliklər haqqında” qanunver?cilik aktının daha da təkmilləşdirilərək 3 iyun 2000-ci ildə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun qəbulu bu sahədə mühüm addımlardan olub. Xatırladım ki, həmin qanuna beynəlxalq təşkilatlar da müsbət rəy vermişdilər. Bütövlükdə həmin dövrdə QHT-lərin normal və səmərəli fəaliyyətinə təminat verən qanunvericilik bazası yaradılmışdı. Qeyd etdiyim kimi, 2013-cü ilə qədər mövcud olan qanunvericilik QHT-lərin normal və səmərəli fəaliyyətinə imkan verirdi. Məhdudiyyətlərin tətbiqi səbəbindən indiki dövr üçün bunu demək bir qədər çətindir”.

Ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşmasında QHT-lərin rolu barədə fikirlərini də bizimlə bölüşən S.Məmmədov deyib ki, vətəndaş cəmiyyəti yalnız QHT-lər, siyasi partiyalar, dini təşkilatlar, həmkarlar ittifaqlarından ibarət deyil: “Sadaladıqlarım strukturlaşmış vətəndaş cəmiyyəti təsisatlarıdır. Amma Azərbaycanın minillik vətəndaş cəmiyyəti ənənəsi var. Yerlərdə xalqın özünütəşkil formaları, o cümlədən ağsaqqallıq institutları, icmalar mövcud olub. İnsanlar heç bir kənar müdaxilə və ya yardım olmadan özləri təşkil olunaraq xeyir işlərini, yas və digər məclislərini birgə keçiriblər. Bunlar əslində qədim tarixə malik vətəndaş cəmiyyətinin əsas elementləridir. Sonradan formal strukturların yaradılması ilə bir qədər də sistemləşməyə başlayan vətəndaş cəmiyyətində QHT-lərin əhəmiyyəti artmağa başlayıb. Buna görə də vətəndaş cəmiyyətinin formalaşmasında onu təmsil edən formal qurumların, o cümlədən QHT-lərin mühüm rolu var”.

Son illərdə QHT-lərə göstərilən dövlət dəstəyindən də bəhs edən S. Məmmədov deyib ki, 2007-ci ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının təsdiq olunması ölkəmizin vətəndaş cəmiyyətinin həyatında mühüm hadisə idi: “Bunun ardınca Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldı, QHT-lərin maliyyələşdirilməsi mexanizmi işlənib hazırlandı. Şura 13 il fəaliyyət göstərdi. QHT-lərin dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə bu il Şuranın təşkilati-hüquqi forması dəyişdirilib. Belə ki, dövlət başçısı tərəfindən imzalanan müvafiq Fərmana əsasən, “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxs yaradılıb. Bu addımları təbii qəbul etmək olar. Ona görə ki, bəzi fondların təşkilati-hüquqi fəaliyyət formalarında da anoloji dəyişikliklər olub. Ölkə Prezidentinin müvafiq Fərmanı ilə hazırda 13 dövlət orqanı qeyri-hökumət təşkilatlarına qrantlar verməklə, maliyyə yardımı göstərməklə məşğuldur. Amma etiraf edim ki, bu vəsaitlər vətəndaş cəmiyyəti quruculuğunda mühüm nailiyyətlər əldə edilməsi üçün kifayət etmir. Ona görə ki, QHT-lərin maliyyə əlçatanlığında, diversifikasiya məsələlərində problemlər mövcuddur. Çünki hesabatlı təşkilatlar üçün ayrılan vəsaitlər çox vaxt yetərli olmur. Buna baxmayaraq, hazırda 13 dövlət orqanı və ya təsisatının QHT-lərin maliyyələşməsinə cəlb edilməsi, bundan əlavə bəzi dövlət orqanlarının sosial sifarişləri əsasında QHT-lərin qrantlar alması müsbət haldır”.

Vətən müharibəsi və pandemiya dövründə QHT-lərin fəaliyyətinə də diqqət çəkən təşkilat rəhbəri vurğulayıb ki, həm pandemiya, həm də Vətən müharibəsi dövründə ölkədə fəaliyyət göstərən bütün vətəndaş cəmiyyəti təşkilatları səfərbər olub: “Belə ki, hələ pandemiyanın ilk dövrlərindən QHT-lər yeni koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı mübarizəyə könüllü olaraq qoşulub. Təbii ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən onlara ayrılan vəsaitlər də bu prosesin uğurla aparılmasına töhfə verib. Həmin ağır və çətin dövrdə, pandemiyanın yaratdığı məhdudiyyətlərin olduğu şəraitdə QHT-lər əllərindən gələni əsirgəməyib. Vətən müharibəsi dövründə birlik və həmrəylik nümayiş etdirən vətəndaş cəmiyyəti institutları ordumuza xalq yardımının təşkilində, informasiya müharibəsinin aparılmasında və digər tədbirlərin görülməsində aktiv rol oynadı. Amma təəssüf hissi ilə bir məqamı qeyd edim ki, ölkəmizdə Ermənistanın müharibədə məğlub olduğunu görəndən sonra “sülh çağırışları”na qoşulan bəzi QHT-lər və fəalları da oldu. Hətta Azərbaycanın ədalətli müharibəsinə kölgə salmaq istəyənlər də tapıldı ki, onların fəaliyyəti düşmən tərəfin informasiya təxribatlarına xidmət göstərmək idi. Amma buna baxmayaraq, əksəriyyət, istər mütəşəkkil, istərsə də, qeyri-mütəşəkkil vətəndaş cəmiyyəti təşkilatları və fəalları dövlətimizlə, xalqımızla bir yerdə oldu. Xüsusilə, Azərbaycan Prezidentinin rəhbərliyi ilə aparılan informasiya müharibəsində də QHT-lər Ali Baş Komandana bacardıqları dəstəyi göstərdi”.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır

Qaşqay ZİYƏDDİNOĞLU

 

 

Paylaş
Baxılıb: 125 dəfə

Xəbər lenti

Hamısına bax

Prezident bu gün

04 Dekabr 00:11

Prezident bu gün

03 Dekabr 09:59

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31