Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Döyüş tapşırığı belə idi...

Döyüş tapşırığı belə idi...

13.11.2021 [09:47]

Biz daha böyük bir Azərbaycan olacağıq

Bu dəfə həmsöhbətimiz müharibənin əvvəlindən sonuna qədər ön cəbhədə yaralılara xidmət göstərmiş, yüzlərlə əsgərin həyatını xilas etmiş endokrinoloq həkim, tibbi xidmət zabiti Fərhad Burzudur. O, dövlət başçısı tərəfindən Xocavənd, Cəbrayıl, Füzuli rayonlarının azad edilməsinə görə medalları ilə təltif edilib.

Fərhad həkimlə lap çoxdan müsahibə etmək istəyirdim. Müharibə başa çatandan dərhal sonra. Demişdi ki, o ruh halında deyil, hələlik danışmaq istəmir. Müharibə onun həlim ürəyinə ağır zərbə olmuşdu. Nikbin görünməyə çalışsa da, hələ də o günlərin ağrısının canından çıxmadığı hiss olunur. Elə müsahibəmiz də asan olmadı, şəhid dostlarını xatırladıqca qəhərləndi, susdu. “Nə isə” deyib bütün duyğularını bu bir kəlmənin altında gizlətdi həkim.

- Fərhad həkim, müharibə başlayan kimi sizin cəbhəyə getdiyinizi öyrəndim. Harada xidmət göstərdiniz?

-Normalda hərbi qulluqçular, xüsusən zabitlər tərxis olunduqları zaman xəyali bir səfərbərlik planı üzrə qruplara ayrılırlar. Mən I qrup üzrə dərəcələndirilmişdim. Dövlət başçısı I qrup səfərbərlik elan elədiyinə görə, mən də dərhal çağırıldım. Xidmət yerim Füzuli hərbi hospitalı oldu. Müharibənin ilk günündən sonuna qədər cəbhədə olduq. Ordu irəlilədikcə, biz də tibb məntəqələrini təxliyə edir, önə gedirdik. Əsas ağır döyüşlər Cəbrayıl istiqamətində idi. İlk mobil hospitalı Horadiz İdman Kompleksində açdıq. Döyüş tapşırığı belə idi ki, tibb məntəqəsinin təxliyə müddəti 2 saatı keçməməliydi. Ona görə də daim tam hazır vəziyyətdə döyüşçülərimizin ardınca hərəkət edirdik.

- Döyüşçülər ən çox hansı yaralarla gəlirdilər?

- Əsasən, kəllə-beyin travmaları ilə. Artilleriyamız yalnız 1 gün - atəşkəs sazişi bağlanarkən döyüşmədi. Yalnız həmin gün kəllə-beyin travmaları ilə yaralılar olmadı. Qalan bütün günlərdə əsasən, siniri pozulanlar, qulağı, dili batanlar, kantuziya alan əsgərlər gəlirdilər. Belə yaralıların reabilitasiyası uzun zaman və diqqət tələb edir. Bəziləri kənardan çox sağlam görünə bilərlər, lakin adi atəşfəşanlıq, yüksək səs onların psixoloji vəziyyətini ağırlaşdırır. Belə xəstələrlə bu gün də rastlaşırıq və onlara ən yüksək səviyyədə dəstək verilməlidir.

- Müharibə günləri deyəndə gözünüzdə canlanan ümumi mənzərə nə olur, sizin üçün ən yadda qalan nə idi?

- Müharibə başqa bir həyat tərzi idi. Mən ayrı-ayrı adlar çəkib, kiminsə xüsusi fədakarlığından danışmaq istəmirəm. Bir-birini tanımayan onlarla, yüzlərlə insan çiyin-çiyinə xidmət aparır, hər kəs nə etməli olduğunu gözəl bilirdi. Çoxumuz bir-birimizin adını belə bilmirdik. Hamının müraciət forması “qardaş” şəklində idi. Tibb bacıları o günlər ərzində əsgərlərimizə həqiqətən analıq, bacılıq elədilər. Hər kəs mükəmməl şəkildə döyüş tapşırıqlarına əməl edirdi. Yaralılar isə özlərini tamam başqa şəkildə aparırdılar. Onlar bilirdilər ki, ortada bitməmiş iş qalıb, cəbhəyə qayıtmağa can atan yüzlərlə yaralı gördüm mən. Hər kəs yaxşı bilirdi ki, bir yaralının əvəzinə döyüşə girəcək onlarla hazır əsgər var. Lakin yaralılarımızın əksəriyyətinin sözü bu idi: “Doktor, ağrıkəsici vur, yaranı hiss etməyim, yenidən döyüşüm, uşaqlar məni gözləyir”. “Mən niyə tapşırıq almıram” deyib etiraz edən, arxa cəbhədə gözləyən əsgərlər var idi. Təxliyəyə gedirdim, yaralı əsgərlər çox zaman tabesizlik göstərirdilər ki, arxaya aparılmasınlar.

- Bildiyimizə görə, Ermənistan ordusunun 10000 fərarisi olmuşdu. Bizdə isə bir nəfər də fərari qeydə alınmadı. Amma ağır yaralanan, qollarını, ayaqlarını itirən, üz-gözü yanan onlarla oğul var. Siz əzasını itirdiyinə görə peşman olan, ağlayan döyüşçülər gördünüzmü?

- Qətiyyətlə deyirəm ki, yox. Sadəcə deyirdilər ki, güclü ağrıkəsici vurun, geri qayıdaq. Peşmanlıq yox, intiqam duyğusuyla yanırdılar. Hətta bir maraqlı məqamı da qeyd edim. Bir qədər yaşca böyük olan döyüşçülər düşünürdülər ki, birdən dərman bitər, hamıya çatmaz, deyirdilər, “mən dözərəm, dərmanları daha ağır vəziyyətdə olanlara verin”. I Qarabağ müharibəsində dərman çatışmazlığı olmuşdu. Yəqin yaddaşlarında bu qalmışdı deyə. Hər kəs özündən çox yanındakı yoldaşını düşünürdü. Hətta rentgen müayinəsində belə biz onları qabağa verirdik, onlar isə bir-birblərinə yol verirdilər. Fərqli bir ruh halıydı bu. Hamı bir nəfər kimi səfərbərliyə həvəslə gəlirdi. Həkimlər də, döyüşçülər də. Biz müharibəyə qədər həkim kimi sabit gəliri, normal həyatı olan insanlar idik. Bizim hamımızı cəbhə xəttinə bir avtobusla aparırdılar. Hacıqabulda bir yerdə çay içmək üçün düşdük. Süfrəni yeyə bilməyəcəyimiz qədər doldurdular. Hesab da istəmədilər, üstəlik avtobusa da ərzaq yığdılar. Başa sala bilmədik ki, biz əsgər deyilik, həkimik, maddi imkanımız yaxşıdır. “Aparın, yaralılara verərsiniz” dedilər, başqa bir söz eşitmək istəmədilər. Hər kəs ön cəbhə üçün nəsə etməyə çalışırdı. “Bunu orada kiməsə verəsən”. Bax bu cümləni hər yerdə mütləq eşidirdik. Bir blok siqaret verən də var idi, gücü çatmayıb bircə qutu verən də. “Bəlkə kiməsə lazım olar, verərsiniz” deyirdilər. Bu müharibə bizdən gözəl dostlar da aldı, bizə gözəl dostlar da qazandırdı.

- Cəbhə dostlarıyla əlaqələr davam edirmi?

- Bəli, zəngləşirik, görüşürük. Bu müharibə sadəcə torpaq müharibəsi deyildi. Xalqın birləşməsi, özünü bir daha tanıması, hansı böyüklükdə, hansı qüdrətdə olduğunu görməsi üçün belə bir savaşa ehtiyac var imiş. Bu müharibə aramızdan say-seçmə igidləri apardı. Dostlarımızı itirdik. Amma, eyni zamanda, istəsən ürəyini sənə çıxarıb verə biləcək yeni dostlar qazandıq. Yeni insanlar tanıdıq. Bir problem olanda “kömək lazımdırmı?” soruşan yox, “orada dur, bu dəqiqə gəlirəm” deyən sadiq, əsl dostlar qazandıq. Bəziləri yanımızdadır. Bəziləri şəhid oldular. Onlar sadəcə zaman və məkan olaraq bizi tərk ediblər, ruhən hər zaman yanımızdadırlar.

- Yaralı erməni əsirlərlə təmasınız oldumu? Nələr hiss edirdiniz?

- Bir neçə dəfə oldu. Cəbrayılda və Füzulidə. Füzulidə erməni meyitlərini yerləşdirərkən altlarında gizlənmiş yaralı bir erməni əsir tapdıq. Sözsüz ki, bizim ilk vəzifəmiz həkim olaraq müalicədir, komandanlığa tabeçilikdir. Komandanlıq isə əmr etmişdi. Diri olan düşmən ölü düşməndən daha faydalı ola bilir. Ona görə, işimizi soyuqqanlılıqla görür, onları da eyni şəkildə müalicə edirdik. Bir insan olaraq isə hesab edirəm ki, ermənilərin bizə düşmən olduğunu 100 il keçsə də unutmamalıyıq, unutdurmamalıyıq.

- Şəhid olan həkimlər arasında yaxından tanıdıqlarınız var idi?

- Vətən müharibəsində hərbi qulluqçularla yanaşı, tibb işçiləri də böyük qəhrəmanlıq və şücaət göstəriblər. Müharibə zamanı 159 hərbi tibb işçisi yaralanıb. Ümumilikdə 42 tibb işçisi xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub: 10 həkim, 7 feldşer, 26 sanitar. Onların arasında dostum, tibbi xidmət leytenantı Turqut Xəlilbəyli, tibbi xidmət kapitanı Anar Məmmədov, polkovnik leytenant Rasim Abdullayev, tibbi xidmət leytenantı Tariyel Salmanov də var idi.

- Müharibədən əvvəl və sonrakı Fərhad həkimin düşüncələrində, həyata baxışlarında hansısa dəyişiklik oldu?

- Hər şey dəyişdi. Çox dəyişdi. Bu müharibədən sonra mən öz insanlarımızı daha çox sevməyə başladım. Bu xalq, bu dövlət hər şeyin ən gözəlinə layiqdir. Hesab edirəm ki, döyüşlərə, torpaq, namus üçün savaşa bu qədər dəliqanlılıqla atılan bir xalq buna nail olacaq. Biz daha böyük bir Azərbaycan olacağıq. Regionda xüsusi yerimiz olacaq. Neqativlər, nöqsanlar, qüsurlar hər dövlətdə, hər xalqın içində var. Bu gün bunlardan danışıb ruh halımızı aşağı salmaq istəməzdim. Çünki bizim lazım gələndə birləşmək, bir ürək kimi döyünmək əzmimiz də var. Aramızdakı yaxşıların sayı qat-qat çoxdur. Məhz bu, öz sözünü deməyə imkan verəcək.

İlhamə Rəsulova

 

Paylaş
Baxılıb: 158 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30