Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Həmrəyliyimizin “Dəmir yumruq” nümunəsi

Həmrəyliyimizin “Dəmir yumruq” nümunəsi

28.12.2021 [10:34]

Nicat Dilqəmli

Hər il dekabr ayının 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü böyük təmtəraqla qeyd edilir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, daha geniş şəkildə keçirilir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci ildə Naxçıvanda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi elan edilib.

Mən fəxr edirəm ki, Azərbaycanlıyam!..

Ulu öndərin layiqli davamçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən bu ənənə yüksək səviyyədə davam etdirilməkdədir. Bu il isə sözügedən bayramı Azərbaycan xalqı daha böyük həvəslə qeyd edir. Çünki Prezident İlham Əliyevin siyasi iradəsi, xalq-iqtidar-ordu birliyi 30 illik həsrətə son qoyaraq bütün dünyada həmrəyliyin Azərbaycan etalonunu yaratdı.

Müharibənin ilk günlərindən kiçikdən-böyüyə hər kəs müharibəyə yollanmaq üçün könüllü yazılmağa başladı. Xaricdə yaşayan soydaşlarımızın bəziləri vətənə gəldi, digərləri isə öz imkanları çərçivəsində orduya yardımlar etdi. Hər kəs yardım etmək üçün can atırdı, hamı yazılmaqda olan şanlı tarix kitabının səhifəsinə canı, qanı bahasına da olsa, əlindən gəldiyi qədər öz adını yazdırmağa çalışırdı. Cəbhəyə yollanan hərbi avtomobillər ərzaqla dolub-daşırdı. Yadımdadır, ana-bacılarımız yun corablar toxuyub, gecədən səhərə qədər Allah verəndən yeməyə nə isə hazırlayıb yollayırdılar cəbhəyə...

Müxalifət - iqtidar həmrəyliyi

Prezident İlham Əliyev dəfələrlə müxalifət partiyalarını siyasi dialoqa, həmrəyliyə, xüsusilə də ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında həmrəyliyə dəvət edib.

Azərbaycanda partiyaların şəraitlərinin yaxşılaşdırılması istiqamətində müxtəlif vaxtlarda dövlət tərəfindən işlər aparılır. Belə ki, qərargahı olmayan 22 siyasi partiya üçün əlverişli ofislərin ayrılması, 7 yeni siyasi partiyanın dövlət qeydiyyatına alınması həmin partiyaların fəaliyyəti üçün əlverişli şərait yaradıb. Bununla yanaşı, siyasi partiya rəhbərlərinin ölkənin ictimai-siyasi həyatında daha yaxından iştirakının təmin edilməsi məqsədilə onlar müxtəlif mətbuat orqanlarına və televiziya kanallarına çıxış etmək üçün dəvət olunurlar.

Bütün bunların nəticəsidir ki, ötən ilki müharibə zamanı 50 siyasi partiya bəyanat qəbul edərək Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini, dövlətimizin başçısının siyasi kursunu dəstəklədiyini bəyan etdi.

Bu tendensiya müharibədən sonra da davam etdi və etməkdədir. Martın 17-də siyasi partiya rəhbərlərinin Ağdama səfərini də iqtidar-müxalifət həmrəyliyinin ən parlaq nümunələrindən biri hesab etmək olar.

Bir millət olduq

Ölkəmizdə bütün millətlərin nümayəndələrinə hər zaman yüksək diqqət və qayğı olub, olmaqdadır. Elə bir neçə gün bundan əvvəl Bakıdakı Müqəddəs Məryəm katolik kilsəsinin Heydər Əliyev Fondu tərəfindən təmir-bərpa işlərinin görülməsi də aparılan çoxşaxəli fəaliyyət istiqamətinə daxil olan məsələlərdən biridir.

Haqq savaşında Azərbaycanda yaşayan talışlar, ləzgilər, avarlar, udinlər ... - bütün millət və dini konfessiyaların nümayəndələri vətən adlı bir millət olub, Prezidentimizin Dəmir Yumruğunun daha da bərkiməsinə çalışdıq. Elə bir yumruq ki, düşmənin başını əzdi, belini qırdı.

Xaricdən gələn haqq səsi

Müharibə vaxtı bütün cəbhələrdə aktiv iştirak etməyimiz, həm də Azərbaycanın haqq səsini 30 ildir eşitməyən dünyaya əzbərlətməyi bacardı. Prezidentimizin də dediyi kimi, yalnız formal olaraq “fəaliyyət” göstərən bəzi beynəlxalq qurum və təşkilatların illərdir edə bilmədiyini həmrəyliyimizlə biz etdik! Böyüklü-kiçikli, cavanlı-qocalı - bütöv Azərbaycan xalqı dünyanın gözünün düz içinə baxaraq nəyin nə olduğunu sübut etməyi bacardı. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız mütəmadi olaraq müharibənin ən qızğın vaxtlarında belə Azərbaycana dəstək aksiyaları keçirdi, səngərdəki qəhrəmanlarımıza daha da böyük ruh yüksəkliyi verdi...

Bir olduq,

Həmrəy olduq,

Qalib olduq!

Cıdır düzündə havalandı Xanın səsi

Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalının ilk günündə - mayın 12-də ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edilib. Müxtəlif bölgələrdə yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırıb. Festivalın açılışındakı çıxışında bu mesajın əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev deyib: “Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan - Şuşadan, qədim torpağımızdan mesaj veririk”.

İndi isə əl-ələ verib düşmən tapdağından qurtulan dədə-baba yurdlarımızın tikinti işlərində aktiv iştirak etməyin zamanıdır.

Qarşıdan gələn qələbə ətirli Dünya Azərbaycanlılarının Həmrəyliyi Günümüz mübarək olsun!

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır

 

Paylaş
Baxılıb: 155 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31