Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Bizə olan inamın itməyinə böyük faciə kimi baxıram

Bizə olan inamın itməyinə böyük faciə kimi baxıram

30.10.2021 [10:13]

Haqqımda çətin adam, çətin baş redaktor imici formalaşdırıblar

Sonra da deyirlər ki, Akif Aşırlı çox çətin adamdır

Azərbaycan mətbuatında xüsusi yeri, sözünün çəkisi, dəyəri olan “Şərq” qəzetinin 25 yaşı tamam olur. Bir qəzet üçün az müddət olmasa da, insan ömrü kimi düşünsək, özünün ən məhsuldar, ən güclü, ən yaradıcı dönəminə qədəm basıb “Şərq”. Yəni qarşıda onu hələ uzun və uğurlar dolu ömür gözləyir. Müsahibimiz qəzetin baş redaktoru Akif Aşırlıdır.

- Akif müəllim, öncə sizin simanızda bütün “Şərq” ailəsini təbrik edirik. Sizi bir az keçmişə apararaq, soruşmaq istəyirəm. “Şərq” qəzeti hansı tələbatdan yarandı?

- Təbrik üçün təşəkkür edirəm. Biz, 25 il öncə “7 Gün” qəzetində işləyən bir qrup gənc oradan ayrılıb, yeni bir qəzet yaratmaq niyyətinə düşdük. Mən, Natiq Zeynalov, Kəmalə Quliyeva, Yusif Nəzərli, Mahir Rüstəmov bir ideya ətrafında cəmləndik, “Şərq”i təsis elədik. İlk yaradıcı heyət məhz bu şəxslərdən ibarət oldu. Təşəbbüsü mən irəli sürmüşdüm deyə, məni özlərinə ağsaqqal seçdilər. Biz mediada görmək istədiklərimizi kənar müdaxilələr olmadan həyata keçirmək istəyirdik.

- Qəzetə niyə məhz “Şərq” adını verdiniz?

- O zaman qərbə böyük axın, meyil var idi. Düşündük ki, biz qərblə paralel olaraq, şərq düşüncələrini də yaşadaq. Qərb varsa, niyə Şərq olmasın, dedik, adımızı “Şərq” qoyduq.

- “Şərq”i yaradarkən düşündüklərinizi, ideyalarınızı həyata keçirə bildinizmi?

- 90-cı illərin ortalarında hər partiyanın öz media orqanı var idi. İqtidarla müxalifət bir-birinə qarşı cəbhə açmış, “söz gülləsi” atırdı. Mediamız döyüş səhnəsini xatırladırdı. Ancaq biz mətbuatın gözəl xüsusiyyətlərini və vacib prinsiplərini əsas götürərək, hər cəbhədən, hər düşərgədən kənar, cəmiyyətə faydalı bir media orqanı yaratmaq istəyirdik. İstəyirdik ki, fərqli baxış bucağımız olsun. Biz cəmiyyətə öz düşərgəmizdən baxmaq istədik. Həmin dönəmlər ciddi senzura vardı. Biz 2 il ciddi senzura şəraitində çalışmışıq. Çətin idi və eyni zamanda, çox maraqlıydı. Bəzən mən bu senzuralar üçün də darıxıram.

- Bəlkə də siz əslində mübarizə ruhu üçün darıxırsınız?

- Bəli, o zaman redaksiyalarda iş şəraiti, ab-hava fərqliydi. Qəzet işlətməyin də bir ayrı dadı, ləzzəti vardı. Mübarizə bu gün də var, sabah da. Bu gün yeni nəsil jurnalistikaya yeni tələblərlə gəlir. Görünür biz sovet uşaqları olaraq, kapitalist uşaqları düşüncəsinə keçid eləməmişdik. Bizi pul yox, ideyalarımızın gerçəkləşməsi maraqlandırırdı. Maddiyyatı arxa plana keçirmişdik, medianın inkişafı, müstəqilliyimiz üçün maddiyyatı gözə almadan çalışırdıq. İndiki gənclər bir xəbər yazmağı öyrənən kimi maaş, qonorar soruşur.

- O zaman maddiyyat düşünməsəniz belə, qəzetdən gələn gəlir yetərli səviyyədəydimi?

- Bəli. Biz bir dəstə gənc idik, müəyyən iddialarımız var idi və o iddiaları reallaşdırmağa fokuslanmışdıq. Hətta yeni başlayarkən, mən özüm dərc edilən qəzetlərimizin yayımı ilə məşğul olmuşam. Elə bir templə bazara daxil olmuşduq ki, oxucumuz çox idi və müəyyən yayım şirkətlərinin də maraq dairəsinə düşə bilmişdik.

- Əslində dövrün də qəzetlərə tələbləri var idi. Azərbaycanda mühüm hadisələr baş verirdi və TV yetərli informasiya mənbəyi deyildi.

- Bəli, alternativ informasiya mənbələri, internet yox idi. Müxtəlif agent­liklərin informasiyalarını kağız üzərində əldə edirdik. O zamanlar yeni yaranmış APA-nın ilk xəbərlərini biz vermişik. Dəstək olurduq. Heç kəs agentliklərə dərin maraq göstərmirdi.

- Bəs bu gün agentliklər artıq axsamaqda olan qəzetlərə eyni dəstəyi verir?

- Qəzetlər zamanında agentliklərə o imkanı verdi. Agentliklər indi daha çox öz xəbərlərinin tirajlanması, oxunması üçün çalışır.

- “Şərq” xüsusu çəkisi, yüzlərlə qəzet arasında öz adı, yeri olan qəzetdir. Bugünkü marafonda bu nüfuzu, adı qoruyub saxlamaq asandırmı?

- Çox çətindir. Bunun maddi tərəflərini qoyuram kənara. Mənim haqqımda çətin adam, çətin baş redaktor imici formalaşdırıblar. Elə yazılar gəlir ki, məcbursan verməyəsən, çünki boş yazıdır. O yazı balaca olsa belə, bu qəzetin sanbalına xələl gətirər.

- Belə çıxır ki, oxucunu itirməyəsiniz deyə, dostları itiri?siniz və ya başqa sözlə desəm, düşmən qazanırsınız?

- Bir də görürsən xahiş-minnət edir ki, mənim yazımı ver. Qəzetlərin sayı azalandan öz yazılarını qəzet səhifələrində görmək istəyənlərin sayı çoxalıb. Aralarında tanış-bilişlər, “salam-kəlamımız” olan adamlar da var. Amma məlum məsələdir ki, hər yazını verə bilmərik. Hər istəyə uysaq, qəzet ortaya normal vəziyyətdə çıxa bilməz. İzahını versək də, israr edənlər, inciyənlər olur. Bir dəfə Zəlimxan Yaqubun şeirlərini verdik, ondan sonra qovluq-qovluq zəif şeirlər göndərdilər ki, dərc edək. Axı hamı Zəlimxan deyil. Sonra da deyirlər ki, Akif Aşırlı çox çətin adamdır.

- Uzun müddət maliyyə və digər məsələlərlə bağlı Əli Həsənovla, Vüqar Səfərli ilə gərgin mübarizə şəraitində olmusunuz. Onların gedişi ilə vəziyyət düzəldi?

- Biz “Şərq” qəzeti üçün yox, ümumi medianın vəziyyəti üçün mübarizə aparırdıq. İndi qəzetlərin vəziyyətini görürsünüz? Bu gün yaranmış bütün problemlərin əsası o dönəmdə qoyuldu. Qəzetlərin oxunma imkanları süni şəkildə azaldıldı. 10 il əvvəl süni şəkildə qəzetçiliyə, media orqanlarına zərbə vuruldu. Mən dəfələrlə çıxışlar etdim. Açıq dedim ki, siz Azərbaycan mediasını ölümə aparırsınız. Qəzetlərin, redaksiyaların sıradan çıxarılması prosesi aparıldı və bu mediaya olan etimadın itməsi ilə nəticələndi.

- Akif müəllim, gəlin bir az fikrinizə açıqlıq gətirək. Bütün media kapitanları Əli Həsənovun mediaya vurduğu zərbələrdən danışırlar. Konkret nə edirdi ki, media “yaralanırdı”, məhv olurdu?

- Ədalətsiz şəkildə bölgülər, kateqoriyalar aparılırdı. Özlərinə, öz çevrələrinə aid qəzetlərə daha yaxşı maddi təminat verilirdi. Bizim kimi qəzetlər də qalırdı boğula-boğula. Hamı bilirdi ki, yaxşı maliyyə alan o qəzetlərin adı var, ortaya qoyduqları iş yoxdur. Yaradıcılıq imkanlarını məhdudlaşdırdılar, yazmağa imkan vermədilər, jurnalistikanın belini qırdılar. İndi biz yerli xəbər mənbələrinə inam yaratmağa çalışırıq. Axı 15-20 il öncə bizə inanırdılar. Bizə olan inamın itməyinə mən böyük faciə kimi baxıram. Jurnalistikanın gələcəyinə inamı qırdılar. Jurnali?tika müxtəlifliklər üzərində qurulan yaradıcılıq sistemidir. Orada tənqid, təhlil, araşdırma yoxdursa, detallara toxunulmursa, sənin sosial şəbəkə üzərindən öz fikirlərini paylaşan hər hansı bir vətəndaşdan fərqin yoxdur.

- Hər zamanın öz tələbi var. Müasir texnologiyalar istər-istəməz qəzetləri sıxışdırır. Bir çoxları hesab edirlər ki, qəzetlərin dövrü keçib, ömrü tükənib. Necə düşünürsünüz, qəzeti bütün problemlərə rəğmən yaşatmaq lazımdır?

- Qəzetlərin azalması təbii şəkildə baş verməlidir. Süni şəkildə jurnali?tika sisteminin dayaqlarından ən vacibinin laxladılmasına səbəbiyyət vermək olmaz. Kağız mətbuatın ənənələri yaşamalıdır. O baxımdan yox ki, qəzet simvolik olaraq qorunsun. Çap mətbuatın jurnalistika ənənələrinin, yazı dilinin qorunması, analitik məqalələrin işlənib dərc edilməsi, materialların arxiv olaraq saxlanılması baxımından əvəzi yoxdur. 90-cı illərdə yetişən nəsil bu gün jurnalistikamızın ağsaqqalları sayılır. Nə üçün? Çünki redaksiya mühiti var idi. Jurnalistlər müzakirələr aparırdılar. Ola bilər gənc jurnalsit universitetdən nəzəri baxımdan hazırlıqlı gəlsin. Amma onun yetişməsi üçün redaksiya mühiti vacibdir. Redaktor bir yazını bir neçə dəfə qaytardıqca, boşluqları göstərdikcə, diqqət edilməli məqamlara toxunduqca, polemikalar şəraitində jurnalist yetişir. Yaza-yaza kamilləşir.

- Düşünürsünüz ki, saytlarda, agentliklərdə bu mümkün deyil? Onların da redaksiya mühiti var.

- Var, amma bu çox azdır. Yüzlərlə, minlərlə sayt var ki, onlardan yalnız 0,5 faizinin redaksiyası var, əməkdaşlarının sayı 10 nəfərə çatır. Qalanları bir texniki işçi, bir admindən ibarətdir, ordan-burdan xəbər köçürüb səhifələri doldururlar. Yalnız müəyyən maraqlar xətrinə mövcuddurlar. Burada jurnalist yetişə bilməz. Qəzetlər aradan çıxdıqca yaradıcılıq mühiti də sıradan çıxacaq və biz brifinqlərdə sərbəst sual verə bilən jurnalistləri çıraqla axtaracağıq.

- 25 il bir igidin ömrüdür. Çox yazdınız, çox söz dediniz. Daha nə planlarınız var?

- Biz çox kiçik büdcə ilə rəngli formata keçdik. Rəngli qəzet buraxmaq böyük maliyyə xərcidir. Media islahatı o zaman olacaq ki, biz medianın qorunması üçün yox, inkişaf etdirilməsi üçün çalışacağıq. İndi bizə ayrılan vəsait yalnız yaşamağımıza yetir. Qəzetlərin reklam almaq imkanı yoxdur. Az sayda köşklərdə satılırıq. Oxucuya çatdırılmaq üçün şərait olmalıdır. Sonra da deyirlər ki, qəzet satılsın, özünü yaşatsın. Normal məntiqdir. Biz istəmirik dövlətin çiynində yük olaq. Düşünürəm ki, qəzetlərin nəinki sayını azaltmaq olmaz, yeni qəzetlər yaradılmalı, bazarda rəqabət mühiti gücləndirilməlidir.

- Satışa şərait yaradılmalıdır deyirsiniz. İndi hər kəs əlindəki telefonla istədiyi informasiyanı ala bilir. Sizcə, qəzetlər bu şərtlər altında satıla biləcəkmi?

- 100 faiz alacaqlar. Metrolarda qəzet satışı təşkil edilsə, biznes imkanları artırılsa, əminəm ki, bir neçə il sonra qəzetlərin dövlətdən maliyyə asılılığı qalmayacaq. Qəzetlərin oxunmama səbəbi başqadır. Yaradıcı potensialını ortaya qoysan, doğru informasiya təqdim etsən qəzet alınacaq, oxuncaq da. Bizim istəyimiz qəzetlərin qorunub saxlanılması yox, inkişaf etdirilməsidir.

Söhbətləşdi:

İlhamə Rəsulova

 

 

 

Paylaş
Baxılıb: 174 dəfə

Xəbər lenti

Hamısına bax

Prezident bu gün

04 Dekabr 00:11

Prezident bu gün

03 Dekabr 09:59

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31