Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Təhsilimiz və elmimiz üçün daha geniş üfüqlər açılır...

Təhsilimiz və elmimiz üçün daha geniş üfüqlər açılır...

27.12.2022 [10:08]

Milli təhsil strategiyamız nəticələrini verir

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır

Təhsil hər bir xalqın sabahını, gələcəyini müəyyənləşdirən və aydınladan yoldur. Bu yolun təkmilləşdirilməsi, müasir tələblərə uyğunlaşdırılması isə zamanın tələbidir. Təhsil sahəsinin inkişafı Azərbaycanda da prioritet istiqamətlərdən biridir.

Ölkəmizdə təhsilin inkişafına böyük diqqət və qayğı göstərilir. Azərbaycan təhsilinin bugünkü inkişafı ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan məqsədyönlü siyasətdən qaynaqlanır. Prezident İlham Əliyev tərəfindən Azərbaycan təhsilində sistemli islahatlar aparılaraq Ümummilli Liderin təhsil siyasəti uğurla davam etdirilir. Təhsilin müasir hədəflərinə doğru qəbul olunmuş strateji inkişaf sənədlərinin müddəaları yüksək dəqiqliklə həyata keçirilir. Təsadüfi deyil ki, ölkəmizdə təhsilin müasirləşdirilməsi məqsədilə seçilmiş məqsədyönlü fəaliyyət istiqaməti keyfiyyətin dayanıqlılığını təmin etmək və müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən dəyişikliklərə nail olmaq üçün bütün potensial imkanlar səfərbər edilib.

Bununla bağlı açıqlamasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib ki, Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq elm və təhsilin inkişafı ilə bağlı ən yüksək səviyyədə siyasi iradə ortaya qoyulub. Ölkə başçımız tərəfindən təhsilin inkişafı ilə bağlı mühüm dövlət sənədləri imzalanıb. Prezident İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi təhsilimizin inkişafının əsas istiqamət və meyillərini, təhsilin cəmiyyət və dövlətin inkişafında yeri və rolunu düzgün müəyyənləşdirdi, beş strateji istiqamətdə genişmiqyaslı tədbirləri özündə birləşdirdi. Onun sözlərinə görə, dövlət büdcəsinin iqtisadi göstəriciləri artdıqca mütəmadi olaraq ölkə təhsilinə ayrılan dövlət vəsaitlərinin artması təmin edilib. Hazırda dövlət büdcəsində təhsil xərcləri kifayət qədər böyük tutuma malikdir və bu xərclər 10 il ərzində təxminən 2,5 dəfə artıb.

İ.Orucov onu da vurğulayıb ki, təhsilin qanunvericilik bazasının zaman-zaman yenilənməsi, təkmilləşdirilməsi istiqamətində də mühüm addımlar atılır. Qanunvericilik bazasının gücləndirilməsi təhsil islahatlarının daha çevik aparılması, təhsil sistemimizin beynəlxalq təhsil bazasına uyğunlaşdırılması istiqamətində şəraitin yaradılmasına zəmin yaradır. İ.Orucov qeyd edib ki, ali təhsil müəssisələrinə qəbulda dövlət hesabına plan yerləri xeyli artırılıb: “Dövlətimizin başçısının bu sahəyə olan xüsusi qayğı və diqqəti nəticəsində ali təhsil sisteminin müasirləşməsinə hədəflənmiş “2019-2023-cü illər Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı” təsdiq olundu. Artıq ali təhsilin məzmun və keyfiyyət göstəricisinin yüksək kadr potensialının təminatı məhz bu proqramdan sonra xeyli genişlənəcək. Ali təhsil müəssisələrimizin müasir səviyyədə qurulmasında çox vacib və zamanında verilmiş qərarlardan biri də orada çalışacaq müəllimlərin hazırlanmasına diqqətin artırılmasıdır. Artıq gənclərimizi dünyanın təhsil səviyyəsi yüksək olan nüfuzlu universitetlərində doktorantura pilləsində təhsil almağa göndəririk. Onları gələcəkdə Azərbaycan universitetlərinə cəlb etməklə universitetlərimizdə keyfiyyətli kadr potensialını təmin edə, ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin yüksəlməsinə nail ola biləcəyik. Bunlarla yanaşı, universitetlərimiz müxtəlif dövlətlərin universitetləri ilə ikili diplom proqramlarını reallaşdırırlar”.

Ekspertin fikrincə, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı elm və təhsilin inteqrasiyasının təmin olunmasına hədəflənmiş mühüm siyasi qərar idi. Azərbaycan Milli Elmlər Akademiyasının fundamental elmi-tədqiqat institutlarının Elm və Təhsil Nazirliyinin balansına verilməsi elm və təhsilin vahid mərkəzdən idarə olunmasının təmin edilməsi ilə bağlı çox mühüm bir sənəddir. Təhsil və elm tutumlu, yüksək texnologiyalara malik olan ölkələrin təcrübəsində elm və təhsilin vahid platformadan idarə olunmasını görürük. Azərbaycan Milli Elmlər Akademiyasının məhz fundamental tədqiqatlar aparan əsas institutları, elmi-tədqiqat müəssisələri artıq Elm və Təhsil Nazirliyinin balansında fəaliyyət göstərir. Bu, həm də elmlə təhsilin inteqrasiyasının güclənməsi, idarəetmənin vahid mərkəzdən həyata keçirilməsi, elmi tədqiqatların səviyyəsinin artması ilə nəticələnəcək. “Azərbaycan postmüharibə dövrünə qədəm qoyub. Artıq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun işğaldan azad etdiyi yaşayış məntəqələrində irimiqyaslı bərpa-quruculuq işlərinin reallaşmasına başlanılıb. Dövlət başçımız tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda həm də yeni qurulacaq şəhər və kəndlərimizdə təhsil infrastrukturunun ən müasir səviyyədə yenidən qurulması nəzərdə tutulub və bu istiqamətdə işlərə artıq başlanılıb. Təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları davamlı inkişaf edib. Ölkədə etibarlı iqtisadi inkişafı təmin edəcək yüksək təhsilli peşəkar insan kapitalının inkişafına, mənəvi baxımdan sağlam, milli və ümumbəşəri dəyərlərə sahiblənmiş vətəndaş yetişdirmək missiyasını reallaşdırmağı hədəf götürmüş milli təhsil strategiyamız artıq nəticələrini verir. Azərbaycan xalqı müdrik rəhbərinin ətrafında siyasi birlik nümayiş etdirərək onun başçılığı ilə torpaqlarımızın 30 illik düşmən əsarətinə son qoydu. Artıq xalqımızın və dövlətimizin həyatında başlayan yeni inkişaf mərhələsində təhsilimiz və elmimiz üçün daha geniş üfüqlər açılır”, - deyə İ.Orucov bildirib.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 105 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28