Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Son 200 ilin ən möhtəşəm Qələbəsi

Son 200 ilin ən möhtəşəm Qələbəsi

05.11.2021 [10:23]

44 günlük Vətən müharibəsində qazanılmış Qələbə Azərbaycan xalqının möhkəm iradəsinin təzahürü idi

Cəlil Xəlilov: Azərbaycan Ordusunun əldə etdiyi Tarixi Zəfər əsrlər sonra da xalqımız tərəfindən qürur hissi ilə xatırlanacaq

Düz bir il bundan əvvəl Azərbaycan son 200 illik tarixindəki ən Möhtəşəm Qələbəsinin sevincini yaşadı. Azərbaycanın yeni ərazilərini işğal etmək niyyətində olan Ermənistanın silahlı qüvvələrinin 27 sentyabr 2020-ci il tarixindəki növbəti təxribatına cavab olaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmri ilə başlayan Azərbaycan Ordusunun əks-hücum əməliyyatı Qələbə ilə nəticələndi. Mənfur düşmənin kəndlərimizə, şəhərlərimizə qarşı törətdiyi terror hücumlarına görə ağrı-acı yaşasa da, Vətən uğrunda canını fəda edən qəhrəman övladlarını torpağa tapşırsa da, Müzəffər Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşən xalqımız cəmi 44 gün ərzində Azərbaycan Ordusu ilə birlikdə şanlı tarix yazdı.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov “Yeni Azərbaycan” qəzetinə açıqlamasında deyib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ortaya qoyulan qətiyyətli mövqe nəticəsində 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə Azərbaycan xalqının möhkəm iradəsinin təzahürü idi: “Çünki beynəlxalq hüququn bütün norma və prinsiplərini əsas götürərək, Azərbaycanın öz ərazi bütövlüyünün bərpası uğrunda apardığı mübarizənin zəfərlə başa çatmasını şərtləndirən əsas amillərdən biri ölkədə mövcud olan milli birlik və həmrəylik idi. Azərbaycan Ordusu mövcud olan birlikdən güc alıb, düşmənə sarsıdıcı zərbələr vuraraq onu məğlubiyyətə düçar etdi. Möhtəşəm Zəfərin nəticəsi isə 10 noyabr 2020-ci il tarixində Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri arasında imzalanan üçtərəfli Bəyanat, düşmənin kapitulyasiya aktı oldu. Bu sənədə uyğun olaraq, sonrakı 20 gün ərzində daha 3 rayonun boşaldılması prosesi başa çatdı, ardınca Azərbaycan Ordusunun hərbi birləşmələrinin həmin ərazilərə və Ermənistanla dövlət sərhədinə yerləşdirilməsi həyata keçirildi”.

Ehtiyatda olan polkovnik deyib ki, işğalçı Ermənistanın silahlı qüvvələrinə qarşı sülhə məcburetmə əməliyyatı düşmənin təslim olması ilə nəticələndiyinə görə Azərbaycan Ordusunun qalibiyyətinin bütün dünyaya elan olunması üçün Zəfər paradına da ehtiyac vardı: “Bunu əsas götürən Prezident İlham Əliyevin müvafiq göstərişlərinə əsasən, 10 dekabr 2020-ci il tarixində Bakının Azadlıq meydanında keçirilən Zəfər paradı Azərbaycan Ordusunun necə böyük qələbə qazandığını bütün dünyaya göstərdi. Eyni zamanda, qardaş Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın və Türkiyə Silahlı Qüvvələrinin hərbçilərinin həmin hərbi paradda iştirakı Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının təntənəsi idi”.

Qələbədən sonra atılan ilk mühüm addımlar təbii ki, Vətən müharibəsində Azərbaycan övladlarının qəhrəmanlığına qiymət verilməsi ilə əlaqədar idi. Bu baxımdan, Azərbaycan  Prezidentinin Zəfər və Anım günlərinin təsis olunması, Vətən müharibəsində fərqlənən və böyük şücaət göstərən hərbçilərin təltif edilməsi ilə bağlı qərarları xalqın ürəyincə oldu. Həmin addımları ərazi bütövlüyümüz uğrunda həyatını itirən vətəndaşlarımızın ruhuna sonsuz ehtiramın bariz nümunəsi hesab edən C.Xəlilov deyib ki, Azərbaycan Ordusunun əldə etdiyi Tarixi Zəfər əsrlər sonra da xalqımız tərəfindən qürur hissi ilə xatırlanacaq: “Bu addımların nəticəsidir ki, bu ilin 27 sentyabrında Anım Günü münasibətilə Vətən müharibəsində canından keçən şəhidlərimizin əziz xatirəsini yad etdik və indi isə 8 Noyabr - Zəfər Gününü təntənə ilə qeyd etməyə hazırlaşırıq”.

Təşkilatın sədr müavininin sözlərinə görə, 30 ilə yaxın işğal altında qalan torpaqların 2020-ci ildə azad olunması Azərbaycan tarixi üçün o qədər möhtəşəm hadisədir ki, 8 Noyabr - Zəfər Gününü təkcə ölkə daxilində yaşayanlar yox, dünyanın hər yerindəki azərbaycanlılar böyük qürur hissi ilə qeyd edəcəklər: “Digər tərəfdən, bu Qələbə sadəcə Azərbaycan üçün deyil, regiondakı digər dövlətlər üçün də yeni bir mərhələnin başlanğıcına çevrilib. Çünki Azərbaycan erməni faşizmini məğlub etməklə regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verib. Yaranmış yeni reallıqlar fonunda Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalanması bunun ən böyük sübutudur. Belə ki, mühüm strateji əhəmiyyətə malik Şuşa Bəyannaməsi ikitərəfli münasibətləri bütün sahələr üzrə, o cümlədən hərbi müstəvidə daha da inkişaf etdirməyi nəzərdə tutur”.

Vətən müharibəsində şəhid olan qəhrəmanların xatirəsinin dövlətimiz tərəfindən əbədiləşdirildiyini, bu prosesin hazırda da davam etdiyini söyləyən C.Xəlilovun sözlərinə görə, şəhid ailələrinə, müharibə iştirakçılarına, qazilərə böyük diqqət və qayğı göstərilməkdədir: “Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin sosial təminatına dəstək fondunun (“YAŞAT”) yaradılması haqqında Fərman imzalaması da bu qəbildəndir. Dövlət başçısı tərəfindən 24 iyun tarixində 76 mindən artıq hərbçinin orden və medallarla təltif olunması, 25 iyun tarixində imzaladığı “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərmanın imzalanması böyük önəm daşıyır. Vətən müharibəsi iştirakçılarına veteran statusunun verilməsi məsələsinin həlli ilə bağlı bu günlərdə atılan addımlar da torpaqlarımızın azad olunmasında xidmətləri olan Azərbaycan övladlarının fəaliyyətinin qiymətləndirilməsi baxımından təqdirəlayiqdir”.

Veteranlar Təşkilatının sədr müavini onu da qeyd edib ki, I Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsi zamanı da qarşı tərəf tarixdə görünməmiş hərbi cinayətlər törədib: “44 günlük müharibə zamanı ölkəmizin şəhərlərinə və kəndlərinə raket-artilleriya hücumları həyata keçirən Ermənistanın siyasi-hərbi rəhbərliyi mülki şəxslərin həlak olmasına görə məsuliyyət daşıyır. Ermənistanın daha bir müharibə cinayəti işğal etdiyi bütün ərazilərimizə yerləşdirdiyi mina xəritələrini verməməsidir. Prezidentimizin qətiyyətli mövqeyi nəticəsində ötən aylarda Ermənistan tərəfi Ağdam rayonu üzrə 97 min, Füzuli və Zəngilan rayonları üzrə isə 92 min minanın xəritəsini Azərbaycan tərəfinə verməyə məcbur qaldı. Amma bəzi hallarda xəritələrin qeyri-dəqiqliyi, habelə Cəbrayıl, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında olan minaların xəritələrinin hələ də verilməməsi həmin ərazilərin bərpası prosesini ləngidir, mülki şəxslər və hərbçilərimiz  üçün böyük təhlükə törədir”.

Qaşqay ZİYƏDDİNOĞLU

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən ?üharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır

 

Paylaş
Baxılıb: 108 dəfə

Xəbər lenti

Hamısına bax

Prezident bu gün

04 Dekabr 00:11

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31