Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Sibir meşələrində yaşayan qədim türk xalqı - Tofalılar

Sibir meşələrində yaşayan qədim türk xalqı - Tofalılar

11.01.2022 [10:53]

Dünya onların türkəçarə üsullarından istifadə etsə də, varlıqlarından xəbərsizdir

İlhamə Rəsulova

Aid olduğumuz türk xalqlarının köklərini araşdırdıqda, əslində nə qədər geniş areala yayıldığımızın və nə qədər böyük xalqın bir parçası olmamızın fərqinə varırıq. Türk xalqlarının ən qədim qolları indiki Sibir ərazisində yaşayıb və yaşayır.

Araşdırmalara görə, “Sibir” sözü “Sabir” adlı türk tayfasının adı ilə bağlıdır. Sabirlər V əsrdə İtil (Volqa) çayı boyunca Xəzər dənizinə gəliblər, onların bir qismi Qafqazı keçərək Anadoluya qədər yayılıblar. Sibirlilərin bir hissəsi Baykal gölünə doğru yayılıb və Kamçatkada özlərinə yurd salıb. Kamçatkaya qədər uzanan bütün Şimali Asiyaya “Sibir” deyilib. Ərəbdilli mənbələrdə bu ölkənin adı “Sibir” və ya “İbir”, Çin mənbələrində “Si-bi-rh” və “Bissibur”, rus mənbələrində “Sibir” kimi göstərilib.

İndiki Sibir xalqları müxtəlif dil ailələri və dil qruplarına bölünürlər. Ən çox qohum dilli xalqlar Altay dil ailəsinə mənsub olan xalqlardır. Altay dili türk, monqol, mancur dil qruplarına bölünür. Türk qrupuna yakutlar, tuvalılar, xakaslar, Qərbi Sibir tatarları, qaraqaslar, şorlar, dolqanlar daxildir. Say etibarilə yakutlar üstünlük təşkil edirlər. Yakutların sayı 360 min nəfərdən çoxdur. Sibirdə monqol qrupu xalqlarından yalnız buryatlar yaşayr ki, onların sayı 380 min nəfərdir.

Bu gün sizə Sibirin dərinliklərində yaşayan və sayları get?ikcə azalmaqda, assimilyasiyaya uğramaqda olan qədim tofalar türkləri barədə məlumat vermək istəyirik. Tofalar türklərini tuvinlərlə qarışdırmaq düz olmaz. Tofalar Tuvanın mancurlar tərəfindən tutulmasından sonra tuvalılardan ayrılıblar.

Bu azsaylı xalq müasir dünyadan çox uzaq, öz qədim ənənələrini qoruyub saxlayaraq yaşayırlar. Tofalar türkləri İrkutsk vilayətinin Nijneudinsk rayonunda məskunlaşıblar. İndi tofaları tapmaq üçün təxminən 100 il öncə İrkutskda salınmış Alıger, Nerxa və Qutara qəsəbələrinə səyahət etmək lazımdır. 2002-ci ildəki son statistikaya əsasən, sayları cəmi 837 nəfərdən ibarətdir.

Lap ucqarlarda, tək ailələr halında yaşayanların elektrik və qazdan xəbərləri belə yoxdur. Tofalar türkləri yaşayan ərazinin böyük hissəsi dünyadan təcrid olunmuş hesab edilir və oraya yol yoxdur. Onlarla təmasda olmaq üçün yanlarına yalnız təyyarə və helikopterlərlə getmək mümkündür. Köçəri həyat yaşayırlar. 1929-1930-cu illərdə Tofalar türkləri  məcburən oturaq həyata keçirilsələr də, yenə yayda və qışda köç edir, heyvanlarını otarmaq üçün uyğun ərazilər axtarırlar. Onlar Sovet hökumətinin xəzinəsinə qiymətli xəz dəri və qızıl vergisi ödəyirdilər.

Maralçılıq, balıqçılıq və ovçuluqla məşğul olur, iqlim əlverişli olarsa kartof və tərəvəz yetişdirirlər. Onlar özlərini əvvəllər karakaslar, tofa, tıfa, tına, toxa da adlandırıblar. Əvvəllər rəsmi olaraq yaşadıqları ərazini Qaraqasya kimi qeydə aldırmışdılar. Bu da Qar ağacı mənasını verirdi. 1934-cü ildən onlar ərazilərinin adının Tofalariya adlanmasını tələb etdilər. Tofalariyanın ərazisi 21 min kvadratkilometrdir.

Altay dil ailəsinin türk qrupunun uyqur qoluna mənsub tofa dilində danışırlar. Antropoloji cəhətdən sarı irqin Şimali Asiya tipinə aiddirlər.

Tofalar tarix boyu digər şimal xalqları kimi maralçılıqla və ovçuluqla məşğul olublar. Tofalar türkləri ilk dəfə maralı onların əcdadlarının əhlilləşdirdiyini deyirlər.

Tofalar türkləri maralçılıq və ovçuluqla yanaşı dəmirçilik, ağac üzərində oymalar, xəz, dəri emalı, dekorativ tikmələrlə məşğul olurlar.

Soyuq iqlim şəraiti elə məcbur edib ki, Tofalar türklərinin kişiləri və qadınlarının geyimləri arasında böyük fərq olmur. Qadın, kişi və uşaq geyimlərində ton (don) adlı dəri paltarlardan istifadə edirlər. Altdan yundan toxunmuş şalvarlar, kaftanlar geyinir, onun üstündən qalın ton, çöllərdə gəzərkən xəzdən tikilmiş papaqlı kürk geyinirlər. Dəridən hazırlanmış içərisi xəzli böyük çəkmələr ayaqlarını islanmaqdan və qarlı ərazilərdə yeriyərkən çətinlik çəkməkdən qoruyur. Qış geyimlərini sığın, maral dərilərindən hazırlayırlar. Yay gəlib, havalar isinəndə tofalar türklərinin üstü müxtəlif naxışlarla bəzədilmiş tikməli geyimləri göz oxşayır. Təbii ki, onlar qəsəbə mərkəzlərindən şəhərdə tikilmiş libaslar da ala bilirlər. Bununla belə, kimsənin yardımı olmadan əllərindəki vasitələrlə təbiət qoynunda yaşamağı da yaxşı öyrəniblər.

Sığın və maral dəriləri tofalılara hava, su kimi lazımdır. Ondan yataq, çadır hazırlayırlar. Marallar  və itlər onlar üçün nəqliyyat vasitəsidir. Bir kirşəyə apardıqları yükün ağırlığından asılı olaraq 2-6 maral və ya 18-ə qədər köpək qoşa bilərlər.

Tofalılar qışda komalarının üstünü maral və sığın dəriləri ilə, yayda ağac qabığı ilə örtürlər. Ayrı-ayrı ailələrin komaları bir-birlərindən 10-20 kilometr məsafədə yerləşir. Yayda meyvə və giləmeyvə yığaraq qış hazırlığı görür, payızda ov itləri ilə dələ, tülkü, quş, canavar, dovşan ovuna çıxırlar.

Tarix boyu köçəri həyat keçirdikləri üçün bizim dildə anlaşılan tofa dilində danışıblar. Lakin sıx təmasda olduqları xalqların dilini bilir, rus, buryat, monqol dillərində ?? danışmağı bacarırlar.

SSRİ dövründə tofalıların məcburən internatlara göndərdikləri uşaqlar rus dilində təhsil alıblar. 1989-cu ildə kirill əlifbası əsasında ilk Tofalar əlifbası hazırlanıb. İndi 2-ci və 3-cü sinif şagirdləri üçün ana dili və riyaziyyat dərsləri keçirilir. 1989-cu ildən qəsəbə mərkəzlərindəki uşaq bağçalarında və məktəblərdə xüsusi proqram əsasında Tofalar dili öyrədilir. 1996-cı ildən isə internat məktəblərinin 5-9-cu siniflərində oxuyan şagirdlərə maralçılıq, balıqçılıq dərsləri keçirilirdi. Bunda məqsəd şagirdlərin dədə-babalarının ənənəvi təsərrüfatçılıq təcrübəsini daha yaxından öyrənmək və onu unutmamaq idi. Tofalar dili üçün pedaqoji kadrlar Sankt-Peterburqdakı Gertsen adına Universitetdə və İqar şəhərindəki Şimal Xalqları Pedaqoji Məktəbində və Ulan-Udedəki Buryatiya Pedaqoji İnstitutunda hazırlanır. Müasir dövrdə  hamının təhsilə həvəskar olduğunu demək olmaz. Çətin iqlim şəraitində yaşayan bu xalq oxumaqdan çox, maralçılıq təsərrüfatlarının genişlənməsində maraqlıdırlar.

Tofalar türkləri maralın buynuzlarından tibbi vasitə kimi istifadə edirlər. Onların bu tapıntısı hazırda dünya tibb elmində geniş yayılıb. Altay marallarının buynuzlarından hazırlanan məlhəm sağlamlıq üçün faydalıdır. Bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Azərbaycanın Quba rayonunda da buynuzlarından tibbi məqsədlərlə istifadə etmək üçün Altay maralları  bəslənilir. Maral buynuzu vannalarını qəbul edən şəxslərin il boyu sümük ağrılarının yoxa çıxdığı, gəncləşdiyi deyilir.

Keçmişdə Sibir xalqları arasında ən çox şamanizm dini yayılmışdı. Buddizm tuvalılar arasında, xristianlıq  xakaslar və altaylarda əsas din sayılır. Qərbi Sibir tatarları XVI əsrdə müsəlmanlığı qəbul etmişlər. Tofalar bir çox dərdlərinə dəvanı və Tanrıyla təmaslarını şamanlarda tapırlar.

Bu gün tarixi türk toplumlarının köç etdiyi, hər yerdə onları xatırladan yer adları mövcuddur. Məsələn, Hindistanın Karxand əyalətinin Hazaribağ rayonunun yaşayış məntəqələrindən biri Topa adlanır. Çinin şimalında Tuoba adlı vilayət var.

Tofalı türk gənclər, adətən böyük şəhərlərə oxumağa gedəndən sonra geri qayıtmağa həvəsli olmurlar. Ucqar çöllərdə yaşayanların çoxu yaşlı nəslin nümayəndələridir. Buna görə də bu toplumun sayı azalmaqdadır.

 

 

 

 

Paylaş
Baxılıb: 179 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Sosial

Xəbər lenti

Yeni texnologiyalar

Xəbər lenti

Siyasət

Müsahibə

Xarici siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31